Meqa enerji layihəsi
Meqa enerji layihəsi
Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan enerji siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, həmçinin ölkəmizin sahib olduğu enerji potensialından effektiv istifadə olunmasına xidmət edir. Aparılan siyasət Azərbaycanı dünyanın enerji təchizatında strateji əhəmiyyətli ölkəyə çevirib. Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimində çıxış edən cənab Prezident İlham Əliyev Azərbaycanın müstəqillik illərində öz enerji təhlükəsizliyinə sərmayə yatırdığına, daxili bazarda tələbatları tam təmin etdiyinə diqqət çəkdi və hazırda sayı artan ölkələrin enerji təhlükəsizliyində get-gedə daha mühüm rol oynamağa çalışdığını qeyd etdi.
Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin keçirildiyi ilk ildən etibarən Azərbaycan özünün dünyaya açıq olduğunu elan edib. Bu sahəyə diqqət və sərmayələri cəlb etmək məsələsində Xəzər Neft və Qaz Sərgisi təşkilatçıları çox vacib rol oynayıblar. Eyni zamanda, Azərbaycan regional və beynəlxalq əhəmiyyətli enerji layihələrin həyata keçirilməsində hər zaman maraqlı olub. Məhz ötən əsrin sonunda Azərbaycandan Gürcüstanın Qara dənizdəki Supsa limanına gedən birinci neft boru kəmərinin açılışının baş tutması sayəsində Azərbaycan ixraca başlaya bildi və bir çox ölkələrin tələbatlarını təmin etdi. Ölkəmiz tərəfdaşlarla birgə qaz yataqlarının, xüsusən də, dünyada ən iri qaz yataqlarından biri sayılan “Şahdəniz” yatağının kəşfiyyatına başladı. 2006-cı ildə Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tikintisi başa çatdı. Bakı-Tbilisi-Ceyhan və Azərbaycanın bütün digər enerjinin nəql olunması infrastrukturu hər hansı fasilə olmadan istismar edilir. 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri istismara verildi, Azərbaycan qazı, ilk dəfə olaraq, Türkiyənin və Gürcüstanın regional bazarlarına nəql olunmağa başladı. Ölkə başçısı çıxışı zamanı Cənub Qaz Dəhlizi haqqında danışarkən qeyd etdi ki, Avropa qitəsində təbii sərvətlərimizlə bağlı fəaliyyətimizin genişləndirilməsi həm dövlətimiz, həm də tərəfdaşlarımız üçün zəruridir. Meqa layihə olan Cənub Qaz Dəhlizi “Şahdəniz” qaz-kondensat yatağında hasilatı artırmağa imkan yaradır. Hazırda Azərbaycan həmin yeni müasir infrastrukturdan öz qaz ehtiyatlarının nəqlində istifadə edir. Azərbaycan Cənub Qaz Dəhlizinin icrası zamanı boru kəməri ərazisindən keçən ölkələrlə, eləcə də beynəlxalq maliyyə təsisatları, enerji şirkətləri, aparıcı ölkələrin hökumətləri və Avropa Komissiyası ilə çox sıx əməkdaşlıq əlaqələri qurub. Ölkə başçısı vurğuladı ki, Cənub Qaz Dəhlizin Məşvərət Şurasının hər ilin fevralında Bakıda keçirilən illik toplantısı həmin komanda işinin bariz nümunəsidir. Bu il fevralın 4-də Cənub Qaz Dəhlizi Məşvərət Şurasının illik toplantısı zamanı planların çox böyük hissəsinin artıq icra olunduğu qeyd edilmişdir.
Zərdab Rayon Gənclər və İdman idarəsinin əməkdaşı-Kamal Xəlilov
Şərh yazılmayıb.