Huquqaz.com

Avropa İttifaqı Azərbaycanın enerji layihələrini qəti şəkildə dəstəkləyir

06.05.2023
1.614
Avropa İttifaqı Azərbaycanın enerji layihələrini qəti şəkildə dəstəkləyir

Avropa İttifaqı Azərbaycanın enerji layihələrini qəti şəkildə dəstəkləyir.

Azərbaycan uğurlu xarici siyasəti nəticəsində bütün ölkələrlə, güc mərkəzləri ilə səmərəli, işgüzar, bərabərhüquqlu münasibətlər qurub və zaman keçdikcə əməkdaşlığın yeni istiqamətləri müəyyənləşdirilir. Bu münasibətlər qarşılıqlı inam, hörmət, bir-birinin daxili işinə qarışmamaq prinsipləri əsasında inkişaf etdirilir. Hazırda Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin yüksələn xətlə inkişafı keçilən yola bir daha nəzər salmağı bir tələb kimi qarşıya qoyur. Avropa İttifaqı hər zaman Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu, dünyanın enerji xəritəsini yenidən tərtib edən layihələrini dəstəkləyir və onların uğurlu sonluqla başa çatmasına öz töhfəsini verməyə səy göstərir. Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında daim bu məqamı xüsusi qeyd edir, Avropa Komissiyası ilə əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayır. Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimində də Prezident İlham Əliyev Azərbaycanın enerji sektorunda qazandığı nailiyyətlərdən, Cənub Qaz Dəhlizinin uğurlu sonluqla başa çatmasından geniş bəhs edərək bildirmişdir ki, Azərbaycan və Avropa Komissiyası arasında məhsuldar əməkdaşlıq mövcuddur. Bu da Cənub Qaz Dəhlizi layihəsinin icrasında mühüm rol oynayıb və gələcək planlarımızın reallaşdırılmasına öz müsbət təsirini göstərəcək. Azərbaycan daim Avropa Komissiyası ilə təmasdadır. Avropa İttifaqı və Azərbaycan arasında enerji dialoqu yaradılıb. Bura neft və qaz kimi ənənəvi sahələr, həmçinin elektrik enerjisi, bərpaolunan enerji, hidrogen və enerjinin səmərəliliyi məsələləri də daxildir.” Bu gün Azərbaycanın iştirakı olmadan bölgədə hansısa iqtisadi və siyasi layihənin həyata keçirilməsinin mümkünsüzlüyü böyük inam hissi ilə qeyd olunur. Uğurlarımızın davamlılığı öz növbəsində beynəlxalq əməkdaşlığın inkişafına da öz müsbət təsirini göstərir. Azərbaycan Prezidenti İlham Əliyevin və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin imzaladıqları Azərbaycan ilə Avropa İttifaqı arasında “Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” tərəflər  arasında əlaqələrin inkişafına böyük töhfələr verəcəkdir. “Dövlətimizin başçısı İlham Əliyev mətbuata bəyanatında “Enerji təhlükəsizliyi məsələləri bu gün heç zaman olmadığı qədər vacibdir” söyləyərək Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində uzunmüddətli, proqnozlaşdırılan və çox etibarlı əməkdaşlığın böyük nailiyyət olduğunu qeyd etdi. Dövlətimizin başçısı İlham Əliyev Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin təhlili fonunda bu əminliyi də ifadə edib ki, imzalanan Memorandum gələcək üçün yol xəritəsidir. Planlaşdırılan bütün məsələlər icra olunub, bundan sonra da böyük uğurlara imza atacağıq. Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen isə bəyanatında bildirmişdir ki, Azərbaycan həqiqətən bizim üçün mühüm enerji tərəfdaşıdır. İmzalanan Anlaşma Memorandumu enerji tərəfdaşlığımızı daha da gücləndirir. Azərbaycan bərpaolunan enerji sahəsində nəhəng potensiala malikdir. İmzalanan sənəd vasitəsilə həmin sahədə əməkdaşlığın möhkəm təməli qoyulur. Avropa İttifaqı ilə münasibətlərin sağlam təməl əsasında qurulmasının nəticəsidir ki, ölkəmiz hazırda bu beynəlxalq təşkilatın bir çox proqramlarında fəal iştirak edir. Azərbaycan Avropa İttifaqının mühüm tərəfdaşı kimi qəbul olunur. Ölkəmizin enerji siyasəti bölgədə regional əməkdaşlığın genişlənməsi üçün etibarlı təminatdır.

