Huquqaz.com

Azərbaycan xalqının qurtuluşu

13.06.2022
2.077
Azərbaycan xalqının qurtuluşu

Azərbaycan xalqının qurtuluşu

 Xalqımızın azadlıq və müstəqillik mübarizəsi tarixinə həkk olunmuş 15 İyun hər bir Azərbaycan vətəndaşının milli qürur hissi duyduğu, milli dövlətçiliyin qorunub saxlanması, möhkəmlənməsi, dünya birliyində öz layiqli yerini tutmasına aparan yolun başlanğıc nöqtəsidir. Müstəqil Azərbaycan dövləti, möhkəm özülə söykənən dövlətçiliyimiz, dünyaya açılan qapılar, millətimizi uğurlu gələcəyə doğru aparan aydın, nurlu yolu! Bu reallıqların hər birində Ulu öndər Heydər Əliyevin imzası var. Heydər Əliyevi öyrəndikcə Onun şəxsiyyətinin qərar tutduğu mənəvi zirvə göz önündə daha da ucalır.

Xalq Cümhuriyyətinin ənənələrinə sadiqlik nümayiş etdirən Ümummilli lider Heydər Əliyev hələ sovet dövründə – 1990-cı ildə ilk dəfə Naxçıvanda Cümhuriyyətin üçrəngli bayrağını muxtar respublikanın dövlət bayrağı kimi qəbul etdi və bu, müstəqilliyə gedən yolun ilk qığılcımı oldu.

Həmin dövrdə hakimiyyəti qəsb etmiş AXC-Müsavat cütlüyü isə Azərbaycanı, sözün əsl mənasında, ayrı-ayrı xarici qüvvələrin “döyüş meydanı”na çevirmiş, ölkədə xaos və anarxiya idarəolunmaz həddə çatmışdı. Belə şəraitdə separatizm meyilləri baş qaldırmağa başlamışdı. Artıq ölkənin bir sıra ərazilərində – Gəncədə, Lənkəranda, Qusarda və digər regionlarda qanunsuz silahlı birliklər bölücü iddialarla çıxış edərək mərkəzi hakimiyyətə tabe olmadıqlarını bildirirdilər. Məhz 1993-cü ilin 4 iyun hadisələri də belə bir şəraitdə baş verdi. Beləliklə, Azərbaycan vətəndaş müharibəsi və parçalanmaq təhlükəsinin astanasında idi.Belə bir vəziyyətdə xalqımız 1993-cü ildə müstəqilliyini itirmək təhlükəsi ilə üzləşən Azərbaycan dövlətini xilas etmək üçün ümummilli lider Heydər Əliyevə üz tutdu. O zaman ölkəyə “rəhbərlik” edən qüvvələr də Azərbaycanı məruz qoyduqları təhlükədən xilas etmək üçün Ulu öndər Heydər Əliyevin Bakıya gəlməsini yeganə çıxış yolu kimi dəyərləndirirdilər. Beləliklə, iyunun 9-da Ulu öndər Heydər Əliyevin Naxçıvandan Bakıya gəlişi Azərbaycanın taleyi ilə bağlı narahatlıqlara son qoydu. Bu qayıdış xalqımızı fəlakətdən xilas etdi.

Böyük xilaskarın Bakıya gəlməsi xəbəri xalq tərəfindən sevinclə qarşılandı. 1993-cü il iyunun 15-də isə Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Azərbaycanda davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu.Xalqın çağırışı ilə respublikaya rəhbərliyə qayıdan Ulu öndər Heydər Əliyev nadir və iti dövlətçilik zəkası, cəsarəti və sarsılmaz iradəsi ilə xalqımızı və dövlətimizi böyük təhlükələrdən xilas etdi, müstəqil Azərbaycan ideyasını gerçəkləşdirdi, müstəqilliyimizi dönməz və əbədi etdi.

Beləliklə, bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi daxil oldu. Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında Ulu Öndər Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi və sonrakı illərdə onu həyata keçirdi. Əgər müstəqilliyi qazanmaq ilkin şərt idisə, ikinci vacib məsələ onu qoruyub saxlamaq idi və bu, Ümummilli Liderin iradəsi sayəsində reallığa çevrildi. Ulu Öndər milli dövlətçiliyimizin konsepsiyasını yaratdı. Qısa müddətdə ölkədə ictimai-siyasi sabitlik bərpa olundu, Azərbaycan inkişaf yoluna qədəm qoydu.Heydər Əliyev ölkəni gözləyən bütün təhlükələri dəf etməklə Azərbaycanın müstəqilliyinin möhkəm təməlini qoydu, xalqımızın azadlıq intibahının banisi oldu.

Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda hakimiyyətə qayıdışı dövlətçilik tariximizin şanlı qürur səhifəsini təşkil edir. Bu tarixi gün, eyni zamanda, Azərbaycanın tənəzzüldən xilas olaraq tərəqqi yoluna çıxması, dünya miqyasında müstəqil siyasət həyata keçirən dövlət kimi tanınması, beynəlxalq aləmdə layiqli yerini tutması ilə səciyyələnir.Bu gün Azərbaycan xalqı unudulmaz rəhbərin xoşbəxt gələcəyimiz üçün açdığı yolla qətiyyətlə addımlayır. Ümummilli liderimizin qurub-yaratdığı azad, müstəqil, demokratik Azərbaycan Onun müəyyən etdiyi strateji xətlə inamla getməkdə, inkişafını davam etdirməkdədir. Bu xətti əzmlə, dəyanətlə irəli aparan isə Ulu öndərin layiqli varisi, praqmatik dövlət xadimi, bütün dünya miqyasında böyük hörmətə, nüfuza malik Prezidentimiz İlham Əliyevdir. Dövlətimiz və xalqımızın həyatı üçün ən mühüm əhəmiyyət kəsb edən prinsipial məsələlərdə Prezident İlham Əliyev də Heydər Əliyevə xas olan möhkəm iradə və qətiyyətli mövqe nümayiş etdirir, Azərbaycan dövlətinin qüdrətini, sarsılmaz təmələ malik olduğunu Öz məhsuldar fəaliyyəti ilə sübut edir. Prezidentimizin apardığı düşünülmüş, uzaqgörən daxili və xarici siyasət, Onun xalqa olan səmimi məhəbbəti və doğma Vətənimiz naminə səmərəli fəaliyyəti hər birimizdə qürur hissi oyadır.

 

Zərdab rayon Bıçaqçı kənd tam orta məktəbin direktor əvəzi Kəmalə Məmişova

Şərhlər

Şərh yazılmayıb.