Huquqaz.com

Akademik Zərifə Əliyevanın 100 illik yubileyi qeyd edilir

10.04.2023
1.900
Akademik Zərifə Əliyevanın 100 illik yubileyi qeyd edilir

Akademik Zərifə Əliyevanın 100 illik yubileyi qeyd edilir.

Dünya oftalmologiya elminə böyük töhfələr vermiş akademik Zərifə xanım Əliyevanın zəngin elmi irsi, tibbin müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifələrini təşkil edir. Görkəmli alimin keçdiyi şərəfli ömür yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir.

Zərifə xanımın bütün həyatı və fəaliyyəti çoxşaxəliliyi ilə fərqlənmiş, başqaları üçün nümunə olmuşdur. İndi onunla bağlı hadisələr yaddaşın dərin qatlarında üzə çıxanda bu bənzərsiz insanın işıqlı obrazı cilalanmış almaz kimi göz önündə canlanır, bərq vurur. Zərifə Əziz qızının yaradıcı həyatının ana xəttini, heç şübhəsiz ki, onun oftalmologiya sahəsində apardığı pedaqoji fəaliyyət təşkil edir. O, 1947-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirdikdən sonra ömrünü oftalmologiyaya həsr etmişdir. Təbiətən insanın dəqiq və incə təhlilinə meyl göstərən Zərifə xanım təsadüfi deyil ki, səhiyyə ixtisasları arasında məhz incəliyi və zərgər dəqiqliyi ilə seçilən oftalmologiya sahəsinə maraq göstərmişdir. Zərifə Əziz qızının yaradıcı taleyi elə gətirib ki, seçdiyi sənətdə ilk addımlarını atdığı gündən ömrünün sonunadək Moskvada yerləşən Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunun Oftalmologiya kafedrası ilə sıx bağlı olub.

Ölkəmizdə tibb elminin inkişafında xüsusi xidmətlər göstərmiş görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın anadan olmasının 100-cü ildönümünün qeyd olunmasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə akademik Zərifə Əliyevanın 100 illik yubileyinə dair tədbirlər planını hazırlayaraq həyata keçirir. İllər ötsə də Zərifə xanımın xidmətlərini xalqımız hər zaman xatırlayacaqdır.

Rasif Qaçayev – Zərdab rayonu Gəlmə kənd tam orta məktəbinin direktoru

 

 

 Traxomanin sosial xəstəlik kimi ləğv olunması məhz Zərifə xanımın adi ilə bağlıdır.

 Azərbaycanin gorkəmli dövlət xadimi Əziz Əliyevin ailəsində göz açmış Zərifə xanım akademik, tanınmış oftalmoloq, gözəl pedaqoq, hümanist insan,sədaqətli həyat yoldaşı, yaxşı ana idi. Azərbaycanda göz xəstəliklərinin geniş yayıldığı bir zamanda Azərbaycan Dövlət Tibb İnstitutunun məzunu Zərifə xanım Elmi Tədqiqat Oftalmologiya İnstitutunda həkim ordinator işləyərkən traxoma xəstəliyinə qarşı müalicəvi və profilaktik tədbirlərin təşkilində fəal iştirak etmişdir. O, bu xəstəliyin geniş yayıldığı rayonlara gedir, oftalmoloqlara mühazirələr oxuyur,əhali arasında maarifləndirmə işi aparırdı. Bu böyük elm fədaisinin tibb dünyasına gəldiyi illərdə Azərbaycanda gözü zədələyən və ağır nəticəyə, hətta tam korluğa səbəb olan traxoma infeksion xəstəliyi geniş yayılmışdır. Onun müalicəsini ətraflı şəkildə öyrənən Zərifə xanım Əliyeva şəxsiyyətinə Azərbaycanın ehtiyacı var idi. Çünki dünya işığına həsrət qalan insanların çoxu məhz bu xəstəlikdən əziyyət çəkirdi. O, bölgələri gəzərək xəstələri müayinə və müalicə edir, ehtiyacı olan insanlara işıq bəxş edirdi. Onun bu sahədə yorulmaq bilmədən apardığı elmi axtarışlar, əldə etdiyi nəticələr Zərifə xanım Əliyevanın namizədlik dissertasiyasinin əsasını təşkil edirdi. Onun təşəbbüsü ilə ölkədə ilk dəfə peşəkar göz patalogiyasi laboratoriyaları yaradılmışdır. Uğurlu tədqiqatların nəticələri Z.Əliyevanın 1960-cı ildə müdafiə etdiyi “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyanın əsasını təşkil etmişdir. Bu sahə üzrə ixtisaslaşaraq, elmlər namizədi dərəcəsinə yüksələn Zərifə xanımın təklif etdiyi müalicə metodu tezliklə bütün respublikada tətbiq edilir və ölkəmiz bu xəstəlikdən xilas olur. Zərifə xanım bir həkim kimi insanlara təmənnasız sevgi bəxş etmişdir. Əslində o, başqa peşə sahibi olsaydı da, yenə insanlara sevgisi ilə fərqlənəcəkdi. Çunki o, insanları çox sevirdi.

