Huquqaz.com

Qubadlının işğaldan azad edilməsi tarixi hadisə idi

24.10.2024
2.342
Qubadlının işğaldan azad edilməsi tarixi hadisə idi

Qubadlının işğaldan azad edilməsi tarixi hadisə idi

Uzun zaman torpaqlarımızı işğal altında saxlayan Ermənistanın qəbulolunmaz hərəkətləri, beynəlxalq hüququn prinsiplərini kobud şəkildə pozması regionda müharibə ilə nəticələndi. Ermənistanın qeyri-konstruktiv mövqeyi, sülh imitasiyaları aydın şəkildə onun göstəricisi idi ki, işğalçı ölkə barış istəmir.  Ermənistanın Tovuz təxribatı, ardınca təmas xətti boyunca mövqelərimizə hücum etməsi və ordumuzun cavab tədbirləri dünyaya xalqımızın əzminin, qüdrətinin və qəhrəmanlığının təsdiqi olan İkinci Qarabağ savaşının başlanması ilə sonuclandı. Cəbhə boyu bütün istiqamətlərdə ağır məğlubiyyətlə üzləşən işğalçı ölkənin ordusu xalq və lider birliyinin rəmzinə çevrilmiş “Dəmir yumruğ”un zərbəsi altında məhv edildi. İşğal altında olan ərazilərimiz ardıcıl olaraq azad olundu.

2020-ci ilin 25 oktyabrında Qubadlının düşməndən azad olunması növbəti qələbə kimi xalqımıza böyük sevinc və xoşbəxtlik bəxş etdi.

Qalib ölkənin qalib lideri Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Qubadlının işğaldan azad edilməsi tarixi hadisə idi. Oktyabrın 25-də Qubadlı şəhərinin azad edilməsi bizim qələbəmizi yaxınlaşdırdı.

1988-ci ildən başlayaraq Qubadlı rayonuna ermənilər tərəfindən aramsız təcavüzkar hücumlar başlanmış, dinc əhali tеrrora məruz qalmış və düşmən ölkə sistemli şəkildə insanlıq əleyhinə olan fəaliyyətini davam еtdirmişdir. Bunun nəticəsi olaraq 1993-cü il avqustun 31-də rayon dünyanın gözü qarşısında ermənilər tərəfindən tamamilə işğal olundu. İşğal nəticəsində 29997 nəfər qubadlılı doğma yurdundan didərgin düşərək, respublikanın müxtəlif yaşayış məntəqələrində müvəqqəti yerləşdirilmişdir. İşğal dövründə Qubadlı düşmən tərəfindən tamamilə dağıdılaraq xarabalığa çevrilmiş, istismara məruz qalmışdır. Bununla yanaşı, işğal dövründə Qubadlı rayonu ərzisində Ermənistan tərəfindən gömrük qaydalarına zidd olaraq  narkotik, psixotrop maddələrin və dövriyyəsi qadağan edilmiş malların gömrük sərhədindən qanunsuz keçirilməsi halları danılmaz fakt kimi ortadadır. Bu baxımdan işğaldan sonra Qubadlı rayonu ərazisində Cənub Ərazi Baş Gömrük İdarəsinin “Qubadlı” gömrük postunun yaradılması zərurət idi.

Prezident İlham Əliyevin komandanlığı ilə xüsusi peşəkarlıq və fədakarlıqla Azərbaycan Ordusu tərəfindən azad olunan Qubadlı yeni inkişaf dövrünə başlayıb, rayonun gələcək inkişafı ilə bağlı ciddi işlər görülür, mühüm infrastruktur layihələri gerçəkləşdirilir. Prezident İlham Əliyevin tapşırığı ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sosial-iqtisadi inkişafına töhfələr verəcək Qubadlı-Eyvazlı avtomobil yolunun tikintisi aparılır.

Bundan başqa  Prezident İlham Əliyevin yeni Qubadlı‒Laçın avtomobil yolunun layihələndirilməsi və tikintisi ilə bağlı sərəncamına əsasən, Xudafərin‒Qubadlı‒Laçın avtomobil yolunun 33-cü kilometrliyindən başlayan yeni Qubadlı‒Laçın avtomobil yolunun tikintisi həyata keçiriləcək.

Bu gün Qubadlıda varlığımızın təsdiqi olan Azərbaycan bayrağı dalğalanır və xalqımız Qubadlı şəhər gününü böyük sevinc və qürurla qeyd edir. Boz atın belində Bərgüşad, Həkəri boyunca Azərbaycan igidləri şahə qalxır, qurub- yaradır və tarixi yurd yerinin təhlükəsizliyini qoruyurlar. Bu xoşbəxtliyi yaşayan xalq əmindir ki, bir daha bu torpaqlara yağı ayağı dəyməyəcək. Çünki 1988-ci ildə deyil, 2024-cü ildəyik və qüdrətli Azərbaycan öz əvəzolunmaz, tarixləşən lideri ilə yenilməzdir! Ərazi bütövlüyümüzə yan baxmağa belə kimsə cəsarət edə bilməz!

