Huquqaz.com

Təhlükəsizlik məsələləri beynəlxalq arenada, beynəlxalq gündəlikdə duran əsas məsələlərdən birinə çevrilib

21.06.2022
1.839
Təhlükəsizlik məsələləri beynəlxalq arenada, beynəlxalq gündəlikdə duran əsas məsələlərdən birinə çevrilib

Təhlükəsizlik məsələləri beynəlxalq arenada, beynəlxalq gündəlikdə duran əsas məsələlərdən birinə çevrilib

Azərbaycan Prezidenti cənab İlham Əliyev “Qlobal dünya nizamına təhdidlər” mövzusunda keçirilən IX Qlobal Bakı Forumunda bir daha təhlükəsizlik məsələlərinin əsas olduğunu diqqətə çatdırdı. O, bildirdi ki, dünyanı daha da təhlükəsiz etmək üçün bir-birimizlə daha yaxından çalışmalıyıq. Çünki təhlükəsizlik məsələləri beynəlxalq arenada, beynəlxalq gündəlikdə duran əsas məsələlərdən birinə çevrilib.
Müharibədən sonrakı vəziyyət, Azərbaycanın Qafqazda regional təhlükəsizliklə bağlı yanaşmalarını diqqətə çatdıran ölkə Prezidenti ənənəvi keçirilən forumlarda Ermənistanın təcavüzkar siyasətindən, otuz ilə yaxın müddətdə 20 faiz torpaqlarımızı işğal altında saxlamasından, bu ərazilərimizdə törətdikləri vəhşiliklərdən bəhs olunduğunu önə çəkərək builki Forumda ölkəmizin sülh təklifindən, regionda dayanıqlı sülhü və təhlükəsizliyi təmin etmək üçün görüləcək tədbirlərdən və sair kimi məsələlərdən bəhs etdi.                                                        Azərbaycan 44 günlük Vətən müharibəsində qalib gəlib, Dağlıq Qarabağ münaqişəsi artıq tarixə qovuşub. Azərbaycan gələcəklə bağlı planlarını açıqlamaqla yanaşı, qarşı tərəfdən də bunu tələb edir. Sülh müqaviləsinin imzalanması ilə regionda dayanıqlı inkişafa, günümüzün aktual məsələsi olan təhlüksizliyə nail ola bilərik. Azərbaycanın işğalçı dövlətə belə bir mesajı ünvanlayır ki, artıq keçmişlə deyil, gələcəklə yaşamaq lazımdır. Cənab İlham Əliyev Forumdakı nitqində qeyd etdi ki, Ermənistan növbəti müharibə istəyirlərsə, bu, onlar üçün fəlakət olacaq və onlar bunu yaxşı anlayırlar.                                                                                                            Azərbaycanın tarixi Zəfərində ordumuzun gücü ilə yanaşı, informasiya cəbhəsində üstünlüyümüz də əsas rol oynadı. 44 günlük Vətən müharibəsinin reallıqları onların düşüncələrinin yanlışlığını bir daha nümayiş etdirdi. Tarix yazan, ədaləti bərpa edən Azərbaycan Ordusu münaqişənin hərb yolu ilə həlli variantının mümkünlüyünü nümayiş etdirdi.Postmünaqişə dövründə Azərbaycan sabit və dayanıqlı inkişafa malik regionun formalaşmasında maraqlı olduğunu atdığı addımları ilə təsdiqləyir. Hazırda işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri geniş miqyas almaqla yanaşı, bölgədə yeni əməkdaşlıq formatlarının yaradılması da əsas müzakirə olunan məsələlərdəndir.
Hər bir beynəlxalq səviyyəli tədbir əhatə etdiyi mövzu ilə yanaşı, keçirildiyi məkan baxımından da diqqətdə olur. Azərbaycanın iqtisadi, siyasi, humanitar mərkəzə çevrilməsi beynəlxalq münasibətlər sistemində artan rolunun göstəricisidir. Ölkəmizin, dövlət başçısı İlham Əliyevin nüfuzu keçirilən tədbirlərə qatılan iştirakçıların sayının artmasında özünün daha aydın ifadəsini tapır. Forumdakı çıxışlarda da Azərbaycanın, cənab İlham Əliyevin ünvanına səsləndirilən xoş sözlər dövlətimizin həyata keçirdiyi siyasətə dəstəkdə, tarixi Zəfərimizin reallıqlarının qəbulunda özünü təsdiqləyir. Forum iştirakçılarının ümumi fikri budur ki, qədim tarixə malik, müasir şəhər olan Bakıya yenidən gəldikləri üçün şaddırlar və ölkəmizdə sürətli inkişafı görməkdən məmnundurlar.

 

Mütəllimov Nicat Saatlı rayon Mərkəzi Xəstəxananın işçisi

Şərhlər

Şərh yazılmayıb.