Növbəti etiraz: Baş Nazir və Ali Məhkəmədən saymamazlıq
Nazirlər Kabineti və Ali Məhkəmənin diqqətinə: hazırda bu problemin həllindən vacib nə ola bilər?!
Milli Məclis üzvləri, ziyalılar, müxtəlif sahələr üzrə tanınmış şəxslər artıq 2 ildir mətbuat vasitəsilə hökumətə, aidiyyəti qurumlara çağırışlar edir, özəlləşdirmə çekləri (payları) sahiblərinin pozulmuş hüquqlarının bərpa edilməsini istəyirlər. Bildirirlər ki, Konstitusiya və qanunları pozaraq hazırlanmış və preambulasında heç bir konstituson əsaslandırma olmayan bu işlə əlaqəli fərmanların hüquqa və qanuna uyğunluğunun yoxlanılması ancaq və ancaq Konstitusiya Məhkəməsində (KM) mümkündür, onların səlahiyyətindədir və onların vəzifəsidir.
Yəqin artıq bilirsiz ki, hətta mülkiyət və bərabərlik hüquqlarının pozulması ilə şərtlənən bu hüquqi problem haqqında KM-in mülki hüquq və konstitusiya hüququ üzrə ekspertləri olan alimlər tərəfindən elmı-praktiki araşdırmalar aparılıb, həmin araşdırmaların nəticələri olaraq, cənab Prezidentin tabeliyində olan Ali Attestasiya Komissiyasının “Qanun” jurnalında 10-dan cox alimin rəyi əsasında 4 məqalə cap olunub.
Konstitusiya Məhkəməsinin Qəbul şöbəsinin müdiri vətəndaşları hər dəfə əmin edir ki, KM-in 4 hakimi bu məsələni araşdırır. Artıq 7 aydır…
Bilirsiz ki, KM-də 200 nəfərdən çox hüquqşünas ordusu calışır. Bütün hüquqşünaslar bilir ki, Konstitusiya və Konstitusiya Qanununa əsasən, əgər KM-ə verilmiş şikayət KÜTLƏVİ insan hüquqlarını pozan normativ hüquqi aktlarla əlaqəlidirsə və xüsüsən də, fərmanların Konstitusiya haqqında qanuna zidd olaraq preambulasında konstitusion əsaslandırma yazılmayıbsa, bu, ancaq və ancaq Konstitusiya Məhkəməsi tərəfindən, KM haqqında qanuna və KM-in daxili Nizamnaməsinə uyğun olaraq araşdırılmalıdır!
7 ay əvvəl – 21 may tarixində KM-ə və daha 5 dövlət orqanına şikayət və xahiş ünvanlamışıq.
KM-də araşdırma bizim cənab Prezidentə 2 sentyabrda 2-ci dəfə etdiyimiz bu müraciətdən sonra aktivləşdi:
Ancaq indiyədək susan KM-in Qəbul şöbəsinin müdiri Anar Cəfərov 30 noyabrda vətəndaşların KM qarşısındakı səs-küyünə cavab olaraq, axır ki, bu işin qanunsuz şəkildə uzadılmasındakı problemin nədən ibarət olduğunu acıqladı:
Anar müəllim başa düşmür ki, bizə hər dəfə yalan məlumat verəndə insanlar fikirləşirdilər ki, KM tərəfindən bu işin uzadılması nəqsədli və qərəzlidir. Yəqın bilirsiniz ki, əsaslı səbəblər olmadan bu işi uzatmaq dövlətin və Ulu Öndər Heydər Əliyevin qanunla verdiyi miras əmlak payı vədinə inanıb çeklərini satmayan yüzminlərlə ailəni narazi salır, onların hissləri ilə oynamaq kimi başa düşülür və mənəvi zərbə vurur.