Nailə Əliyeva Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

 

 

Qubadlı şəhərinin azad edilməsi Vətən müharibəsi zamanı baş verən ən mühüm hərbi əməliyyatlardan biridir

 Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib. Sərəncama əsasən, 25 oktyabr Qubadlı Şəhəri Günü kimi müəyyən olub.

Qubadlı rayonu 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib, 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilib. Bu tarixi gün ölkəmizin ərazi bütövlüyünün bərpası yolunda atılan mühüm addımlardan biri olaraq yaddaşlara həkk olunub.

İkinci Qarabağ müharibəsində Azərbaycanın möhtəşəm Qələbəsi ölkə tarixinə dönüş nöqtəsi olaraq yazıldı. Bu müharibə zamanı Qubadlı rayonu 25 oktyabrda erməni tapdağından azad olundu. 27 ildən çox davam edən işğal dövrü ərzində Qubadlı rayonu böyük dağıntılara məruz qaldı, amma bu gün Azərbaycan xalqı öz tarixi torpaqlarına qayıdışının sevincini yaşayır. Tarixi Zəfər Azərbaycan Silahlı Qüvvələrinin rəşadətinin və xalqın birliyinin nəticəsidir.

Qubadlı rayonu Azərbaycanın cənub-qərbində yerləşən dağlıq bir ərazidir və strateji mövqeyə malikdir. Rayonun təbii sərvətləri və coğrafi əhəmiyyəti onu bölgədə vacib məkanlardan birinə çevirir. İşğal illərində bu ərazilərdə geniş dağıntılar və talanlar baş verib.

İşğal nəticəsində rayondan 29997 nəfər məcburi köçkün respublikanın müxtəlif yaşayış məntəqələrində müvəqqəti yerləşdirilmişdir. 94 yaşayış məntəqəsi, 7278 fərdi yaşayış evi, 64 inzibati bina, 148 sosial obyekti, 161 mədəniyyət obyekti, 7 məscid, 16 körpü dağıdılmış və yararsız vəziyyətə salınmışdır. 1080 ədəd kənd təsərrüfatı obyekti, 650 km avtomobil yolu, 2 su anbarı, 150 km magistral su xətləri, 4830 km elektrik xətləri, 165 km magistral qaz boru xətti, 9 tikinti idarəsi, 4 yol idarəsi, 18 ədəd dəyirman, 4 ədəd su nasos stansiyası, 120 ədəd elektrik yarımstansiyası və transformatorlar tamamilə dağıdılmışdır.

Rəsmi İrəvanın qanunsuz məskunlaşma siyasəti Qubadlıdan da yan keçməmişdir. Xaricdən gətirilən ermənilər burada qanunsuz yollarla yerləşdirilmişdilər. Cenevrə Konvensiyalarına görə, işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma aparan dövlət cinayət törətmiş olur. Xaricdən gələn ermənilər üçün xaricdə yaşayan ermənilərin pulu ilə Xanlıq kəndində qəsəbə salınmışdı. Ancaq 2020-ci ildə Azərbaycanın möhtəşəm Qələbəsi ilə bu yerlər yenidən dirçəlmək şansı qazandı.

Qubadlı şəhərinin azad edilməsi Vətən müharibəsi zamanı baş verən ən mühüm hərbi əməliyyatlardan biridir. Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. İlk növbədə, şəhərə hakim olan yüksəkliklər, ətrafda yerləşən kəndlər, o cümlədən Xanlıq, Padar, Sarıyataq kəndləri götürüldü və strateji yüksəkliklər ələ keçirildi.

2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi Azərbaycanın Silahlı Qüvvələrinin qətiyyətli və peşəkar hərbi planlarının həyata keçirilməsi nəticəsində uğurla başa çatdı. Qubadlı uğrunda döyüşlər Azərbaycanın ərazi bütövlüyünün bərpası yolunda atılan uğurlu addımlardan biri kimi dəyərləndirilir. Qubadlı şəhəri işğaldan azad edildikdən dərhal sonra sürətli bərpa və yenidənqurma işlərinə başlanılıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzurun işğaldan azad edilmiş ərazilərində genişmiqyaslı infrastruktur layihələri həyata keçirilir, Qubadlı da bu inkişafdan geri qalmır.

Həsən Abulov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədr müavini

Şərhlər

Şərh yazılmayıb.