Huquqaz.com

İkitərəfli görüşlərin əhəmiyyəti

08.11.2022
2.801
İkitərəfli görüşlərin əhəmiyyəti

Soçi şəhərində Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə keçirilən üçtərəfli görüşdə cənab İlham Əliyev növbəti uğura imza atdı. Qəbul edilmiş sənəddə Qarabağ kəlməsi belə qeyd edilmədi. Soçiyə böyük ümüdlərlə gələn Paşinyan növbəti dəfə məğlubiyyətə düçar oldu. Ümumiyyətlə Soçi şəhərində 2020-ci ilin noyabr və 2021-ci ilin yanvar aylarında imzalanmış üçtərəfli Bəyannamələrin icrası ətrafında müzakirələr aparıldı və münasibətlərin normallaşdırılması üçün əlavə təkliflər müzakirə edildi. Üçtərəfli görüşdən əvvəl Prezident İlham Əliyev Rusiya Prezidenti Vladimir Putin ilə görüşdə Qarabağ münaqişəsinin artıq tarixdə qaldığını və bu münaqişənin iki il bundan əvvəl başa çatdığını xüsusi vurğuladı. Danışıqlar ancaq Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində aparıla bilər. Bununla da cənab İlham Əliyev qətiyyətli şəkildə Azərbaycanın mövqeyini bildirdi. Prezident cənab İlham Əliyev dəfələrlə qeyd etmişdi ki, Qarabağ münaqişəsi adlı problem həll olunub və bu məsələ ilə bağlı heç bir vasitəçiyə ehtiyac yoxdur. Soçidə qəbul olunmuş Bəyannamədə Azərbaycanın dövlət və milli maraqlarını müdafiə edən bir sıra məsələlər öz həllini tapmış oldu. Belə ki, Azərbaycanın ərazi bütövlüyü təsdiqləndi, Qarabağ və orada yaşayan ermənilərin statusundan bəhs edilmədi. Eləcə də  Azərbaycanla Ermənistan arasında sülh sazişinin hazırlanması cənab İlham Əliyevin irəli sürdüyü 5 əsas baza prinsipi əsasında formalaşdırılacaq. Üçtərəfli görüşün nəticəsi olaraq imzalanmış bəyanatın bütün bəndləri Azərbaycanın mövqeyini tam ifadə edir. Müharibə başa çatdıqdan sonra Prezident cənab İlham Əliyev Azərbaycan – Ermənistan münasibətlərinin normallaşmasına, Cənubi Qafqazın iqtisadi cəhətdən inkişaf etməsi üçün birgə əməkdaşlığa çağırış etmişdir. Azərbaycan iki dövlət arasında bütün kommunikasiya xətlərinin açılması təklifini irəli sürmüş, Ermənistan sülh müqaviləsini imzalayacağı, səmimi qonşuluq münasibətlərini yaradacağı, qonşu dövlətlərə qarşı ərazi iddiaları irəli sürməyəcəyi təqdirdə bu ölkə Azərbaycanın müəllifi və iştirakçısı olduğu bütün beynəlxalq, iqtisadi layihələrə cəlb oluna bilər. Bu Ermənistan iqtisadiyyatının dirçəlməsinə, vətəndaşlarının həyat səviyyəsinin yüksəlməsinə səbəb olar. Azərbaycan iki dövlət arasında sülh müqaviləsinin imzalanmasına hər zaman hazır olduğunu, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına xidmət edəcək Rusiyanın vasitəçiliyini qəbul edir. Eyni zamanda Azərbaycan sülhün yaradılmasına xidmət edəcək hər iki dövlətin ictimaiyyət nümayəndələrinin, din xadimlərinin və Parlamentlərarası əlaqələrin yaradılmasına tərəfdardır. Ermənistan tərəfi də bu prinsiplərə əməl edərsə iki dövlət arasında sülh sazışınin imzalanması reallaşar.

 

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Vüsal Rəhimov

Şərhlər

Şərh yazılmayıb.