Huquqaz.com

Slovakiya-Azərbaycan əlaqələrinin tarixində əlamətdar gün

08.05.2024
4.179
Slovakiya-Azərbaycan əlaqələrinin tarixində əlamətdar gün

Slovakiya-Azərbaycan əlaqələrinin tarixində əlamətdar gün

Azərbaycan ilə Slovakiyanın diplomatik əlaqələri 1993-cü ildən qurulsa da, Prezident cənab İlham Əliyevin 2004-cü ildə Slovakiyaya səfəri ikitərəfli münasibətlərin genişlənməsində böyük rol oynayıb: “Azərbaycanda Slovakiya şirkətləri fəaliyyət göstərir və onlar yol tikintisi, müxtəlif layihələrin həyata keçirilməsi ilə məşğuldurlar. Slovakiya Azərbaycanla enerji, kənd təsərrüfatı, elektrik stansiyaları, ətraf mühitin qorunması və inşaat sahəsində əməkdaşlıq etməkdə daha çox maraqlıdır. Məhz bu kontekstdə iki ölkənin əməkdaşlığının bir əlamətdar istiqaməti də azad edilmiş torpaqlarda Slovakiya şirkətinin fəaliyyətidir. Çünki Ağdamın Qərvənd kəndinin yenidən qurulması Slovakiya şirkəti tərəfindən icra ediləcək. Bu, əlbəttə ki, həm də böyük rəmzi məna daşıyır. Əgər bu bir tərəfdən Azərbaycan-Slovakiya əlaqələrinin səmimiliyinin dərəcəsini göstərirsə, digər tərəfdən işğaldan azad edilmiş torpaqlarda ən müasir standartlara cavab verən “Ağıllı şəhər”, “Ağıllı kənd” konsepsiyası əsasında slovakiyalı mütəxəssislər tərəfindən görüləcək işlər oraya qayıdacaq insanları sevindirəcək”. Azərbaycan-Slovakiya münasibətlərində enerji sahəsində əməkdaşlığın da xüsusi əhəmiyyət kəsb edir. Hazırda Azərbaycan 8 Avropa ölkəsinə təbii qaz ixrac edir. 2023-cü ildə “Həmrəylik Halqası” adlanan sənədin imzalanması ilə Azərbaycan qazının Slovakiya bazarına da nəql edilməsi üçün yaxşı imkanlar yaradılıb. Bu mənada Azərbaycan təbii qazını 9-cu Avropa ölkəsi olmaqla Slovakiyaya da ixrac edə biləcək. Lakin onu da nəzərə almaq lazımdır ki, Azərbaycan bərpaolunan enerji növlərini də Avropa ölkələrinə ixrac etməyi planlaşdırır. Bu səbəbdən də Balkan yarımadasına çıxacaq elektrik enerjisi xətti Slovakiyanı da əhatələyə bilər.

Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun Azərbaycana səfəri və səfər çərçivəsində strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması Azərbaycan-Slovakiya əlaqələrinin tarixində əlamətdar gün hesab olunmaqdadır. Eyni zamanda, hərbi-texniki əməkdaşlıq sahəsində Anlaşma Memorandumunun imzalanması, siyasi məsləhətləşmələrin aparılması, enerji sahəsindəki əməkdaşlıq Azərbaycan-Slovakiya əlaqələrində yeni səhifənin açılmasına işarədir.

Emil Kamilov – “Rayon Mərkəzi Xəstəxanası” PHŞ direktoru

 

 

Bizim siyasi əlaqələrimiz yüksək səviyyədədir

Azərbaycanın xarici siyasətinin əsas tərkib hissələrindən biri ayrı-ayrı dövlətlərlə ikitərəfli əlaqələrin qurulması və yeni istiqamətlər üzrə inkişaf etdirilməsidir. Qarşılıqlı səfərlər çərçivəsində müzakirə olunan məsələlər, imzalan sənədlər bu əlaqələrin yüksələn xətlə inkişafında stimulverici amil rolunu oynayır. Bu baxımdan Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun ölkəmizə səfəri xüsusilə diqqət çəkir. Səfər çərçivəsində Prezident İlham Əliyevin və Robert Fitsonun tətbətək və geniş tərkibdə görüşləri, mətbuata birgə bəyanatları iki ölkə arasında münasibətlərin dünəni, bugünu və gələcəyi barədə aydın təsəvvür yaratdı. Geniş tərkibdə keçirilən görüşdə dövlət başçısı cənab İlham Əliyev bildirdi ki, Slovakiya-Azərbaycan əlaqələrinin çox gözəl gələcəyi var. Həm siyasi-iqtisadi, həm də enerji, sənaye istehsalı sahələrində əməkdaşlığın perspektivləri çox müsbətdir. Səfər iki ölkə arasında əlaqələrin inkişafında yeni səhifə kimi dəyərləndirildi. Bu yeni səhifəyə əsas verən iki ölkə arasında imzalanan sənədlər oldu. Belə ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun iştirakı ilə  “Azərbaycan Respublikası ilə Slovakiya Respublikası arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə”, “Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi ilə Slovakiya Respublikasının Müdafiə Nazirliyi arasında hərbi-texniki əməkdaşlıq sahəsində Anlaşma Memorandumu” və  “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Slovakiya Respublikasının Müdafiə Nazirliyi arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş” imzalandı.

