Soyqırımı günü
Soyqırımı günü
Müharibə bəşəriyyətin ən pis xəstəliyi, soyqırım isə heç sağalmayan yarasıdır. Bu cür işğalçı qəsbkarlıq qan-xəta, ölüm-itim, fəlakət, dağıntı və dəhşətli faciələri ilə yadda qalır. Ona görə də yaraları dərin və sağalmaz iz buraxır. Tarixin elə ağrı-acılı, qanlı-qadalı səhifələri olub ki, onların dəhşətləri zaman keçdikcə üzə çıxır, yaralarından qan süzülür, sağalmasına heç bir ümid qalmır. Elə Xocalı müsibəti kimi! 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri, Xankəndi şəhərində yerləşən Rusiyanın 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə, Xocalı şəhərini işğal edərkən, azərbaycanlılara qarşı kütləvi qırğın törətmişdilər.
Bu faciə Azərbaycan xalqına qarşı dəhşətli soyqırımıdır. Hücumdan əvvəl, yəni fevralın 25-i axşam şəhər toplardan və ağır artileriyadan şiddətli atəşə tutulmuşdur. Nəticədə, fevralın 26-sı səhər saat 5 radələrində Xocalı tam alova bürünmüşdür. Mühasirəyə alınan şəhərdə qalmış təqribən 2500 nəfər xocalılı Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etmişdir. Amma bir günün içində yer üzündən silinən şəhəri tərk edən sakinlərdən 613-ü düşmən gülləsinə tuş gələrək qətliamın qurbanı olmuşdur. Bu soyqırım nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 nəfər Xocalı sakini qətlə yetirilmiş, 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirmişdir. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq olmuşdur. 1275 xocalılı əsir, 150 insan itkin düşmüşdür. Dövlətin və əhalinin əmlakına 1 aprel 1992-ci il tarixinə olan qiymətlərlə 5 mlrd. rubl dəyərində ziyan vurulmuşdur.
“Bu amansız və qəddar soyqırımı aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu” – deyən ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul etdi. BMT-dən, dünya dövlətlərindən bu qətliamın gerçək mahiyyətini açıqlayaraq beynəlxalq ictimaiyyəti erməni terrorizminə qarşı təsirli tədbirlər görülməsi tələb olundu. Qəbul edilmiş qərara əsasən, 1992-ci il fevralın 26-da erməni təcavüzkarları tərəfindən törədilmiş, Azərbaycan xalqının milli faciələrindən və bəşər tarixinin qanlı səhifələrindən biri olan Xocalı hadisələri hər il fevralın 26-da Xocalı Soyqırımı Günü kimi qeyd olunur. Ümummilli liderimizin “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” 1997-ci il fevralın 25-də imzaladığı sərəncamla hər il fevral ayının 26-sı saat 17.00-da ölkəmizdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunur.
Azərbaycan xalqı torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəmanların, Xocalıda qətlə yetirilmiş yüzlərlə həmvətənimizin xatirəsini daim əziz tutur, onları ehtiramla yad edir.
İlahə Mustafayeva – Zərdab rayonu Şıxbağı kənd tam orta məktəbinin müəllimi
Acı faktlar.
1992 ci il fevral ayının 25 dən 26- na keçən gecə Azərbaycanın tarixinin ən dəhşətli səhifələrindən olan Xocalı faciəsi akti baş vermişdir. Ermənistan silahlı qüvvələri beynəlxalq hüquq normalarını kobudcasına pozaraq, keçmiş sovet ordusunun Xankəndində yerləşən 366-cı alayının köməkliyi ilə Xocalı şəhərinə hücum edərək dinc əhaliyə qarşı misli görünməmiş divan tutdular. Xocalı soyqırımı Ermənistanın Azərbaycana qarşı işğalçılıq müharibəsinin gedişində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı cinayətlərinin ən dəhşətlisidir.
