Dahi siyasətçi Heydər Əliyev Azərbaycanı dünyada məhz milli dəyərləri, mənəvi tarixi, mədəniyyət özəlliyi ilə tanıdırdı
Dahi siyasətçi Heydər Əliyev Azərbaycanı dünyada məhz milli dəyərləri, mənəvi tarixi, mədəniyyət özəlliyi ilə tanıdırdı
Heydər Əliyev fenomeninin Azərbaycana uzunmüddətli rəhbərliyinin ən mühüm göstəricilərindən biri də azərbaycançılıq məfkurəsinin, milli ruhun hədsiz yüksəlməsi, milli özünüdərkin inkişafı, xalqın tarixi yaddaşının özünə qaytarılması kimi fundamental prinsiplər əsasında dövlətçilik arzularının və hisslərinin güclənməsi, real siyasi amilə çevrilməsidir. Ulu Öndərimizin vətənpərvər fəaliyyətinin nəticəsi olaraq respublikada milli ruhlu ziyalı təbəqəsi formalaşmışdır. Böyük strateq Heydər Əliyev hələ Azərbaycana rəhbərliyinin birinci dövründə ölkənin inkişafı istiqamətində gördüyü işlərlə, qəbul etdiyi cəsarətli qərarlarla, həyata keçirdiyi tikinti-quruculuq tədbirləri, habelə bir neçə onillikdən sonra müstəqillik əldə edəcək respublikamızın gələcəyinə hesablanmış digər məqsədyönlü addımları ilə özünün Ümummilli Lider obrazını yaratmış, tarix isə böyük Öndərin bu statusunu bütün mərhələlərdə qorumuşdur. İlk növbədə, 60-cı illərədək aqrar ölkə kimi tanınan və yeganə sənaye mənbəyi neft olan Azərbaycanı qısa müddət ərzində yüngül və ağır sənaye respublikasına çevirdi. Bir-birinin ardınca zavod və fabriklər istifadəyə verildi. Nəticədə həm respublikanın iqtisadi imkanları artdı, eyni zamanda, yaradılmış yeni işləri əsasında insanların rifah halı daha da yaxşılaşdı.
Xalqımızın döyüş ruhunun yaşadılması və gələcəkdə ordu quruculuğunun inkişaf etdirilməsində mühüm rol oynayan Cəmşid Naxçıvanski adına hərbi məktəbi yaratmışdı. Respublikamız müstəqillik əldə etdikdən sonra hərbi liseyin məzunları ordumuzun yaranmasında, vətənimizin ərazi bütövlüyünün qorunması uğrunda mübarizədə həmişə ön cəbhədə olmuşlar. Qarabağ döyüşlərində vuruşan Azərbaycan zabitlərinin 70%-dən çoxu liseyin yetirmələridir.
İndi dünya analitiklərinin böyük önəm verdiyi mədəniyyətin yayılması siyasətini Heydər Əliyev hələ sovet dövründə özünəməxsus tərzdə həyata keçirirdi. Çünki dahi siyasətçi Heydər Əliyev Azərbaycanı dünyada məhz milli dəyərləri, mənəvi tarixi, mədəniyyət özəlliyi ilə tanıdırdı. Məhz onun təşəbbüsü ilə ölkənin tanınmış musiqiçiləri, şairləri, yazıçıları, müğənniləri, bəstəkarları, artistləri dünyanın ayrı-ayrı ölkələrində çıxış edirdilər. Əlbəttə ki, burada siyasi məqam da var idi, o da Azərbaycanı tanıtmaq idi.
Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövrü Azərbaycan tarixinə siyasi, sosial-iqtisadi və mədəni yüksəliş dövrü kimi daxil olaraq xalqın milli mənlik şüurunun, müstəqillik ideallarının oyanışına güclü təkan vermişdir. Ulu Öndər hələ o dövrlərdən milli inkişafın yeganə yolunu xalqın yüksək təhsil almasında, maariflənməsində görmüş, respublikada elmin inkişafı üçün bütün zəruri tədbirləri həyata keçirmişdir. O, yaxşı bilirdi ki, cəmiyyətin tərəqqisinə, elmin, mədəniyyətin inkişafına təsir göstərən ən qüdrətli vasitələrdən biri də təhsildir. Heydər Əliyev şəxsiyyətinin böyüklüyü məhz onda idi ki, o, bütün fəaliyyəti boyu bu sahələrə diqqət və qayğısını əsirgəməmiş, cəmiyyətdə yüksək bilikli, intellektual və elitar təbəqənin formalaşmasına çalışmışdır.
Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri
Şərh yazılmayıb.