Huquqaz.com

Müharibə bitsə də, mübarizə hələ davam edir

14.01.2023
1.899
Müharibə bitsə də, mübarizə hələ davam edir

Müharibə bitsə də, mübarizə hələ davam edir

Prezident İlham Əliyev yerli televiziya kanallarına 10 yanvar 2023-cü il tarixində verdiyi müsahibəsində bir çox əhəmiyyətli məsələlərə toxundu. Xüsusilə qeyd etdi ki, İkinci Qarabağ müharibəsindən sonra əsas vəzifəmiz şanlı hərbi qələbəmizi siyasi müstəvidə də təsdiqləmək idi. 2020-ci ilin 27 sentyabrında başlayan və 44 gün ərzində davam edərək erməni işğalı altında olan əzəli torpaqlarımızın azad edilməsi ilə nəticələnən zəfərimiz ən parlaq və şanlı  tariximizdir. Bu günkü və gələcək nəsillərimiz bu tarixi hadisəni hər zaman qürurla xatırlayacaq və dövlətimizin, xalqımızın sınmaz iradəsi və qətiyyəti ilə fəxr edəcək. Biz təkcə hərb meydanında deyil, həmçinin siyasi, diplomatik sahələrdə də yüksək üstünlük qazanmışıq. İstər Vətən müharibəsi zamanı, istərsə də postmüharibə dövründə baş verənlər bunu sübut edir. Dövlət başçısı, müzəffər Ali Baş Komandanın dünyanın tanınmış media orqanlarına verdiyi tutarlı və əsaslandırılmış, Ermənistanın və onun havadarlarının işğalçı mahiyyətlərini ifşa edən müsahibələr informasiya müharibəsində də qələbəmizə əsas oldu”.Tarixi qələbəmizdən sonra dövlətimiz tərəfindən milli maraqlarımızın təmin edilməsi, 10 noyabr tarixli üçtərəfli bəyanatın şərtlərinin yerinə yetirilməsi istiqamətində səylərinizi davam etdirir. Bir sözlə, müharibə bitsə də, mübarizə hələ davam edir. Çünki Ermənistan tərəfi bəyanta əsasən üzərinə götürdüyü öhdəlikləri hələ də yerinə yetirməyib və havadarları ilə birgə revanşist açıqlamalarından əl çəkməyib. Lakin Azərbaycan öz mövqeyində, davamlı sülhün və əmin-amanlığın təmin edilməsi üçün qətiyyətlə mübarizə aparır. Ermənistan sülh müqaviləsinin imzalanması yönündə aparılan işlərə və danışıqlara öz töhfəsini verməli və bu məkrli planlarından əl çəkməlidir. Çünki regionun inkişafı davamlı sülhdən asılıdır və ancaq belə olacağı təqdirdə dövlətlərin və xalqların təhlükəsizliyi təmin edilə bilər.

Zərdab Rayon Gənclər və İdman idarəsinin əməkdaşı – Ehtiram Osmanov

 

Bizim Ordumuz müharibə zamanı öz gücünü göstərdi, iradəsini göstərdi, xalqımız bütövlükdə əyilməz ruhunu göstərdi

Azərbaycanın 2020-ci il sentyabrın 27-də başlanan İkinci Qarabağ müharibəsində qazandığı qələbə haqlı olaraq təkcə xalqımızın parçalanaraq tarixi bəlalara düçar olduğu son iki əsrin deyil, sivil dövlətçilik tariximizin son iki minilliyinin də ən çətin və önəmli zəfəri sayılır. Ölkəmizin açıq qələbəsi ilə başa çatan döyüşlər Ali Baş Komandan cənab İlham Əliyevin çevik və qətiyyətli rəhbərliyi altında xalqımızın möhkəm birliyi və həmrəyliyi, orduya göstərdiyi hərtərəfli dəstək şəraitində 44 gün davam etdi və Ermənistanın 30 il ərzində işğal altında saxladığı Qarabağ Müzəffər Ordumuz tərəfindən düşmən tapdağından xilas olundu. Heç şübhəsiz, əldə edilən bu möhtəşəm qələbənin əsas ilhamverici qüvvəsi Ali Baş Komandan, qələbəni qazandıran Müzəffər Ordumuz, döyüşçülərimizə arxa-dayaq olan isə yurdsevər xalqımız idi. Dövlət başçısının hərbi əməliyyatlar dövründə son dərəcə məsul qərarlar qəbul edərkən göstərdiyi qətiyyətlilik, mərdlik, əzmkarlıq, siyasi iradə sayəsində Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi uğurla başa çatdırıldı. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu tariximizə Böyük Qələbə Zəfərini yazdı.

