Huquqaz.com

Azərbaycanın COP29-a ev sahibliyi etməsi bizim fəal rolumuzun beynəlxalq arenada qiymətləndirilməsi deməkdir

14.11.2024
4.675
Azərbaycanın COP29-a ev sahibliyi etməsi bizim fəal rolumuzun beynəlxalq arenada qiymətləndirilməsi deməkdir

Azərbaycanın COP29-a ev sahibliyi etməsi bizim fəal rolumuzun beynəlxalq arenada qiymətləndirilməsi deməkdir

Azərbaycanın dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a 2024-cü ildə ev sahibliyi etməsi cənab Prezident İlham Əliyevin növbəti təntənəli qələbəsidir. Bu, Qoşulmama Hərəkatına sədrliyimiz və Təhlükəsizlik Şurasına üzvlüyümüzdən sonra xarici siyasətimizin ən böyük uğurudur. Eyni zamanda, son zamanlar Azərbaycana qarşı çirkin kampaniya aparan bəzi dairələrə tutarlı cavabıdır.

COP-un ilk toplantısı 1995-ci ildə Berlində keçirilmişdir. COP hər ilin müəyyən bir ayında dünya liderlərinin iştirakı ilə keçirilən konfransdır. İqlim böhranı və su qıtlığı kimi qlobal problemlərin həlli yollarını tapmaq və bu problemlərlə mübarizə üçün gələcək strateji planların hazırlanması məqsədi daşıyır.

Tərəflər konvensiyaya üzv olan 198 ölkədən ibarətdir. Katibliyi Almaniyanın Bonn şəhərində yerləşir. COP Paris Sazişinin məqsədlərinə nail olmaq üçün hər il dünyanın aparıcı ölkələrində keçirilən tarixi bir görüşdür.

200 ölkənin yekdil qərarı ilə Azərbaycana COP29-a ev sahibliyi etmək fürsəti nəsib oldu. Bu, bizim ölkəyə hörmət əlamətidir və bizim fəal rolumuzun beynəlxalq arenada qiymətləndirilməsi deməkdir. Hesab edilir ki, COP29-un Azərbaycan üçün müxtəlif sahələrdə faydaları olacaq. COP29-un keçirilməsi bir sıra öhdəliklərin yerinə yetirilməsinə kömək edəcək. Bu isə ölkənin ekoloji vəziyyətini yaxşılaşdıracaq, havanın keyfiyyətini artıracaq. Nəticədə iqlim dəyişikliyinin təsirlərini azaltmağa kömək olacaq.

COP29-da beynəlxalq ictimaiyyətin indiyə qədər gördüyü işlər, bundan sonra görəcəkləri işlər, qarşıdakı strategiyalar müzakirə olunur. Azərbaycanın indiyə qədər qarşılaşdığı ekoloji problemləri beynəlxalq ictimaiətin diqqətinə çatdırılır.

COP-un dünya iqtisadiyyatı üçün böyük əhəmiyyəti var. Dünyada iqtisadiyyat, ictimai məsələlər, texnoloji risklər arasında ekoloji risklər ən üst planda görünür. Əgər biz ölklərdən onlar üçün 5 ən böyük riskin nə olduğunu soruşsaq, orada əsas risk ətraf mühit və ekologiya problemləri yer alacaq. Bura quraqlıq, su qıtlığı, səhralaşma, hava çirkliliyi və sair daxildir.

COP29 bütün insanların həyatına, sağlamlığına təsir edən faktorları ortaya qoyacaq. Məlum olduğu kimi, ekoloji problemlərin ən böyük təsiri səhiyyəyədir. Çünki bu zaman dərmanlara tələb artır. Bunun özü də iqtisadi itkidir. Bir ölkədə nə qədər çox xəstə olarsa, o ölkə daha çox dərman idxal etməyə və daha çox valyuta xərcləməyə məcburdur. Bu da iqtisadi itki deməkdir.

