Azərbaycan Xəzər dənizinin ekoloji problemlərinin həlli üçün əməkdaşlığın genişləndirilməsində maraqlıdır
Azərbaycan Xəzər dənizinin ekoloji problemlərinin həlli üçün əməkdaşlığın genişləndirilməsində maraqlıdır
Xəzər dənizinin çirklənməsi ilə əlaqədar ekoloji şəraitin korlanması son dövrün ən mühüm problemidir. Zəngin təbii sərvətləri və müalicə əhəmiyyəti tarixən onun ətrafında çoxlu sayda insanların məskunlaşmasına səbəb olmuşdur. Dünyada mövcud olan ekoloji böhran Xəzər dənizindən də yan keçməyib.
Xəzərə daxil olan tullantı sularının 60 %-i Volqa çayının payına düşür. Xəzər sularının çirklənməsində Kür və Ural çayları da az rol oynamır. Ermənistan və Gürcüstan ərazisində formalaşan kommunal və sənaye tullantı suları Kür çayı vasitəsilə Xəzərə daxil olur. Xəzər dənizi sahillərində yerləşən Bakı, Sumqayıt, Mahaçqala, Həştərxan, Türkmənbaşı, Rəşt və Ənzəli şəhərlərindən dənizə axıdılan tullantı suları onun əsas çirkləndiricilərindən hesab edilir.
Xəzərin çirkləndirilməsi, eləcə də regionda ekoloji tarazlığın pozulması sahilyanı ölkələrin böyük narahatçılığına səbəb olmuşdur və 2018-ci il 12 avqust tarixində imzalanmış Xəzərin hüquqi statusu haqqında Konvensiyada bu problem və onunla bağlı həyat keçiriləcək əsas tədbirlər öz əksini tapmışdır.
Türkmənistanın paytaxtı Aşqabad şəhərində iyunun 29-da Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında iştirak edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında Xəzərin ekoloji problemləri ilə bağlı məsələyə də xüsusi diqqət ayırıb.
Dövlətimizin başçısı Xəzər regionunda ətraf mühitin bugünkü vəziyyəti ilə əlaqədar sahilyanı dövlətlərin narahatlığna şərik olduğunu qeyd edib və vurğulayıb ki, “Azərbaycan Xəzər dənizinin ekoloji problemlərinin həlli üçün əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Xəzərin bioloji su ehtiyatlarının qorunub saxlanması və səmərəli istifadəsi üzrə komissiya çərçivəsində Xəzəryanı dövlətlərlə uğurlu qarşılıqlı fəaliyyətimizi davam etdiririk”.
Xəzərdə mövcud olan ekoloji fəlakətin səbəblərinin araşdırılması, aşkar edilməsi və bununla bağlı qarşılıqlı əməkdaşlıq çərçivəsində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi zəruri hesab olunur. Son illərdə dəniz suyunun çəkilməsi, dayazlaşma dinamikasının sürətlənməsi yeni bir ekoloji fəlakətdən xəbər verir.
Bununla bağlı dövlətimizin başçısı öz fikirlərini çatdırıb və qeyd edib ki, “Xəzərin bundan sonrakı dayazlaşmasının qarşısını almağa yönəlmiş tədbirlərin müəyyənləşdirilməsi üçün xüsusi ekspert qruplarının yaradılması işini davam etdirəcəyik”.
Xəzər dənizinin dayazlaşma dinamikasının artmasının böyük narahatlıq doğurduğunu deyən möhtərəm Prezidentimiz artıq konkret addımlar atılmasının zəruriliyini vurğulayıb və bununla bağlı bu ilin sonunda Bakıda “Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında” Çərçivə Konvensiyasının tərəflərinin VI konfransının keçirilməsinin nəzərdə tutulduğunu bildirib.
Xəzərin ekoloji problemlərinin həlli bütün sahilyanı ölkələrin qarşılıqlı əməkdaşlığının daha da gücləndirilməsini şərtləndirən əsas amillərdən biridir və Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında söylənən fikirlər, irəli sürülən təkliflər bu problemin həlinə öz töhfəsini verəcəkdir.
Nailə Əliyeva-Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru
Şərh yazılmayıb.