Huquqaz.com

44 günlük Vətən müharibəsi şanlı tariximizdir və Azərbaycan xalqı bundan sonra əbədi bu Zəfərlə fəxr edəcək

14.05.2024
2.351
44 günlük Vətən müharibəsi şanlı tariximizdir və Azərbaycan xalqı bundan sonra əbədi bu Zəfərlə fəxr edəcək

44 günlük Vətən müharibəsi şanlı tariximizdir və Azərbaycan xalqı bundan sonra əbədi bu Zəfərlə fəxr edəcək.

Ermənistanın Azərbaycana ərazi iddiası tarixdə ən faciəli hadisələrlə nəticələnib və milyonlarla azərbaycanlının taleyinə ciddi təsir göstərib. 1980-ci illərin sonlarında Ermənistanın etnik zəmində təxribatları, terror əməlləri ilə başlamış bu münaqişə Azərbaycana qarşı hərbi təcavüzlə nəticələnib.

Ermənistanın ardıcıl təxribatları və yeni müharibə planlarına son qoyulması üçün dünya birliyi tərəfindən heç bir praktiki addım atılmadı. Bundan daha da ürəklənən Ermənistan 2020-ci il sentyabrın 27-də bir neçə istiqamətdən Azərbaycan Ordusunun mövqelərinə doğru hücuma keçdi, ağır artileriyadan istifadə edərək yaşayış məntəqələrinə şiddətli atəş zərbələri endirdi. Ermənistanın növbəti hərbi təcavüz cəhdinə cavab olaraq Azərbaycan Ordusu əks-həmlə əməliyyatına başladı və 44 gün davam edən Vətən müharibəsi nəticəsində Ermənistan ordusunu məhv etməyə, onu diz çökdürməyə, işğal altında olan əraziləri azad etməyə nail oldu. Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu tərəfindən icra edilmiş “Dəmir Yumruq” əməliyyatı Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazıldı, işğalçılığı, nasizmin şöhrətləndirilməsini dövlət siyasətinə çevirən Ermənistanın təslim olması ilə nəticələndi.

Cənab Prezident İlham Əliyevin 10 may tarixində Şuşada şəhərə köçmüş ilk sakinlərlə görüşü ölkəmizin qüdrətini, mübarizəmizin haqq və ədalət naminə olmağını, xalqımızın qürurunu bir daha ifadə etdi. Cənab Prezident çıxışında qeyd etdi ki, “44 günlük Vətən müharibəsi şanlı tariximizdir və Azərbaycan xalqı bundan sonra əbədi bu Zəfərlə fəxr edəcək. 44 gün ərzində biz hər gün irəli gedirdik. Ermənistan ordusundan fərqli olaraq bir nəfər də olsun hərbçimiz döyüş meydanını tərk etməmişdir. Bizim əsgər və zabitlərimiz hər gün irəli gedirdilər və müharibənin birinci günündə əldə olunmuş qələbə – bir neçə kəndin azad edilməsi sonuncu günə qədər davam etdi və 2020-ci il noyabrın 8-də Şuşanın azad edilməsi düşmənin belini qırdı”

Nahidə Əzizli – Zərdab rayonu Çallı kənd tam orta məktəbinin müəllimi

 

 

Ermənistanda revanşistlər baş qaldırır, Fransa Ermənistana öldürücü silahlar verir, o silahların kritik həddə çatmasını görsək, onda bizdən heç kim inciməsin.

Cənab Prezident İlham Əliyev 10 may tarixində Şuşada şəhərə köçmüş ilk sakinlərlə görüşüb. Azərbaycan Prezidenti cənab İlham Əliyev görüşdə çıxışı zamanı bir sıra vacib məqamlara toxundu. Dövlət başçısı qeyd etdi ki, “Ermənistanda revanşistlər baş qaldırır, Fransa Ermənistana öldürücü silahlar verir, o silahların kritik həddə çatmasını görsək, onda bizdən heç kim inciməsin. Heç kim bizim qabağımızda dura bilməz. Heç kim bizə heç nə diktə edə bilməz və bizim daxili işlərimizə müdaxilə edə bilməz. Nəyi lazım biliriksə, onu da edəcəyik”