Slovakiya Respublikası Azərbaycan Respublikasının müstəqilliyini 24 yanvar 1992-ci ildə tanımışdır. İki ölkə arasında diplomatik münasibətlər 23 noyabr 1993-cü ildə qurulmuşdur. Slovakiya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi 1 oktyabr 2019-cu ildən fəaliyyət göstərir. Azərbaycan Respublikasının Slovakiya Respublikasında (Bratislava şəhərində) səfirliyi 28 iyul 2023-cü ildə təsis edilmişdir. İkitərəfli münasibətlərin genişlənməsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Slovakiya Respublikasına səfəri böyük rol oynayıb. 18 mart 2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Slovakiya Respublikasına işgüzar səfər edib. Azərbaycanda Slovakiya şirkətləri fəaliyyət göstərir və bu şirkətlər Azərbaycanda yol tikintisi, müxtəlif layihələrin həyata keçirilməsi ilə məşğuldurlar. Slovakiya Azərbaycanla enerji, kənd təsərrüfatı, elektrik stansiyaları, ətraf mühitin qorunması və inşaat sahəsində əməkdaşlıq etməkdə daha çox maraqlıdır. Azərbaycan Respublikası  Milli Məclisində 13 dekabr 2005-ci ildən etibarən Azərbaycan-Slovakiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Prezident cənab İlham Əliyev mətbuata bəyanatında səfər çərçivəsində strateji tərədaşlıq haqqında birgə Bəyannamənin imzalanmasını önə çəkərək bildirdi ki, bu, çox ciddi siyasi və əlaqələrimizi ən yüksək səviyyəyə qaldıran sənəddir. Strateji tərəfdaşlıq Bəyannaməsində əks olunan maddələr niyyətimizi əks etdirir, eyni zamanda, gələcək əməkdaşlığın perspektivlərini də müəyyən edir. İmzalanan sənədlər arasında müdafiə və müdafiə sənayesi sahələrinə aid sənədlər var. Bu iki istiqamət üzrə geniş fikir mübadiləsi aparıldı və müdafiə sənayesi sahəsində birgə istehsal sahələrinin yaradılması haqqında da artıq konkret danışıqlara da start verildi.

Nağıyev Abbas –Zərdab rayon Dəli Quşçu kənd sakini, ağsaqqal

 

 

Avropa İttifaqı ilə Azərbaycan arasında qaz və enerji sahəsində imzalanmış strateji tərəfdaşlıq Bəyannaməsi icra edilir

Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun Azərbaycana səfəri çərçivəsində Mətbuata bəyanatında Azərbaycanın enerji diplomatiyasının uğurlarından geniş bəhs edən Prezident cənab İlham Əliyev çoxtərəfli əməkdaşlıq sahəsində atılan addımları və uğurlu nəticələri diqqətə çatdırdı. Qeyd edildi ki, Azərbaycan hazırda 8 ölkəyə öz təbii qazını ixrac edir. 9-cu ölkə Slovakiya olacaq. Keçən ilin aprel ayında “Həmrəylik Halqası” adlanan sənəd imzalandı və Azərbaycan qazını Slovakiya bazarına da nəql etmək üçün yaxşı imkanlar yaradıldı. Mətbuata birgə bəyanatda Avropa İttifaqı ilə Azərbaycan arasında qaz və enerji sahəsində imzalanmış strateji tərəfdaşlıq Bəyannaməsini də xüsusi diqqət yönəldilərək bildirildi ki, Azərbaycan öz təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir. Avropaya təchizat 2021-ci ildəki 8 milyard kubmetrdən bu il 12 milyard kubmetrə qədər qalxacaq. Bu da Azərbaycanın ümumi qaz ixracının 50 faizini təşkil edir. 2027-ci ilin sonuna qədər təkcə Avropa İttifaqı məkanına 20 milyard kubmetr qazın nəql edilməsi məsələsi gündəlikdədir.

Hazırkı dövrün əsas çağırışlarından biri bərpaolunan enerji mənbələrinə investisiyaların yatırılmasıdır. Azərbaycan bu sahədə də əməkdaşlığa xüsusi önəm verir. Ölkəmizin malik olduğu yaşıl enerji potensialı beynəlxalq səviyyədə də yüksək qiymətləndirilir. Azərbaycanın bu ilin noyabr ayında COP 29-a ev sahibliyi ölkəmizin beynəlxalq nüfuzu ilə yanaşı, bərpaolunan enerji sahəsində malik olduğu təcrübənin, imkanların təqdimatıdır.  COP29 bu sahədə əməkdaşlığa geniş imkanlar açacaq. Dövlət başçısı İlham Əliyev Slovakiyanın Baş naziri ilə mətbuata birgə bəyanatında da diqqəti bu sahəyə yönəldərək bildirdi ki, genişmiqyaslı yaşıl gündəliyimiz də icra edilir və bir çox bərpaolunan külək və günəş enerjisi stansiyalarının inşa olunması qaza qənaət etmək imkanı yaradacaq. Bu qənaət olunmuş qazın əsas ünvanı Avropa olacaqdır.

Sevinc İmanova – “Rayon Mərkəzi Xəstəxanası” PHŞ-də Terapiya şöbəsinin müdiri

Şərhlər

Şərh yazılmayıb.