Yaşlı və xəstə insanların tibbi problemləri yaranır. Bilirsiz ki, çeklərini satmayan 1 milyon insan var və statistikaya görə, bu 1 milyondan hər gün 30 adam öz haqqına çatmadan dünyasını dəyişir. Artıq Baş nazir Əli Əsədov və Ali Məhkəmənin sədri İman Kərimovun bunu başa düşməsinin vaxtıdır! 13 ildir davam edən bu qanunsuzluq, Konstitusiyaya və qanunlara tam zidd olaraq məsələnin uzadılması cənab Prezidentin qanunçuluq və sosial ədalət siyasətinə qarşı çıxmaq deməkdir.
Artıq 3 aydır Nazirlər Kabinetinin (NK) Ədliyyə Nazirliyinə, Maliyyə Nazirliyinə və İqtisadiyyat Nazirliyinə bu işlə əlaqəli müraciətlərinə cavab olaraq həmin nazirliklər öz rəylərini göndərib. Həmin qurumlar sözügedən rəyləri paralel olaraq KM-ə də yollayıb. Eyni zamanda KM-in hakimləri dəfələrlə NK-ya zəng edərək, onların rəyini istəyiblər.
Bütün bunlara baxmayaraq, NK münasibət bildirməyə, öz rəyini verməyə ehtiyac hiss etmir. Bəlkə də, NK tabeliyində olan 3 orqanın KM-ə göndərdiyi rəylərlə öz işini də başa çatmış hesab edir.
Vətəndaşlar bu faktı NK məmurlarının laqeydliyi və səhlənkarlığı kimi qəbul edirlər. Çünki bizim KM-ə ünvanladığımız şikayətin bir hissəsi də məhz NK-nın səhlənkarlığı, laqeydliyi nəticəsində dövlət əmlakının özəlləşdirilməsinə nəzarət üzrə Dövlət Komissiyasının Əsasnaməsinin bu günə qədər hazırlanmaması və bu Əsasnamənin hazırlanmasının vacibliyi ilə bağlıdır. Buna isə yalnız NK cavab verə bilər və ancaq NK-nın rəyi ilə bağlıdır (KM-ə şikayətimizin 54-cü səhifəsi).
Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2007-ci il tarixli 2006 saylı “Dövlət əmlakının özəlləşdirilməsinə nəzarət üzrə Dövlət Komissiyası haqqında” Sərəncamına əsasən, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə uyğun olaraq dövlət əmlakının özəlləşdirilməsi prosesinə dövlət nəzarətini gücləndirmək məqsədi ilə dövlət əmlakının özəlləşdirilməsinə nəzarət üzrə Dövlət Komissiyası yaradılıb. Həmin Komissiyanın sədri, Azərbaycan Respublikasının Baş naziri, Komissiyanın üzvləri isə Azərbaycan Respublikasının iqtisadiyyat naziri, Azərbaycan Respublikasının maliyyə naziri, Azərbaycan Respublikasının ədliyyə naziri, Azərbaycan Respublikasının vergilər naziri, Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri, Azərbaycan Respublikasının energetika naziri, Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri, Azərbaycan Respublikasının mədəniyyət naziri, Azərbaycan Respublikasının səhiyyə naziri, Azərbaycan Respublikasının təhsil naziri, Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri, Azərbaycan Respublikasının gənclər və idman naziri, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədridir.
Eyni zamanda həmin Sərəncamın 2-ci bəndində deyilir ki, “Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində Dövlət əmlakının özəlləşdirilməsinə nəzarət üzrə Dövlət Komissiyası haqqında Əsasnamənin layihəsini hazırlayıb təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin”.
Bu tələbə baxmayaraq hələ də həmin Əsasnamə hazırlanıb Prezidentə təqdim olunmayıb. Hesab edirik ki, Əsasnamənin hazırlanması və Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi bu sahədəki hüquq pozuntularının qarşısının alınması baxımından mühüm əhəmiyyət kəsb edir.
Cənab İman Kərimov! 2023-cü ilin may ayında KM-ə müraciət etdiyimiz zaman eyni vaxtda Ali Məhkəməyə də ərizə göndərərək xahiş etdik ki, “dövlət özəlləşdirmə payları (çekləri) sahiblərinin konstitusion hüquqlarının müdafiə olunması üçün bizə kömək edəsiniz, əlavədə göstərilən normativ hüquqi aktların Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılması üçün Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə müvafiq sorğunun göndərilməsi barədə Sərəncam verəsiniz”.