Zərdab rayon Gənclər və İdman idarəsinin əməkdaşı – Ehtiram Osmanov

 

Azərbaycan və Pakistan əsl dost və qardaş ölkələrdir.

Pakistan Azərbaycanın müstəqilliyini 1991-ci il dekabrın 12-də, Türkiyədən sonra ikinci tanıyan ölkədir. 1992-ci il iyunun 9-da iki ölkə arasında diplomatik münasibətlər yaradılıb, Pakistanın Azərbaycanda səfirliyi açılıb. Maraqlıdır ki, 1993-cü il aprelin 30-da Ermənistan – Azərbaycan – Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT TŞ-nin 822 saylı qətnaməsinin qəbul edildiyi iclasa Pakistan sədrlik edib. Ümumiyyətlə, ötən vaxt ərzində Pakistan beynəlxalq səviyyədə bütün toplantılarda pulAzərbaycanın ədalətli mövqeyini ardıcıl olaraq dəstəkləyib. Pakistan dövlət və hökumət başçıları dəfələrlə nüfuzlu beynəlxalq tədbirlərdə Azərbaycana açıq şəkildə dəstəklərini bildiriblər. Bundan başqa, Pakistan məhz Azərbaycana hərbi təcavüzü əsas gətirərək Ermənistanla diplomatik münasibətlər qurmayıb, bu ölkədə səfirliyi yoxdur. Pakistan bu siyasəti məhz İslam həmrəyliyi, müsəlman qardaşlığı prinsiplərinə əsasən edir.

Azərbaycan da bütün məsələlərdə Pakistanın mövqeyini dəstəkləyir. Hər iki dövlət bir çox beynəlxalq platformalarda eyni maraqlardan çıxış edərək öz fəaliyyətlərini koordinasiya edir, bir-birini müəyyən məsələlərdə qeyd-şərtsiz dəstəkləyirlər. İki dost dövlət müdafiə, enerji, infrastruktur layihələrinin icrası, informasiya texnologiyaları, səhiyyə və əczaçılıq, tekstil və farmakoloji preparatlar, xüsusilə bütün mümkün domenlərdə birgə müəssisələrin qurulması və digər sahələrdə əməkdaşlıq edirlər. Eyni zamanda, Heydər Əliyev Fondunun bu ölkədə həyata keçirdiyi bir sıra humanitar və xeyriyyə xarakterli layihələr də ölkələrimiz arasında əlaqələrin inkişafına mühüm töhfə kimi dəyərləndirilir. Belə ki, Fond “Tolerantlığın ünvanı – Azərbaycan” layihəsi çərçivəsində Pakistanda bir neçə məktəbin yenidən qurulmasına dəstək nümayiş etdirib. Bu baxımdan, Pakistanda qızlar üçün yeni məktəbin tikintisi, İslamabadda, eləcə də Pakistanın digər əyalətlərində silsilə humanitar aksiyalar da xeyriyyəçilik tədbirləri sırasında yer alır. Qardaş ölkə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı öz qəti mövqeyini də bildirib – Azərbaycana dəstək vermək və həmrəylik nümayiş etdirməklə bu günə kimi Ermənistanla diplomatik əlaqələr qurmayıb, onu bir dövlət kimi tanımayıb. Həmçinin Pakistan Senatının Xarici Əlaqələr Komitəsi Azərbaycana dəstəyini möhkəmləndirmək üçün Xocalı faciəsini genosid kimi tanımışdır. Pakistan və Azərbaycan arasındakı əlaqələr siyasi, iqtisadi, təhlükəsizlik, mədəniyyət, müdafiə və digər sahələri əhatə edir. Hər iki ölkə bir-birinə sıx dostluq əlaqələri ilə bağlıdır. Hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlıq xalqlar arasında ənənəvi dostluq və qarşılıqlı etimadın təzahürüdür.

