ATƏT-dən mandat almış Minsk qrupu 28 il ərzində heç bir nəticə əldə etməyib
ATƏT-dən mandat almış Minsk qrupu 28 il ərzində heç bir nəticə əldə etməyib.
Azərbaycanın tarixi qələbəsilə başa çatan 44 günlük Vətən müharibəsindən sonra ATƏT-in Minsk Qrupu adlı təşkilat faktiki olaraq əhəmiyyətini itirib. 30 ilə yaxın müddət ərzində heç bir iş görməyən, yalnız turistik səfərlərlə baş aldadan həmsədr institutu artıq tarixin qaranlıq arxivinə qovuşub. Ermənistan tərəfi ölü doğulmuş “üçlüyü” diriltməyə çalışsa da, Azərbaycan lideri Minsk Qrupunun taleyi ilə bağlı son nöqtəni Qlobal Bakı Forumunda qoyub. Dövlət başçısı çıxışında bu məsələyə toxunaraq həmsədrlərin pensiyaya çıxmaq vaxtının çatdığını bəyan edib.
Bildiyimiz kimi, Minsk Qrupu 1992-ci ildə yaradılıb və qrupun yaradılma məqsədi Azərbaycanla Ermənistan arasındakı problemin, münaqişənin həll edilməsi olub. Minsk Qrupu bu missiyanı 28 ildə yerinə yetirməyib. Nəticəsiz fəaliyyət göstərib. Məsələ burasındadır ki, həmsədr ölkələri pərdəarxasında qarşılarına qoyduqları məqsədə nail olmağa çalışırdılar. Bu məqsəd münaqişənin Ermənistanın xeyrinə həll edilməsinə nail olmaq idi. Bunlar Ermənistanla birlikdə çalışdılar ki, Azərbaycanın iradəsini qırsınlar. Azərbaycanı məcbur etsinlər ki, təslimiyyət sənədinə qol çəksin və ərazilərinin bir hissəsinin Ermənistana verilməsinə razılaşsın. Amma buna nail olmadılar. Nəticədə Azərbaycan özü torpaqlarını işğaldan azad edərək, onların planlarını alt-üst etdi.
Ermənistan və 3 həmsədrin qarşısında Azərbaycan tək idi. Onlar bilərəkdən, yaxud nəyə görəsə qarşıya qoyulan vəzifəni yerinə yetirmədilər. Azərbaycan isə 44 günlük Vətən müharibəsini zəfərlə başa vuraraq, torpaqlarını işğaldan azad etdi. Əslində bu qrupun etməli olduğunu biz özümüz etdik.
Elvin Xəlilov-Zərdab rayon Əlvənd kənd tam orta məktəbin direktoru
Şərh yazılmayıb.