Huquqaz.com

Slovakiya Respublikasının Baş nazirinin Azərbaycana səfəri iki ölkə arasında əlaqələrin inkişafında yeni səhifə kimi dəyərləndirildi

08.05.2024
2.838
Slovakiya Respublikasının Baş nazirinin Azərbaycana səfəri iki ölkə arasında əlaqələrin inkişafında yeni səhifə kimi dəyərləndirildi

Slovakiya Respublikasının Baş nazirinin Azərbaycana səfəri iki ölkə arasında əlaqələrin inkişafında yeni səhifə kimi dəyərləndirildi

Azərbaycanın xarici siyasətinin əsas tərkib hissələrindən biri ayrı-ayrı dövlətlərlə ikitərəfli əlaqələrin qurulması və yeni istiqamətlər üzrə inkişaf etdirilməsidir. Qarşılıqlı səfərlər çərçivəsində müzakirə olunan məsələlər, imzalan sənədlər bu əlaqələrin yüksələn xətlə inkişafında stimulverici amil rolunu oynayır. Bu baxımdan Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun ölkəmizə səfəri xüsusilə diqqət çəkir. Səfər çərçivəsində Prezident İlham Əliyevin və Robert Fitsonun tətbətək və geniş tərkibdə görüşləri, mətbuata birgə bəyanatları iki ölkə arasında münasibətlərin dünəni, bugünu və gələcəyi barədə aydın təsəvvür yaratdı. Geniş tərkibdə keçirilən görüşdə dövlət başçısı İlham Əliyev bildirdi ki, Slovakiya-Azərbaycan əlaqələrinin çox gözəl gələcəyi var. Həm siyasi-iqtisadi, həm də enerji, sənaye istehsalı sahələrində əməkdaşlığın perspektivləri çox müsbətdir.

Səfər iki ölkə arasında əlaqələrin inkişafında yeni səhifə kimi dəyərləndirildi. Bu yeni səhifəyə əsas verən iki ölkə arasında imzalanan sənədlər oldu. Belə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun iştirakı ilə  “Azərbaycan Respublikası ilə Slovakiya Respublikası arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə”, “Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi ilə Slovakiya Respublikasının Müdafiə Nazirliyi arasında hərbi-texniki əməkdaşlıq sahəsində Anlaşma Memorandumu” və  “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Slovakiya Respublikasının Müdafiə Nazirliyi arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş” imzalandı.

Slovakiya Respublikası Azərbaycan Respublikasının müstəqilliyini 24 yanvar 1992-ci ildə tanımışdır. İki ölkə arasında diplomatik münasibətlər 23 noyabr 1993-cü ildə qurulmuşdur. Slovakiya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi 1 oktyabr 2019-cu ildən fəaliyyət göstərir. Azərbaycan Respublikasının Slovakiya Respublikasında (Bratislava şəhərində) səfirliyi 28 iyul 2023-cü ildə təsis edilmişdir. İkitərəfli münasibətlərin genişlənməsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Slovakiya Respublikasına səfəri böyük rol oynayıb. 18 mart 2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Slovakiya Respublikasına işgüzar səfər edib. Azərbaycanda Slovakiya şirkətləri fəaliyyət göstərir və bu şirkətlər Azərbaycanda yol tikintisi, müxtəlif layihələrin həyata keçirilməsi ilə məşğuldurlar. Slovakiya Azərbaycanla enerji, kənd təsərrüfatı, elektrik stansiyaları, ətraf mühitin qorunması və inşaat sahəsində əməkdaşlıq etməkdə daha çox maraqlıdır. Azərbaycan Respublikası  Milli Məclisində 13 dekabr 2005-ci ildən etibarən Azərbaycan-Slovakiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir.

Dövlət başçısı İham Əliyev mətbuata bəyanatında səfər çərçivəsində strateji tərədaşlıq haqqında birgə Bəyannamənin imzalanmasını önə çəkərək bildirdi ki, bu, çox ciddi siyasi və əlaqələrimizi ən yüksək səviyyəyə qaldıran sənəddir. Strateji tərəfdaşlıq Bəyannaməsində əks olunan maddələr niyyətimizi əks etdirir, eyni zamanda, gələcək əməkdaşlığın perspektivlərini də müəyyən edir.

İmzalanan sənədlər arasında müdafiə və müdafiə sənayesi sahələrinə aid sənədlər var. Bu iki istiqamət üzrə geniş fikir mübadiləsi aparıldı və müdafiə sənayesi sahəsində birgə istehsal sahələrinin yaradılması haqqında da artıq konkret danışıqlara da start verildi.

