Huquqaz.com

Ölkələrimiz arasında əməkdaşlıq müsbət dinamika ilə inkişaf edir

26.10.2022
2.882
Ölkələrimiz arasında əməkdaşlıq müsbət dinamika ilə inkişaf edir

Azərbaycan-Gürcüstan münasibətləri daim yüksək səviyyədə olub. Dövlətlərarası əlaqələrimizin zəngin tarixi var. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci il noyabrın 18-də qurulub. 2022-ci ildə bu münasibətlərin 30-ci ildönümü qeyd olunur. Qarşılıqlı hörmət və etimad üzərində qurulmuş Azərbaycan-Gürcüstan əlaqələri ötən illər ərzində dinamik şəkildə inkişaf edib və ölkələrimiz arasında siyasi, iqtisadi, enerji, humanitar və digər sahələrdə səmərəli əməkdaşlıq formalaşıb. Ümummilli Lider Heydər Əliyevin və Prezident Eduard Şevardnadzenin dostluq münasibətləri dövlətlərimiz arasında əlaqələri inkişafına əhəmiyyətli təkan vermişdir. Ötən dövr ərzində ali və yüksək səviyyədə çoxsaylı qarşılıqlı səfərlər baş tutmuş, indiyədək 118-dən çox sənəd imzalanmışdır. Gürcüstanın Azərbaycanda səfirliyi 1995-ci ildə açılıb. 1996-cı ildə isə Azərbaycanın Gürcüstanda səfirliyi fəaliyyətə başlayıb. Həmçinin 2009-cu ildə Azərbaycanın Gürcüstanın Batumi şəhərində Baş Konsulluğu, 2013-cü ildən etibarən isə Gəncə şəhərində Gürcüstanın Baş Konsulluğu açılıb. Azərbaycan ilə Gürcüstan arasında iqtisadi sahədə münasibətlər yüksək səviyyədədir. İqtisadi əməkdaşlıq məsələləri üzrə birgə Hökumətlərarası Komissiya 2004-cü ildən etibarən fəaliyyət göstərir. Komissiyanın mütəmadi olaraq iclasları keçirilir və son iclası 2021-ci il sentyabrın 29-da təşkil edilib. Azərbaycan ilə Gürcüstanın tarixi İpək Yolu üzərində yerləşməsi, ölkələrimiz tərəfindən birgə irimiqyaslı enerji və nəqliyyat layihələrinin icra edilməsi regionumuzdan keçən yük axınının həcmini dəfələrlə artırmağa imkan verib. Ölkələrimiz arasında regionlarası əməkdaşlıq, həmçinin yüksələn xətlə davam edir. Belə ki, iki ölkənin bir sıra şəhərləri arasında birbaşa əməkdaşlıq əlaqələri qurulub. Prezident cənab İlham Əliyevin Gürcüstana növbəti işgüzar səfəri ölkələrimiz arasında əməkdaşlıq əlaqələrinin daha da inkişaf etməsinə şərait yaradacaq.

 

Zərdab rayon Gənclər və İdman idarəsinin əməkdaşı – Ehtiram Osmanov

Şərhlər

Şərh yazılmayıb.