Zərdab Rayon Gənclər və İdman idarısinin əməkdaşı-Bahar Qurbanova

                                                                                                                             

Azərbaycan dünyada çox etibarlı və ciddi tərəfdaş kimi tanınır

Azərbaycan dünyada çox etibarlı və ciddi tərəfdaş kimi tanınır və müstəqil siyasət aparır. Cənab Prezident müsahibəsində bir daha bəyan etdi ki, bu gün İkinci Qarabağ müharibəsindən iki il keçəndən sonra tam əminliklə demək olar ki, müharibənin nəticələri dünya tərəfindən qəbul edilib. Bu gün dövlətimiz çalışır ki, dünya üçün mövcud böhranlı vəziyyəti xalqımız üçün sosial layihələrlə, sosial proqramlarla yüngülləşdirsin. Müharibədən təzə çıxmış ölkə, özü də ərazisinin 20 faizi tamamilə dağılmış vəziyyətdə olan ölkə əgər sosial sahəyə bu qədər vəsait ayırırsa, deməli, bizim sosial siyasətimiz dəyişməyib. Minimum əməkhaqqının artırılması, pensiyaçıların sosial təminatının yaxşılaşdırılması, ünvanlı sosial yardımın verilməsi, orta aylıq əməkhaqqının yüksəldilməsi, şəhid ailələri və müharibə əlilləri kateqoriyasına aid ailələrə dövlət tərəfindən mənzillərin verilməsi və onların dövlətin qayğısı ilə əhatə olunması, özünüməşğulluq proqramı bu sahədə atılmış önəmli addımlardır. Bu gün Rusiya-Ukrayna müharibəsi səbəbindən nəqliyyat sahəsində layihələrin əhəmiyyəti daha da artıb. Azərbaycanda bu sahəyə uzun illərdir ki, böyük vəsaitlər qoyulur. Ölkəmizdə həm Orta Dəhlizlə bağlı, həm Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı bütün əsas işlər yekunlaşıb. Bu gün Azərbaycanın enerji resurslarına da maraq əhəmiyyətli dərəcədə artıb. Azərbaycan çox ölkələr, o cümlədən Avropa İttifaqının üzvü olan ölkələr üçün etibarlı tərəfdaşdır. Cənub Qaz Dəhlizi istifadəyə veriləndən sonra Azərbaycan, o cümlədən Avropa İttifaqı ölkələrinə də qaz ixrac etməyə başlanıldı.

Zərdab Rayon Gənclər və İdman idarəsinin Rəis müavini-Əvəz Soltanov

 

