“İnkişaf etmiş ölkələrdə sərbəst pul vəsaiti olmur” – Elnur Allahverdiyev
Bu gün Milli Məclisin plenar iclasında Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun sərbəst vəsaitlərinin investisiyaya yönəldilməsi üçün müvafiq olaraq “Sosial sığorta haqqında” və “İşsizlikdə sığorta haqqında” Qanunlara dəyişiklikləri nəzərdə tutan qanunlar qəbul olunub.
Millət vəkili Elnur Allahverdiyev çıxışında dəyişiklikləri sabit iqtisadiyyatın göstərici kimi qiymətləndirib:
“Hesab edirəm ki, təklif olunan hər iki dəyişiklik ölkəmizdəki iqtisadi mühitin dayanıqlığı və sabitliyindən xəbər verir. Fikirmcə, bu kimi yeniliklər dövlətin gəlir və xərclərinin optimal idarəedilməsinə gətirib çıxaracaq. Sərbəst vəsaitlərin investisiyaya yönəldilməsindən əldə olunan gəlir bir sıra məsələlərin maliyyəşdirilməsində istifadə olunacaq ki, bu da ən sonda vətəndaşın rifah halına müsbət təsir edəcək mühüm faktor kimi qiymətləndirilməlidir.
Sərbəst vəsaitlərin investisiyaya yönəldilməsi dünya təcrübəsində mövcud praktikadır və əsas etibarilə dövlətin iqtisadi gücü, sabit iqtisadiyyata malik olması amilindən bəhrələnir. İnkişaf etmiş ölkələrdə adətən sərbəst pul vəsaiti olmur, olduqda isə onun həmən investisiyaya yönəldilməsi aksiomadır.
Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə hökumətimizin uğurlu siyasəti, xüsusilə də post-pandemiya dövründən etibarən iqtisadiyyatın diversifikasiyası üçün görülən tədbirlərin intensivləşdirilməsi, real iqtisadiyyata hədəflənmə və bu istiqamətdə qazanılan ciddi uğurlar, dövlət büdcəsinin xammal ixracından əldə edilən gəlirlərdən asılılığının azaldılması yönündə izlənilən mühüm nailiyyətlər sözügedən qanunlardakı müvafiq dəyişiklikləri həm məntiqi edir, həm də bunun gerçəkləşdirilməsi üçün münbit şərait yaradır.
Bu dəyişikliklərlə bağlı komitəmizdə də geniş müzakirələr aparılıb. Sadə dillə desək, sərbəst vəsaitləri passiv şəkildə saxlamaq deyil, aktiv formada investisiyaya yönəltmək lazımdır. Məsələyə bir qədər qlobal yanaşsaq, deyə bilərik ki, dünyadakı qeyri-sabit iqtisadi durumun milli iqtisadiyyatımıza etdiyi təsirlər nəticəsində yaşadığımız bahalaşma, idxal olunan inflyasiya kimi halların fonunda bu dəyişikliyin tətbiqi vətəndaşın rifah halının qorunması prosesində təsirli faktor olacaq”.
Şərh yazılmayıb.