Huquqaz.com

3 RƏNGLİ ŞANLI BAYRAĞIMIZ SUVEREN AZƏRBAYCANIN BÜTÜN ƏRAZİSİNDƏ QÜRURLA DALĞALANIR!

07.11.2024
1.685
3 RƏNGLİ ŞANLI BAYRAĞIMIZ SUVEREN AZƏRBAYCANIN BÜTÜN ƏRAZİSİNDƏ QÜRURLA DALĞALANIR!

3 RƏNGLİ ŞANLI BAYRAĞIMIZ SUVEREN AZƏRBAYCANIN BÜTÜN ƏRAZİSİNDƏ QÜRURLA DALĞALANIR!

Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan vətəndaşlarının milli həmrəyliyinin, vahid məfkurə ətrafında sıx birləşməsinin başlıca amillərindən biridir. Hər bir dövlətin bayrağı onun milli kimliyinin və milli ideologiyasının ifadəsidir.Bayraq elə bir atributdur ki, o, özündə millətin dilini, mədəniyyətini, dini-mənəvi əxlaqını təcəssüm etdirir. Bu ali dəyərdə xalq öz tarixini yaşadır , bu gününü görür, gələcəyini müəyyənləşdirir. Dünənini, bu gününü, sabahını bilən xalq kimi bizim də simvolumuz, and yerimiz üçrəngli bayrağımızdır. Azərbaycan bayrağı! “Qədim dövrlərdən xalqımız öz bayrağı uğrunda, onu qorumaqdan və ucalarda tutmaqdan ötrü canlarından keçmişdi. Bugünkü müstəqil Azərbaycanın Dövlət rəmzi olan üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur və iftixar mənbəyidir. Bayraq milli identikliyin təzahür formalarından biridir. Ən müqəddəs rəmzlərdən olan bayraq millətin varlığının, mövcudluğunun sübutu, müstəqil dövlətə sahib çıxmaq bacarığının əsas göstəricisidir. Ulu Öndər Heydər Əliyev: “Biz öz himnimizi, bayrağımızı özümüz qədər sevməliyik. Çünki bu, bizim vətənimizə, millətimizə, dövlətimizə olan sədaqət, sevgi və məhəbbətin rəmzidir.”, “Kim Azərbaycanı sevirsə, kim Azərbaycanın müstəqil dövlət olmasını istəyirsə, kim Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunmasını istəyirsə, kim Azərbaycanın ərazi bütövlüyünü istəyirsə, o, bu bayraq altında birləşməlidir”. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev:  “Bayrağımız eşidilən səsimiz, duyulan nəfəsimizdir. Bizim bayrağımız qürur mənbəyimizdir. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli – mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir”. Ən müqəddəs rəmzlərdən olan bayraq millətin varlığının, mövcudluğunun sübutu, müstəqil dövlətə sahib çıxmaq bacarığının əsas göstəricisidir. Özünütəsdiq simvolu olan bayraq hər bir Azərbaycan vətəndaşı üçün qürur və güvənc yeridir. 70 il sovetlər birliyinin tərkibində olsaq da, xalqımız bütün təzyiqlərə baxmayaraq, dövlətçiliyinin simvolunu unutmadı, azadlıq və müstəqillik sevgisinin mənbəyinə çevirdi, bayrağımız istiqlal mübarizəsinin ilhamvericisi oldu.          Məhz Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə Naxçıvan parlamenti 1990-cı il noyabrın 17-də tarixi qərara imza ataraq üçrəngli, aypara və səkkizguşəli ulduz nişanlı bayrağımızı yenidən Vətənimizin səmasına qaldıraraq müstəqilliyimizin əsasını qoydu. Bayrağımızın müstəqil Azərbaycanın dövlət rəmzi kimi təsbit edilməsi də Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Onun rəhbərliyi ilə hazırlanan, 1995-ci ildə ümumxalq referendumu ilə qəbul edilmiş Azərbaycan Konstitusiyasında üç rəngli bayrağımız təsdiq olundu. Bu gün bayrağımız beynəlxalq və regional təşkilatların qarşısında qürurla dalğalanır, bizim varlığımızı, gücümüzü bütün dünyaya tanıdır. Cənab Prezident İlham Əliyev həmişə olduğu kimi, verdiyi vədi yerinə yetirdi. 44 günlük Vətən müharibəsində və 19-20 sentyabr antiterror tədbirlərindən sonra əldə olunan qələbə nəticəsində işğaldan azad edilən torpaqlarda Azərbaycan bayrağı qaldırıldı. Artıq dörd ildir ki, bayrağımız qalib dövlətin bayrağı olaraq qürurla dalğalanır. Əminliklə deyə bilərik ki, Ümummilli lider Heydər Əliyevin bizə ərməğan qoyduğu müasir müstəqil Azərbaycanda onun siyasi xəttini uğurla davam etdirən cənab Prezident İlham Əliyevin milli ideallara bağlılığı həm də üçrəngli bayrağımıza münasibətdə açıq-aydın görünür. Azərbaycan xalqının milli qürur, mənlik və özünütəsdiq simvolu olan üçrəngli bayrağımız bütöv və müstəqil Azərbaycanın hər bir güşəsində fəxrlə dalğalanır.

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun misilsiz qəhrəmanlığı sayəsində üç rəngli bayrağımız işğaldan azad olunmuş Şərqi Zəngəzurda və Qarabağda böyük fəxarətlə dalğalanır: “İnanırıq ki, milli birliyimizin simvolu olan Dövlət bayrağımız bundan sonra da daha böyük zirvələrdə qürurla dalğalanacaq”. Vətənimizin müstəqilliyi uğrunda şəhid olan minlərlə soydaşımızın qanına boyanan, tarixin keşməkeşli yollarından keçib gələn ay-ulduzlu, üçrəngli bayrağımız xalqımızın azadlıq mücadiləsinin, milli kimliyinin, birliyinin, şərəf və ləyaqətinin ifadəsi, hörmət və ehtiramının möhtəşəm ünvanı, qürur, güvənc yerimizdir. Bu bayrağın heç vaxt dəyişməyəcək yeri, məkanı bəllidir – xalqın ürəyi, vətən torpağının ən hündür zirvələri. Vətən müharibəsi də xalqımızın üçrəngli bayrağa olan sonsuz məhəbbətini, bayraq ətrafında necə sıx birləşməyi bir daha göstərdi. Eşq olsun Azərbaycanın üçrəngli şanlı bayrağına!

 

Yeni Azərbaycan Partiyası

Saatlı rayon təşkilatı aparatının məsləhətçisi

Aydın Şıxəliyev

Şərhlər

Şərh yazılmayıb.