Xankəndidən 10 kilometr cənub-şərqdə, Ağdam-Şuşa və Əsgəran-Xankəndi yollarının arasında strateji məntəqədə yerləşən, Dağlıq Qarabağın yeganə hava limanının yerləşdiyi Xocalı fevralın ikinci yarısından başlayaraq, Ermənistan hərbi birləşmələri tərəfindən tam mühasirəyə götürülüb. Dinc sakinlərin dəstə halında və ya təklikdə mühasirədən çıxmaq üçün göstərdiyi bütün cəhdlərin qarşısı alınıb.
Yalnız Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş dəhşətli cinayət əməli nəticəsində 613 nəfər dinc azərbaycanlı milli mənsubiyyətinə görə vəhşicəsinə qətlə yetirilib, onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olub. Nəticədə 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Bundan başqa, 487 dinc sakin ağır yaralanıb, 1275 nəfər girov götürülüb. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi naməlumdur.
Xocalı şəhərində törədilmiş cinayətlərin xarakteri və miqyası bu soyqırımı aktının BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiş “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyada ifadə olunmuş fikirə tam uyğun gəldiyini sübut edir.
Ulu öndər Heydər Əliyevin 25 fevral 1997 ci il tarixli sərəncamı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədilə hər il 26 fevral saat 17:00 da Azərbaycan Respublikası ərazisində bir dəqiqəlik sükut elan edilmişdir. Son illər ölkə xaricində dövlətimizin apardığı Xocalıya ədalət kompaniyası faciənin beynəlxalq aləmdə tanınması istiqamətində çox əhəmiyyətlidir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olmuş bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik!
Rasif Qaçayev – Zərdab rayonu Gəlmə kənd tam orta məktəbinin direktoru
XX əsrin faciəsi olan Xocalı soyqırımı işğalçı və cinayətkar erməni siyasətinin nəticəsidir.
XX yüzillikdə ermənilərin Osmanlı İmperatorluğuna və Azərbaycan türklərinə məxsus olan torpaqlara qarşı ərazi iddiaları irəli sürməsi qanlı toqquşmalara səbəb olub. Bu torpaqların onlara məxsusluğunu iddia edən ermənilər əslində “Dənizdən-dənizə böyük Ermənistan” planını həyata keçirmək istəyirdilər. Bu amili nəzərdə tutan görkəmli ədib Ö.F.Nemanzadə hələ 1905-ci ildə “İrşad” qəzetində yazırdı: “Ermənilər öz planlarını həyata keçirmək üçün bizi İrəvandan, Qarabağdan və Qarsdan qovmağa çalışacaqlar. Biz bilməliyik ki, ermənilər bu yolda hər bir alçaqlığa əl ata bilərlər. Onlar qəsdən müsəlmanları öz üzərlərinə qaldıracaq, onların hücumuna və özlərinin bir qədər artıq itkisinə şərait yaradacaq və beləliklə bütün Avropanın diqqətini əzabkeş bir xalq olmalarına cəlb edəcəklər. Onlar öz cinayətləri üçün tədricən planlar hazırlayır və onları həyata keçirməyə yollar axtarırlar”.
Xocalı faciəsinə gedən yol 1988-ci ilin fevral ayından Stepanakertdə ermənilərin mitinqləri ilə başladı. Ermənilər müxtəlif tələblər irəli sürürdülər. Bu tələblərin içərisində isə Dağlıq Qarabağın müstəqilliyi daha çox səslənirdi. 1988-1991-ci illər ərzində Dağlıq Qarabağ ətrafında çox ziddiyyətli, mürəkkəb vəziyyət yaranmışdı. Öz dədə-baba yurdlarından – Ermənistandan zorla, vəhşiliklə qovulan azərbaycanlıların harayını eşidən yox idi. Ermənilər isə kütləvi şəkildə silahlanır, vilayətdə yaşayan azərbaycanlılara divan tutur, yurd-yuvalarından didərgin salırdılar.