Zərdab rayon Gənclər və İdman idarəsinin əməkdaşı – Ehtiram Osmanov

 

Perspektivli əməkdaşlıq istiqaməti.

Çin Xalq Respublikası son 20 ildə iqtisadi sahədə əldə etdiyi uğurlarına görə dünyanın diqqətini özünə cəlb etməkdədir. Aparılan uğurlu xarici və daxili siyasətin nəticəsində davamlı inkişafa nail olunub. Dərin keçmişə və çoxəsrlik tarixə malik olan Çində bütün sahələrdə özünəməxsus adət-ənənələr formalaşıb. Çin xalqı tarixdə çox çətinliklə üzləşib və sərt sınaqlardan keçib. Demək olar ki, sürətli inkişafın əsas səbəblərindən  biri də Çin hökumətinin tarixdə üzləşdiyi çətinliklərdən düzgün nəticə çıxarmasıdır. Hazırda Çin dövlətinin idarəçilik üsulu-idarəsinin və iqtisadi quruluşunun dünyada bənzəri yoxdur. Çinlilər bunu spesifik xüsusiyyətləri olan idarəçilik forması adlandırır. Çinin xarici siyasətinin əsasını başqa ölkələrin daxili işinə qarışmamaq və iqtisadi əlaqələri ikitərəfli qarşılıqlı, faydalı əməkdaşlıq çərçivəsində inkişaf etdirmək təşkil edir. Belə xarici siyasət fəlsəfəsi dünyada təhlükəsizliyin təminində mövcud olan problemlərin fonunda ən doğru olanıdır.
Çin iqtisadiyyatı inkişaf etdikcə beynəlxalq aləmdə onun rolu artır və dünya dövlətləri, xüsusilə də inkişaf etməkdə olan ölkələr onunla əməkdaşlığa can atır. Çin ilə Azərbaycan coğrafi baxımdan biri-birindən uzaq məsafədə yerləşməsinə baxmayaraq, xalqlarımız arasında tarixən dostluq əlaqələri mövcud olub. Bu münasibətlərin yaranmasında isə tarixi İpək yolu çox vacib rol oynayıb. 2013-cü ildə Çin tərəfindən “Bir kəmər, bir yol” layihəsi irəli sürüldü ki, bu da tarixi İpək yolunu yenidən canlandırmağa, həmçinin bu yolun keçdiyi ölkələr ilə əməkdaşlıq sahələrini artırmağa xidmət edirdi. Təşəbbüsün həyata keçirilməsi üçün Pekin şəhərində “Bir kəmər, bir yol” beynəlxalq elmi tədqiqat mərkəzi yaradıldı. Mərkəzin fəaliyyəti ilə yaxından tanış olan bir şəxs kimi deyə bilərəm ki, irəli sürülən “Bir kəmər, bir yol” layihəsi Çin iqtisadiyyatının əsasını təşkil edir. Bu layihəyə altı istiqamət daxildir. Birinci istiqamət Çin, Monqolustan, Rusiya və Skandinaviya ölkələri, ikinci istiqamət Çin, Qazaxıstan, Rusiya, Belarus və Mərkəzi Avropa ölkələri, üçüncü istiqamət Çin, Mərkəzi Asiya ölkələri, Azərbaycan, Gürcüstan, Türkiyə və Cənubi Avropa ölkələri, dördüncü istiqamət Çin, Pakistanın Karaçidəniz limanı, beşinci istiqamət Çin, Myanma  və Hindistan, altıncı istiqamət Çin, Tailand, Malayziya, Sinqapur və dəniz yolu ilə Afrika və Latın Amerikası  ölkələri. Azərbaycanın “Bir kəmər, bir yol” layihəsinə verdiyi önəm 2017-ci ilin oktyabrında “Bakı-Tbilisi-Qars” dəmir yolunun açılışı ilə öz təsdiqini tapdı. Çin hökuməti “Bakı-Tbilisi-Qars” dəmir yolunun istifadəyə verilməsini, bu yolun tikintisində Azərbaycanın rolunu, eləcə də “Bir kəmər, bir yol” layihəsinə verdiyi dəstəyi yüksək qiymətləndirdi.  Bu gün iki dövlət arasında hərbi təhsil sahəsində əlaqələr yüksək səviyyədədir. Hərbi təhsil sahəsində əldə olunan razılaşmaya əsasən, Azərbaycan Ordusunun nümayəndələri “Yüksək strateji komandanlıq” kursunda rus dilli qrupunun tərkibində təhsil alır. Kursda iştirak və orada yaradılan yüksək şərait Çinin tarixi, mədəniyyəti və əldə etdiyi uğurlar ilə tanış olmağa imkan verir. Digər şəhərlərə, elmi tədqiqat mərkəzlərinə, hərbi sənaye komplekslərinə, hərbi komandanlıqlara, hissələrə və hərbi tədris müəssisələrinə, eləcə də muzeylərə, tarixi yerlərə təşkil olunan gəzinti və tanışlıq xarakterli ekskursiyalar Çin haqqında geniş təsəvvürün yaranmasına xidmət edir. Çin əldə etdiyi uğurları əməkdaşlıq etdiyi ölkələr ilə bölüşməyə daima hazırdır. Beynəlxalq institutda təhsil aldığım müddətdə aparılan araşdırmalar və keçirilən beynəlxalq simpozium zamanı Azərbaycana verilən önəm, onun bölgənin təhlükəsizliyində və inkişafında oynadığı rol xüsusi olaraq vurğulanır. Bunlar ölkəmizin müstəqillik əldə etdiyi vaxtdan keçən müddətdə aparılan uğurlu siyasətin nəticəsində qazanılıb. Əgər Çin iqtisadi inkişafı ilə dünyanın diqqətini özünə cəlb edə bilirsə və Azərbaycanla əməkdaşlığa önəm verirsə, o zaman Azərbaycanın əldə etdiyi uğurlara görə biz bu dövlətin qurucusu ulu öndər Heydər Əliyevə və onun layiqli davamçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı, cənab Prezidentimiz İlham Əliyevə borcluyuq.

