Huquqaz.com

MİLLİ HƏMRƏYLİYİ TƏMİN ETMİŞ XALQIN ÜMUMMİLLİ LİDERİ

10.05.2022
2.326
MİLLİ HƏMRƏYLİYİ TƏMİN ETMİŞ XALQIN ÜMUMMİLLİ LİDERİ

MİLLİ HƏMRƏYLİYİ TƏMİN ETMİŞ XALQIN ÜMUMMİLLİ LİDERİ

Çoxəsrlik ənənələrə malik olan Azərbaycan dövlətçiliyi tarixində görkəmli dövlət xadimi Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlı olan epoxa xüsusi əhəmiyyətə malikdir.Əvvəla, siyasi olimpin zirvəsinə doğru inkişafda Heydər Əliyev adidən aliyə doğru bütün pillələri addım-addım keçmiş, zəngin həyat təcrübəsi əldə etmiş və mükəmməl dövlət idarəçiliyi mədəniyyəti qazanmışdır. Naxçıvan Pedaqoji Məktəbində, Bakı Dövlət Universitetində və Leninqrad Təhlükəsizlik Orqanları Məktəbində yiyələndiyi biliklər onun gələcək böyük həyata hazırlanmasında mühüm rol oynamışdır.O, eyni zamanda Sovet İttifaqının “daxili dünyasına” dərindən bələdçilik üçün əvəzsiz imkanlara malik olan təhlükəsizlik orqanlarındakı fəaliyyəti dövründə də ciddi təkamül prosesləri yaşamış, siyasi sistemin bütün dərinliklərinə bələd olmaq fürsətini qazanmışdır. Ən başlıcası, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi kimi, Heydər Əliyev rəhbərlik etdiyi respublikanın ictimai-siyasi və iqtisadi-mədəni həyatının bütün sahələrinə dərindən nüfuz edərək, cəmiyyətdə gedən prosesləri izləmiş, irəliyə doğru inkişaf üçün zəruri olan bütün addımları atmışdır.

Beləliklə, Azərbaycan dövlətçiliyi tarixində ilk dəfə olaraq görkəmli dövlət xadimi Heydər Əliyev Ümummilli Lider səviyyəsini fəth etmişdir.Daha doğrusu, məhz Ulu Öndər Heydər Əliyevin çoxillik siyasi və dövlətçilik fəaliyyəti sayəsində Azərbaycanda dövlət rəhbərliyi Ümummilli Lider statusu qazanmışdır.Heydər Əliyev Azərbaycan dövlətinin çoxəsrlik tarixində birinci Ümummilli Liderdir.Ümummilli liderlik Heydər Əliyevin milli dövlətçilik istedadının ardıcıl və məqsədyönlü fəaliyyətinin mühüm nəticəsidir.

Hər şeydən əvvəl, onu qeyd etmək lazımdır ki, ümummilli liderlik üçün ən zəruri şərtlərdən biri siyasi şəxsiyyətin mübarizəsində ümummilli idealların aparıcılıq təşkil etməsi, xüsusi yer tutmasıdır. Görkəmli dövlət xadimi Heydər Əliyev fəaliyyətinin bütün dövrlərində: sovet hakimiyyəti illərində, keçid proseslərində və müstəqillik mərhələsində həmişə mənsub olduğu xalqın azadlığı və tərəqqisi üçün çalışmış, xalqını və ölkəsini ümummilli idealların işığında böyük hədəflərə doğru aparmışdır.Sözün əsl mənasında, Azərbaycan və onun taleyi, xalqın ümidləri və gələcəyi Heydər Əliyev siyasətinin mahiyyətini müəyyən etmişdir. Bu böyük dövlət xadiminin baxışlarında ölkəsini və xalqını dünya azərbaycanlıları ilə birlikdə geniş miqyasda və tam halda təsəvvür etmək miqyasında düşünülmüş bir qavrayışın ifadəsindən ibarət olmuşdur.

Uzaqgörən dövlət xadimi kimi Heydər Əliyevin Azərbaycan anlayışında dünyada gedən proseslərin fonunda ölkəsinin və çoxmilyonlu xalqının taleyinin ən əsas faktor kimi nəzərə alınması, istiqamətləndirilməsi həmişə ön mövqedə dayanmışdır. Beləliklə, Heydər Əliyevin timsalında ümummilli liderlik rəhbəri olduğu ölkənin fövqünə qalxmağı bacarmaq, mənsub olduğu xalqın böyük gələcəyinə xidmət etmək deməkdir.

Ümummilli liderlik ölkə maraqlarını ümumdünya proseslərinin fonunda dəyərləndirib nəticələr çıxarmağı tələb etmişdir. Görkəmli dövlət xadimi Heydər Əliyev ölkə maraqlarını ümumdünya prosesləri ilə üzvi surətdə uzlaşdırmağı, milli dövlətçilik mənafelərinə xidmət edən qərarlar qəbul etməyi və həmin qərarları zamanında və qətiyyətlə həyata keçirməyi bacarmışdır.Heydər Əliyev universal zəka sahibi olan görkəmli dövlət xadimi idi.Heydər Əliyev zəngin və geniş dövlətçilik təfəkkürünə malik olan nadir dövlət xadimlərindən biridir.