Hər il aprelin 28-də tanınmış oftalmoloq alim Ümumilli Liderimiz Heydər Əliyevin ailə ocağının qoruyucusu Zərifə xanım Əliyevanın doğum günü kimi yad edilir. Onun işıqlı xatirəsi xalqımızın qəlbində özünə əbədiyaşarlıq qazanıb.

Məkkə Həmidova – Zərdab rayonu Hüseynxanlı kənd ümumi orta məktəbinin direktoru

 

 

Həkim etikası.

Bu dünyaya insanlara nur paylamaq, xeyirxahlıq etmək üçün gəlmişdir Zərifə xanım Əliyeva. Onun ömür yolu gələcək nəsillərin həyatına işıq saçır, xalqa tükənməz bir xəzinə bəxş edir. O, günəş qədər parlaq ürək sahibi, yüksək mənəviyyat, daxili zənginlik simvolu idi. Qəlbini şam kimi əridib ondan xeyirxahlıq, işıq umanların yoluna nur çiləmək üçün yaradılmışdı Zərifə xanım Əliyeva.

İllər boyu apardığı müşahidələrin, klinik tədqiqatların və təcrübələrin nəticələri Zərifə xanım Əliyevanın dünyada ən məşhur oftalmologiya mərkəzlərinin birində – H.Helmqolts adına Moskva Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunda müdafiə etdiyi “Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanının vəziyyəti” mövzusunda doktorluq dissertasiyasının əsasını təşkil etmişdir.

Onun Azərbaycanda oftalmologiya elminin inkişafında xidmətləri ölçüyəgəlməzdir. Görkəmli alim vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatlar aparmışdır. Eyni zamanda, “Terapevtik oftalmologiya”, “İridodiaqnostikanın əsasları” kimi nadir elmi əsərlərin müəlliflərindən biri, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir. Zərifə xanım gənc həkimlərin tərbiyəsinə, onların peşə fəaliyyəti ilə bağlı problemlərinin öyrənilməsinə və həllinə xeyli zəhmət sərf etmişdir. Onun çoxsaylı məqalələri, çıxışları məhz bu məsələyə həsr olunmuş, “Yüksək etimad” kitabı isə cəmiyyətdə həkimin şəxsiyyət kimi formalaşması prosesinə dəyərli töhfə vermişdir.

Leyla Talıbova – Zərdab rayonu Otmanoba kənd ümumi orta məktəbinin müəllimi

 

 

Çoxillik müşahidələrin, klinik tədqiqatların və eksperimentlərin nəticələri Zərifə xanım Əliyevanın doktorluq dissertasiyanın əsasını təşkil etmişdir.

 Azərbaycan Respublikasının Əməkdar Elm Xadimi,tibb elmləri doktoru, Azərbaycan Elmlər Akademiyasının akademiki Zərifə Əziz qızı Əliyeva 1923-cü il aprelin 28-də Şərur rayonunun Şahtaxtı kəndində anadan olmuşdur. 1942-ci ildə orta məktəbi bitirdikdən sonra O, Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olmuş və 1947-ci ildə həmin institutu müvəffəqiyyətlə bitirmişdir. Sonra Moskva şəhərində Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda Oftalmologiya üzrə ixtisaslaşdırma kursu keçmişdir. 1950-ci ildə Zərifə xanım Əliyeva asperanturaya daxil olmuş və 1953-cü ildə oranı bitirmişdir.

