Heydər Əliyev-xalqı birləşdirən azərbaycançılıq məfkurəsi
Heydər Əliyev-xalqı birləşdirən azərbaycançılıq məfkurəsi.
Azərbaycançılıq müstəqil, suveren Azərbaycanın istiqlalını və bu ölkədə dünyəvi prinsiplərə malik sivil demokratik dövlət uğrunda mübarizəni strateji məqsəd seçən Azərbaycan xalqının ideologiyasıdır. Onun əsasında Azərbaycanı özünə vətən sayan bütün xalqların milli, etnik, dini və sosial hüquqlarının bərabərliyi ideyası dayanır.Azərbaycançılıq milli dövlət ideologiyası kimi, Azərbaycan Respublikasının Konstitusiya əsaslarına söykənən, Azərbaycanın müstəqilliyinə, onun hüquqi və demokratik dövlət kimi inkişafına və milli təhlükəsizliyinin qorunmasına xidmət edən dəyərlər sistemidir.
Azərbaycançılığın bütün dünya azərbaycanlılarını birləşdirən ideologiya halına gəlməsi, müstəqil Azərbaycan dövlətinin ideya əsasına çevrilməsi Ümummilli lider Heydər Əliyevin tarixi xidmətidir.Ulu Öndər Heydər Əliyev hələ sovet dövründə Azərbaycan Respublikasına rəhbərlik edərkən azərbaycançılıq məfkurəsinin bütün həmvətənlərimiz arasında yayılmasına, bu ideyanın geniş ictimai dəyər qazanmasına çalışırdı. O dövrdə Azərbaycan ədəbiyyatında, musiqidə, kinoda, təsviri sənətdə və digər sahələrdə xalqın ruhunu, tarixini, milli-mənəvi dəyərlərini təbliğ və tərənnüm edən çoxsaylı əsərlər meydana gəlmişdir. Həmin dövrdə Heydər Əliyev respublikamızdan kənarda yaşayan azərbaycanlıların təşkilatlanmasını, azərbaycanlı diasporunun təşəkkül tapmasını da vacib sayırdı. 1990-cı illərdə hakimiyyətə qayıtdıqdan sonra o, xaricdəki soydaşlarımızın mütəşəkkil qüvvəyə çevrilməsinə, onların doğma vətənlə əlaqələrinin möhkəmlənməsini prioritet məsələ kimi hər zaman diqqətdə saxlamışdır. Çünki güclü azərbaycanlı diasporu müstəqil Azərbaycanın dayağıdır.
Azərbaycan tarixən müxtəlif millətlərin dinc yanaşı yaşadığı, milli və dini tolerantlığın bərqərar olduğu ölkə olmuşdur. Burada hər bir xalqın və millətin nümayəndəsinə bərabər münasibət göstərilmişdir. Ona görə Azərbaycan vətəndaşı sayılan hər kəs azərbaycançılıq ideyası ətrafında birləşmişdir. Azərbaycan xalqının adət-ənənələrini, milli-mənəvi dəyərlərini birləşdirən baxışlar sistemi kimi azərbaycançılıq ideyası ictimai-siyasi proseslərə, konstitusiya sisteminə, xüsusilə dövlət quruculuğuna öz müsbət təsirini göstərir.
Ümummilli lider Heydər Əliyev 2001-ci il noyabrın 9-da Dünya azərbaycanlılarının I qurultayında dövlətin siyasətini səciyyələndirərkən onun prioritet istiqamətini nəzərə çatdırmışdır: “Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı – Azərbaycanın dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq”.Azərbaycançılıq xalqımızın çox əzab-əziyyətlər bahasına nail olduğu tarixi sərvətdir. Bu, ilk növbədə, vahid və bölünməz Azərbaycanın qorunub saxlanılması və möhkəmləndirilməsinin siyasi əsasıdır. Bu gün azərbaycançılıq milli həyatın ahəngdarlığının, konfessiyaların dinc yanaşı yaşamasının, ölkədə yaşayan bütün etnosların qardaşcasına qarşılıqlı əlaqəsi və təsirinin çoxəsrlik ənənəsi, onların ümumi taleyi və gələcək müstəqil Azərbaycanın bütövlüyü, inkişafı və fıravanlığı uğrunda birgə mübarizəsinin ümumi tarixi təcrübəsidir.