Nailə Əliyeva Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

 

 

Azərbaycanda qaz hasilatı artır, yeni yataqlar kəşf olunur və o yataqlarda istismar artıq başlamışdır

Azərbaycan hazırda 8 ölkəyə öz təbii qazını ixrac edir. 9-cu ölkə Slovakiya olacaq. Keçən ilin aprel ayında “Həmrəylik Halqası” adlanan sənəd imzalandı və Azərbaycan qazını Slovakiya bazarına da nəql etmək üçün yaxşı imkanlar yaradıldı. Mətbuata birgə bəyanatda Avropa İttifaqı ilə Azərbaycan arasında qaz və enerji sahəsində imzalanmış strateji tərəfdaşlıq Bəyannaməsini də xüsusi diqqət yönəldilərək bildirildi ki, Azərbaycan öz təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir. Avropaya təchizat 2021-ci ildəki 8 milyard kubmetrdən bu il 12 milyard kubmetrə qədər qalxacaq. Bu da Azərbaycanın ümumi qaz ixracının 50 faizini təşkil edir. 2027-ci ilin sonuna qədər təkcə Avropa İttifaqı məkanına 20 milyard kubmetr qazın nəql edilməsi məsələsi gündəlikdədir.

Cənab İlham Əliyev ölkəmizin zəngin neft-qaz potensialına da diqqəti yönəltdi  və vurğuladı ki, Azərbaycanda qaz hasilatı artır, yeni yataqlar kəşf olunur və o yataqlarda istismar artıq başlamışdır.

Hazırkı dövrün əsas çağırışlarından biri bərpaolunan enerji mənbələrinə investisiyaların yatırılmasıdır. Azərbaycan bu sahədə də əməkdaşlığa xüsusi önəm verir. Ölkəmizin malik olduğu yaşıl enerji potensialı beynəlxalq səviyyədə də yüksək qiymətləndirilir. Azərbaycanın bu ilin noyabr ayında COP 29-a ev sahibliyi ölkəmizin beynəlxalq nüfuzu ilə yanaşı, bərpaolunan enerji sahəsində malik olduğu təcrübənin, imkanların təqdimatıdır.  COP29 bu sahədə əməkdaşlığa geniş imkanlar açacaq. Dövlət başçısı İlham Əliyev Slovakiyanın Baş naziri ilə mətbuata birgə bəyanatında da diqqəti bu sahəyə yönəldərək bildirdi ki, genişmiqyaslı yaşıl gündəliyimiz də icra edilir və bir çox bərpaolunan külək və günəş enerjisi stansiyalarının inşa olunması qaza qənaət etmək imkanı yaradacaq. Bu qənaət olunmuş qazın əsas ünvanı Avropa olacaqdır.

Slovakiyanın Baş naziri Robert Fitson ölkəmizə səfərindən məmnunluğunu ifadə etdi  və bu fikri xüsusi vurğuladı ki, səfərin nəticələri gözlədiyimdən də artıq oldu. “Siz suveren bir ölkəsiniz və suverenliyə gəldikdə nümunəvi ölkəsiniz. Suveren mövqe və fikirlərə gəldikdə, mən hər zaman belə ölkələri yüksək qiymətləndirmişəm. Siz ədalətsizliyə sinə gərirsiniz. Eyni yanaşmanı, mən Slovakiyada tətbiq etməyə çalışacağam ki, Slovakiya da suveren xarici siyasət apara bilsin və bizim kimi suveren ölkələr bir araya gəldikdə nəticələr çox gözəl ola bilər” söyləyən Baş nazir bildirdi ki, biz Azərbaycan ilə Avropa İttifaqı arasında körpü olmağa hazırıq. Azərbaycan-Slovakiya münasibətlərinin ayrı-ayrl istiqamətlər üzrə inkişafı üçün böyük imkanlar mövcuddur.

