Huquqaz.com

Azərbaycan dünyada sülhə və dayanıqlı inkişafa böyük töhfələr verir

04.07.2022
2.611
Azərbaycan dünyada sülhə və dayanıqlı inkişafa böyük töhfələr verir

Azərbaycan üzv olduğu hər bir təşkilatda daim öz fəallığı, təşəbbüsləri ilə seçilir. Ölkəmiz BMT-dən sonra ikinci böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına 2011-ci ildə üzv olmasına baxmayaraq, fəaliyyətinin ilk günlərindən başlayaraq həmrəylik, qarşılıqlı əməkdaşlıq, eyni zamanda, Bandunq prinsiplərinin təşviqinə töhfəsini verməyə çalışıb. Qeyd etmək lazımdır ki, ədalətlin, sülh və təhlükəsizliyin təmin olunması hər zaman aktual olub. Əfsuslar olsun ki, ərazi bütövlüyü, suverenlik, müstəqillik, bir-birinin işlərinə müdaxilə etməmə kimi mühüm prinsiplər bütün ölkələr tərəfindən qorunub saxlanılmır. Buna görə bu gün dünyada müharibələr, münaqişələr baş verir. Bütün bu ədalətsizliyin, ayrı-seçkiliyin aradan qaldırılması istiqamətində Azərbaycan davamlı olaraq təşəbbüslər göstərir. Qoşulmama Hərəkatının bütün təşəbbüslərinə çox fəal cəlb olunan və iştirak edən Azərbaycanın bu təşkilata sədrlik etməsinin əsas səbəblərindən biri də elə bu idi. Artıq 5 il sonra, yəni 2016–cı ildə 120 ölkə yekdil dəstəyini göstərdi. 2019-cu ildə Bakıda Qoşulmama Hərəkatının Zirvə toplantısı keçirildi və ölkəmiz 2019-2022-ci ilə qədər sədrliyi üzərinə götürdü. Qoşulmama Hərəkatına sədrliyimizin üzv ölkələrin qərarı ilə 2023-cü ilin axırına kimi uzadılması ölkəmizə göstərilən böyük hörmət və fəaliyyətimizə verilən yüksək qiymətdir.

Bu nəyin göstəricisidir? Əlbəttə ki, Azərbaycana, onun Prezidenti İlham Əliyevə olan etimaddır, etibardır. Bizim bu təşkilata sədrliyimiz çox çətin və mürəkkəb dövrü əhatə edir. Belə ki, ölkəmizin Qoşulmama Hərəkatında sədrliyi COVID-19 ilə üst-üstə düşdü. Azərbaycan beynəlxalq arenada bu xəstəliklə mübarizədə çox aktiv fəaliyyət göstərirdi. Azərbaycanın təşəbbüsü ilə 2020-ci ilin mayında Qoşulmama Hərəkatının onlayn Zirvə toplantısının keçirilməsi pandemiya ilə mübarizədə dövlətlərin səfərbər edilməsi istiqamətində ən bariz nümunələrdən biri idi. Bunun nəticəsində biz 2020-ci ilin dekabrında uğurla keçirilmiş, COVID-19 ilə mübarizəyə həsr edilmiş BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması ilə bağlı üzv dövlətlər tərəfindən dəstəklənmiş təşəbbüsü irəli sürdük. Bizim səylərimiz təkcə həmrəyliyin gücləndirilməsi və dəstəyin təmin edilməsinə yönəlməyib, eyni zamanda, ölkələrə dəstək, tibbi və humanitar yardımla bağlı bizim məlumat bazasından istifadə etməyə başlamış Ümumdünya Səhiyyə Təşkilatı üçün də faydalı oldu. Pandemiya dövründə 80-dən çox ölkəyə maddi yardım və humanitar dəstək göstərildi. Həmçinin Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları məbləğində ianə olunub və bu vəsaitin yarısı birbaşa Qoşulmama Hərəkatının üzv dövlətlərinə ayrılıb. Hər zaman bərabərsizliyə, ayrı-seçkiliyə qarşı çıxan Azərbaycan peyvənd millətçiliyinə qarşı açıq şəkildə etirazını bildirən ilk ölkələrdən biri oldu. Bir çox ölkələrin çıxılmaz vəziyyətdə olduğu bir vaxtda zəngin ölkələr peyvəndlərin mütləq əksəriyyətindən istifadə edirdi. Buna görə də peyvənd millətçiliyinə qarşı mübarizəmiz Beynəlxalq Millətlər Təşkilatı tərəfindən də dəstəklənib.

 

Babək Əliyev – Zərdab şəhər sakini, ağsaqqal

Şərhlər

Şərh yazılmayıb.