Zərdab rayon Gənclər və İdman idarəsinin əməkdaşı – Ehtiram Osmanov

 

Şuşa Bəyannaməsinin imzalanması tarixi hadisədir.

Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyənin qardaşlığını bütün dünyaya bildirən bir mesajdır. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında 2021-ci il iyunun 15-də Şuşada imzalanan Bəyannamə iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoydu. Şuşada dalğalanan Azərbaycan və Türkiyə bayraqlarıölkələrimizinbirliyini nümayiş etdirir. Qeyd etmək lazımdır ki, Şuşa Bəyannaməsi müttəfiqliyin geostrateji əhəmiyyətini artırır. Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanması ölkələrimiz arasındakı münasibətlərin bütün müstəvilərdə davamlı inkişafını təmin edəcəkdir. Bəyannamə sayəsində Türkiyə və Azərbaycan münasibətləri rəsmən müttəfiqlik zirvəsinə ucaldı. Ölkələrimiz arasındakı müttəfiqlik əlaqələri siyasət, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu və digər strateji sahələri əhatə edir.Şuşa Bəyannaməsi əhatəli sülhə yol açır. Bəyannamə Qarabağ ərazisində yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının inteqrasiyası üçün əlavə imkanlar yaradır. Regionun artan investisiya potensialı yeni iqtisadi münasibətlərin formalaşmasına səbəb olacaqdır. Şuşa və Şuşa ətrafının gözəl turizm imkanları açılacaq. Şuşa Bəyannaməsi Azərbaycanın siyasi, diplomatik və iqtisadi uğurudur. Bəyannamədə nəzərdə tutulan hərbi əməkdaşlıq, regional əhəmiyyət daşıyan iqtisadi layihələr və bütün digər müstəviləri əhatə edən təşəbbüslər ölkənin beynəlxalq nüfuzunu artıracaq. Bəyannamə ölkələr arasında münasibətlərin gələcəyini müəyyən edir və iki ölkə arasında əlaqələri ən yüksək səviyyəyə qaldırır. Bəyannamənin icrası keyfiyyətcə daha yüksək işbirliyinin təminatıdır.Bəyannamədə xalqlarımızın böyük liderləri Mustafa Kamal Atatürk və Heydər Əliyevin kəlamları öz əksini tapıb. XX əsrin əvvəllərində Mustafa Kamal Atatürk demişdir ki, “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”. XX əsrin sonlarında isə Ulu Öndər Heydər Əliyev demişdir ki, “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir”. Vətən müharibəsində olduğu kimi, işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma işlərində də Azərbaycan ilə Türkiyə arasında sıx əməkdaşlıq mövcuddur. Müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələlərinin Bəyannamədə əks olunması tarixi nailiyyətdir. Ölkələr bundan sonra da bir-birinin təhlükəsizliyini təmin edəcək. Müdafiə sənayesi sahəsində əlaqələrin inkişafı ölkələrin hərbi qüdrətini artıracaqdır. İkinci Qarabağ müharibəsində pilotsuz uçuş aparatları böyük rol oynayıblar. Azərbaycan bu prosesdə istehsal mərkəzi kimi inkişaf edəcəkdir. Məlum olduğu kimi ikinci Qarabağ müharibəsi başlanan gündən, ilk saatlardan Türkiyə Prezidenti Azərbaycana birmənalı, dəqiq bə açıq dəstək ifadə edib. Müharibənin ilk saatlarından Türkiyə Prezidenti bildirdi ki, Azərbaycan tək deyil. Türkiyənin bu mesajı müdaxilə etmək fikrində olan bütün qüvvələri, dairələri dayandırdı. Şuşa Bəyannaməsi ölkədə fəaliyyət göstərən 48 siyasi partiya tərəfindən birgə bəyanatla təqdir edilmiş və Azərbaycandakı bütün siyasi qüvvələr tərəfindən dəstəklənmişdir.