1957-ci ilədək Azərbaycan Elmi-tədqiqat Oftalmologiya İnstitunda elmi işçi,1960-cı ildən 1967-ci ilədək böyük elmi işçi, 1967-ci ildən isə Əziz Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunda göz xəstəlikləri kafedrasının dossenti, professor, görmə orqanının peşə patologiyası laboratoriyasının müdiri, Oftalmologiya kafedrasının müdiri vəzifəsində çalışmışdır.

Çoxillik müşahidələrin, klinik tədqiqatların və eksperimentlərin nəticələri Zərifə xanım Əliyevanın doktorluq dissertasiyanın əsasını təşkil etmişdir. O, “Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanının vəziyyəti” mövzusunda yazdığı dissertasiya işini dünyanın ən nüfuzlu oftalmologiya mərkəzlərindən birində – H.Helmqolts adına Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda müdafiə etmişdir. Z.Əliyevanın dissertasiya işi alim-oftalmoloqların yüksək qiymətini almış, oftalmologiyanın bu sahəsində ilk işlərdən biri olmuşdur. 1977-ci ildə Z.Əliyevaya tibb elmləri doktoru elmi dərəcəsi verilmişdir. Böyük xidmətlərinə, çoxillik elmi-tədqiqat işlərinə görə professor Z.Əliyeva 1983-cü ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının akademiki seçilmişdir. Akademik Z.Əliyeva ömrü boyu böyük ictimai iş aparmış, keçmiş SSRİ-nin Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, “Bilik” Cəmiyyəti İdarə Heyətinin üzvü və keçmiş İttifaqın Oftalmoloqları Elmi Cəmiyyəti İdarə Heyətinin üzvü olmuşdur. O, həm də “Oftalmologiya xəbərləri” jurnalının redaksiya heyətinin üzvü idi. Z.Əliyeva bir sıra orden və medallara layiq görülmüş, Azərbaycanın Əməkdar elm xadimi fəxri adını almışdır.

1985-ci il aprelin 15-də Moskva şəhərində vəfat edən Zərifə xanım Əliyevanın cənazəsi 1994-cü ildə Moskvanın Novodeviçye qəbirstanlığından Bakıya gətirilərək, Fəxri xiyabanda, atasının məzarının yanında dəfn olunmuşdur.

Allah rəhmət eləsin!

Kəmalə Məmişova – Zərdab rayonu Bıçaqçı kənd tam orta məktəbinin direktoru

 

 

Mühüm elmi əsərlər.

 Zərifə Əliyeva 1923-cü il aprel ayının 28-də Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Şahtaxtı kəndində dünyaya gəlmişdir. O, dünyaya göz açanda doğma ata yurdu qədim Azərbaycan torpağı olan İrəvan, təəssüf ki, artıq ermənilər tərəfindən işğal olunmuşdu. Məlumdur ki, 1918-ci ildə Əziz Əliyevin ailəsi digər azərbaycanlı ailələrlə birlikdə erməni işğalçıları tərəfindən İrəvandakı dədə-baba yurdlarından didərgin salınmışdı və ailə bu təcavüz nəticəsində bir sıra məhrumiyyətlərlə üzləşdikdən sonra, nəhayət, Şərur rayonunda məskunlaşmışdı.

