Huquqaz.com

Prezident İlham Əliyevin 18 may tarixli bəyanatı

21.05.2022
1.663
Prezident İlham Əliyevin 18 may tarixli bəyanatı

Prezident İlham Əliyevin 18 may tarixli bəyanatı

Məlum olduğu kimi, Prezident cənab İlham Əliyev 2022-ci il 18 may tarixli bəyanatında diqqəti Litva ilə Azərbaycanın uzun illərdir strateji tərəfdaş olmasına, ölkələrimiz arasındakı güclü siyasi əlaqələrə, siyasi dialoqa yönəldib. Qeyd edib ki, Cənubi Qafqaz üçün sülhə, təhlükəsizliyə və sabitliyə sadiqlik nümayiş etdirməyin vaxtıdır, Ermənistan rəsmi olaraq sülh müqaviləsi ilə bağlı Azərbaycanın 5 əsas prinsipini qəbul etmişdir. İkinci Qarabağ müharibəsi qurtaran kimi Azərbaycan açıq şəkildə sülh müqaviləsinin bağlanmasını və sərhədlərin delimitasiyasına dair birgə komissiyanın yaradılmasını dəstəkləməyə başlamışdır. Bu isə sülh sazişinin imzalanması üçün əsas yaradır.

Lakin Azərbaycan işçi qrupunu vaxtında yaradaraq nümayəndə heyətini ezam etməyə hazır olsa da, Ermənistan razılaşdırılmış görüşü ləğv etdi. Halbuki Azərbaycan 30 il danışıqlara sadiq qaldı, Ermənistana qarşı beynəlxalq sanksiyalar tətbiq edilməsinə çağırdı. Nəticə isə olmadı və Azərbaycan ərazi bütövlüyünü hərbi-siyasi yolla özü bərpa etdi, BMT-nin Ermənistan qoşunlarının dərhal çıxarılmasını tələb edən qətnamələrini özü icra etdi.

Dövlətimizin başçısının bəyanatında Avropa İttifaqı -Azərbaycan əməkdaşlığının uğurlu inkişafından da  bəhs edilmiş, Avropa İttifaqının 9 üzvü ilə Azərbaycanın artıq strateji tərəfdaşlıq haqqında razılıqlar imzalaması qeyd olunmuşdur.

Cənab İlham Əliyev Azərbaycan-Litva biznes forumunda isə Azərbaycanla Litvanın uzun illərdir strateji tərəfdaşlar olduqlarını xüsusi vurğulayıb və deyib ki, indi iqtisadiyyat, ticarət, investisiya və digər sahələrdə fəal qarşılıqlı əlaqədə olmağın əsl vaxtdır, bu biznes forum işgüzar əlaqələr qurmaq üçün yaxşı fürsətdir. Həm də, Azərbaycanda biznes mühiti investorlar üçün çox əlverişlidir, ölkəmizə on milyardlarla birbaşa xarici investisiyalar qoyulur.

Dövlətimizin başçısı Azərbaycanın öz enerji təhlükəsizliyini 100 faiz təmin etməsini də bildirib və deyib ki, Azərbaycan donor ölkəsinə çevrilib. İndi ölkəmiz özü kredit ayırır və mövcud ehtiyatlar ölkənin xarici borclarını bir neçə ay ərzində sıfra endirə bilər. Bu isə yaxşı iqtisadi perspektiv deməkdir.

İsaməddin Əhmədov-Zərdab rayonu, “Əkinçi” qəzetinin redaktoru

Şərhlər

Şərh yazılmayıb.