Elminaz Salahlı – Zərdab rayon Şahhüseynli kənd tam orta məktəbin ibtidai sinif müəllimi

 

 

COP29-un sədri kimi Azərbaycan inkişaf etmiş və inkişaf edən ölkələr arasında konsensusun tapılmasına töhfə verməyə çalışacaq.

Azərbaycan beynəlxalq müstəvidə özünü etibarlı tərəfdaş kimi təsdiq edib. Eyni zamanda, ölkəmizdə həyata keçirilən uğurlu siyasət dövlətimizin əsaslarını əhəmiyyətli dərəcədə möhkəmləndirib, dinamik inkişafı şərtləndirib. Təbii ki, Azərbaycanın sürətli inkişafı, iqtisadi gücünün artması, əhalinin rifahının yüksəlməsi bir sıra digər məsələlərdə təsiredici rol oynayır. Sözsüz ki, qazanılan uğurlar Azərbaycanın beynəlxalq aləmdə mövqeyini də əhəmiyyətli dərəcədə gücləndirir. Əminliklə demək olar ki, bu gün ölkəmiz dünya birliyinin tam bərabərhüquqlu üzvüdür, söz sahibi olan dövlətdir. Son bir neçə ildə Azərbaycanın əldə etdiyi uğurlar, hərtərəfli iqtisadi nailiyyətlər bizim ölkəmizi regionda güc mərkəzlərindən birinə çevirib. Biz birmənalı olaraq böyük bir maraq oyadırıq, bütün beynəlxalq təşkilatlar, böyük dövlətlər bizə maraq göstərir, bizimlə tərəfdaşlıq etmək istəyirlər.

Qeyd etmək lazımdır ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir.

Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycanın xarici siyasət kursu çoxvektorlu və praqmatik xarakter daşımaqdadır. Ölkəmiz üzvü olduğu beynəlxalq təşkilatların fəaliyyətində aktiv iştirak edir, təşkilatdaxili münasibətlərin daha da genişlənməsinə, əməkdaşlığın inkişaf etdirilməsinə töhfələrini verir.

Azərbaycan ətraf mühitin qorunmasına, iqlim dəyişmələrinin mənfi təzahürlərinin qarşısının alınmasına xüsusi önəm verir. Ölkəmizin 2030-cu ilədək sosial-iqtisadi inkişafa dair milli prioritetlərindən birinin “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilməsi, işğaldan azad edilmiş ərazilərin və Naxçıvan Muxtar Respublikasının “yaşıl enerji” zonası elan olunması bu sahədə aparılan məqsədyönlü, ardıcıl dövlət siyasətinin dərin məzmunundan xəbər verir.

Azərbaycan həmçinin yaşıl enerjiyə keçid prosesində iştirak edir: “Bu il-2024-cü il  Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan olunub. Azərbaycanın bərpaolunan enerji layihələri yüksək göstəricilər nümayiş etdirir. Ötən bir il ərzində bu layihələr arasında keçən ilin oktyabr ayında Azərbaycanda açılışı baş tutmuş  ilk böyük Günəş Elektrik Stansiyası yer alır və bu stansiyanın gücü 230 meqavatdır. Bu stansiya bərpaolunan enerji sahəsində aparıcı şirkətlərdən olan “Masdar” tərəfindən inşa olunub və bu, yalnız başlanğıcdır.

Bu gün COP29-un sədri kimi Azərbaycan çalışır ki, inkişaf etmiş və inkişaf edən ölkələr arasında konsensusun tapılmasına töhfə versin və Qlobal Cənubla Qlobal Şimal arasında əlaqələr qurulsun.

Qeyd edək ki, Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına tərəf olmaqla qlobal iqlim dəyişmələrinə qarşı mübarizəyə qoşulub. Ölkəmiz 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarını 35 faiz azaldılmasını hədəfləyir. 2030-cu ildən sonra isə daha iddialı hədəf müəyyən edilib ki, bu da 2050-ci ilə qədər istixana qazlarının miqdarını 40 faiz azaldılmasından ibarətdir.

