Huquqaz.com

ŞUŞA ŞƏHƏRİ CƏNUBİ QAFQAZIN ƏN GÖZƏL ŞƏHƏRLƏRİNDƏN BİRİNƏ ÇEVRİLƏCƏK!

06.11.2024
1.560
ŞUŞA ŞƏHƏRİ CƏNUBİ QAFQAZIN ƏN GÖZƏL ŞƏHƏRLƏRİNDƏN BİRİNƏ ÇEVRİLƏCƏK!

ŞUŞA ŞƏHƏRİ CƏNUBİ QAFQAZIN ƏN GÖZƏL ŞƏHƏRLƏRİNDƏN BİRİNƏ ÇEVRİLƏCƏK!

 

4 ildir Şuşa düşmən tapdağından, işğalçı nəfəsindən azad edilib. Ötən hər il sözün həqiqi mənasında xalqımız üçün qürur, şərəf və iftixar olub. 1992-ci ilin 8 mayından Ermənistan işğalçı qüvvələrinin zəbt etdiyi Şuşa şəhəri – Qarabağın baş tacı – 28 il 6 ay sonra, 2020-ci ilin 8 noyabrında işğaldan azad olundu. Şanlı Azərbaycan Ordusunun bu möhtəşəm zəfər xəbərini, Prezident, Ali Baş Komandan cənab İlham Əliyev Şəhidlər xiyabanından Azərbaycan xalqına müraciətində elan etdi. Noyabrın 8-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri xiyabanda və Şəhidlər xiyabanında oldular. Həmin gün indi də gözümün qabağındadır. Hər dəfə o günü xatırlayanda kövrəlirəm, dövlətimin başçısı ilə, şanlı ordumuzla fəxr edirəm. Fəxri xiyabana gələn dövlət başçısı və birinci xanım əvvəlcə ulu öndər Heydər Əliyevin xatirəsinə ehtiramlarını bildiriblər. Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin abidəsi önünə əklil qoyduqdan sonra birinci xanım Mehriban Əliyeva ilə Şəhidlər xiyabanına gəliblər. Dövlət başçısı və birinci xanım Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad ediblər, məzarları önünə gül dəstələri düzüblər. Həmçinin cənab Prezident İlham Əliyev “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub. Azərbaycanın Dövlət Himni səsləndirilib və dövlət başçısı Şəhidlər xiyabanında Azərbaycan xalqına müraciət edib. Cənab Prezident müraciətində demişdir ki, “Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları”! Nə qədər məntiqli bir müraciət. Bu kəlmələrin hər biri özlüyündə bir tarixdir və tarixi keçmişimizdən xəbər verən hikmətdir. Müraciətdə səslənən bu fikirlər isə bir ömür mənimlə olacaq. “ Bu tarixi bir gündə Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda bəlkə də ən xoşbəxt günlərimdən biridir.

Ümumiyyətlə, Şuşada təmir-bərpa işlərinə 2021-ci ilin yanvar ayının 14-dən etibarən başlanılıb, şəhərin baş planı təsdiq olunaraq bütün işlər operativ qaydada həyata keçirilib. Burada uzun müddətdən sonra “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının yenidən keçirilməsi, Vaqifin muzey-məqbərə kompleksi, Yuxarı Gövhər Ağa, Saatlı, Mamayı məscidlərinin, bir sıra abidələrimizin yenidənqurma işlərindən sonra açılışı Azərbaycanın mədəniyyət tarixinə göstərilmiş diqqətin bariz nümünəsi və ölkə başçısının vurğuladığı kimi, “savadlı, bilikli, vətənpərvər, fiziki cəhətdən güclü, mənəvi cəhətdən sağlam, saf gənc nəslimiz”, bütövlükdə Azərbaycan xalqı üçün iftixar hissidir. Bu gün Şuşanı azad görmək və günbəgün yeniləşməsinin şahidi olmaq hər bir vətənpərvər azərbaycanlını qürurlandırır. Şuşanın işğaldan azad edilməsi hərb tarixinin möcüzəsi hesab ediləcək qədər nadir hadisələrdən sayılır. Azərbaycan Ordusunun Şuşanı azadetmə əməliyyatı  dünyanın ən böyük hərb institutları mütəxəssislərinin, ekspertlərin təəccübünə səbəb olub. Bu uğurlu əməliyyatdan sonra bir sıra böyük dövlətlər, ABŞ, Çin öz ordularında  Azərbaycan əsgərinin döyüş təcrübəsini öyrənməyə başlayıb. Azərbaycan XTQ-nin Şuşada apardığı şəhər döyüşlərini hərb tarixinin “möcüzəsi” adlandırıblar. Şuşa düşmən işğalından azad olunduqdan sonra Azərbaycan əsgərinin iz saldığı o yollardan Ali Baş Komandan ailə üzvləri ilə keçərək Şuşaya getdi.

Şuşada müqəddəs bayrağımızı ucaldan Müzəffər Ali Baş Komandan elə oradaca qətiyyətlə Şuşanın yenidən qurularaq bərpa olunacağını bildirdi. Azərbaycan Ordusu ermənilərin 30 ilə qət edib “möhkəmləndikləri” yerlərə 44 günə gəldi. Azərbaycan dövləti Ermənistanın dağıtdığı qədim şəhərimizi dörd ildir bərpa edib gözəlləşdirir. Bu gün Şuşa əsl tikinti meydançasını xatırladır. Bir yandan sürətlə erməni vandallarının dağıdıb viran qoyduqları tarixi abidələrimiz bərpa edilir, digər tərəfdən də yaşayış kompleksləri, hotellər inşa edilərək şəhərin gözəlliyinə yeni rəng qatılır. Şuşa Azərbaycan əsgərinin vətən sevgisinin simvoludur. Şuşa Azərbaycan əsgərinin qəhrəmanlıq simvoludur. Şuşa mənəvi ucalıqdır. Şuşa qələbəmizin rəmzidir. Bu gün heç bir qüvvə yumruq kimi birləşən Azərbaycan xalqının qarşısında dura bilməz. Azərbaycanın formalaşmaqda olan yeni nəsli cənab Prezident İlham Əliyev və Azərbaycanın qəhrəman övladlarının ərazi bütövlüyü, suverenliyimizin bərpası uğrunda gördüyü işləri daim qoruyacaq, Şuşanı həm ölkəmizin, həm də İslam dünyasının mədəniyyət paytaxtı olaraq bütün xalqların sülh məkanına, burada keçiriləcək daha böyük qlobal tədbirlərlə isə hər bir insanın qürur və sevinc mənbəyinə çevirəcəkdir.

 

 

Yeni Azərbaycan Partiyası

Saatlı rayon təşkilatının sədr müavini

Sevinc Gülüşova

Şərhlər

Şərh yazılmayıb.