Huquqaz.com

Heydər Əliyevin fəaliyyəti, onun iradəsi ilə qəbul olunmuş qərarlar müstəqillik tariximizin ən parlaq səhifələrini təşkil edir

04.09.2022
1.915
Heydər Əliyevin fəaliyyəti, onun iradəsi ilə qəbul olunmuş qərarlar müstəqillik tariximizin ən parlaq səhifələrini təşkil edir

Ümummilli Lider Heydər Əliyevin fəaliyyəti, onun iradəsi ilə qəbul olunmuş qərarlar müstəqillik tariximizin ən parlaq səhifələrini təşkil edir.

1990-cı il noyabrın 17-də Naxçıvan parlamentinin yeni tərkibdə keçirilən ilk sessiyasının deputatlarının istəyi və böyük təkidi nəticəsində Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə öz işinə başlaması milli dövlətçilik tariximizin əlamətdar hadisələrindən biri idi. Həmin sessiyada gündəliyə çıxarılan məsələlər və qəbul edilən tarixi qərarlar, ümumilikdə, Azərbaycanın müstəqilliyinə və suverenliyinə hesablanmışdı. Fenomen şəxsiyyət Heydər Əliyev özünün zəngin təcrübəsinə və Naxçıvanda daim yaşadılan qədim Azərbaycan dövlətçilik ənənələrinə əsaslanaraq milli qurtuluşun və milli dövlətçilik quruculuğunun təməlini qoydu. Azərbaycanın müstəqillik yolunun əsasının qoyulmasında növbəti tarixi hadisə 1991-ci il sentyabrın 3-də baş verdi. Belə ki, görkəmli dövlət xadimi, Ulu Öndər Heydər Əliyev  Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən fövqəladə sessiyada deputatların və iclas zalının qarşısına toplaşan minlərlə insanın təkidi ilə Ali Məclisin Sədri seçildi.  Görkəmli dövlət xadiminin qədim diyardan Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə və Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilməsi böyük təcrübəyə malik olan qüdrətli siyasətçinin ölkənin ictimai-siyasi həyatında yaxından iştirak etməsinə meydan açdı. Ümumiyyətlə, birmənalı olaraq Ümummilli Lider Heydər Əliyevin fəaliyyəti, onun iradəsi ilə qəbul olunmuş qərarlar müstəqillik tariximizin ən parlaq səhifələrini təşkil edir. Məhz Naxçıvan Muxtar Respublikasının da xilası və dirçəlişi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.

Ulu Öndər Heydər Əliyevin xalqımız qarşısındakı ən böyük xidmətlərindən biri Azərbaycan dövlətçiliyinin xilası və bunun sayəsində ölkənin siyasi tarixində yeni bir mərhələnin açılmasıdır. 1990-cı ildə Azərbaycan olduqca mürəkkəb situasiya qarşısında idi. SSRİ-nin dayaqlarının sarsıldığı bir dövrdə keçmiş İttifaq miqyasında baş alan hərc-mərclik ölkələrin daxili həyatına da sirayət etmişdi və idarəetmə potensialı aşağı olan respublikalarda çox mürəkkəb siyasi-hüquqi kataklizmlər cərəyan etməkdə idi. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan MR-də sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılması və tərəqqinin əldə olunması üçün əhəmiyyətli tədbirlər görüldü. Belə ki, aqrar islahatlar reallaşdırıldı, infrastrukturun inkişafı yönündə xüsusi işlər həyata keçirildi. Blokada şəraitində olan Muxtar Respublikanın inkişafı və sabitliyinin davamlılığını təmin etmək üçün regional və beynəlxalq əlaqələrin formalaşdırılması, eləcə də inkişafı yönündə mühüm addımlar atıldı. Ümumiyyətlə, ömrünü xalqına xidmətə həsr edən Ulu Öndər Heydər Əliyev hər zaman ölkəmizin inkişafı naminə yorulmadan çalışmış və milli ideyalara sədaqət nümayiş etdirmişdir.

Elvin Xəlilov-Zərdab rayonu, Əlvənd kənd tam orta məktəbin direktoru

Şərhlər

Şərh yazılmayıb.