1923-cü ildə Əziz Əliyevin ailəsi Bakıya köçmüşdür. Zərifə xanım 1942-ci ildə orta məktəbi bitirərək sənədlərini Azərbaycan Dövlət Tibb İnstitutuna təqdim etmiş və elə həmin il institutun müalicə-profilaktika fakültəsinə daxil olmuşdu. Zərifə xanım fitri istedada, dərin zəkaya, geniş dünyagörüşünə, yüksək mədəni səviyyəyə malik təvazökar bir tələbə olmuşdur. O, tibbi fənlərlə yanaşı, digər fənlərin də tədrisinə eyni dərəcədə maraq göstərir, hərtərəfli biliyə malik həkim kimi formalaşırdı. O, institutu əla qiymətlərlə bitirmişdir. Oftalmologiya peşəsinə yiyələnmək arzusu ilə Moskva şəhərinə üz tutaraq Ümumittifaq Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda ixtisasartırma kursu keçərək həkim-oftalmoloq ixtisasına yiyələnmişdir. Dünya oftalmologiya elminə böyük töhfələr vermiş akademik Zərifə xanım Əliyevanın zəngin irsi, tibbin müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifələrini təşkil edir. Yüzlərlə insana nur bəxş edən Zərifə xanım Əliyeva daim xalqımızın qəlbində yaşayır. Belə insanlar nura uzanan yolun əbədi sakinlərinə çevrilir, ölməz olurlar. Onun oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir.Azərbaycanda bir sıra göz xəstəliklərinin geniş yayıldığı, traxoma deyilən dəhşətli bəlanın tüğyan etdiyi bir zamanda bundan xilas olmaq, göz xəstəliklərinə, gözün peşə xəstəliklərinə dair fundamental tədqiqatlar aparmaq, onların effektli müalicə metodlarını və profilaktik tədbirləri işləyib hazırlamaq tələb olunurdu. Zərifə xanım Əliyeva məhz belə bir dövrdə Moskva şəhərindən Vətənə qayıdır və Azərbaycan Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi vəzifəsində çalışmağa başlayır.

O, elmi istiqamətlərinin ilkin mərhələsini traxomanın müalicəsinə həsr edir. Apardığı tədqiqatların nəticələri Zərifə Əliyevanın uğurla müdafiə etdiyi “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyasının əsasını təşkil edir. Ona görə bu fikir qətiyyətlə bildirilir ki, Azərbaycanda traxomanın sosial xəstəlik kimi ləğv edilməsi Zərifə Əliyevanın adı ilə bağlıdır. Tanınmış alim Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutundan sonra öz fəaliyyətini Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun oftalmologiya kafedrasında davam etdirir. Burada dosent, professor, daha sonra isə kafedra müdiri vəzifələrində işləyir, oftalmologiyanın aktual problemlərinə həsr edilmiş çoxprofilli tədqiqatlar aparır. Zərifə xanımın fəaliyyəti ondan sonrakı nəsillər üçün bir həyat dərsidir. Hər bir gənc həkim-oftalmoloq bu dərsi öyrənməklə, onun dərinliklərinə yiyələnməklə özündən sonra gələnlərə bir çağırış etməlidir.

Xəyalə Abdulxalıqova – Zərdab rayonu Qaravəlli kənd tam orta məktəbinin müəllimi.

 

 

Həkimlik fəaliyyəti

2023-cü ilin aprel ayında Azərbaycanın görkəmli alimi, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Zərifə Əziz qızı Əliyevanın anadan olmasının 100 ili tamam olur.

Akademik Zərifə Əliyeva zəngin mənəviyyata sahib əsl ziyalı kimi mənalı ömür yolu keçmiş, əhatəli elmi fəaliyyəti ilə ölkəmizdə tibb sahəsinin inkişafına əhəmiyyətli töhfələr vermişdir. Alimin oftalmologiyanın aktual məsələlərinə dair uzunmüddətli araşdırmalarının uğurlu nəticəsi olan sanballı əsərləri həmişə təqdirlə qarşılanmış və yüksək qiymətə layiq görülmüşdür. Bu tədqiqatlarda irəli sürülən yeni və effektli müalicə metodları, kompleks profilaktik tədbirlər qısa müddətdə müvəffəqiyyətlə geniş tətbiqini tapmışdır. Azərbaycanda oftalmologiya məktəbinin ilk tədqiqat mərkəzi olaraq ixtisaslaşdırılmış elmi tədqiqat laboratoriyası məhz akademik Zərifə Əliyevanın təşəbbüsü ilə yaradılmışdır.

