Huquqaz.com

Vətən müharibəsinin dərsləri Ermənistan tərəfindən unudulmamalıdır və onlar bilməlidirlər ki, odla oynamaq onlara baha başa gələcək

13.11.2022
1.796
Vətən müharibəsinin dərsləri Ermənistan tərəfindən unudulmamalıdır və onlar bilməlidirlər ki, odla oynamaq onlara baha başa gələcək

Vətən müharibəsinin dərsləri Ermənistan tərəfindən unudulmamalıdır və onlar bilməlidirlər ki, odla oynamaq onlara baha başa gələcək

Artıq, Azərbaycan Qoşulmama Hərəkatına sədrlik edir. Bizim sədrliyimiz yekdil qərarla təsdiqləndi. Sədrliyimiz yekdil qərarla daha bir il uzadıldı. Bu da dünya birliyinin əksər hissəsini birləşdirən beynəlxalq təsisatdır. Bu təsisata 120 ölkə üzvdür. Azərbaycan müsəlman ölkələri ilə sıx əlaqələr qurdu və onlara izah etməyə nail oldu ki, Ermənistan təkcə bizə qarşı yox, bütün müsəlman aləminə qarşı təcavüzkar siyasət aparır. Bizim vətənpərvərlik məsələləri ilə bağlı çox fəal siyasətimiz olmuşdur. Gənc nəsli vətənpərvərlik ruhunda tərbiyə etmək dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Gənclərimiz vətənpərvərdir, Vətənə bağlıdır və İkinci Qarabağ müharibəsi bunu göstərdi. Vətən müharibəsi ölkəmizdə milli həmrəyliyi, milli birliyi daha da gücləndirdi, ölkəmizi gücləndirdi. Azərbaycanda yaşayan bütün xalqlar bir böyük ailənin üzvləridir. Yaxşı günlərdə, ağır günlərdə bir yerdəyik və bu birlik dünya miqyasında nadir dəyərdir. Azərbaycanda yaşayan bütün xalqlar Qarabağ uğrunda ölümə gedirdilər. Bu, bizim böyük dəyərimizdir. Daxili sabitlik, milli birlik, milli həmrəylik, xalq-iqtidar birliyi mövcuddur. Bu da, ölkəmizdə aparılan dövlət siyasətinin böyük nəticəsidir. Bu gün, dünyanın və bizim bölgəmizin enerji-nəqliyyat xəritələrinə baxmaq kifayətdir ki, hər kəs görsün bizim təşəbbüsümüzlə icra edilən layihələr həm ölkəmizə, həm də bizim tərəfdaşlarımıza nə qədər böyük fayda gətirib. Bizim təşəbbüsümüzlə nəqliyyat və enerji layihələrində iştirak edən ölkələrin sayı onlarla ölçülür. Hələ indiki mərhələdə daha geniş vüsət alacaq və bütün bu ölkələr bizim təbii dostlarımızdır, müttəfiqlərimizdır. Eyni zamanda, bu layihələr bizə əlavə maliyyə imkanı yaratdı.
Vətən müharibəsinin dərsləri Ermənistan tərəfindən unudulmamalıdır və onlar bilməlidirlər ki, odla oynamaq onlara baha başa gələcək. Əgər orada kimsə – istər iqtidar, istər müxalifət, istərsə də xaricdən göndərilmiş, öyrədilmiş hansısa ünsür yenidən bizə qarşı hansısa bəd fikirdə olmaq niyyətindədirsə, o, bizim yumruğumuzu bir daha görəcək və son iki ilin tarixi bunu göstərdi. Hətta bu il “Fərrux” əməliyyatı, “Qisas” əməliyyatı, 13-14 sentyabr Ermənistan-Azərbaycan sərhədindəki hadisələr — bütün bunlar Ermənistan üçün dərs olmalıdır. Zəngəzur dəhlizi Ermənistanın öhdəliyidir. Biz iki il ərzində Laçın yolu ilə Ermənistandan Qarabağa və əks istiqamətə gedən maşınlara toxunmuruq. Biz öhdəlik götürmüşük, yerinə yetiririk.
Ermənistan da öhdəlik götürüb ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında yol bağlantısı olsun. İki il keçib üstündən, nə texniki-iqtisadi əsaslandırma var, nə hansısa hərəkət var, nə dəmir yolu, nə də avtomobil yolu. 13-14 sentyabr hadisələri elə-belə baş vermədi. Təbii ki, Ermənistan bizə qarşı növbəti hərbi təxribat törətmişdir. Amma cavabımız da çox təsirli oldu. 13-14 sentyabr əməliyyatından sonra Azərbaycan-Ermənistan sərhədi istiqamətində əsas strateji yüksəkliklərdə Azərbaycan Silahlı Qüvvələri yerləşib. Müharibədən keçən iki il ərzində biz öz siyasətimizi davam etdirmişik. Biz iki il ərzində böyük quruculuq işləri görmüşük, Qarabağı və Şərqi Zəngəzuru faktiki olaraq yenidən qururuq və quracağıq. Eyni zamanda, Ordumuzu gücləndiririk və gücləndirəcəyik. Ermənistan bilməlidir ki, bizi indiki çərçivələrdə saxlayan Ermənistanın hansısa havadarının bəyanatı deyil, bizim öz siyasətimizdir. Biz heç kimdən qorxmuruq, heç kimdən çəkinmirik. Erməni xalqı obyektiv həqiqəti anlamalıdır ki, xaricdə oturan və bu bölgəyə bir oyun meydançası kimi baxmaq istəyən dairələrin qurbanına ikinci dəfə çevrilməsinlər. Onlar bu otuz ilin işğalının acılarını indi görürlər. İşğal nədir, itki nədir, indi görürlər.

Abdulbağı Fazilli – Zərdab şəhər sakini, fəal gənc

Şərhlər

Şərh yazılmayıb.