Zərdab rayon Gənclər və İdman idarəsinin əməkdaşı – Ehtiram Osmanov

 

 

Azərbaycan və Türkiyə nəinki müttəfiqlik formatını qoruyub saxlayacaq, hətta onu gücləndirəcəkdirlər.

Azərbaycanla Türkiyə arasında əlaqələr  uzun illərdir strateji xarakter alıb və sürətlə inkişaf edir. Dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın ikinci dövlət yoxdur.  Eyni kök, adətlər, oxşar mədəniyyət, dil, din,  ortaq folklor  Azərbaycan Türkiyə əlaqələrini şərtləndirən mühüm  amillərdir. Türkiyə və Azərbaycan öz tarixlərinin ən mürəkkəb dövrlərində bir-birinə dəstək olduqlarını nümayiş etdirmişlər. Hələ 1918-ci ildə Azərbaycanın ən ağrılı günlərində Nuru Paşanın komandanlığı ilə Türk Qafqaz İslam Ordusunun Bakını  daşnakların caynağınndan xilas etməsi Azərbaycan üçün önəmli dönüş nöqtəsi idi.  Azərbaycan  xalqının ümummilli lideri Heydər Əliyevin dediyi kimi: “Türk ordusunun Azərbaycana -Bakıya gəlməsi, Azərbaycanı daşnakların təcavüzündən xilas etməsi hər bir azərbaycanlının qəlbində yaşayır. Azərbaycan xalqı həmin ağır dövrdə Türk xalqının ona göstərdiyi köməyi heç vaxt unutmayacaqdır”. Umummilli lider Heydər Əliyev yenidən hakimiyyətə gəldikdən sonra bu istiqamətdə mühüm addımlar atıldı.   O, Azərbaycan xalqına müraciətində qeyd etmişdir: “Türkiyəyə münasibətdə  xarici siyasət kursunda ciddi dəyişikliklər edildi və Azərbaycan-Türkiyə münasibətlərində keyfiyyətcə yeni bir mərhələ başlandı. Bu gün Türkiyə Azərbaycanın ən etibarlı siyasi müttəfiqi, bərabərhüquqlu iqtisadi tərəfdaşıdır. Azərbaycan-Türkiyə münasibətləri iki qardaş xalqın mənafelərinə xidmət etməklə yanaşı, dünyada və bölgədə sülhün və əmin-amanlığın bərqərar olması işinə də öz töhfəsini verir.” Türkiyə Azərbaycan müstəqillik qazandıqdan sonra Silahlı Qüvvələrin formalaşmasına yardım göstərib. O zaman orduda kadr çatışmazlığı var idi. Sonrakı dövrdə də iki ölkə arasında hərbi-texniki əməkdaşlıq inkişaf etdi. Türkiyə Azərbaycanda kadrların hazırlanması, hərbi məktəblərin proqramlarının formalaşmasında böyük rol oynayıb. Hər il Azərbaycan və Türkiyə silahlı qüvvələri birgə hərbi təlimlər keçirirlər. Vətən müharibəsi dövründə, eləcə də ondan əvvəlki dövrdə Türkiyə daim Azərbaycanın yanında oldu. Ölkəmizə həm siyasi, həm də mənəvi dəstək göstərdi. Türkiyə rəsmiləri dəfələrlə Azərbaycana səfər edərək ciddi dəstəklərini ifadə etdilər. Azərbaycan bu dəstəyi yüksək qiymətləndirir və heç zaman unutmayacaq. Azərbaycan-Türkiyə münasibətləri dostluq və qardaşlıq yüksələn xətt üzrə davam edəcək.

