Huquqaz.com

Soçi Bəyanatında da “Qarabağ” sözünə rast gəlinmir

04.11.2022
2.354
Soçi Bəyanatında da “Qarabağ” sözünə rast gəlinmir

Rusiya Azərbaycanın hərbi-siyasi Qələbəsinin və Ermənistanın kapitulyasiyasının təsdiqi olan 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatı imzalayan tərəflərdən biridir. Bu baxımdan, Rusiya sözügedən Bəyanatdan irəli gələn öhdəliklərin yerinə yetirilməsinə Ermənistanı məcbur etmək imkanındadır. Ona görə də 2021-ci il 11 yanvar tarixli Moskva və 2021-ci il 26 noyabr tarixli Soçi görüşlərinin davamı olaraq son Soçi görüşü sülh müqaviləsinin imzalanması prosesində öz sözünü deyəcək. Soçi Bəyanatında bildirilir ki, Azərbaycan-Ermənistan münasibətlərinin kompleks şəkildə normallaşdırılması, sülhün, sabitliyin, təhlükəsizliyin və Cənubi Qafqazın davamlı iqtisadi inkişafının təmin edilməsi naminə göstərilən bütün razılaşmalara dönmədən riayət edilməsinə sadiq olduğumuzu təsdiq edirik. Qalan məsələlərin, o cümlədən humanitar məsələlər blokunun təxirə salınmadan həllinə yönəlmiş əlavə səylər göstərmək barədə razılaşdıq. Güc tətbiq etməkdən və ya onu tətbiq etməklə hədələməkdən çəkinmək və bütün problemli məsələləri BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq suverenliyin, ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması əsasında müzakirə və həll etmək barədə razılığa gəlindi.

“Soçi Bəyanatında bu müddəa da yer alıb ki, regionda davamlı və uzunmüddətli sülhə nail olmaq məqsədilə Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsi bağlanmasına fəal hazırlıq vacibdir. Mövcud işlənilən təkliflər əsasında məqbul həll yollarının axtarışını davam etdirmək barədə razılıq əldə olundu. Rusiya Federasiyası buna hər vasitə ilə kömək göstərəcəkdir, digər bəyanatlar kimi, Soçi Bəyanatında da “Qarabağ” sözünə rast gəlinmir. Bu, bir daha onu təsdiqləyir ki, münaqişə artıq tarixə qovuşub və köhnə yanaşma ortaya qoyanların vasitəçiliyinə heç bir ehtiyac yoxdur. Bəzi dünya gücləri öz maraqları naminə artıq tarixin arxivinə göndərilmiş qrupun vasitəçiliyini bərpa etməyə çalışsalar da bunun mümkünsüzlüyü göz qabağındadır. Ermənistan sülh müqaviləsinin imzalanması üçün üzərinə düşən öhdəliyi yerinə yetirməlidir. Artıq göründüyü kimi, dünya gücləri bu məsələnin həllində dəstəklərini ifadə edir, səylərini əsirgəməyəcəklərini bildirirlər. Noyabr ayında Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidentinin və Ermənistanın baş nazirinin növbəti görüşü keçiriləcək. Ümumiyyətlə, Brüssel gündəliyi tərəflərin maraqlarına uyğundur. Digər tərəfdən, Rusiyanın 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın imzalanmasında iştirak edən tərəf kimi üzərinə düşən məsuliyyəti nəzərə alsaq bu kontekstdə qısa müddətdə sülh müqaviləsinin imzalanmasına nail olmaq mümkündür. Hər halda Ermənistan Azərbaycanın 30 illik işğal dövrünün Azərbaycanı olmadığını unutmayıb. Yeni reallıqları diktə edən tərəf Azərbaycandır. Otuz ildən sonra Ermənistana və əksər dünya güclərinə ədalət və beynəlxalq hüquq deyilən anlayışların mövcudluğunu sübut edən də Azərbaycandır. Bu günün əsas tələbi beynəlxalq hüququn əsas prinsipi olan ərazi bütövlüyünün dəstəklənməsi fonunda Azərbaycanla Ermənistanın münasibətlərində yeni səhifənin açılması, sülh müqaviləsinin imzalanmasıdır.

 

Abdulbağı Fazilli – Zərdab rayonu, Təzəkənd sakini, fəal gənc

Şərhlər

Şərh yazılmayıb.