Sənaye parkların şəbəkəsi inkişaf edir

Sənaye parkı sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastruktura və idarəetmə qurumlarına malik olan, müasir texnologiyaların tətbiqi yolu ilə rəqabətqabiliyyətli məhsul istehsalı və xidmət göstərilməsi məqsədləri üçün istifadə edilən, sahibkarların səmərəli fəaliyyətinə və inkişafına kömək edən ərazidir. Torpaqlarımız işğaldan azad edildikdən sonra orada sənaye potensialının reallaşması və həmin ərazilərdə sənaye parklarının yaradılması prioritet məsələlərdən biri hesab olunurdu. Ağdam Sənaye Parkı 28 may 2021-ci il tarixində Qarabağın sənaye potensialının inkişaf etdirilməsi məqsədilə yaradılan sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastrukturu və idarəetmə qurumları olan, müasir texnologiyaların tətbiqi yolu ilə sənaye sahəsində rəqabətqabiliyyətli məhsul istehsalı, emalı və satışı, habelə xidmətlər göstərilməsi üçün istifadə edilən, sahibkarların səmərəli fəaliyyətinə və inkişafına kömək edən ərazidir. İşğaldan azad olunmuş Ağdam rayonunun əlverişli coğrafi mövqeyi, sosial-iqtisadi inkişaf imkanları, yük axınlarının gələcək təmərküzləşməsi və digər mühüm logistika potensialının mövcudluğu rayonda müasir infrastruktura malik sənaye parkının yaradılmasını zəruri edir. Şərqi Zəngəzur iqtisadi rayonunda, Cəbrayıl rayonu ərazisində “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı yaradılır. Nəzərdə tutulan strateji istiqamətlərin uğurla həyata keçirilməsi üçün bölgədə logistika, ticarət və digər xidmətlərin göstərilməsi, həmçinin qabaqcıl texnologiyalara və “yaşıl enerji” konsepsiyasına əsaslanan rəqabətqabiliyyətli və innovativ sənaye sahələrinin, o cümlədən tikinti materialları istehsalının dəstəklənməsi olduqca mühümdür. İşğaldan azad olunmuş Şərqi Zəngəzur iqtisadi rayonunun Arazboyu ərazisinin əsasən düzənlik relyefə və həmin bölgənin cənub istiqamətində giriş qapısı mövqeyinə malik olması sənaye parkının yaradılması üçün əlverişli şəraiti təmin edir. Eyni zamanda, Cəbrayıl rayonunda logistika mərkəzinin, müxtəlif xidmət və innovativ sənaye sahələrinin, o cümlədən tikinti materialları istehsalı müəssisələrinin yaradılması işğaldan azad edilmiş digər rayonların da bərpasında faydalı olacaq.

Zərdab Rayon Gənclər və İdman İdarəsinin əməkdaşı-Məleykə Hümbətova

 

İki min kilometrdən çox avtomobil yolu salınır, körpülər tikilir.

Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla reallaşdırılan dövlət siyasəti ölkəmizin bütün sahələrdə üstün inkişafını təmin edib. Ölkəmizin dinamik inkişafını şərtləndirən mühüm məqamlardan biri də respublikamızın müasir və şaxələndirilmiş yol-nəqliyyat infrastrukturuna malik olmasıdır. Yeni-yeni yol qovşaqlarının yaradılması, müasir yolların salınması, körpülərin tikilməsi, mövcud olanların isə ən yüksək səviyyədə yenidən qurulması Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial siyasətin mühüm tərkib hissəsini təşkil edir. Azərbaycanın yüksək səviyyəli müasir infrastruktur quruculuğu siyasəti bütün ölkə boyu mövcud yolların əsaslı şəkildə yenidən qurulmasında, həmçinin yeni yolların çəkilməsində qabarıq şəkildə nəzərə çarpır. Ölkə boyu yol-nəqliyyat infrastrukturunun yenidən qurulması cari ildə də intensiv şəkildə davam etdirilir. Ölkəmizdə yol-nəqliyyat infrastrukturunun yenilənməsi sahəsində yeni hədəf müəyyənləşdirilib ki, bu da bütün ölkə boyu kənd yollarının abadlaşdırılması ilə bağlıdır. Dövlət başçısının qəti mövqeyi belədir ki, respublikamızda bir dənə də olsun abadlaşdırılmayan kənd yolu qalmamalıdır, bütün yaşayış məntəqələrində insanlar rahat yollarla təmin edilməlidirlər. İndiyədək ölkə ərazisində yüzlərlə kənd yolu abadlaşdırılıb. Ölkənin iqtisadi potensialı, maliyyə imkanları genişləndikcə dövlət bu sahəyə yönəldilən investisiyaların həcmini də artırır. Hazırda da respublikamızın demək olar ki, bütün regionlarında müasir səviyyədə yol-nəqliyyat infrastrukturunun yaradılması istiqamətində işlər uğurla davam etdirilir. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən bu işlərin həyata keçirilməsi üçün dövlət lazımi qədər vəsait ayırıb.