1992-ci il fevralın 25-də axşam saat 23:00 radələrində 366-cı alayla birlikdə ermənilər Xocalı şəhəri ətrafında döyüş mövqeyi tutmağa başladı. 50-dən artıq “Qrad” və “Alazan” tipli raketlərdən və tanklardan Xocalını iki saata qədər durmadan atəşə tutaraq təlafatlar törətdilər. 1-ci əsas zərbəni bədnam erməni mayoru Seyran Ohanyan (2-ci batalyon) vurdu. Onlar dərhal mayor Yevgeni Labovçixin rəhbərlik etdiyi 3-cü batalyonu Ballıca kəndində yerləşdirdilər. Çanaxçı kəndində yerləşdirilmiş batalyonun vəzifəsi isə arxa mövqeləri qorumaq idi. 366-cı alayın bütün texnikası Xocalı şəhərini uzaqdan güclü atəşə tutduqdan sonra üç istiqamətdən hücuma keçərək dinc əhaliyə divan tutdu. Soyqırımı törədənlər Xocalı sakinlərini misli görünməmiş qəddarlıqla öldürmüş, diri-diri yandırmış, başlarının dərisini soymuş, gözlərini çıxarmışdılar. Bütövlükdə isə erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdikləri növbəti soyqırımı nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca amansızcasına qətlə yetirilib. 487 nəfər şikəst olub, 1275 dinc sakin əsir götürülüb, 150 nəfər isə itkin düşüb. Bu soyqırımı aktı nəticəsində bəzi ailələr bütünlüklə məhv edilib, mülki əhali görünməmiş qəddarlıqla qətlə yetirilib, əsir götürülənlərə amansız işgəncə verilib.Təkcə onu qeyd etmək kifayətdir ki, ermənilərin insanlığa sığmayan dəhşətli cinayət əməlləri nəticəsində Xocalı şəhərində 105 sosial-məişət obyekti, 3200 fərdi yaşayış binası, 14 məktəb, 21 klub, 29 kitabxana, üç mədəniyyət evi və bir tarix-diyarşünaslıq muzeyi dağıdılıb. Bununla yanaşı, şəhərdə XIV-XV əsrə aid türbələr, günbəzlər, məzarlar yerlə-yeksan olunub, qəbiristanlıq vandallara xas üsullarla dağıdılıb, ümumiyyətlə, bu torpağın ən qədim sakinləri olan azərbaycanlılara aid bütün izlər silinib.
Xocalı hadisələri hər il fevralın 26-da Xocalı Soyqırımı Günü kimi qeyd olunur. Ümummilli liderimizin “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” 1997-ci il fevralın 25-də imzaladığı sərəncamla hər il fevral ayının 26-sı saat 17.00-da ölkəmizdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunur. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya Ədalət” kampaniyası isə ermənilərin cinayətkar əməllərin ifşa olunmasında müstəsna rola malikdir.
Eşqin Məmmədov – Zərdab rayonu Əlibəyli kənd tam orta məktəbinin müəllimi
Xocalı şəhidlərinin qanı yerdə qalmadı.
Xocalı soyqırımı 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri, Rusiyanın Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə, Xocalı şəhərini işğal edərkən, azərbaycanlılara qarşı törədilmiş kütləvi qırğındır. Bu faciə Azərbaycan xalqına qarşı dəhşətli soyqırımıdır. Hücumdan əvvəl, yəni fevralın 25-i axşam şəhər toplardan və ağır artileriyadan şiddətli atəşə tutulmuşdur. Nəticədə, fevralın 26-sı səhər saat 5 radələrində Xocalı tam alova bürünmüşdür. Mühasirəyə alınan şəhərdə qalmış təqribən 2500 nəfər xocalılı Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etmişdir. Amma bir günün içində yer üzündən silinən şəhəri tərk edən sakinlərdən 613-ü düşmən gülləsinə tuş gələrək qətliamın qurbanı olmuşdur. Bu soyqırım nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 nəfər Xocalı sakini qətlə yetirilmiş, 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirmişdir. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq olmuşdur. 1275 xocalılı əsir, 150 insan itkin düşmüşdür. Dövlətin və əhalinin əmlakına 1 aprel 1992-ci il tarixinə olan qiymətlərlə 5 mlrd. rubl dəyərində ziyan vurulmuşdur.
