Azərbaycan xalqı “İrəli” əmrini gözləyirdi
Ermənilərin Azərbaycana qarşı düşmənçilik, işğalçılıq, soyqırımı və etnik dözümsüzlük siyasəti 200 ildən çoxdur davam edir. Tarixin müxtəlif dövrlərini vərəqləsək, bu deyilənlərin faktlarla təsdiqini tapdığının şahidi olarıq. Ötən 30 il ərzində isə bu tarixi hadisələrin canlı şahidləri olaraq ermənilərin etnik azərbaycanlılara və suveren ərazilərimizə qarşı işğalçılıq, talançılıq əməllərinin acı nəticələrini yaşamışıq. 1990-cı illərin əvvəllərində yenicə müstəqillik qazanmış, ordusu tam formalaşmamış, ölkə idarəetməsində səriştəsiz və qeyri-milli ruha, əqidəyə sahib insanların təmsil olunması ölkədaxili vəziyyətin pisləşməsinə, müxtəlif sahələrdə xaosun hökm sürməsinə, ən dəhşətlisi isə vətəndaş müharibəsinin başlanmasına, hərc-mərcliyə gətirib çıxarmışdı. Azərbaycan dövləti və xalqı bu işğalın fəsadlarını 30 il ərzində yaşadı. Ermənilərin Azərbaycana qarşı mənəvi, maddi terroru bu illər ərzində davam edib. Azərbaycan isə yenə də səbirlə davranırdı. Beynəlxalq hüququn aliliyinə ümid edir, münaqişənin sülh yolu ilə həllinə səylər göstərirdi. Ölkəmiz və xalqımız möhkəm siyasi iradə göstərərək təşəbbüs edilən bütün dialoqlara qatılır, regionun təhlükəsizliyi və inkişafı naminə torpaqlarımızın danışıqlar yolu ilə geri qaytarılmasına çalışırdı. Ərazi bütövlüyümüzün bərpa olunması bütün dövrlərdə Prezident cənab İlham Əliyevin dövlət siyasətinin mütləq prioriteti olub, bu istiqamətdə atılan addımlar, aparılan danışıqlar bunu deməyə əsas verir.
Xalq və ordu birliyi 44 gün davam edən Vətən müharibəsində tarixi zəfərimizin qazanılmasına gətirib çıxardı. Tariximizin şanlı səhifəsi hesab olunan, əsl qəhrəmanlıq salnaməsinə çevrilən Vətən müharibəsi nəticəsində ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuz qalib gəldi, Ermənistan ordusunu ağır məlubiyyətə uğradaraq, dizi üstə çökdürdü, tarixi ədaləti bərpa etdi, işğal altındakı torpaqlarımızı azad edərək, 30 illik nisgilə, həsrətə son qoydu. Bu qələbə haqqın, ədalətin qələbəsi kimi tariximizdə hər zaman qürurla və sevinclə xatırlanacaq.
Bütün dünya dövlətimizin, xalqımızın və ordumuzun həmrəyliyini, vəhdətini, qüdrətini gördü. Bir daha düşmən və onun havadarları anladı ki, bu dövlətin və millətin iradəsini qırmaq mümkün deyil. Azərbaycanlılar üçün Vətən, torpaq anlaşıyı ən müqəddəs məfhumdur, bu yolda canını fəda etməyə hazır olan milyonlarla qeyrətli oğul və qızlarımız var. Bu sevinci və xoşbəxtliyi bizlərə yaşadan, qürurumuzu özümüzə qaytaran, qisasımızı alan torpaqlarımızı qanı və canı ilə azad edən şəhidlərimizi hər zaman ehtiramla və minnətdarlıqla anmalıyıq, yad etməliyik. Bir sözlə, Vətən müharibəsində əldə olunmuş qələbə effektiv ordu quruculuğu siyasətinin və iqtisadi inkişafın nəticəsidir. İqtisadi amil ölkənin qüdrətini artırdı və qələbəni reallığa çevirdi.
Məhz bu tarixi zəfərimizin dövlət səviyyəsində qeyd edilməsi məqsədilə dövlət başçısı İlham Əliyevin sərəncamı ilə 8 noyabr – tarixi Şuşa şəhərimizin işğaldan azad olunduğu gün hər il ölkəmizdə Zəfər Günü kimi yüksək səviyyədə qeyd edilir. Bu zəfər tariximizə qızıl hərflərlə yazıldı. Bu tarixi araşdırmaq, öyrənmək, təbliğ etmək, bütün dünyaya faktlarla çatdırmaq və bu günü bizlərə bəxş edən, həyatını fəda edən qəhrəmanlarımızı xatırlamaq ən müqəddəs borcumuzdur.
Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Leyla Əliyeva
Şərh yazılmayıb.