Azərbaycançılıq ideologiyası geniş əhatə dairəsi ilə yanaşı, konkret məqsədlər də güdür. Bu ideologiya Azərbaycanda azad vətəndaş cəmiyyətinin inkişafına və güclü dövlət quruculuğuna xidmət edir.Müasir dövrdə qloballaşmanın bir sıra inkişaf göstəriciləri milli mənsubluğa da təsir göstərir. Çağdaş zamanda milli ideologiya ilə ümumbəşəri dəyərlərin ahənginə nail olmaq, qloballaşma prosesinə öz milli-mənəvi irsi ilə qoşulmaq hər bir xalq üçün böyük önəm daşıyır. Azərbaycançılıq ideyası bu çağırışlara cavab verir, milli mənsubluğun müdafiəsi ilə yanaşı, ümumbəşəri dəyərləri də özündə ehtiva edir.Biz bu ideya ilə özümüzü dünyaya tanıdır, onu mütərəqqi dünya dəyərlərini (tolerantlıq, etnik müxtəliflik) özündə birləşdirən ideologiya kimi təbliğ edirik. Bu gün Azərbaycanın əsas prioritetlərindən biri milli adət-ənənələrimizin təmin olunması şərtilə dünya birliyinə inteqrasiya etməsidir. Bu inteqrasiyada Azərbaycanın öz yerini tapması, eyni zamanda, milli eyniyyətini qoruyub saxlaması müstəsna əhəmiyyət kəsb edir. Prezidentimiz cənab İlham Əliyevin qeyd etdiyi kimi: “Azərbaycan xalqı əsrlər boyu müstəqillik həsrətində idi. Biz müxtəlif dövrlərdə başqa-başqa dövlətlərin tərkibində yaşamışıq. Amma öz milli xüsusiyyətlərimizi itirməmişik. Nəyin hesabına? Onun hesabına ki, öz ana dilimizi, mədəniyyətimizi saxlaya bilmişik, ədəbiyyatımız inkişaf edib, milli ənənələrimiz qorunub saxlanılıbdır. Budur, hər bir xalqın milli identifikasiyasını şərtləndirən əsas məsələlər”.
Vətənpərvərlik insanı öz dövləti ilə sıx bağlayır. Bu hiss hər bir fərdi öz torpağına, Vətəninə sahib çıxmağa səsləyir. Vətənpərvərlik dövlət quruluşundan asılı olmayan, vətəndaşlıq mövqeyindən əzəli məfhumdur. Vətəndaşlıq fərdin öz dövlətinə münasibətini təcəssüm etdirirsə, vətənpərvərlik insanın öz ailəsinə, Vətəninə, torpağına hərtərəfli bağlığının göstəricisidir.Azərbaycançılıq kontekstində vətənpərvərlik vətəndaşın öz dövləti ilə daha sıx bağlılığı deməkdir. Vətənpərvərlik loyallığı və tolerantlığı inkar etməyərək hər bir şəxsin öz ölkəsini müdafiə etmək, onun müstəqilliyini qorumaq, inkişafına köməklik etmək istəyidir. Ona görə vətənpərvərlik Azərbaycan xalqının hər bir üzvünü ucaldan və ona şərəf verən vətəndaşlıq mövqeyidir.
Azərbaycançılıq ideologiyasının təkamülündə ölkə başçımız cənab İlham Əliyev mərhələsi özünəməxsus dinamizmi ilə bu ideologiyanı zənginləşməkdə, milli ictimai şüurun əsaslarını müəyyənləşdirməkdə və Azərbaycan xalqının dünya birliyindəki mövqelərini inamla yüksəltməkdədir. Azərbaycançılıq konsepsiyası bu gün cəmiyyətin inkişafının ideya təməlini təşkil edir. Prezidentimiz cənab İlham Əliyev azərbaycançılıq məfkurəsini dövlətçiliyimizin ideoloji əsası kimi xarakterizə edərək demişdir: “Bizi əsrlər boyu bir millət, bir xalq kimi qoruyan, saxlayan dəyərlərimiz olmuşdur. Bu gün bu məsələyə çox böyük diqqət göstərilir. Bu gün qloballaşan, çətinliklərlə üzləşən dünyada milli dəyərlərimiz bizim dövlətçiliyimizin təməlini təşkil edir. Bizim dövlətçiliyimizin çox möhkəm ideoloji əsasları vardır. Azərbaycançılıq məfkurəsi bizim əsas ideoloji dayağımızdır”.
Zərdab rayon Şıxbağı kənd tam orta məktəbinin direktoru-Sabir Əhmədov
Şərh yazılmayıb.