Zərdab rayon Gənclər və İdman idarəsinin əməkdaşı – Ehtiram Osmanov

 

Azərbaycan xalqı beynəlxalq ictimaiyyətin, BMT Təhlükəsizlik Şurası daimi üzvlərinin görməli olduğu işi özü görüb və Təhlükəsizlik Şurasının qətnamələrini icra edib.

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı, cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 2020-ci il sentyabr ayının 27-dən Ermənistanın hərbi təcavüzünə cavab olaraq, işğal altında olan torpaqlarımızı azad etmək üçün genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirməklə yanaşı, xalqımız bütünlüklə Müzəffər Ali Baş Komandanın ətrafında səfərbər oldu. Azərbaycan torpaqlarının hər qarışının azad edilməsi uğrunda gedən döyüşlər, qüdrətli ordumuzun şanlı tarix yazaraq düşmən üzərindəki sarsıdıcı zərbələri, eləcə də, bir sıra mühüm əhəmiyyətli şəhərlərimizin, yaşayış məntəqələrimizin, həmçinin, müxtəlif istiqamətlərdə strateji yüksəkliklərin işğalçılardan azad edilməsi xalqımızda böyük inam və ruh yüksəkliyi yaratdı. 2020-ci il noyabr ayının 8-i isə, tariximizə ən şanlı bir gün kimi yazıldı. Ali Baş Komandan, cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz Azərbaycanın tarixi, mədəni və strateji əhəmiyyətə malik, Qarabağın baş tacı olan Şuşa şəhərini işğalçılardan azad etdi. Bu, 44 gün içərisində aparılan uğurlu əks-hücum əməliyyatlarının sırasında ən mühüm tarixi hadisə və böyük hərbi Qələbə oldu. Azərbaycanın hərbi-diplomatik uğurları, xüsusilə strateji əhəmiyyətli Şuşa şəhərinin azad edilməsi müharibənin sonrakı gedişinə və taleyinə ciddi təsir göstərdi. Bütün bu illər ərzində erməni təcavüzkarlarına qarşı nəinki heç bir təzyiq edilməyib, hətta dünya birliyi Ermənistanın yürütdüyü faşist ideologiyası, Azərbaycana qarşı etnik təmizləmə, dövlət terrorizmi və işğalçılıq siyasətinə, bütün dünyanın gözü qarşısında baş verən bu qanlı terror hadisələrinə seyrçi mövqedən yanaşaraq, xüsusilə onu sülhə məcbur etmək üçün BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 822, 853, 874, 884 saylı qətnamələr əsasında qeyd-şərtsiz Azərbaycan torpaqlarından çıxmasını birmənalı şəkildə tələb etməyib. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan, cənab İlham Əliyevin qətiyyətli və prinsipial mövqeyi hərb meydanında olduğu kimi, diplomatiya meydanında da uğurlarımızı şərtləndirdi. Azərbaycan dövləti oktyabr ayının 4-də Cəbrayıl şəhərini, 17-də Füzuli şəhərini, 22-də Zəngilan şəhərinin işğalçılardan azad olunması ilə BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi, lakin yerinə yetirilməmiş qalan 874 və 884 saylı qətnaməni özü icra etdi. Ağdamın işğaldan azad edilməsi noyabr ayının 10-da imzalanmış üçtərəfli bəyanatın müvafiq maddəsinin yerinə