1994-cü ildən Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan hökuməti və parlamenti erməni millətçilərinin azərbaycanlılara qarşı törətdikləri cinayətlər, o cümlədən Xocalı soyqırımı haqqında həqiqətləri bütün miqyası və dəhşətləri ilə dünya dövlətlərinə və beynəlxalq ictimaiyyətə çatdırmaq, bunların soyqırımı siyasəti kimi tanınmasına nail olmaq üçün ardıcıl tədbirlər görmüşdür. Məqsəd Xocalı faciəsinə beynəlxalq hüquqi, siyasi qiymət verilməsinə, onun təşkilatçılarının, ideoloqlarının və icraçılarının dünya ictimaiyyətinin gözündə ifşasına və cəzalandırılmasına nail olmaqdır.
“Bu soyqırımı eyni zamanda eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir”- deyən Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis ” Xocalı soyqırımı günü haqqında” qərar qəbul etdi.
2020-ci il Vətən müharibəsində Azərbaycan Ordusu 30 il işğal altında qalan torpaqlarımızı azad etməklə yeni reallıq yaratdı, “dəmir yumruq” qalib gəldi. 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı, şəhidlərimizin qanı yerdə qalmadı.
Tükəz Lətifli – Zərdab rayonu Çallı kənd tam orta məktəbinin müəllimi
Xocalı soyqırımının dünya miqyasında tanıdılması istiqamətində aparılan sistemli işin nəticəsidir ki, Xocalı soyqırımı bir çox ölkələrdə qəbul olunan parlament aktlarında tanınmışdır.
Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımından 31 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdu. Xocalı soyqırımı zamanı 106 qadın, 63 uşaq, 70 qoca olmaqla 613 şəxs məhz azərbaycanlı olduqlarına görə ağlasığmaz vəhşiliklə qətlə yetirildi, 487 dinc sakin ağır yaralandı, 1275 nəfər isə girov götürüldü.
Xocalı qətliamı Ermənistanın uzun illərdən bəri Azərbaycana qarşı həyata keçirdiyi planlaşdırılmış etnik təmizləmə və təcavüz siyasətinin tərkib hissəsi idi. Xocalı faciəsinin dünyaya çatdırılması, bu həqiqətlərin beynəlxalq aləmdə yayılması, qətliama obyektiv qiymət verilməsi istiqamətində atılan addımlarda Heydər Əliyev Fondunun müstəsna rolu danılmazdır “Xocalıya ədalət” beynəlxalq kampaniyası 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə başlanmışdır. Xocalıya Ədalət Kompaniyası bir çox ölkələrdə fəaliyyət göstərir. Bosniya və Herseqovina, Kolumbiya, Meksika, Pakistan,İndoneziya və sair kimi qanunverici orqanları tərəfindən parlament qətnaməsi qəbul olunmuşdur.
Xocalı soyqırımı barədə həqiqətlərin dünyaya yayılması, 44 günlük Vətən müharibəsi gedişində ədalətli mövqeyimizin dəstəklənməsi baxımından xüsusi siyasi əhəmiyyət daşıyıb. “Xocalıya ədalət!” çərçivəsində illərlə davam etdirilən məqsədyönlü işlərin Böyük Qələbəmizdə xüsusi yeri vardır.
Xəyalə Abdulxalıqova – Zərdab rayonu Qaravəlli kənd tam orta məktəbinin müəllimi
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın “Xocalıya Ədalət” kampaniyası.