1967-ci ildə Z.Əliyeva Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun göz xəstəlikləri kafedrasına dosent vəzifəsinə dəvət olunur. Bu institut ömrünün son illərində həmin kollektivə rəhbərlik etmiş mərhum professor Əziz Məmmədkərim oğlu Əliyevin – Zərifə xanımın atasının adını daşıyırdı. Həmin dövrdə Zərifə Əziz qızı həkimlik fəaliyyəti ilə məşğul olur: bir çox cərrahiyə əməliyyatları aparır, xəstələrə məsləhətlər verir, üstəlik onun fəaliyyəti yalnız öz klinikasına qapanıb qalmır, bütün oftalmologiya təşkilatlarını və şöbələrini əhatə edir. Bununla yanaşı o, göz xəstəlikləri üzrə təkmilləşdirmə kurslarının dinləyici həkimləri ilə pedaqoji iş aparır. Traxoma ilə yanaşı Zərifə Əliyeva qlaukoma xəstəliyinin öyrənilməsi ilə bağlı bir sıra tədqiqat işləri aparır. Həmin tədqiqatların nəticələrindən bəhs edən elmi işlərin mətbuatda dərc olunması klinik göz xəstəliyi sahəsində çalışan həkimlərin biliklərinin genişlənməsinə kömək etdi.

Həkimlik etikasını bütün elmi və pedaqoji fəaliyyəti boyu daim diqqət mərkəzində saxlayan Zərifə Əliyeva respublikada yüksək ixtisaslı kadrların hazırlanması işinə gərgin əmək sərf etmişdir. Təbabətdə öz dəst-xətti olan novator alimin oftalmologiyanın müxtəlif sahələrində yorulmadan apardığı tədqiqatlar, yaratdığı fundamental əsərlər müasir dövrdə də aktuallığını itirməyib. Böyük alimin əziz xatirəsi xalqımızın qəlbində yaşayır, nurlu obrazı bu gün də davamçılarının yolunu işıqlandırır.

İlahə Mustafayeva – Zərdab rayonu Şıxbağı kənd tam orta məktəbinin müəllimi.

 

 

Diaqnostika və müalicə üzrə görkəmli alim və oftalmoloq.

1923-cü il aprel ayının 28-də Azərbaycan səhiyyəsinin, Azərbaycan tibb elmi və tibb təhsili sisteminin mahir təşkilatçısı, qurucusu və yaradıcılarından olan görkəmli dövlət xadimi Əziz Məmmədkərim oğlu Əliyevin ailəsində dünyaya göz açan Zərifə xanım həkimlər ailəsinin müqəddəs ocağında böyüyüb boya-başa çatmış, həkimlik sənətinə kiçik yaşlarından həvəs göstərmişdir. O, İkinci dünya müharibəsinin davam etdiyi 1942-ci ildə Bakıda orta məktəbi bitirmiş və elə həmin il Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olmuşdur. Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda həkim-ordinator vəzifəsinə təyin edilmişdir. O, 1950-ci ildə aspiranturaya daxil olmuş və aspiranturanı bitirdikdən sonra həmin institutda elmi işçi vəzifəsində çalışmışdır.Görkəmli alim dünyada ilk dəfə olaraq görmə orqanının peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaradıb və praktik olaraq elm aləmində yeni bir istiqamətin, peşə oftalmologiyasının əsasını qoyub. O, əmək fəaliyyəti dövründə hər zaman ciddi problemlərə toxunub, göz xəstəliklərinin qarşısını almaq və onları ən effektiv yolla müalicə etmək üçün əlindən gələni edib. Azərbaycanda traxomanın kökünün kəsilməsini qarşısına məqsəd qoyan Zərifə xanım Əliyeva, “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” adlı namizədlik dissertasiya işini müdafiə edərək, bu sahə üzrə ixtisaslaşıb. Onun təklif etdiyi müalicə metodu tezliklə bütün respublikada tətbiq edilib və ölkəmiz bu bəladan xilas olub. Buna görə də Azərbaycan traxomanın sosial xəstəlik kimi ləğvi məhz Zərifə xanım Əliyevanın adı ilə bağlıdır.Zərifə xanım Əliyevanın zəngin irsi, tibbin müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifələridir. Zərifə xanım Əliyeva Azərbaycan oftalmologiya elminin beynəlxalq aləmdə tanınmasında müstəsna rol oynamışdır.

Ariz Pənahov – Zərdab rayonu Çallı kənd tam orta məktəbinin direktor müavini.

Şərhlər

Şərh yazılmayıb.