Əhalinin sosial müdafiəsi dövlət siyasətinin mühüm prioritetidir
Əhalinin sosial müdafiəsi dövlət siyasətinin mühüm prioritetidir
Cənab Prezident İlham Əliyevin sədrliyi ilə bu ilin altı ayının yekunlarına həsr olunmuş müşavirədə dövlətimizin başçısının çıxışı bir çox məsələlərə aydınlıq gətirdi. Bu müddət ərzində reallaşdırılmış və gələcək aylarda həyata keçiriləcək iqtisadi, siyasi, sosial, hərbi, kənd təsərrüfatı və digər sahələr üzrə işlər müzakirə olundu.
Beynəlxalq siyasətdə subyektlərin, yəni oyunçuların sayı çoxdur və hər bir iştirakçının öz marağı var. Bu da bəzən ölkələr arasında maraqların toqquşmasına gətirib çıxara bilir. Lakin Azərbaycan dövlətinin xarici siyasəti maraqların toqquşmasına yox, beynəlxalq hüququn prinsiplərinə, haqq-ədalətə söykənir. Elə buna görə də xarici siyasətdə qarşıya qoyulan məqsədlərə çatmaq üçün beynəlxalq təşkilatlarla, ayrı-ayrı dövlətlərlə çoxtərəfli və ya ikitərəfli münasibətlər dövlətimizin nüfuzunun, imkanlarının artmasına gətirib çıxarıb. Dövlətimizin başçısının da bildirdiyi kimi, BMT-dən sonra ikinci böyük beynəlxalq təşkilat olan Qoşulmama Hərəkatına sədrlik müddətində görülən işlər, irəli sürülən təşəbbüslər təşkilat üzvlərinin yekdil qərarı ilə Azərbaycanın sədrlik müddətinin 2023-cü ilə qədər uzadılmasına səbəb oldu. Bütün bunlar Azərbaycan dövlətinin idarəçilik və liderlik keyfiyyətinin göstəricisidir.
Yeni reallıqlar beynəlxalq təşkilatların və dövlətlərin respublikamıza marağını və inamını daha da artırıb. Avropa İttifaqı ilə qurulan əlaqələr qurumun dövlətimizə olan güvəninin və Azərbaycanın dünyada enerji təhlükəsizliyinin təminatı sahəsində rolunun əhəmiyyətini göstərir. Hazırda enerji resursları sadəcə mal, məhsul deyil, bəzi ölkələr enerji resurslarından siyasi təzyiq vasitəsi kimi istifadə edir. Bu prizmadan Avropa İttifaqının ölkəmizlə əlaqələrini genişləndirməsində maraqlı olması Prezident İlham Əliyevin dediyi kimi, “bizim sözümüz, imzamızdır” şüarının onlar tərəfdən də qəbul edilməsi deməkdir.
Respublikamızın Şimal-Cənub, Şərq-Qərb dəhlizlərinin üzərində yerləşməsi, müasir standartlara cavab verən dəniz və hava limanlarına, dəmir və nəqliyyat yollarına sahib olması beynəlxalq yük daşımalarının həcmini artırır. Zəngəzur dəhlizinin açılması imkanlarımızı daha da genişləndirəcək.
Müşavirədə sosial təminat, təhsil, müharibə iştirakçılarına göstərilən qayğı, aztəminatlı ailələrin sosial vəziyyətlərinin yaxşılaşdırılması sahəsində görülən və görüləcək işlər barədə də məlumat verildi. Belə ki, təkcə cari il ərzində üçüncü sosial islahat paketi çərçivəsində 3 milyon 400 min vətəndaşımızı əhatə edən böyük bir islahatlar paketi icra olunub. Bu paket çərçivəsində əməkhaqqı seqmenti üzrə 1 milyon 200 min vətəndaşımıza əlavə olaraq 1 milyard 100 milyon manat məbləğində əməkhaqqı artımları edilib. Həm də minimum əməkhaqqı 20 faiz artırılaraq 300 manata çatdırılıb. Eyni zamanda, bir çox sektorda çalışanların əməkhaqları ciddi şəkildə artırılıb. Əlavə olaraq sosial ödənişlər seqmenti isə 2 milyon 300 min vətəndaşımızı əhatə edib və minimum pensiya 20 faiz artırılaraq 240 manata çatdırılıb. Orta pensiya 11 faiz artaraq 364 manata, yaşa görə pensiya 395 manata çatıb. Sosial müavinətlər 34 faiz, Azərbaycan Respublikası Prezidentinin təqaüdləri isə 26 faiz artırılıb. Bu siyasət ardıcıl həyata keçirilən proqramın tərkib hissəsidir. Son dörd il ərzində 3 sosial islahat paketi ilə 4 milyon vətəndaşımız əhatə olunub. Onlar üçün illik 6 milyard manatlıq əlavə dövlət vəsaiti ayrılıb və nəticədə Azərbaycanda minimum əməkhaqqı 3-4 il ərzində 2,3 dəfə artaraq 130 manatdan 300 manata çatıb. Əməkhaqqı fondu 2,2 dəfə, əhali arasında gəlirlərin bölgüsünün ədalətlilik göstəricisi olan median əməkhaqqı 86 faiz artıb.
Əlbəttə, bütün bunlar Prezident İlham Əliyevin apardığı çoxşaxəli siyasətin real nəticəsidir.
Cavid Məlikov – Zərdab şəhər sakini, fəal gənc
Şərh yazılmayıb.