Huquqaz.com

Antiterror əməliyyatı nəticəsində biz tarixi, əzəli torpaqlarımızı işğalçılardan azad etdik

14.05.2024
3.974
Antiterror əməliyyatı nəticəsində biz tarixi, əzəli torpaqlarımızı işğalçılardan azad etdik

Antiterror əməliyyatı nəticəsində biz tarixi, əzəli torpaqlarımızı işğalçılardan azad etdik.

Ermənistanın davam edən hərbi-siyasi təxribatlarına son qoyulması məqsədi ilə 2023-cü il sentyabrın 19-20-də müzəffər Ali Baş Komandan İlham Əliyevin məharətli rəhbərliyi ilə Qarabağda həyata keçirilən lokal antiterror tədbirləri xalqımızın milli ruhunun yenilməzliyini bir daha nümayiş etdirdi. Azərbaycan Ordusunun qəhrəmanlığı və fədakarlığı sayəsində erməni silahlı dəstələri tərk-silah edildi, kriminal xunta rejiminin fəaliyyətinə son qoyuldu. Beləliklə, aparılan lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmiz həm ərazi bütövlüyünü, həm də suverenliyini bərpa edərək Cənubi Qafqaz regionunda sülhün bərqərar olması üçün əsaslı zəmin yaratdı.

Ən nəhayət cari ilin oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən əzəli torpaqlarımız olan Xankəndi, Xocavənd, Xocalı, Ağdərə şəhərlərində, eləcə də Əsgəran qəsəbəsində üçrəngli dövlət bayrağımızın ucaldılması və Prezident İlham Əliyevin Xankəndi şəhərindən xalqımıza müraciəti ölkəmizin bütün ərazilərində suverenliyimizin bərpasının təntənəsi olmaqla yüksək qürur və iftixar hissləri ilə qarşılandı. Xalqa müraciətində Prezident İlham Əliyev bidirib ki: “Azərbaycan xalqı mənə 20 il bundan əvvəl böyük etimad göstərmişdir və bu illər ərzində mən bunu hər zaman hiss etmişəm, bu inam daha da artmışdır. Bu gün vaxtilə – hələ işğal dövründə dediyim sözlər və xalq tərəfindən təkrarlanan sözlər mənim üçün ən böyük mükafatdır. Mən o vaxt demişdim ki, nəyi, necə, nə vaxt etmək lazımdır, onu mən bilirəm. İkinci Qarabağ müharibəsi dayananda da Azərbaycan xalqı bilirdi ki, mən bunu bilirəm. O gündən üç il keçməmiş biz bu gün buradayıq, Xankəndidəyik, Xankəndinin mərkəzindəyik, Azərbaycan Gerbi, Azərbaycan Bayrağı altında. Bu, böyük xoşbəxtlikdir və tarixi hadisədir. İndi bu tarix haqqında danışmaq mənim üçün bəlkə o qədər də düzgün deyil. Çünki bu tarixi biz yaşamışıq, bu tarixi biz yaratmışıq. Azərbaycan xalqı elə bir Qələbə qazanıb ki, həm dillər əzbəri olub, həm də bu Qələbə əbədi bizimlə olacaq. Bu Qələbə bizim tariximizdə əbədi olacaq. Bizdən sonra gələn nəsillər bu Qələbə ilə əbədi və haqlı olaraq fəxr edəcəklər”. Beləliklə, 15 oktyabr tarixi təqvim günü siyasi iradənin növbəti təntənəsi kimi də Şanlı tariximizə yazıldı. Prezident, Müzəffər Ali Baş komandan İlham Əliyev nəyi necə və nə zaman etməyi özünün yaxşı bildiyini bir daha parlaq şəkildə nümayiş etdirdi. Noyabrın 8-də Xankəndinin mərkəzi meydanında Zəfər paradı keçirildi. 8 noyabr  tarixi bir daha dünyaya Azərbaycan xalqının nə qədər böyük, yenilməz, dəmir iradəli, müzəffər xalq olduğunu göstərdi.