Rəşad İsmayılov- Zərdab rayon Salahlı kənd ümumi orta məktəbin direktoru

 

 

Azərbaycan mədəniyyətlərarası dialoqda fəal rol oynayır

Azərbaycan çoxtərəfliliyin tərəfdarıdır, eyni zamanda, mədəniyyətlərarası dialoqda fəal rol oynayır. Multikulturalizm dövlət siyasətimiz və həyat tərzimizdir. Azərbaycan xalqı etnik, dini mənsubiyyətindən asılı olmayaraq, digər millətlərlə hər zaman ahəngdar şəkildə, bir ailədəki kimi yaşayır. Azərbaycanın təşəbbüsü ilə müxtəlif mədəniyyətlər və dinlər arasında səmərəli dialoqun qurulması məqsədilə respublikamızda müntəzəm olaraq müxtəlif tədbirlər həyata keçirilir. Azərbaycan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna, Bakı Beynəlxalq Humanitar Forumuna, eləcə də Dünya Dini Liderlərinin Sammitinə, Birləşmiş Millətlər Təşkilatı Sivilizasiyalar Alyansının Qlobal Forumuna məmnuniyyətlə ev sahibliyi edir. Sadalanan platformalar çərçivəsində qloballaşma şəraitində milli mədəniyyətlərin qorunması, eləcə də dünyada birgə yaşayışın təmin edilməsi ilə bağlı yaranan çağırışlar əhatəli şəkildə müzakirə olunur və səmərəli təkliflər səsləndirilir.

Azərbaycanda mədəniyyətlərarası və dinlərarası dialoqun möhkəmləndirilməsinə böyük töhfə verən və artıq  Azərbaycanın dini-mənəvi dəyərlərə dərin ehtiramının ifadəsinə çevrilən tədbirlər ölkəmizin tolerantlıq mühitinin təbliği baxımından da son dərəcə önəmlidir. Tədbirlərə qatılan əcnəbi qonaqlar respublikamızdan zəngin təəssüratlarla ayrılırlar və öz ölkələrinə çox mühüm mesajlar aparırlar. Belə mühüm platformalardan biri də Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumudur. Cənab Prezident İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülmüş mədəniyyətlərarası dialoqa dair “Bakı Prosesi”nin tərkib hissəsi sayılan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilk dəfə Bakıda 2011-ci ildə, sonra isə 2013-cü, 2015-ci, 2017-ci və 2019-cu illərdə təşkil olunub. Ötən müddət ərzində Forumun coğrafiyası çox genişlənib, tədbirə qoşulan ölkələrin və qurumların sayı xeyli artıb. Forumlara ümumilikdə 10 mindən çox iştirakçı – hökumət rəsmiləri, beynəlxalq təşkilat və institutlardan rəhbər və nümayəndələr qatılırlar.

Eyni zamanda, forumlar çərçivəsində 200-dən artıq müxtəlif formatlı və miqyaslı tədbirlər, plenar və panel müzakirələr, təqdimatlar təşkil olunur. Bəşəriyyəti narahat edən qlobal çağırışların diqqət mərkəzinə çevrildiyi Forumlar çərçivəsində aparılan müzakirələr, tərtib edilən sənədlər beynəlxalq təşkilatlar üçün əsas istinad rolunu oynayır və mədəniyyətlərarası dialoqa dair vacib platforma kimi qəbul edilir.

 Zülfiyyə Əhmədova- Zərdab şəhər 3 saylı tam orta məktəbin direktoru

 

 

BMT Təhlükəsizlik Şurasının otuz il kağız üzərində qalan qətnamələrinin tələblərini öz gücümüzlə icra etdik.

