Huquqaz.com

Cənubi Qafqaz mühüm əməkdaşlıq platformasına çevrilir

26.08.2022
1.828
Cənubi Qafqaz mühüm əməkdaşlıq platformasına çevrilir

Bu danılmaz bir həqiqətdir ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfər həm torpaqlarımızın işğaldan azad olunması ilə nəticələnib, həm də regionda yeni reallıqlar yaradıb. Bu reallıqlar fonunda regional əməkdaşlığın daha da gücləndirilməsi və genişləndirilməsi mühüm yer tutur. Məhz bu kontekstdə Azərbaycan Cənubi Qafqazın mühüm əməkdaşlıq platformasına çevrilməsi istiqamətində səylərini davam etdirir.

Hazırda Cənubi Qafqazın lider dövləti Azərbaycan, eyni zamanda, Avropa İttifaqı ilə Orta Asiyanın türk dövlətləri arasında etibarlı körpü rolunu da oynayır. Bunu bu il Bakıya səfər edən Avropa Komissiyasının Prezidenti xanım Ursula fon der Lyayen etiraf edib. Daha doğrusu həmin səfər zamanı çıxışlarında, həmçinin sosial şəbəkə hesablarındakı paylaşımlarında Azərbaycanı bölgədə parlayan bir ulduz olaraq dəyərləndirən xanım Ursula fon der Lyayen məhz Azərbaycan vasitəsilə Orta Asiya ölkələri ilə əməkdaşlığın qurulmasına və gücləndirilməsinə nail olacaqlarını bildirib.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin avqustun 24-də Azərbaycana etdiyi rəsmi səfəri zamanı iki qardaş ölkə arasında bir sıra mühüm sənədlər imzalanıb. Həm imzalanan bu sənədlər, həm də Qazaxıstanın Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirilən bərpa və yenidənqurma işlərində iştirakı, Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzinin layihəsi, Şuşa ilə Türkistanın qardaşlaşması iki qardaş dövlət və xalq arasında bağları daha da gücləndirəcək.

Azərbaycan türk dünyasının daha da güclənməsi üçün daim səy göstərən, Türk Dövlətləri Təşkilatının yaranmasında aparıcı rola malik ölkələrdən biridir. Təbii ki, Avropa İttifaqının Orta Asiyanın türk dövlətləri ilə məhz Azərbaycan vasitəsilə əməkdaşlıq qurmaq istəməsi də təsadüfi deyil. Yəni burada türk dünyasının inteqrasiyası məsələsində Azərbaycanın oynadığı aparıcı rol da mühüm rol oynayır. Məhz bütün bunların fonunda atılan addımlar mühüm uğurlar vəd edir. Eyni zamanda, Azərbaycanın müttəfiqlərinin sayının artması, bu mənada Qazaxıstanla bəyannamənin imzalanması, Türkiyə ilə müttəfiqlik, həmçinin Özbəkistanla xüsusi əlaqələrin qurulması Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin məntiqi uğurudur.

 

Elyurə Məmmədova-Zərdab Rayon mədəniyyət mərkəzinin direktoru

Şərhlər

Şərh yazılmayıb.