yetirilməsidir. Bununla yanaşı, Prezident, Ali Baş Komandan, cənab İlham Əliyevin qətiyyətli və prinsipial mövqeyi nəticəsində BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi, lakin yerinə yetirilməmiş qalan, eləcə də, işğalçı qüvvələrin Azərbaycan Respublikasının Kəlbəcər ilə Ağdam rayonlarından çıxmasını nəzərdə tutan 822 və 853 saylı qətnamələr də məhz, Azərbaycanın şərtləri ilə icra edildi. Prezident İlham Əliyev hər zaman bəyan edib ki, Azərbaycanın mövqeyində hər hansı bir dəyişiklik yoxdur, ola da bilməz, çünki biz həm tarixi ədalətə, eyni zamanda, beynəlxalq hüquqa əsaslanırıq. “Azərbaycanın ərazi bütövlüyü istənilən digər ölkənin ərazi bütövlüyü kimi eyni dəyərə malikdir” fikrini bütün dünyaya bəyan edən Prezident İlham Əliyev dəfələrlə bildirib ki, heç vaxt Azərbaycan torpağında ikinci erməni dövlətinin yaranmasına icazə verilməyəcək, işğal edilmiş bütün torpaqlar işğalçılardan azad olunmalı, Azərbaycan vətəndaşları öz doğma yurdlarına qayıtmalıdırlar. Rəşadətli Azərbaycan Ordusu sentyabr ayının 27-dən Ermənistanın hərbi təcavüzünə cavab olaraq, 30 ildən artıq işğal altında olan torpaqlarımızı azad etmək üçün genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirilməklə yanaşı, düşmənin bu illər ərzində yaratdığı “yenilməzlik” mifologiyasını darmadağın etdi. Bununla yanaşı, Prezident İlham Əliyevin xarici kütləvi informasiya vasitələrinə verdiyi çoxsaylı müsahibələri Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, davam edən hərbi əməliyyatlarla bağlı tarixə, beynəlxalq hüquqa və ədalətə əsaslanaraq tutarlı arqumentlər üzərində qurulan aydın, məntiqli fikirləri, ölkəmizin haqlı mövqeyinin dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rol oynadı. Eyni zamanda, bu müsahibələr informasiya məkanında da düşmənin yalan üzərində qurulmuş təbliğat maşınına ağır zərbə vurdu və Ermənistanın təcavüzkar siyasətinin, eləcə də, onun himayədarlarının ifşa olunması ilə nəticələndi. Bu, informasiya müharibəsində Azərbaycanın haqlı mövqelərini əhəmiyyətli dərəcədə gücləndirdi, uzun illər Ermənistanın yürütdüyü faşist ideologiyası, xalqımıza qarşı etnik təmizləmə, dövlət terrorizmi və işğalçılıq siyasətinin, eləcə də, erməni yalanlarının dünya miqyasında ifşası istiqamətində əhəmiyyətli rol oynadı, tarixi ədalətin zəfər çaldığını şərtləndirdi. Xüsusilə, son illərdə Azərbaycan diplomatiyasının səyləri nəticəsində münaqişənin həlli ilə bağlı BMT Təhlükəsizlik Şurası, Qoşulmama Hərəkatı, Avropa İttifaqı, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və s. beynəlxalq təşkilatların sənədləri buna müvafiq hüquqi baza yaratdı

Zərdab rayon Gənclər və İdman idarəsinin əməkdaşı – Ehtiram Osmanov

Şərhlər

Şərh yazılmayıb.