Bugünümüzün əsas hədəfi işğaldan azad olunmuş ərazilərimizin bərpası və soydaşlarımızın doğma yurd-yuvalarına qayıdışıdır. Dövlət başçısı İlham Əliyev işğaldan azad edilmiş torpaqlarda bərpa-quruculuq işlərinə başlayarkən bu prosesə dost ölkələrin dəstəyinin vacibliyini xüsusi qeyd etmişdir. Azərbaycan-Slovakiya münasibətlərinin mühüm istiqamətlərindən biri kimi azad edilmiş torpaqlarda Slovakiya şirkətlərinin fəaliyyəti təqdir edildi. Dövlət başçısı İlham Əliyev bildirdi ki, Ağdamın Qərvənd kəndinin yenidən qurulması Slovakiya şirkəti tərəfindən icra ediləcək. Bu da təbii ki, həm böyük rəmzi məna daşıyır, həm də əlaqələrimizin səmimiliyinin dərəcəsini göstərir. Eyni zamanda, işğaldan azad edilmiş torpaqlarda ən müasir standartlara cavab verən “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyası əsasında slovakiyalı mütəxəssislər tərəfindən görüləcək işlər oraya qayıdacaq insanları sevindirəcək.

Həsən Abulov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədr müavini

 

 

Azərbaycan-Slovakiya münasibətlərində enerji sahəsində əməkdaşlıxüsusi əhəmiyyət kəsb edir

Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun Azərbaycana səfəri və səfər çərçivəsində strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması Azərbaycan-Slovakiya əlaqələrinin tarixində əlamətdar gün hesab olunmaqdadır. Eyni zamanda, hərbi-texniki əməkdaşlıq sahəsində Anlaşma Memorandumunun imzalanması, siyasi məsləhətləşmələrin aparılması, enerji sahəsindəki əməkdaşlıq Azərbaycan-Slovakiya əlaqələrində yeni səhifənin açılmasına işarədir.

Azərbaycan ilə Slovakiyanın diplomatik əlaqələri 1993-cü ildən qurulsa da, Prezident İlham Əliyevin 2004-cü ildə Slovakiyaya səfəri ikitərəfli münasibətlərin genişlənməsində böyük rol oynayıb. Azərbaycanda Slovakiya şirkətləri fəaliyyət göstərir və onlar yol tikintisi, müxtəlif layihələrin həyata keçirilməsi ilə məşğuldurlar. Slovakiya Azərbaycanla enerji, kənd təsərrüfatı, elektrik stansiyaları, ətraf mühitin qorunması və inşaat sahəsində əməkdaşlıq etməkdə daha çox maraqlıdır. Məhz bu kontekstdə iki ölkənin əməkdaşlığının bir əlamətdar istiqaməti də azad edilmiş torpaqlarda Slovakiya şirkətinin fəaliyyətidir. Çünki Ağdamın Qərvənd kəndinin yenidən qurulması Slovakiya şirkəti tərəfindən icra ediləcək. Bu, əlbəttə ki, həm də böyük rəmzi məna daşıyır. Əgər bu bir tərəfdən Azərbaycan-Slovakiya əlaqələrinin səmimiliyinin dərəcəsini göstərirsə, digər tərəfdən işğaldan azad edilmiş torpaqlarda ən müasir standartlara cavab verən “Ağıllı şəhər”, “Ağıllı kənd” konsepsiyası əsasında slovakiyalı mütəxəssislər tərəfindən görüləcək işlər oraya qayıdacaq insanları sevindirəcək.

Hazırda Azərbaycan 8 Avropa ölkəsinə təbii qaz ixrac edir. 2023-cü ildə “Həmrəylik Halqası” adlanan sənədin imzalanması ilə Azərbaycan qazının Slovakiya bazarına da nəql edilməsi üçün yaxşı imkanlar yaradılıb. Bu mənada Azərbaycan təbii qazını 9-cu Avropa ölkəsi olmaqla Slovakiyaya da ixrac edə biləcək. Lakin onu da nəzərə almaq lazımdır ki, Azərbaycan bərpaolunan enerji növlərini də Avropa ölkələrinə ixrac etməyi planlaşdırır. Bu səbəbdən də Balkan yarımadasına çıxacaq elektrik enerjisi xətti Slovakiyanı da əhatələyə bilər.

Babək Əliyev – Zərdab şəhər sakini, ağsaqqal

 

 

Slovakiya Azərbaycanın Cənubi Qafqazdakı strateji yerini və rolunu yüksək qiymətləndirir

Müstəqil Azərbaycanın qarşılıqlı maraqlar, müstəqillik və suverenlik prinsipləri əsasında həyata keçirdiyi ardıcıl çoxşaxəli xarici siyasət kursu beynəlxalq miqyasda, o cümlədən Avropa İttifaqı məkanında ölkəmizə çoxlu dostlar qazandırıb. Azərbaycan Avropa İttifaqında təmsil olunan ayrı-ayrı ölkələrlə intensiv təmaslara malikdir və 9 üzv dövlətlə strateji tərəfdaşlıq haqqında müqavilələr imzalayıb. Azərbaycanın “qoca qitə”də tərəfdaşlıq münasibətlərini getdikcə daha da inkişaf etdirdiyi ölkələrdən biri də Slovakiyadır.