Zərdab Rayon Gənclər və İdman idarəsinin əməkdaşı-Kamal Xəlilov

 

Azərbaycanın Qoşulmama Hərəkatına sədr seçilməsi artan beynəlxalq nüfuzunun təzahürüdür

Qoşulmama Hərəkatının təsis edilməsi istiqamətində ilk əhəmiyyətli addım 1955-ci ildə İndoneziyanın Bandunq şəhərində keçirilən Asiya-Afrika Konfransı hesab edilir. Bandunq Konfransından 6 il sonra, 1-6 sentyabr 1961-ci il tarixlərində keçmiş Yuqoslaviyanın Belqrad şəhərində Asiya və Afrikanın 25 dövlət və hökumət başçısının iştirakı ilə təşkil olunmuş Zirvə Görüşündə Qoşulmama Hərəkatının institusional əsası qoyulmuşdur. Qoşulmama Hərəkatının daimi mənzil qərargahı yoxdur. Büro QH-nin daimi əsasda fəaliyyət göstərən və qurumdaxili əlaqələndirmə işlərini tənzimləyən əsas orqanıdır. Büro vasitəsilə QH öz üzvlərinin BMT orqanlarında vahid mövqedən çıxış etməsini əlaqələndirir. Büroya rəhbərliyi təşkilatın sədri olan dövlətin BMT yanında daimi nümayəndəsi həyata keçirir. QH-yə üzv olmaq istəyən dövlət Hərəkatın fundamental prinsiplərinə sadiqliyini ifadə etməli və Qoşulmama Hərəkatının Sədrinə yazılı müraciət etməlidir. Üzvlüklə bağlı qərar konsensus yolu ilə qəbul edilir. Azərbaycan Respublikası 26 may 2011-ci il tarixində İndoneziyanın Bali adasında Hərəkata üzv olan dövlətlərin yekdil dəstəyini əldə edərək, QH-yə tam hüquqlu üzv qəbul olunmuşdur. Azərbaycan Respublikası 25-26 oktyabr 2019-cu il tarixində Bakı şəhərində Hərəkatın 18-ci dövlət və hökumət başçılarının Zirvə Görüşünə ev sahibliyi etmişdir. Tədbirdə 120 BMT üzv dövlətinin yüksək səviyyəli nümayəndələri və 42 beynəlxalq təşkilat nümayəndələri iştirak etmişdir. Bakı Sammiti ilə Hərəkatda Sədrlik 2019-2022-ci illər üzrə Azərbaycan Respublikasına keçmişdir. Hərəkatın növbəti sədri olacaq Uqandanın sədrliyi 1 il gec təhvil ala biləcəyini ifadə etməsindən sonra, QH üzv dövlətləri, Hərəkata uğurlu sədrliyini nəzərə alaraq Azərbaycanın əlavə 1 il müddətinə Hərəkata sədrlik etməsi ilə bağlı ölkəmizə müraciət etmiş, Azərbaycan tərəfi də Hərəkatın fundamental prinsiplərinə və dəyərlərinə olan sadiqliyini və mürəkkəb dövrdə Hərəkata səmərəli sədrliklə bağlı qazandığı dəyərli təcrübəni nəzərə alaraq, bu müraciətə müsbət cavab vermişdir. Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan pandemiyaya qarşı qlobal səylərin səfərbər edilməsi üçün bir sıra beynəlxalq təşəbbüslərlə çıxış edib. Ölkəmiz beynəlxalq müstəvidə Qoşulmama Hərəkatı ölkələrinin legitim maraqlarının müdafiəsi, ədalət və beynəlxalq hüququn qorunması naminə əməli addımlar atıb. Beləliklə  Azərbaycanın QH-yə sədrliyi 2023-cü ilə qədər uzadılmışdır.

