Huquqaz.com

Azərbaycan dünyada ən böyük ədalətsizliklə üzləşmiş ölkələrdən biri idi

05.07.2022
2.811
Azərbaycan dünyada ən böyük ədalətsizliklə üzləşmiş ölkələrdən biri idi

Azərbaycan dünyada ən böyük ədalətsizliklə üzləşmiş ölkələrdən biri idi

Tarixə nəzər yetirsək müxtəlif dövrlərdə ermənilərin ölkəmizə qarşı ərazi iddialarının şahidi olmuş olarıq. Xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırım siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu mərhələlərini təşkil edir. 30 ilə yaxın bir müddətdə Ermənistan tərəfindən davam etmiş işğalçılıq siyasəti nəticəsində bir milyon vətəndaşımız öz doğma yurd yuvalarından məhrum olmuş, mədəni və dini abidələrimiz dağıdılmışdır. Bununla dayanmayan düşmən dəfələrlə atəşkəsi pozaraq ölkəmizə qarşı hücum əməliyyatları həyata keçirmiş və qarşısı dərhal Silahlı Qüvvələrimiz tərəfindən alınmışdır. 2020-ci ilin sentyabr ayının 27-də növbəti belə hücuma qarşı ölkəmizin başlamış olduğu haqq savaşı Azərbaycanın ədaləti bərpa etmək gücündə olduğunu bütün dünyaya sübut etdi. 44 gün davam edən Vətən müharibəsində Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu düşməni məhv edərək tarixi ədaləti bərpa etmiş oldu.  Ermənistan silahlı qüvvələrinin 30 ilə yaxın müddətdə işğal altında saxladığı Qarabağ və onun ətrafındakı rayonlar şanlı Azərbaycan Ordusu tərəfindən qarış-qarış yağılardan təmizləndikcə xalqımıza məxsus tarix və mədəniyyət abidələrinin vandalizmə məruz qaldığı, yerləyeksan edildiyi aşkarlandı. Müharibədən sonra işğaldan azad olunmuş ərazilərimizdə səfərdə olan xarici media əməkdaşları, beynəlxalq təşkilatların nümayəndələri bir daha erməni vandalizminin canlı şahidi oldular. Neçə illər düşmən işğalında olmuş doğma Qarabağımız bu gün Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin güclü iradəsi və qəhrəman ordumuzun şücaəti nəticəsində işğaldan azad olunub və özünün çiçəklənmə mərhləsini yaşayır. İşğaldan azad edilmiş bu diyarda bərpa və yenidən qurma işləri istiqamətində mühüm işlər görülür, müvafiq addımlar atılır, intensiv fəaliyyət həyata keçirilir. Həyata keçirilən işlər tezliklə Qarabağın yenidən qurulmasına, sürətlə inkişaf etməsinə və çiçəklənən diyara çevrilməsinə böyük töhfələr verəcək, onun tarixi şöhrətini özünə qaytaracaqdır.

Ələkbər Kərimov

Zərdab rayon Gənclər və İdman idarəsinin rəisi

Şərhlər

Şərh yazılmayıb.