Slovakiyanın Baş naziri Robert Fitsonun ölkəmizə rəsmi səfəri çərçivəsində perspektiv əməkdaşlığın müxtəlif aspektlərinə aid aktual məsələlər müzakirə edildi, həmçinin təkbətək və geniş tərkibdə görüşlər keçirildi, mətbuata birgə bəyanat verildi. Slovakiyanın hökumət rəsmisinin Azərbaycana səfəri Avropa İttifaqına üzv ölkələr arasında əməkdaşlığın yüksələn xətt üzrə inkişaf etdiyini bir daha təsdiqləmiş oldu və iki ölkə arasında münasibətlərin dünəni, bugünu və gələcəyi barədə aydın təsəvvür yaratdı.

Səfər iki ölkə arasında əlaqələrin inkişafında yeni səhifə kimi dəyərləndirildi. Bu yeni səhifəyə əsas verən iki ölkə arasında imzalanan sənədlər oldu. Belə ki, səfər çərçivəsində Azərbaycan ilə Slovakiya arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olundu, əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı potensialın mövcudluğu qeyd edildi. Siyasi münasibətlərin daha da möhkəmləndirilməsinin bilavasitə iqtisadi münasibətlərin dinamik inkişaf zərurəti ilə şərtləndiyini nəzərə alan tərəflər ölkələrimiz və xalqlarımız arasında siyasi, iqtisadi, humanitar sahələrdə əməkdaşlıq əlaqələrinin arzuolunan səviyyədə inkişaf etdirilməsini son dərəcə vacib bilirlər. Azərbaycanın iqtisadi baxımdan bölgədə lider rolunu oynaması, regionda və beynəlxalq aləmdə nüfuzunun daim artması əlaqələrimizin genişlənməsi üçün yaxşı zəmin yaradır.

Slovakiya Azərbaycanın Cənubi Qafqazdakı strateji yerini və rolunu yüksək qiymətləndirir, son illərdə ölkəmizlə çoxşaxəli əməkdaşlığın gücləndirilməsinə mühüm diqqət yetirir. Bu baxımdan dövlət başçılarının qarşılıqlı səfərləri əlaqələrin daha da gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin və Baş naziri Robert Fitsonun iştirakı ilə ölkələrimiz arasında strateji tərəfdaşlıq haqqında birgə bəyannamə, hərbi-texniki əməkdaşlıq sahəsində anlaşma memorandumu, müdafiə sahəsində sazişin imzalanması əməkdaşlıq əlaqələrimizin daha da güclənməsi üçün yeni perspektivlər açacaq. Müdafiə sənayesi birgə istehsal sahələrinin yaradılması haqqında da artıq konkret danışıqlara başlanması əlaqələrin yeni mərhələyə adladığını göstərir.

Mətbuata bəyanatında Azərbaycanın enerji diplomatiyasının uğurlarından geniş bəhs edən Prezident İlham Əliyev çoxtərəfli əməkdaşlıq sahəsində atılan addımları və uğurlu nəticələrdən bəhs etdi və bu da təsadüfi deyil. Çünki Azərbaycanın enerji təhlükəsizliyi hazırda bütün dünyada xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın zəngin karbohidrogen ehtiyatları imkan verir ki, təbii qazla bağlı ən azı yüz il bundan sonra Avropa ilə tərəfdaş olsun. Azərbaycan hazırda 8 ölkəyə öz təbii qazını ixrac edir. 9-cu ölkə Slovakiya olacaq. Keçən ilin aprel ayında “Həmrəylik Halqası” adlanan sənəd imzalandı və Azərbaycan qazını Slovakiya bazarına da nəql etmək üçün yaxşı imkanlar yaradıldı. Mətbuata birgə bəyanatda Avropa İttifaqı ilə Azərbaycan arasında qaz və enerji sahəsində imzalanmış strateji tərəfdaşlıq Bəyannaməsinə də xüsusi diqqət yönəldilərək bildirildi ki, Azərbaycan öz təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir. Avropaya təchizat 2021-ci ildəki 8 milyard kubmetrdən bu il 12 milyard kubmetrə qədər qalxacaq. Bu da Azərbaycanın ümumi qaz ixracının 50 faizini təşkil edir. 2027-ci ilin sonuna qədər təkcə Avropa İttifaqı məkanına 20 milyard kubmetr qazın nəql edilməsi məsələsi gündəlikdədir.

Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri

 

 

 

Bu gün Avropa İttifaqı ilə Azərbaycan arasında qaz və enerji sahəsində imzalanmış strateji tərəfdaşlıq Bəyannaməsi icra edilir

Azərbaycan ilə Slovakiya Respublikası arasında diplomatik əlaqələr 1993-cü ildə yaradılsa da, ikitərəfli münasibətlərin genişlənməsində Prezident İlham Əliyevin bu ölkəyə 2004-cü ildə etdiyi işgüzar səfər böyük rol oynayıb. Bu gün isə Azərbaycan ilə Slovakiya arasında münasibətlər artıq yeni, daha yüksək səviyyəyə çatmaq üzrədir. Bu baxımdan cari il mayın 7-də Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun Azərbaycana rəsmi səfəri də xüsusi əhəmiyyət kəsb edən hadisə kimi qiymətləndirilməlidir.

Səfər çərçivəsində ölkələrimiz arasında imzalanmış “Azərbaycan Respublikası ilə Slovakiya Respublikası arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə” çox ciddi siyasi sənəddir və bu sənəd Azərbaycan-Slovakiya əlaqələrini ən yüksək səviyyəyə qaldıracaq. Təsadüfi deyil ki, cənab Prezident İlham Əliyev mətbuata verdiyi bəyanatında məhz bu sənədin önəmini xüsusi vurğulayıb.

Dövlət başçımızın çıxışında Azərbaycanın öz təbii qazını ixrac edəcək 9-cu ölkənin Slovakiya ola biləcəyi barədə maraqlı anons yer alıb. Məlum olduğu kimi, keçən ilin aprel ayının 25-də Sofiyada Bolqarıstanın “Bulgartransgaz”, Rumıniyanın “Transgaz”, Macarıstanın FGSZ və Slovakiyanın “Eustream” və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu imzalanıb. “Həmrəylik Halqası” ilə Azərbaycan qazının tədarükünü nəzərdə tutan bu memorandum ötürmə sisteminin dörd operatoru və SOCAR arasında Azərbaycandan Avropaya əlavə həcmdə qaz tədarükü üzrə əməkdaşlıq istiqamətlərini müəyyən edir. Əlavə qaz tədarükləri Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın “Həmrəylik Halqası” adlandırılan və yenilənmiş qaz nəqli şəbəkələri vasitəsilə həyata keçiriləcək. Məhz bu sənədin imzalanması ilə Azərbaycan qazını Slovakiya bazarına da nəql etmək üçün yaxşı imkanlar yaradılıb.

Bu gün Avropa İttifaqı ilə Azərbaycan arasında qaz və enerji sahəsində imzalanmış strateji tərəfdaşlıq Bəyannaməsi icra edilir. “Cənab Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan öz təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir. Artıq bu il Avropa ölkələrinə təbii qaz təchizatı 12 milyard kubmetrə çatacaq. Bu da Azərbaycanın ümumi qaz ixracının 50 faizini təşkil edir. 2027-ci ilin sonuna qədər isə təkcə Avropa İttifaqı məkanına 20 milyard kubmetr qazın nəql edilməsi nəzərdə tutulur. Təbii ki, bu öhdəliyi yerinə yetirmək üçün ölkəmiz təbii qaz hasilatını artırır. Bu məqsədlə yeni yataqlar kəşf olunur və həmin yataqlarda istismar artıq başlanmışdır. Bütün bunlara paralel olaraq Azərbaycan genişmiqyaslı yaşıl gündəliyini də icra edir və bir çox bərpaolunan külək və günəş enerjisi stansiyalarının inşa olunması qaza qənaət etmək imkanı yaradacaqdır. Elə bu qənaət olunmuş qazın da əsas ünvanı Avropa olacaqdır. Əminliklə demək olar ki, bu gün Azərbaycan və Slovakiya iki müstəqil siyasət aparan ölkə olaraq qarşılıqlı dostluq və əməkdaşlıq əlaqələrini ən yüksək səviyyədə uğurla davam etdirəcəklər”.

Gülnaz Məmmədova – Zərdab Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı

Şərhlər

Şərh yazılmayıb.