Sizin də cavab məktubunuzda qeyd olunur ki, bu məsələ Konstitusiya Məhkəməsində araşdırılır. Yəni Ali Məhkəmənin bu məsələdən hələ 2023-cü ilin may ayından bəri məlumatı olsa da, müvafiq rəyi Konstitusiya Məhkəməsinə göndərməmiş olması məmurlarınızın məsələyə laqeyd yanaşdığını təsdiq edir. Bu iş yüzminlərlə ailənin 13 ildir pozulan hüququ ilə bağlıdır.
Cənab Baş nazir və cənab Ali Məhkəmə sədri! Bu gün problemin həllindən vacib nə iş ola bilər?! Sizin bu öhdəliyinizi yerinə yetirməyinizdən vacib nə işiniz ola bilər?!
Rəhmətlik Ulu Öndər və cənab Prezident İlham Əliyev dəfələrlə deyib ki, heç kim, heç bir məmur QANUNdan üstün deyil. Siz də gözəl bilirsiz ki, nə KM-dəki hüquqşünaslara, nə də KM adından məktub göndərdiyiniz dövlət idarələrindəki nazirlərə və məmurlara Konstitusiya ilə Qanundan üstün olmaq hüququ verilib!
Siz də bilirsiz ki, kimsə özünü qanundan üstün sayaraq, bilə-bilə Konstitusiya və qanunları pozursa, yüzminlərlə ailənin mülkiyyət və bərabərlik hüququnu əlindən alırsa, bu, dövlətçiliyə qarşı təxribat, xalqa qarşı cinayət və vicdansızlıqdır.
Bütün qeyrətli vətəndaşlar, cənab Prezidenti və dövlətçiliyi sevənlər, hətta sevməyənlər belə, inanır ki, Prezident Administrasiyasının (PA) sabiq rəhbəri Ramiz Mehdiyev ona göstərilən etimaddan sui-istifadə edib. Nəticədə hüquqi baxımdan ziddiyyətli olan fərmanlar hazırladıb, hazırlatdığı fərmanların Konstitusiya və qanunlara zidd olduğunu bilə-bilə, üstəlik onların preambulasında konstitusion əsaslandırma yazdırmadan dövlət başçısına imzalatdırmağa nail olub.
Dövlətin siyasəti onun qəbul etdiyi qanunlarla müəyyənləşir. Dövlətin kapitalizmə dinc keçidi üçün Ulu Öndər tərəfindən hazırlanmış iqtisadi strategiya özəlləşdirmə başlayan zaman qəbul olunmuş qanunlarla tənzimlənir. Və bu qanunlarla dövlət tərəfindən vətəndaşlara verilmiş hüquqları sonradan qəbul olunmş heç bir fərman, akt, hətta başqa bir qanun poza bilməz.
Dövlətin ən kasıb vaxtı ümummilli lider Heydər Əliyev Tarixi Sosial Ədalət naminə bütün özəlləşdiriləcək orta və iri müəsisələrin 65%-nin ancaq və ancaq Özəlləşdirmə Çekləri ilə aparılmasını QANUNa saldırıb və xalqa vəd edib. Çünki o, gözəl bilirdi ki, sosial ədalətsizlik mütləq qarşıdurma yaradır və bu, dövlətçilik üçün təhlükədir!
QEYD
Hamı bilməlidir ki, Ulu Öndər Heydər Əliyev tərəfindən verilən miras özəlləşdirmə payı mülkiyyət hüququ və bu hüququ təsdiq edən dövlət qiymətli kağızı olan özəlləşdirmə çekləri qanunla verilib!
