Huquqaz.com

30 il boyunca səbirlə münaqişənin sülh yolu ilə həll edilməsinə olan ümidlərimiz nəticəsiz qalıb

24.09.2022
1.920
30 il boyunca səbirlə münaqişənin sülh yolu ilə həll edilməsinə olan ümidlərimiz nəticəsiz qalıb

30 il boyunca səbirlə münaqişənin sülh yolu ilə həll edilməsinə olan ümidlərimiz nəticəsiz qalıb.

Belə olan halda Azərbaycan nə etməli idi? Daha 30 il BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin kağız üzərində qalmasına və ATƏT-in Minsk qrupunun münaqişənin donmuş vəziyyətdə saxlamaq cəhdlərinə şahidlik etməli idimi? Üstəlik, dövlət sərhədimizin yeni istiqamətlərdə təcavüzə məruz qaldığı bir vaxtda Ermənistanın dövlətimizə qarşı təxribatlarına, yeni ərazi iddialarına göz yummalı idikmi? Xeyr, əlbəttə, xeyr. Məhz Anım günü kimi dövlətimizin tarixinə əbədi həkk olunmuş sentyabrın 27-də Müzəffər Ali Baş Komandan İlham Əliyev Ermənistanın hərbi təxribatlarına cavab olaraq dərhal bütün cəbhəboyu əks-hücuma keçmək əmri verdi. Bununla da erməni təcavüzünün qarşısını almaq üçün başlamış əks-hücum əməliyyatları uğurla davam edərək dövlətimizin ərazi bütövlüyü uğrunda, işğalçıları torpaqlarımızdan birdəfəlik çıxarmaq uğrunda müqəddəs Vətən müharibəsinə çevrildi. Prezidentin ətrafında dəmir yumruq kimi birləşmiş xalqımızın da dəstəyi ilə qüdrətli Ordumuz cəmi 44 gün müddətində

Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını işğaldan azad etdi. Bizim mübarizəmiz torpaqlarımızın işğaldan azad olunması uğrunda haqq işimiz olmaqla yanaşı, beynəlxalq hüququn bütün tələblərinə uyğun aparılmışdı. Azərbaycan qoşulduğu bütün beynəlxalq konvensiyalara həmişə sadiq olub, biz hərbi əməliyyatları heç vaxt döyüş meydanından kənara çıxarmamış, dinc əhali, mülki infrastrukturları qətiyyən hədəf almamışıq. Döyüş meydanında uduzan düşmən isə həmişəki kimi beynəlxalq hüquqa zidd olan terror və təxribatlar törətmiş, dinc əhalini, mülki obyektləri, işğal altında olan torpaqlarımızdan kənarda yerləşən rayonları hədəf almış, üçüncü dövlətləri münaqişəyə cəlb etməyə çalışaraq münaqişənin miqyasını genişləndirməklə Azərbaycan qarşısında siyasi məsuliyyətdən qaçmağa çalışmışdır. Lakin bütün bu cəhdlər düşməni məğlubiyyətdən, kapitulyasiya aktına imza atmaqdan xilas edə bilmədi. 44 günlük Vətən müharibəsi Azərbaycanın şanlı Zəfəri və torpaqlarımızın düşmən işğalından azad edilməsi ilə nəticələndi, ədalət bərpa olundu.

 

Cavid Nuriyev – Zərdab şəhər sakini, Vətən müharibəsi iştirakçısı

Şərhlər

Şərh yazılmayıb.