Əldə olunmuş bu tarixi nəaliyyətlər, qazanılmış böyük uğurlar ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin mərhələli şəkildə planlaşdırdığı və zərgər dəqiqliyi ilə qurub-yaratdığı hərbi-siyasi xarakterli müdrik strateji gedişlərin əməli nəticəsidir. Bu səbəbdəndir ki, Azərbaycan xalqı hər zaman öz rəhbərinə güvənmiş, onun “Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm” kəlamının ətrafında böyük inam və cəsarətlə sıx birləşmişdir. Bunun əməli nəticəsidir ki, xalq-iqtidar birliyi hər zaman olduğu kimi bu gün də qazanılmış böyük uğur və nailiyyətlərlə özünü sübuta yetirməkdədir. Şübhəsiz ki, Prezident İlham Əliyevin liderliyi ilə müstəqil Azərbaycan bundan sonra da möhtəşəm qələbələrə imza atacaq.

Ehtiram Osmanov   Zərdab rayonu üzrə gənclər və idman sektorunun baş məsləhətçisi

 

 

Şuşanın dirçəldilməsi geniş vüsət alıb.

Qarabağın tacı, Azərbaycanın döyünən ürəyi Şuşanın yeni tarixi başlayıb. İşğaldan azad edilmiş digər torpaqlarımız kimi, Şuşa da müasir tələblər əsasında qurulur, cənnət məkana çevrilir. Tarixi və dini abidələrimiz bərpa edilir.  Bərpa-quruculuq işlərinə infrastruktur layihələrinin icrası ilə başlanıldı. Füzulidən Şuşaya Zəfər yolu çəkildi. Hazırda isə yeddi tuneli, doqquz viaduku, bir çox körpüləri olan dördzolaqlı   yol çəkilir. Dövlət başçısı İlham Əliyev  bu yolun gələn ilin sonuna qədər  hazır olacağını bildirdi. Ölkə Prezident səfər çərçivəsində  Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda aparılan işlərlə tanış oldu, bu yolda inşa edilmiş birinci tunelin açılışında iştirak etdi. Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu başlanğıcını Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürməklə, işğaldan azad edilmiş Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarını birləşdirir. Cənab İlham Əliyevin Füzuliyə, Şuşaya, Laçına səfəri çərçivəsində açılışında və təməlqoyma mərasimində iştirak etdiyi  sosial obyektlərə diqqət yetirmək kifayətdir. Bir səfər ümumilikdə bərpa-quruculuq işlərinin sürətlə aparıldığını nümayiş etdirir. Soydaşlarımızın  mərhələ-mərhələ qayıdışı davamlılığı ilə diqqətdədir. Dövlətimizin başçısı İlham Əliyev bildirdi ki, Qarabağ və Şərqi Zəngəzur bölgələri nəinki Azərbaycanın, Qafqazın, dünyanın ən gözəl yerlərindən biri olacaq Buranın təbiəti, gözəl mənzərələri, yaşıllıqlar, bulaqlar müasir və eyni zamanda, ənənəvi üslubda inşa edilən binalarla tamamlanır. Elə bir gözəl şəhər yaradılır ki, hər birimiz, hər bir azərbaycanlı bununla fəxr edəcək. Bu gün artıq Şuşa altıncı yaşayış yeridir ki, keçmiş köçkünlər buraya qayıdır. Bu gün, eyni zamanda, Laçının Sus kəndinə də keçmiş köçkünlərin qayıdışı  həyata keçirilir. İlin sonuna qədər ən azı 20 yaşayış məntəqəsində artıq həyat bərpa ediləcək.”

Şuşada, Cıdır düzündə VII  “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının və “Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı 2024” ilinin açılış mərasimi keçirildi: “Dövlət başçısı İlham Əliyev açılış mərasimindəki çıxışında bir daha bildirdi ki, ölkəmizdə bir çox beynəlxalq tədbirlər, musiqi festivalları, mədəni tədbirlər keçirilir. Təbii ki, Şuşa şəhərinin İslam dünyasının mədəniyyət paytaxtı olması  əlavə imkan verəcək ki, öz mədəniyyətimizi həm müsəlman ölkələrinin, həm də dünya ictimaiyyətinə çatdıraq. Şuşanın azad edilməsi tariximizin parlaq səhifəsidir.  Şuşa mədəniyyət ocağı kimi tanınsa da, hazırda  qəhrəmanlıq, zəfər  və sülhün rəmzidir. Məhz Şuşanın azad olunmasından sonra işğalçılar tam anladılar ki, müqavimət göstərmək onlara heç nə verməyəcək.”

Ehtiram Osmanov   Zərdab rayonu üzrə gənclər və idman sektorunun baş məsləhətçisi

Şərhlər

Şərh yazılmayıb.