Huquqaz.com

Cəsarətli mövqe

02.08.2022
1.567
Cəsarətli mövqe

Cəsarətli mövqe

Ötən əsrin 70-ci illərin ortalarından başlayaraq SSRİ-ni təşkil edən respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirildi. SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da gücləndirildi. Belə bir şəraitdə ana dili məsələsinin təbliği ilə məşğul olmaq cəsarət tələb edirdi. Hətta milli respublikaların rəhbərləri də ana dili məsələsini gündəmə gətirməkdə aciz idilər. Bütün bunlara baxmayaraq, o vaxt Azərbaycan Respublikasının rəhbəri olan Ulu Öndər Heydər Əliyev dil məsələsində öz mövqeyini çox cəsarətlə, qətiyyətlə bildirmişdir.
Tarixdə elə şəxsiyyətlər vardır ki, təkcə öz zəmanələrinin qəhrəmanı olmaqla kifayətlənməmiş, həm də bir günəş kimi öz xalqlarının gələcək yollarını işıqlandırmışlar. Müasir suveren və demokratik Azərbaycan dövlətinin memarı və qurucusu ulu öndər Heydər Əliyevin də adı belə dahi şəxsiyyətlərdən biri kimi dünya tarixinə qızıl hərflərlə yazılmışdır. Məhz onun müdrikliyi və uzagörənliyi, şəxsi fədakarlığı və idarəçilik istedadı sayəsində milli dövlətçiliyimizin qorunub saxlanması, möhkəmləndirilməsi və inkişaf etdirilməsi mümkün olmuşdur. “Mən həmişə fəxr etmişəm ki, azərbaycanlıyam!” – deyən ulu öndər bütün qəlbi və həyatı ilə öz doğma torpağına və xalqına bağlı idi. Halal zəhmətlə yaşayan sadə və zəhmətkeş bir ailədə dünyaya göz açan, öz fitri istedadı, dərin zəkası və polad iradəsi ilə həyatda qarşılaşdığı ən müxtəlif sınaqları dəf edən, dövlət təhlükəsizliyi orqanlarında sıravi əməkdaşlıqdan general rütbəsinədək yüksələn, sovet hakimiyyətinin ali rəhbər vəzifələrində ləyaqət və uğurla fəaliyyət göstərən, Azərbaycanı geridə qalmış əyalətdən çiçəklənən respublikaya çevirən, onun azadlığının və milli oyanışının, sonra isə istiqlal və qurtuluş savaşının önündə addımlayan, xilaskarlıq missiyasını yerinə yetirən ulu öndərin həyatı və mübarizəsi hər bir soydaşımız üçün qürur mənbəyi, misilsiz örnək və nümunədir.
Bütün bunlar və tarixi gerçəkliyi təsdiqləyən digər konkret faktlar, eləcə də respublikanın rəhbəri seçiləndən sonra bütün sahələrdə apardığı genişmiqyaslı quruculuq işləri, həyata keçirdiyi inkişaf strategiyası bir daha söyləməyə əsas verir ki, Heydər Əliyev öz xalqının həqiqi istiqlala qovuşacağını, Azərbaycanın tam müstəqilliyə çıxacağını hamıdan erkən görmüş və bu yolda böyük müdriklik və hünərlə çalışmışdır. Tarixçilər və təhlilçilər birmənalı şəkildə sübuta yetirirlər ki, məhz Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsi, məqsədyönlü fəaliyyəti müstəqilliyə doğru böyük dönüş və milli oyanış üçün zəmin yaratmışdır.

Samir Talıbov

Saatlı rayon Tarix-diyarşünaslıq muzeyinin əməkdaşı

Şərhlər

Şərh yazılmayıb.