Fizzə Həsənova-Könüllü gənc

 

Laçın-Xankəndi yolunda azərbaycanlı ekofəalların aksiyasında iştirak edən gənclər bizim fəxrimizdir

Qarlı-şaxtalı havaya baxmayaraq, Şuşada ekofəalların aksiyası davam edir, Azərbaycan ekofəalları, ictimaiyyət nümayəndələri etiraz aksiyaları keçirirlər və dəstək şüarları səsləndirirlər. Şuşa-Xankəndi yolunda olan bu etiraz aksiyasının tələbləri hər kəsə bəllidir. Ekofəallar yolu bağlamırlar, sadəcə olaraq separatçıların qanunsuz işlətdiyi mədənlərdən xammalın daşınmasının qarşısını alırlar. Azərbaycan torpaqlarında faydalı qazıntıların qanunsuz istismarı ilə məşğul olan separatçılara və şirkətlərə “dur” deyir, həmin ərazilərdə Azərbaycan nümayəndə heyətinin monitorinq aparması üçün icazə verilməsini tələb edirlər. Əslində, bu yol elə humanitar məqsədlər üçün istifadə edilməli idi. Təəssüf ki, ötən iki il müddət ərzində Ermənistan tərəfinin terror və separatçılara dəstək məqsədilə buradan çoxlu sayda hərbi silah-sursat daşındığı müşahidə olundu. Aksiya öz nəticəsini əldə edənə qədər davam etdiriləcək. Gec-tez separatçılar, qanunsuz fəaliyyət göstərən qüvvələr bu əraziləri tərk etməli olacaqlar. Ekofəallar hər zaman Azərbaycan xalqı tərəfindən minnətdarlıqla yad ediləcək.

Gülnar Ağayeva-tələbə

 

 Laçın şəhərinin azad olunması tarixi hadisədir

Məlum olduğu kimi, Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın baş nazirinin noyabrın 10-da imzaladıqları birgə bəyanata uyğun olaraq, Ermənistan tərəfindən ərazilərin boşaldılması qrafik üzrə həyata keçirilib. Həmin qrafikə əsasən, dekabrın 1-də Laçın rayonu da erməni işğalından azad edilib. Müzəffər Azərbaycan Ordusunun Laçın rayonunun bir hissəsinə və digər mühüm strateji mövqelərə daxil olmasından, xüsusilə Şuşa şəhəri və onun ardınca 70-dən artıq kəndin azad olunmasından az sonra Ermənistan ağ bayraq qaldırdı. Noyabrın 10-da Azərbaycan və Rusiya prezidentlərinin, Ermənistanın baş nazirinin imzaladıqları birgə Bəyanata əsasən, Ermənistan silahlı qüvvələri Laçını da Ağdam və Kəlbəcər rayonları kimi Azərbaycana təhvil verməli oldu. Laçın rayonu zəngin faydalı qazıntılarla, o cümlədən (3 filiz, 37 qeyri-filiz və inşaat materialları yataqları) civə, vermikulit, əlvan və üzlük daşları, sement xammalı və tikinti daşı yataqları ilə zəngindir. Burada sənaye əhəmiyyətli Gilgəzçay, Sarıbulaq, Narzanlı civə, Ahnəzər əlvan daşı, Qarabəyli, Dəlikdaş, Çorman və Narzanlı kimi vermikulit yataqları daha böyük ehtiyatlara malikdir. Ümumilikdə, Laçının işğaldan azad olunması ilə ölkəmizin bu gözəl guşəsində yenidən həyat canlanacaq, insanlar öz yurdlarına qayıdacaq və böyük quruculuq işləri həyata keçiriləcək. Beləliklə, son da bir daha vurğulamaq lazımdır ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti, hərbi qələbəni siyasi qələbəyə çevirən diplomatik məharəti nəticəsində Ağdam və Kəlbəcər kimi Laçın rayonunun da qan tökülmədən, şəhid verilmədən geri qaytarılması tarixi hadisədir.

Qönçə Babayeva-Könüllü gənc

Şərhlər

Şərh yazılmayıb.