30 ilə yaxın işğaldan əziyyət çəkmiş Azərbaycan bu dövr ərzində beynəlxalq hüququn təmini uğrunda dayanmadan mübarizə aparıb. Hələ birinci Qarabağ müharibəsindən sonra Azərbaycan artıq tarixə qovuşmuş münaqişənin tənzimlənməsi üçün beynəlxalq konvensiyaların, aparıcı təşkilatların qətnamələrinin, xüsusilə BMT-nin məlum 4 qətnaməsinin icrasının vacibliyini önə çəkirdi. Bütün dönəmlərdə prosesin sülh müstəvisində, danışıqlar yolu ilə tənzimlənməsinin vacibliyini önə çəkən Azərbaycan paralel olaraq bir sıra istiqamətlərdə işlər aparırdı Rəsmi İrəvan isə işğal etdiyi torpaqları azad etmək yerinə, yeni əraziləri tutmaq, qeyri-real bəyanatlar səsləndirməklə məşğul idi. Nəticədə Azərbaycan dövləti bəyan etdiyi kimi, əbədi olaraq işğal faktı ilə barışmayacağını oratya qoydu – 2020-ci ilin sentyabrında başlanan və 44 gün çəkən Vətən müharibəsi nəticəsində ərazi bütövlüyümüz bərpa olundu

Azərbaycan müharibədə ədaləti bərpa etməklə yanaşı, həm də beynəlxalq hüququn norma və prinsiplərinin bərqərar olmasını təmin etdi – Azərbaycan torpaqlarının azad edilməsi ilə bağlı BMT TŞ-nin 4 qətnaməsinin icrası 30 ildən ordumuz tərəfindən sonra yerinə yetirildi. Bunun sülh şəraitində deyil, müharibə yolu ilə reallaşması isə Ermənistanın beynəlxalq hüquqa riayət etməməsinin nəticəsində baş verdi.

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan, cənab İlham Əliyevin qətiyyətli və prinsipial mövqeyi hərb meydanında olduğu kimi, diplomatiya meydanında da uğurlarımızı şərtləndirdi. Azərbaycan dövləti 2020-ci ilin  oktyabr ayının 4-də Cəbrayıl şəhərini, 17-də Füzuli şəhərini, 22-də Zəngilan şəhərinin işğalçılardan azad olunması ilə BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi, lakin yerinə yetirilməmiş qalan 874 və 884 saylı qətnaməni özü icra etdi. Ağdamın işğaldan azad edilməsi 2020-ci ilin  noyabr ayının 10-da imzalanmış üçtərəfli bəyanatın müvafiq maddəsinin yerinə yetirilməsi  idi.

Bununla yanaşı, Prezident, Ali Baş Komandan, cənab İlham Əliyevin qətiyyətli və prinsipial mövqeyi nəticəsində BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi, lakin yerinə yetirilməmiş qalan, eləcə də, işğalçı qüvvələrin Azərbaycan Respublikasının Kəlbəcər ilə Ağdam rayonlarından çıxmasını nəzərdə tutan 822 və 853 saylı qətnamələr də məhz, Azərbaycanın şərtləri ilə icra edildi.

Qeyd etmək lazımdır ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizinin otuz ilə yaxın Ermənistan tərəfindən işğalına və bir milyona yaxın azərbaycanlının öz əzəli torpaqlarından didərgin düşməsinə baxmayaraq, biz güclü ölkə qura bildik, iqtisadiyyatı təmin etdik və müstəqil siyasət həyata keçirdik. Dörd il öncə biz İkinci Qarabağ müharibəsində tarixi Qələbəni qeyd etdik və beləliklə, biz öz suverenliyimizi tam bərpa etdik. Bu gün artıq işğaldan azad edilmiş ərazilərimiz yenidən qurulur. Bu Azərbaycan xalqı üçün fəxrdir.

Kəmalə Məmişova- Zərdab rayon Bıçaqçı kənd tam orta məktəbin direktoru

Şərhlər

Şərh yazılmayıb.