Huquqaz.com

Xarici siyasət kursunda mövcud reallıqları nəzərə alan və ölkənin mənafelərinin qorunmasına yönəlmiş əməli dəyişikliklər edildi

03.09.2022
1.805
Xarici siyasət kursunda mövcud reallıqları nəzərə alan və ölkənin mənafelərinin qorunmasına yönəlmiş əməli dəyişikliklər edildi

Xarici siyasət kursunda mövcud reallıqları nəzərə alan və ölkənin mənafelərinin qorunmasına yönəlmiş əməli dəyişikliklər edildi

1990-cı illər Azərbaycan tarixinin çətin dövrləri idi. SSRİ-nin zəifləməsi, xalqların müstəqillik uğrunda mübarizəsi genişlənmisdi. Belə bir vaxtda Azərbaycan xalqına güclü bir rəhbər lazım idi. Çünki mənfur ermənilər yaranmış vəziyyətdən istifadə edib torpaqlarımızı işğal edirdilər. Onlar nəinki Qarabağ, hətta Naxçıvan ərazisinə də göz dikmişdilər. Amma bütün bu çətinliklərə baxmayaraq, Naxçıvan əhalisi ərazi bütövlüyünü qorumaq üçün mərdliklə mübarizə aparırdı. Bu cür çətin, mürəkkəb və məsuliyyətli məqamda ulu öndər Heydər Əliyev kimi böyük və zəngin həyat məktəbi keçmiş dövlət xadiminin Azərbaycana qayıdışı, 1990-cı il iyulun 22-də Naxçıvana gəlməsi, həmin ilin 30 sentyabrında Azərbaycan Respublikasının Ali Sovetinə və muxtar respublikasının Ali Məclisinə deputat seçilməsi ilə xalq arasında ölkənin gələcəyinə inam gücləndirilmişdi.

Heydər Əliyevin 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsinə seçilməsi isə Azərbaycan xalqınin taleyində böyük siyasi əhəmiyyətə malik olan tarixi hadisə, eyni zamanda təcrübəli bir dövlət xadiminin dövlət idarəçiliyinə möhtəşəm dönüşü idi.

Ulu öndər Heydər Əliyev Azərbaycanın xarici siyasətində yer tutan özünütəcrid xəttinin tamamilə yolverilməz və milli maraqlara zidd olduğunu vurğuladı. O, özünütəcrid xəttinin acı nəticəsi kimi dünyanın Azərbaycanı tanımamasını, problemlərimizi bilməməsini, haqq səsimizi eşitməməsini göstərir və belə siyasəti “özümüzün özümüzə vurduğumuz zərbə” adlandırırdı. Ölkənin mənafelərini qorumaq istiqamətində hərtərəfli ölçülüb-biçilmiş addımların atılmasının vacibliyini vurğulayan Heydər Əliyev Azərbaycanın dövlətçilik mənafelərini hər şeydən uca tutaraq müxtəlif dövlətlərin bütövlükdə Qafqaz və bilavasitə respublikamız üzərində qurulmuş iqtisadi maraq və nüfuz dairəsi uğrunda mübarizələrini nəzərə alaraq, çevik manevrlər və xüsusi taktiki gedişlər etdi. Xarici siyasət kursunda mövcud reallıqları nəzərə alan və ölkənin mənafelərinin qorunmasına yönəlmiş əməli dəyişikliklər edildi. Müstəqil Azərbaycan dövlətinin beynəlxalq münasibətlər sistemində yeri, Avropa ölkələri və ABŞ-la, yeni müstəqil dövlətlər və Rusiya ilə, türkdilli dövlətlər və Türkiyə, müsəlman dünyası və İranla, nüfuzlu beynəlxalq təşkilatlarla əlaqələrinin yaxın dövr üçün prioritetləri müəyyənləşdirildi və tədricən həyata keçirilməyə başlandı. Ulu Öndərin hakimiyyətə qayıtması ilə bütün sahələrdə müsbət dəyişikliklərin əsası qoyuldu. O ağrılı-acılı günlər hər birimizin yaddaşındadır və o zamankı nəslin nümayəndələri həmin dövrdə ölkəmizin və xalqımızın hansı çətin, mürəkkəb sınaqlar qarşısında qaldığıının canlı şahidləridirlər. Məhz ulu öndər Heydər Əliyev dühası və qətiyyəti sayəsində Naxçıvan ən ağır və mürəkkəb dövrlərdən mətinliklə çıxa bildi.  Xalq Ulu Öndərin Naxçıvandakı siyasi fəaliyyətini yüksək qiymətləndirirdi və eyni zamanda, onun müstəqil Azərbaycanın böhrandan çıxış yolları barədəki qətiyyətli fikirləri ilə həmrəy idi.

Ulu Öndər qonşu ölkələrlə ilk rəsmi təmaslara başladı və Naxçıvanın blokadadan çıxarılması üçün böyük işlər həyata keçildi.

1992-ci ildə İran və Türkiyə ilə bağlanmış əməkdaşlıq müqavilələri əsasında, Sədərək, Culfa və Şahtaxtı keçid məntəqələri yaradıldı. Bundan əlavə, Naxçıvan şəhəri yaxınlığında İstilik-Elektrik Stansiyası tikildi. İran İslam Respublikasından Culfa rayonuna, Türkiyə Respublikasının İqdır vilayətindən isə 92 kilometrlik bir məsafədən yüksək gərginlikli elektrik xətlərinin Naxçıvana çəkilməsi başa çatdırıldı ki, bu da Naxçıvanın elektrik enerjisinə olan ehtiyacını əsasən ödəmiş oldu. Beləliklə, 1991-1993-cü illər arasında ümummilli lider Heydər Əliyev Naxçıvandakı hakimiyyəti dövründə muxtar respublikanı geniş tərəqqi yoluna çıxarmağı bacardı.

 

Rəmzi Şirinov-Zərdab rayonu, Dəkkəoba kənd sakini fəal gənc

Şərhlər

Şərh yazılmayıb.