Heydər Əliyevin özəlləşdirmə qanununun icrası üçün verdiyi və imzaladığı 450 nömrəli Fərman isə qanunla müəyyən edilmiş qaydada hər bir vətəndaşa düşən miras özəlləşdirmə paylarını təsdiq edən özəlləşdirmə çeklərinin dövlət öhdəliyi olaraq vətəndaşlara paylanılması və birincili olaraq yerləşdilməsini icra etmək üçün verilib. Bu gün də qüvvədə olan bu Fərmanla təsdiq olunmuş özəlləşdirmə çekləri haqqında Əsasnamənin 5-ci bəndi ilə bütün özəlləşdirmə dövründə özəlləşdirmə çeklərindən ödəmə vasitəsi kimi qəbulundan imtina etmək qəti qadağan olunub.
Fərman nə hüquq verir, nə də qanunun verdiyi hüququ ala bilər! Kompensasiya ödəmədən, məmurların hiyləsi ilə Fərman əsasında özəlləşdirmə çeklərini dövriyyədən cıxarmaqla aparılan özəlləşdirmə qanunsuzluq, xalqa qarşı ədalətsizlik və dövlətə qarşı təxribatdır!
Konstitusiya Məhkəməsinin ekspertləri olan hüquqşünas alimlərin 2022-2023-cü illərdə apardıqları elmi-praktik araşdırmaların nəticəsi kimi, 10-dan çox alimin rəyi əsasında yazılmış, Prezidentin nəzarətində olan Ali Attestasiya Komissiyasının “Qanun” jurnalında dərc olunmuş 4 məqalədə təsdiqlənmiş hüquqi faktlardan sonra, artıq hüquqşünaslar və ziyalılar mətbuatdakı çıxışlarında 13 ildir çeklərsiz aparılan özəlləşdirmənin xalqa qarşı cinayət və dövlətə qarşı təxribat olduğunu açıq-aşkar səsləndirirlər. Bu isə öz növbəsində tarixi ədalətin bərpa ediləcəyinə böyük ümidlər yaradır.
Alimlərin araşdırmasından məlum olur ki, qanunla inflyasiyadan qorunuan hər özəlləşdirmə payına düşən əmlak payı dəyəri bu gün üçün ən azı 20 000 ABŞ dolları dəyərindədir və Ulu Öndərin xalqa vədinə əsasən, tarixi ədalət naminə bu gün qanunvericiliklə Azərbaycan İnvestisiya Holdinqindəki bütün müəssisələrin və gələcəkdə özəlləşdiriləcək bütün orta və iri müəssisələrin əmlak dəyərinin ən azı 65%-i özəlləşdirmə çekləri ilə əvəzləndirilməlidir.
Qanunla bütün investorlar kollektivə məxsus 15%-dan qalan səhmlər və 50%-in üstünə gələrək ancaq özəlləşdirmə çekləri ilə ödəməlidir. Dövlət qanunla belə müəssisələrin ancaq ona məxsus olan 35%-nin pulla satışını həyata keçirə bilər. Ulu Öndərin imzaladığı qanunlar və Konstitusiya yeni ictimai sistemə keçid üçün sosisal tarixi ədalət naminə ölkənin ən kasıb vaxtında dövlətin iqtisadi və sosial siyasətinin əsası kimi qəbul olundu. Ümummilli Lider qanunla bütün özəlləşdiriləcək orta və böyük müəssisələrin 50+15%-nin özəlləşdirmə çekləri ilə aparılacağını dünyaya elan etdi. Hətta icarəyə verilmiş müəssisələrin gələcəkdə özəlləşdirilməsi və investisiya müsabiqələrinin özəlləşdirilməsi ancaq qanunun qoyduğu bu qayda ilə aparılmalı idi. Dövlət öhtəliyi kimi qanunla qoyulmuş bu qaydaları heç bir Fərman və hətta sonradan qəbul olunacaq hec bir qanun Konstitusiyaya zidd olaraq dəyişə bilməz!
Mövzuya dair daha ətraflı məlumatla bu KEÇİDə daxil olmaqla tanış ola bilərsiniz.
Hörmətlə: Özəlləşdirmə Çekləri Qrupu
Şərh yazılmayıb.