Huquqaz.com

Kadr hazırlığı çox vacib məsələdir

19.07.2022
1.578
Kadr hazırlığı çox vacib məsələdir

Kadr hazırlığı çox vacib məsələdir

Dünya sürətlə inkişaf edir. Yeni texnika və texnologiyaların tətbiqi daha da genişlənir. Hər zaman ixtisaslı və peşəkar kadrlara ehtiyac duyulur. Müasir iş dünyası yeni və peşəkar kadrların cəlb edilməsi, kadr potensialının formalaşdırılması və daha da gücləndirilməsi, işçilərin daim inkişaf etdirilməsi, onların bilik və bacarıqlarının artırılmasını tələb edir. İnsan resurslarının düzgün idarəedilməsi innovativ dəyişikliklərə cavab verməkdir. Şirkətlər qarşısındakı tələblər insan resurslarının idarə edilməsinə həssaslıqla yanaşılması və kadrların təkmilləşdirilməsi istiqamətində mühüm layihələrin həyata keçirilməsi,beynəlxalq təcrübədən yararlanılması yönündədir.
Son illərdə Azərbaycanda kadr hazırlığı mövzusunda həm ali təhsil ocaqları, həm də işə götürən tərəf olan şirkətlər və dövlət qurumları tərəfindən ciddi addımlar atılmağa başlanıb.Ali təhsil ocaqlarında peşə və sahəvi nəzəri bilikləri alan gənclərə dərs demək üçün artıq iş dünyasından real və praktiki təcrübəsi olan insanlar cəlb edilməyə başlanıb və bu da çox təbii formada gənclərin iş həyatına daha hazır olmasına dəstək olmaqdadır:
“Digər tərəfdən, özəl sektorda şirkətlər tərəfindən işə alınan insanların artıq ciddi şəkildə seçilməsinə əhəmiyyət verilir. Bu gün Azərbaycan biznesi anlamağa başladı ki, şirkətin ən böyük sərmayəsi insan resursudur. Daha dəqiq desək, şirkətin potensial və gücü məhz elə işə aldığı insanların bilik, savad və təcrübəsindədir. Şirkətlər bu istiqamətdə ancaq işə götürəndə əməkdaşların bilik və təcrübələrini ölçməklə kifayətlənmir, işə aldıqları mütəxəssislərin daimi inkişaf etmələri məqsədi ilə ciddi və fundamental işlər aparırlar – daxili inkişaf mərkəzləri qurulur, əməkdaşlar yerli və xarici təlim mərkəzlərinə göndərilir, insan resursları departmanetləri əməkdaşları tərəfindən illik peşəkar inkişaf və karyera planları qurulur”.

Daha hansı addımların atılmasına gəlincə, ekspertin qənaətinə görə, ilk növbədə iş dünyası ilə ali təhsil ocaqları arasında sıx əməkdaşlıq olmalıdır.
O qeyd edib ki, bəzi hallarda universitetlərdə tədris edilən biliklərin iş dünyası tərəfindən tam istənilən olmadığına görə, gənclərin iş həyatına daxil olması məqamlarında sıxıntılar olur: “Universitetlərin nəzəri bilikləri və iş həyatında olan praktiki məlumatların birləşməsi hər iki tərəf üçün də əhəmiyyətlidir. Digər vacib məqam-elmi dərəcələri olmadığına baxmayaraq, iş dünyasında olan mütəxəssislərin və güclü peşəkarların tədris ocaqlarına dərs deməyə cəlb edilməsi vacibdir, çünki peşəkar həyatda olan tələbləri, yenilikləri məhz onlar tələbələrə çatdıra bilərlər.Son illərdə Azərbaycanda iri şirkətlər, dövlət qurumları kadr potensialının inkişafı üçün bir çox işlər görür, tələbələrin və məzunların əmək bazarına çıxışına, gənclərin məşğulluq probleminin həllinə dəstək məqsədi ilə Karyera sərgilərində iştirak edirlər.Məsələn, “Sumqayıt Texnologiyalar Parkı” mütəmadi təlim və seminarlar təşkil edir, mütəxəssislərin dünyanın inkişaf etmiş ölkələrində təcrübə keçməsinə imkan yaradır. Bir çox şirkətin də kadr siyasəti bu yöndədir.
Hazırda Azərbaycanda ən böyük işəgötürən şirkət Azərbaycan Dövlət Neft Şirkətidir. SOCAR Azərbaycan Prezidenti cənab İlham Əliyevin “Neft kapitalı insan kapitalına çevrilməlidir” təlimatına uyğun olaraq bu istiqamətdə işlər həyata keçirir.

 

Zərdab rayon Çallı kənd tam orta məktəbin direktoru– Babək  Mikayılov

Şərhlər

Şərh yazılmayıb.