Ermənistan silahlı qüvvələrinin 1992-ci il fevralın 25-dən 26-na keçən gecə törətdiyi, XX əsr bəşər tarixinin ən qanlı səhifələrindən biri olan Xocalı soyqırımını tanıyan ölkələrin sayı getdikcə artır. Xocalı soyqırımının törədilməsindən 31 il keçir. Bu illər ərzində Azərbaycan dövlətinin xarici siyasətində əsas prioritet istiqamətlərdən biri bu soyqırımın beynəlxalq aləmdə tanıdılması, eləcə də bu soyqırıma obyektiv qiymət verilməsi istiqamətində davamlı işlərin aparılması olub. Son 31 il ərzində dünyanın bir neçə ölkəsi bu soyqırımı rəsmən tanıdığını bəyan edib.
Xocalı faciəsi haqqında həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması, bu qətliamın xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün Azərbaycan dövləti, dünya azərbaycanlıları məqsədyönlü və ardıcıl fəaliyyət göstərir. Xocalı soyqırımının tanınmasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq təbliğat və məlumatlandırma kampaniyası çərçivəsində görülən işlərin də mühüm rolu var.
Xocalı soyqırımı indiyədək dünyanın bir çox ölkəsi, Amerika Birləşmiş Ştatlarının 30-dan çox ştatının qanunvericilik qurumları və qubernator proklamasiyaları səviyyəsində tanınıb və pislənilib. Xocalı soyqırımını tanıyan ölkələrin sırasına İndoneziya Respublikası, Paraqvay Respublikası, Cibuti Respublikası, Şotlandiya da qoşulub.
Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı soyqırımı günü haqqında” qərar qəbul etdi. Hər il fevralın 26-da saat 17.00-da Azərbaycan xalqı Xocalı soyqırımının qurbanlarının xatirəsini yad edir. Təəssüf ki, XX əsrdə soyqırım və etnik təmizləmə hadisələri baş vermiş tarixi səhifələr olmuşdur. Xocalı faciəsi onların sırasında ən dəhşətlilərinə aiddir.
Səriyyə Muradova – Zərdab rayonu Şəftəhal kənd tam orta məktəbinin müəllimi
“Bu amansız və qəddar soyqırımı aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu” – Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev.
Azərbaycan xalqı Xocalı soyqırımını heç vaxt unutmur və unutmayacaq. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının iştirakı ilə Xocalıda dəhşətli soyqırımı törətdi.
Ümumiyyətlə, son iki əsrdə erməni millətçiləri tarixi Azərbaycan torpaqları hesabına mifik “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə ardıcıl şəkildə xalqımıza qarşı terror, kütləvi qırğın, deportasiya və etnik təmizləmə siyasəti aparıblar.
Xocalı erməni silahlı birləşmələrinin ölkəmizə təcavüzünün kuliminasiya nöqtəsi idi. Erməni faşistlər aylarla mühasirədə saxladıqları bu dinc şəhəri öz havadarları ilə birgə bir gecənin içində yerlə-yeksan etdilər. Dinc əhaliyə amansızlıqla divan tutuldu, 613 nəfər qətlə yetirildi, 1275 nəfər girov götürüldü, 150 nəfərin taleyi hələ də məlum deyil. Qətlə yetirilənlərin 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri ahıl insandır. Hərbi təcavüz nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Soyqırımı zamanı 56 nəfər xüsusi qəddarlıqla öldürülüb, insanlar diri-diri yandırılıb, onlara ağlasığmaz işgəncələr verilib.
Ermənilərin Xocalıda azərbaycanlılara qarşı həyata keçirdiyi kütləvi qırğının soyqırımı aktı olmasını beynəlxalq hüququn normaları da təsdiqləyir. Belə ki, soyqırımı cinayətinin hüquqi məzmunu BMT Baş Assambleyasının 1948-ci il 9 dekabr tarixli 260 nömrəli Qətnaməsi ilə qəbul edilmiş “Soyqırımı cinayətinin qarşısının alınması və ona görə cəzalar haqqında” Konvensiya ilə müəyyən edilib. Xocalı soyqırımı mahiyyət etibarilə beynəlxalq cinayət kateqoriyasına aiddir. Bu kateqoriyadan olan cinayətlərin əsas tərkibi İkinci Dünya müharibəsindən sonra yaradılmış beynəlxalq hərbi tribunalların nizamnaməsində ifadə olunub, sonradan həmin cinayət tərkibi Yuqoslaviya və Ruanda beynəlxalq cinayət tribunallarının nizamnamələrində, habelə Beynəlxalq Cinayət Məhkəməsinin Statusunda təkmilləşdirilməklə bir daha təsdiqini tapıb.
