Ölkənin müasir tarixində möhtəşəm və unudulmaz hadisə
Ölkənin müasir tarixində möhtəşəm və unudulmaz hadisə
Azərbaycan xalqı tarix boyu əzəli vətən torpaqlarını qorumaq üçün mərdliklə vuruşub, qanı və canı bahasına öncə müstəqilliyimizi qurmağa, sonra isə onu qorumağa çalışıb. Bu zaman ərzində soyqırımlara da məruz qalıb, müəyyən dövrlərdə müstəqilliyimiz də əlimizdən alınıb. Lakin bunların heç biri millətimizin mübarizə əzmini qırmayıb. Hər keçən gün mübarizə və müstəqillik hisslərimizi daha da artırıb.
2020-ci il dekabrın 10-da Bakının Azadlıq meydanında Vətən müharibəsində Azərbaycanın qələbəsi şərəfinə keçirilən Zəfər paradı da tarixə əbədi həkk edilən hadisədir. 3000 əsgər və zabitimizlə yanaşı, qardaş, dost Türkiyənin qoşun birləşmələrinin nümayəndələrinin də Zəfər paradında iştirak etməsi isə düşmənə və onun arxasında dayanan böyük güclərə bir mesaj idi: Azərbaycan tək deyil. Paradı Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və fəxri qonaq qismində dəvət olunmuş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qəbul edib.
Əlbəttə, iki qardaş ölkənin rəhbərinin paradı birgə qəbul etməsi beynəlxalq ictimaiyyətə verilmiş ciddi mesaj idi. Azərbaycan və türk əsgərlərinin çiyin-çiyinə Azadlıq meydanından keçməsi xalqların tarixində əbədi qalacaq qürurverici hadisə kimi yazıldı. O gün bambaşqa idi: ölkəmizin bütün şəhər, rayon və hətta ən ucqar kəndlərinin də Azərbaycan və Türkiyə bayraqları ilə bəzədilməsi iki doğma xalqın mənəvi yaxınlığının təzahürü idi.
Bu, ilk növbədə, hərbi qüdrətin nümayişi olaraq, dövlətimizin yerləşdiyi regionda nəinki iqtisadi, eyni zamanda ordu quruculuğunun NATO standartları səviyyəsində inkişafının nümayişi anlamını da verirdi. Vətən müharibəsində qazandığımız möhtəşəm Qələbəmizə həsr olunmuş Zəfər paradında 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerləri nümayiş etdirilmişdi.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin o gün Zəfər paradının tribunasından səsləndirdiyi fikirlər də hərb tariximizə qızıl hərflərlə yazıldı: “…Bu gün biz qəhrəman xalq kimi bu bayramı qeyd edirik. Azərbaycanın müzəffər ordusu öz tarixi missiyasını yerinə yetirdi – Ermənistanı məğlub etdi. Ermənistan ordusu demək olar ki, yoxdur, məhv edilib. Bundan sonra əgər erməni faşizmi bir daha baş qaldırsa, nəticə eyni olacaq. Yenə Azərbaycanın “dəmir yumruğ”u onların belini qıracaq…”
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın isə “Azərbaycanın torpaqlarını işğaldan azad etməsi heç də mübarizənin başa çatması demək deyildir” fikrinin arxasında daha mühüm və gələcəyə hesablanmış hərbi-diplomatik siyasət dayanır: “Bu günə qədər siyasi və hərbi sahələrdə davam etdirilən mübarizə bundan sonra çox fərqli cəbhələrdə davam edəcəkdir. Otuz illik işğal müddətində bu bölgələrin viranəyə çevrildiyini, daş üstündə daş qalmadığını hamımız birlikdə gördük. Qardaşım cənab İlham Əliyevin dediyi kimi, Füzuli şəhərində bayraq asmağa belə bina tapılmamışdır. Bütün şəhərlər tarmar edilmiş, bütün kəndlər yerlə-yeksan olunmuş, məzarlıqlar belə dağıdılmışdır. Məscidlər dağıdılmış, minarələr eynilə tarmar olmuşdur. Ermənilər hər şeyi məhv etdikləri kimi, tarixi və mədəni abidələri də, təbii sərvətləri də qarət etdilər. Bütün bu ziyanın hesabı sorulmalıdır. Bu yerdə əlavə sözə ehtityac varmı?”
O gün yadda qalanlardan biri də müharibə zamanı qənimət kimi ələ keçirilmiş Ermənistana məxsus hərbi texnikanın bir qisminin nümayiş etdirilməsi idi. Bu zəfər xalqın qürur mənbəyinə çevrildi, çünki həm də ölkədəki bütün siyasi qüvvələri birləşdirdi. Zəfərlə bağlı siyasi partiya rəhbərlərinin imzaladığı birgə bəyanatda Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Bizim Ermənistan torpağında siyasi və hərbi maraqlarımız yoxdur” fikrinin sitat gətirilməsi də bir daha təsdiqlədi ki, ölkədə siyasi baxışlarından asılı olmayaraq, xalq-hakimiyyət birliyi monolitdir. Bu da Azərbaycanın ədalətli mövqe tutmasını təsdiqləyən faktorlardandır.
Dövlət başçısı müharibəni ən son variant kimi görürdü. Ona görə də ötən illər ərzində ordu quruculuğu xüsusilə diqqət mərkəzində saxlandı. Ali Baş Komandan cənab İlham Əliyev bu illər ərzində Ermənistan rəhbərliyinə qoşunlarının Dağlıq Qarabağdan öz istəyi ilə olmasa, hərbi yolla çıxarılacağını dəfələrlə bildirmişdi. Ermənistanın təxribatçı addımları isə artıq müharibəni qaçılmaz etmiş, danışıqlara son qoymuşdu. Beləliklə, Ermənistanın 27 sentyabrdakı sonuncu təxribatı danışıqları tamamilə dayandırmışdı.
Nəhayət, 10 noyabrda Ermənistan müharibənin başa çatması ilə bağlı kapitulyasiya aktına imza atdı. 44 gün ərzində Azərbaycan parlaq qələbə qazanaraq Ermənistanı məğlub etdi: işğala son qoydu. Bununla da tarixi ədalət bərpa edildi. Bu, tairixi zəfər idi. Onu da qeyd etməliyik ki, beynəlxalq platformalarda danışıqların aparılması, mövqelərimizin möhkəmləndirilməsi, bu məsələ ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə dolğun şəkildə çatdırılması da öz səmərəsini verdi. Beləliklə, Azərbaycan müharibəni döyüş meydanı ilə yanaşı, siyasi arenada da uddu və 44 günlük Vətən müharibəsində istəyinə nail oldu.
Zərdab rayon Körpükənd kənd tam orta məktəbin müəllimi-Məhəmmədli Əsmər
Şərh yazılmayıb.