Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biri müstəqil dövlətin yeni Konstitusiyasının hazırlanmasıdır
Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biri müstəqil dövlətin yeni Konstitusiyasının hazırlanmasıdır
1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycan əsl müstəqilliyini əldə etməklə yanaşı, insan hüquqlarının təmini, inkişaf etdirilməsi, qorunması sahəsində mühüm nailiyyətlərə imza atdı. Məhz Ümummilli liderin hakimiyyətə qayıdışı ilə ölkəmizdə hüquqi dövlət quruculuğuna başlandı, söz, fikir və mətbuat azadlığı etibarlı şəkildə təmin edildi, insanların sərbəst toplaşmasına, öz fikirlərini azad ifadə etmələrinə şərait yaradıldı, digər demokratik prinsiplərin cəmiyyətdə təşəkkül tapması dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildi, bu sahədə demokratik prinsiplərə tam cavab verən qanunvericilik bazası yaradıldı. 1993-1995-ci illər müasir Azərbaycanın tarixinə dövlət müstəqilliyinin qorunub saxlanılması uğrunda mübarizə dövrü kimi yazıldı. İctimai-siyasi sabitliyin və qanunçuluğun bərqərar edilməsi bu dövrün ən mühüm nailiyyəti oldu və Ümummilli liderimizə dövlət quruculuğunda, iqtisadi, sosial və mədəni həyatda böyük işlərə başlamaq, genişmiqyaslı və ardıcıl islahatlar aparmaq üçün əlverişli imkan yaratdı. Böyük Öndər əmin idi ki, demokratik dəyərlərin üstünlüyünü qəbul edən, azadlığın, haqqın və ədalətin bərqərar olunduğu dövlət qurmaq istəyən hər bir ölkə, hər bir xalq üçün Konstitusiya birinci dərəcəli əhəmiyyət daşıyır. Siyasi, iqtisadi, hüquqi sistemin köklü şəkildə dəyişdiyi, cəmiyyətdə keçid dövrünün başlandığı bir vaxtda Konstitusiyanın – Əsas Qanunun rolu qat-qat artır. 1994-cü ilin iyul ayında Milli Məclisin iclasında Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə Konstitusiya layihəsinin hazırlanmasına məsul olan xüsusi komissiyanın fəaliyyətə başlaması qərarı da bu zərurətdən yaranmışdı. Dəfələrlə bu layihənin açıq müzakirəsini təşkil edərək ali sənədin müasir dəyərləri özündə ehtiva edən ən yetkin formada qəbul olunmasını təmin etmək üçün gərgin əmək sərf edən Ulu Öndər Konstitusiya layihəsinin hazırlanması zamanı onun hər bir müddəasını şəxsən nəzərdən keçirmiş, dövlətin gələcək taleyi, demokratik imici baxımından bu işə son dərəcə həssaslıqla yanaşmışdı. “Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasında demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən əsas qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü, ali icra, qanunvericilik, məhkəmə hakimiyyəti bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır” deyən Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının hazırlanmasında həm Azərbaycanın tarixi keçmişinin milli dəyərlərindən, həm də ümumbəşəri dəyərlərdən, dünyanın demokratik dövlətlərinin təcrübəsindən istifadə edilməsini mühüm vəzifə kimi irəli sürmüşdür.
Zərdab Rayon Gənclər və İdman idarəsinin əməkdaşı –Ehtiram Osmanov
Şərh yazılmayıb.