Xocalı soyqırımına hüquqi-siyasi qiyməti ilk dəfə ümummilli lider Heydər Əliyev verib. Ulu Öndərin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul edib. Ulu Öndər Heydər Əliyevin 25 fevral 1997-ci il tarixli Sərəncamı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədi ilə hər il fevral ayının 26-sı saat 17.00-da Azərbaycan Respublikası ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilmişdir.
Bu gün xalqımız XX əsrin ən dəhşətli qırğınlarından biri olan Xocalı soyqırımı qurbanlarının xatirəsini qalib ölkə, qalib xalq kimi ziyarət edir. Düşməndən bütün şəhidlərimiz kimi, Xocalı soyqırımı qurbanlarının da qisası alınıb. Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Türkan Həsənova – Zərdab rayonu Xasa kənd ümumi orta məktəbinin müəllimi.
26 Fevral Xocalı soyqırımı günüdür
1992-ci il ilin fevral ayının 25-dən 26-na keçən gecə Ermənistan hərbi birləşmələri Xocalı şəhərində soyqırımı aktı törətdilər. Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımından 31 il ötür. Keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdu. Hücum başladıqdan sonra şəhərdə qalan 2500-ə yaxın əhali azərbaycanlıların nəzarətində olan ən yaxın məkana çatmaq məqsədilə şəhəri tərk etməyə cəhd etdilər. Şəhəri tərk edən əhali pusquya salındı, erməni hərbi postları tərəfindən ya atəşə tutularaq qətlə yetirildi, ya da əsir götürüldü. Xocalı soyqırımı zamanı 106 qadın, 63 uşaq və 70 yaşlı insan olmaqla 613 nəfər qətlə yetirildi, 1275 sakin girov götürüldü, 150 nəfərin taleyi isə bu günədək naməlum qalıb.
Şəhər yerlə-yeksan edildi. Qətlə yetirilən insanlardan 56 nəfəri xüsusi qəddarlıqla – diri-diri yandırılaraq, başının dərisi soyularaq, boynu vurularaq, gözləri çıxarılaraq, hamilə qadınların isə qarın boşluğuna süngü ilə vurularaq öldürüldü. Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur.
Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev Xocalı soyqırmının on illiyi münasibətilə Azərbaycan xalqına müraciətində qeyd etmişdir: “Bu amansız və qəddar soyqırımı aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu”. Avropa İnsan Hüquqları Məhkəməsi 22 aprel 2010-cu il tarixli qərarında Xocalının azərbaycanlılardan ibarət mülki əhalisinin qırılmasını “müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlər kimi qiymətləndirilə bilən xüsusilə ağır əməllər” kimi müəyyən etmişdir. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Xocalı soyqırımı beynəlxalq cinayətdir.
Dünyanın əksər dövlətləri Xocalı qətliamını əsl soyqırımı kimi tanıyır. Lakin 2020-ci il Vətən müharibəsində Azərbaycan Ordusu 30 ilə yaxın işğal altında qalan torpaqlarımızı azad etməklə yeni reallıq yaratdı, “dəmir yumruq” qalib gəldi. 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı, şəhidlərimizin qanı yerdə qalmadı. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, Vətən yenidən bütövləşdi.
Sitarə Qasımova – Zərdab rayonu Körpükənd kənd tam orta məktəbinin direktor müavini.
Şərh yazılmayıb.