Fransa XX əsrin ikinci yarısı boyunca Əlcəzairdə və özünün dənizaşırı ərazilərində – Sakit okeanda, Fransa Polineziyasında bir neçə nüvə silahı sınağı keçirmiş və bununla da qlobal səviyyədə ətraf mühitin deqradasiyasına, yerli icmalarda ciddi sağlamlıq problemlərinə səbəb olmuşdur. Fransa 44 günlük Vətən müharibəsi boyunca, istərsə də ondan sonrakı dövrdə Azərbaycana qarşı çox qərəzli münasibət nümayiş etdirərək, Ermənistana açıq dəstəyini nümayiş etdirib. Hələ 44 günlük Vətən müharibəsindən öncə də Fransa ATƏT-in Minsk qrupu çərçivəsində tarixə qovuşmuş münaqişəni dondurmağa çalışıb. Rəsmi Paris bu addımı ilə çalışırdı ki, Azərbaycanı Ermənistanın işğalçılıq siyasəti ilə barışdırsın. Amma Azərbaycanın qətiyyətli mövqeyi və Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsindəki qələbəmiz və Vətən müharibəsi ərzində Fransa hakimiyyəti tərəfindən Azərbaycana qarşı əsassız ittihamlar səsləndirilməsi də heç bir səmərə vermədi. Hətta Fransa Senatı tərəfindən Azərbaycana qarşı heç bir əsası olmayan qətnamələrin qəbulu da Azərbaycan dövlətinin qətiyyətli mövqeyinə, apardığı siyasi yola kölgə sala bilmədi.

Fransa bu gün də Azərbaycana qarşı çox qərəzli münasibət nümayiş etdirib, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına qarşı çıxaraq, Ermənistana açıq dəstəyini nümayiş etdirirlər. Amma unudurlar ki, tarixin yaddaşı çox itidir. Qanlı soyqırımlar, müstəmləkə siyasəti, bir çox xalqların müstəqilliyinə qarşı çıxaraq, onlara qarşı kolonial siyasət yürütmək Fransanın tarixinə düşmüş silinməz qara ləkədir. Azərbaycan da haqlı, ədalətli mövqeyini bir daha ortalığa qoyaraq qətiyyətli mövqe nümayiş etdirir. Ölkəmiz bu istiqamətdə də uğurla daim addımlayacaqdır.

İlahə Mustafayeva – Zərdab rayonu Şıxbağı kənd tam orta məktəbinin müəllimi.

 

 Ulu Öndərin fəaliyyəti nəticəsində biz inkişaf yoluna qədəm qoyduq.

XX əsr dünyaya müdrik, təcrübəli və qətiyyətli rəhbərlər, son dərəcədə bacarıqlı dövlət başçıları bəxş etmişdir. Bu gün biz fəxrlə deyə bilərik ki, belə xoşbəxt xalqlardan biri də Azərbaycan xalqıdır. Çünki tarixdə onun Heydər Əliyev kimi dühası, müdrik rəhbəri var idi. Heydər Əliyev XX əsrin görkəmli siyasi və dövlət xadimi kimi bütün dünyada yaxşı tanınan və qəbul edilən bir şəxsiyyət idi. Heydər Əliyev 34 illik çoxşaxəli fəaliyyəti və müdrik rəhbərliyi ilə Azərbaycan xalqının tarixində böyük rol oynamış, Ümummilli lider statusunu qazanmışdır. Onun möhkəm iradəsi, hər şeyə nüfuzetmə qabiliyyəti, qibtə doğuracaq hafizəsi hamını heyran edirdi. Xalqımızın böyük oğlu Heydər Əliyevin müdrik rəhbərliyi və uzaqgörən siyasəti sayəsində Azərbaycan iqtisadi, ictimai-siyasi, mənəvi, mədəni həyatın bütün sahələrində böyük uğurlar qazanaraq təkcə keçmiş SSRİ-də deyil, bütün dünyada tanınmağa başladı. Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı da xalqımıza, Azərbaycana müstəsna uğurlar gətirib.

Ümummilli Lider Heydər Əliyev hakimiyyətə gəlməsəydi Azərbaycan xalqını çox böyük faciələr gözləyirdi. 1993-cü ilin iyununda ölkədə vətəndaş müharibəsi, qardaş qırğını təhlükəsi yarandı. Belə bir şəraitdə nəinki müstəqilliyimizin itirilməsi, bütövlükdə Azərbaycanın dünyanın xəritəsindən silinmək təhlükəsi meydana çıxdı. Bu zaman ölkənin güclü bir liderə ehtiyacı yarandı. Böyük çaşqınlıqlar içərisində qalan xalq hansı səmtə gedəcəyini bilmirdi. Belə bir şəraitdə xalq üzünü Heydər Əliyevə tutdu. Çünki xalq başa düşürdü ki, onu bu çətin və ağır vəziyyətdən yalnız Heydər Əliyev kimi bacarıqlı, uzaqgörən, qətiyyətli bir rəhbər çıxara bilərdi.

Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi və xahişi ilə yenidən hakimiyyətə qaydışı Azərbaycan tarixinin, bərpa edilmiş müstəqilliyimizin yeni bir dövrünün əsasını qoydu, Azərbaycan xalqı, Azərbaycan dövlətçiliyi, müstəqilliyimiz xilas edildi.

Aygül Babayeva – Zərdab rayonu Xasa kənd ümumi orta məktəbinin müəllimi

Şərhlər

Şərh yazılmayıb.