Huquqaz.com

Zəngilandan keçən logistik layihələr

20.10.2022
2.028
Zəngilandan keçən logistik layihələr

Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşasının böyük strateji əhəmiyyəti var. Bu dəmir yolu azad edilmiş torpaqlara həm vətəndaşların gəlməsi, həm də yüklərin daşınması üçün böyük əhəmiyyətə malik olacaq. Zəngilanda inşa olunacaq hava limanı bu bölgəni beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevirmək üçün imkanlar yaradır. Buradan dəmir və avtomobil yolları da keçəcək və Naxçıvana yol açılacaq. Təməli qoyulan Zəngilan-Horadiz avtomobil yolu strateji əhəmiyyəti ilə seçilir. Zəngilan rayonunun işğaldan azad edilməsi yeni logistik layihələrin icrası və Zəngilanda olan günəş enerjisi potensialından istifadə edilməsi üçün şərait yaratmış oldu .

Heç kimə sirr deyil ki, işğal dövründə Ermənistan rəhbərliyi Zəngilandan keçmək şərtilə ölkəsindən Cəbrayıla yol çəkmək istəyirdi. Amma onların bu istəyi baş tutmadı. Ali baş komandanın rəhbərliyi ilə, şəhidlərimizin, döyüşçülərimizin qanı, canı hesabına tarixi ərazilərimiz özümüzə qayıtdı. İnfrastruktur layihələrin qurulması çərçivəsində indi Horadizdən Zəngilana 4 və 6 zolaqlı magistral avtomobil yolu çəkilir. Sovet vaxtından qalan yol yenidən qurulur. İkinci Qarabağ müharibəsindəki Zəfərdən sonra Azərbaycanın nəqliyyat-kommunikasiya, logistika imkanlarını genişləndirməsi üçün çox əlverişli imkan yaranıb. Vətən müharibəsinin sonunda Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin imzaladıqları birgə Bəyanatda Zəngəzur dəhlizinin açılması da müddəa kimi qeyd edilib.Dəhlizin açılması isə uzun illər blokadada olmuş Naxçıvan Muxtar Respublikasını bu şəraitdən çıxarmaqla yanaşı, xalqımızın 101 ildən sonra tarixi ərazisi olan qədim Zəngəzura yenidən qayıdışını təmin edəcək.

Təbii ki, Zəngilandan söz düşəndə onun turizm imkanlarından danışmamaq mümkün deyil. Böyük turizm potensialı olan rayonun nəqliyyat logistika mərkəzinə çevrilməsi turistlərin sayını artıracaq, iqtisadiyyata külli miqdarda vəsait qazandıracaq.

Qeyd edək ki, prezidentimiz cənab İlham Əliyev hər zaman çıxışlarında Zəngilanın turizm imkanlarının dərindən təhlil edilməli, təxirəsalınmaz işlərə başlanmalı olduğunu vurğulamışdır. Yeni otellər, istirahət zonaları yaradılmalı, kənd turizmi inkişaf etdirilməlidir. Dövlət başçımızın  verdiyi bu tapşırıqlar mütəxəssislər üçün yol xəritəsi olacaqdır.

 

Zərdab rayon Salahlı kənd ümumi orta məktəbin direktor əvəzi-Rəşad İsmayılov

Şərhlər

Şərh yazılmayıb.