Ümummilli  liderlik üçün zəruri olan kamil dövlətçilik təfəkkürü, uzaqgörənlik, ümummilli hədəflərin müəyyən olunması və geniş siyasi dünyagörüş və qətiyyətli addımlar Heydər Əliyev fenomeninin miqyasını müəyyən etmişdir

Dünya siyasətində və ölkə rəhbərliyində təmsil olunduğu qırx ilə yaxın bir dövrdə Heydər Əliyevin timsalında ümummilli liderliyin miqyası ilə missiyası həmişə bir-birini üzvi surətdə tamamlamışdır.

Görkəmli dövlət xadimi Heydər Əliyev xalqının gələcəyini qabaqcadan görmək və ölkəsini həmin ideal gələcəyə doğru real surətdə aparmaq qabiliyyətinə malik olmuşdur. Sovet hakimiyyəti illərində kommunist ideologiyasının hakim olduğu şəraitdə Heydər Əliyevin azərbaycançılıq siyasətini addım-addım həyata keçirməsi, milli-mənəvi dəyərləri ön mövqeyə çəkməyi bacarması nəticə etibarilə xalqda müstəqil dövlətçilik şüurunun formalaşdırılmasında mühüm rol oynamışdır.

Müstəqillik dövrünün başlanğıc illərində  Heydər Əliyev xalqımızı cəmiyyət həyatının bütün sahələrini əhatə etmiş siyasi-iqtisadi, hərbi böhrandan çıxarmış, beyin axınından xilas etmiş və yeni inkişaf yoluna çatdırmışdır.Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin aşağıdakı sözləri Ulu Öndərin həmin sahədəki tarixi xidmətlərinin qiymətləndirilməsinin obyektiv ifadəsidir: “Heydər Əliyev Azərbaycana iki dəfə rəhbərlik etmişdir. Hər iki dəfə Azərbaycanı tənəzzüldən, böhrandan çıxarıb, inkişaf yoluna qoymuşdur. Bu, onu göstərir ki, ictimai-siyasi quruluşdan asılı olmayaraq Heydər Əliyev həmişə ən düzgün siyasət aparmış, Azərbaycan xalqının maraqlarını müdafiə və təmin etmişdir”.

Mənsub olduğu xalqı öz ətrafında birləşdirmək, onu taleyüklü çağırışlar uğrunda mübarizəyə səfərbər etmək də ümummilli liderlik missiyasını yerinə yetirmək deməkdir. Ulu Öndər Heydər Əliyev dövlətçilik fəaliyyətinin bütün dövrlərində həyatını doğma xalqına həsr etmiş, ümumxalq ehtiramı qazanmışdır. Xalq həmişə ona inanmış, bu böyük dövlət xadiminin çağırışlarına tam mənası ilə yekdilliklə səs vermişdir.

Xalqın sarsılmaz birliyi vasitəsilə dövlət çevrilişi cəhdlərinin qarşısının böyük qətiyyətlə alınması Heydər Əliyevin ümummilli liderlik missiyasını həyata keçirməsinin əməli ifadəsidir.Bu mənada “xalq – Heydər, Heydər – xalq” həmrəyliyinin sarsılmaz qüvvəyə çevrilməsi Heydər Əliyevin dövlətçilik məharətinin dahiyanə əməli ifadəsi olmuşdur.Bundan başqa, görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycan coğrafiyasında tarixən yaşayıb fəaliyyət göstərən bütün xalqların və etnik qrupların həmrəyliyinə və birliyinə nail olması da ümummilli liderlik fəlsəfəsinin əməli ifadəsidir.

Beləliklə, Heydər Əliyev geniş mənada Azərbaycan xalqının Ümummilli Lideri statusu qazanmışdır.

Görkəmli dövlət xadimi Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin strategiyasını, yaxın və uzaq gələcək üçün inkişaf yollarını müəyyən etmək mənasında da Ümummilli Lider olmuşdur.Ümummilli liderlik Heydər Əliyevə Azərbaycan xalqının həm tarixində, həm də gələcək taleyində əbədiyaşarlıq qazandırmışdır. Azərbaycan xalqına özündən sonrakı dövr üçün ən layiqli siyasi varisi yetişdirib hazırlaması da Ulu Öndərin tarixi xidmətidir.Dövlət rəhbərimizin fəaliyyətinin hər anı, hər səhifəsi Azərbaycan xalqının bugünkü inkişafına və daha xoşbəxt gələcəyinə xidmətin əməli ifadəsidir. Məhz Prezident İlham Əliyevin apardığı məqsədyönlü, düşünülmüş və ardıcıl siyasətin nəticəsində müstəqil Azərbaycan Respublikası qısa müddətdə nəinki regionda, dünya miqyasında söz sahibinə çevrilmişdir.

Ölkəmizdə xalq ilə rəhbər arasında yaranmış sarsılmaz birlik möhtərəm Prezidenti xalqımızın lideri səviyyəsinə yüksəltmişdir.

Dünyanın ən mötəbər xitabət kürsülərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yeni tarixi epoxanın görkəmli liderlərindən biri kimi çıxış edir.

Eyni zamanda, Azərbaycanda keçirilən beynəlxalq tədbirlərdə də dövlət başçımızın dərin məzmunlu nitqləri, çağırışları planetimizdə sülhə, sabitliyə, əməkdaşlığa geniş üfüqlər açır.

Bütün bunlara görədir ki, inkişaf etmiş dünya dövlətlərinin liderləri sırasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xüsusi yeri var. Ölkəmiz və xalqımız Prezidentimiz cənab  İlham Əliyevin liderliyi ilə daha böyük gələcəyə doğru inamla yol gedir.

 

Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru- KÖNÜL RƏHİMOVA

Şərhlər

Şərh yazılmayıb.