Huquqaz.com

İndi Qarabağ torpağında separatçıların izi-tozu da qalmayıb

12.11.2024
2.895
İndi Qarabağ torpağında separatçıların izi-tozu da qalmayıb

İndi Qarabağ torpağında separatçıların izi-tozu da qalmayıb

30 illik erməni işğalına 44 gündə son qoyuldu, ərazi bütövlüyümüz bərpa olundu. Lakin Qarabağın bəzi ərazilərində Ermənistan tərəfindən qanunsuz yerləşdirilən silahlı birləşmələr, diversiya qrupları vaxtaşırı olaraq təxribatlar və terror aktları törətməkdə davam edir, təhlükə mənbəyi olaraq qalırdı. Ötən il sentyabrın 18-də erməni silahlı birləşmələrinin basdırdığı minanın partlaması nəticəsində 6 nəfər, o cümlədən polis əməkdaşları şəhid oldu. Silahlı Qüvvələrimiz tərəfindən sentyabrın 19-da başladılan lokal xarakterli antiterror tədbirləri uğurla nəticələndi. Azərbaycan ərazisindəki qanunsuz silahlı birləşmələrin ön xətdə və dərinlikdə olan mövqeləri, atəş nöqtələri, döyüş vasitələri və bazaları yüksək dəqiqlikli silahlarla vurularaq sıradan çıxarıldı. Cəmi bir sutkaya yaxın müddətdə davam edən antiterror əməliyyatı Müzəffər Ali Baş Komandanın qətiyyətini, Ordumuzun gücünü bir daha nümayiş etdirdi. Düşmən 2020-ci ildə olduğu kimi, yenə ağ bayraq qaldıraraq təslim olmağa məcbur edildi. Bununla da Qarabağda terrorçuların və separatçı rejimin mövcudluğuna son qoyuldu, Qarabağ mövzusu birdəfəlik bağlandı.

Ötən il oktyabrın 15-də növbəti tarixi hadisənin şahidi olduq. Prezident cənab İlham Əliyev Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə, Əsgəranda Dövlət Bayrağımızı ucaldaraq daha bir şanlı tarix yazdı, xalqımıza böyük sevinc və qürur yaşatdı. Müzəffər Ali Baş Komandanın Xankəndidə qürurla dediyi bu sözlər bütün dünyada əks-səda verdi: “Xatırlayıram, o vaxt bəziləri sual verirdi: Nə üçün, nə üçün biz o vaxt – noyabrın 10-da müharibəni dayandırmağa razılıq verdik. Bu gün bax, burada durarkən bir daha bildirmək istəyirəm ki, biz hər şeyi vaxtında etməliyik və etmişik. Azərbaycan xalqının böyük əksəriyyəti o vaxt da – noyabrın 10-da və ondan sonrakı dövrdə çox yaxşı başa düşürdü ki, biz istədiyimizə nail olacağıq. İstədiyimiz isə bax, burada dalğalanan Azərbaycan Bayrağıdır… Bu gün burada qaldırdığım Bayraq burada əbədi dalğalanacaq və biz burada əbədi yaşayacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”. Azərbaycan xalqına qarşı müharibə cinayətləri, terror aktları törətmiş şəxslərin, soyqırımı qatillərinin, separatçı rejimin başçılarının yaxalanaraq qandallanması, ədalət məhkəməsi qarşına çıxarılması hər bir soydaşımızın ürəyindən xəbər verir.

Günel Əlizadə – Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktor əvəzi

 

Şərhlər

Şərh yazılmayıb.