Huquqaz.com

Azərbaycan dövlətinin rəmzinə hörmət və ehtiram

07.11.2023
1.611
Azərbaycan dövlətinin rəmzinə hörmət və ehtiram

Azərbaycan dövlətinin rəmzinə hörmət və ehtiram

Hər bir millətin və milli dövlətin mühüm atributiv rəmzlərindən biri Bayraqdır. Ən müqəddəs rəmzlərdən olan bayraq eyni zamanda millətin varlığının, mövcudluğunun sübutu, müstəqil dövlətə sahib çıxmaq bacarığını əsas göstəricisidir.Azərbaycan Respublikasının Dövlət Bayrağı bərabər enli üç üfiqi zolaqdan ibarət düzbucaqlı şəklindədir. Yuxarı zolaq mavi rəngdə, orta zolaq qırmızı rəngdə, aşağı zolaq yaşıl rəngdədir. Qürur mənbəyimiz, dövlət rəmzlərimizdən biri olan Dövlət Bayrağımız 1918-ci il noyabrın 9-da Cümhuriyyət Hökumətinin iclasında qəbul edilib. Cümhuriyyətin süqutundan sonra endirilən üçrəngli bayrağımız, 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyanın qərarı ilə Naxçıvan Muxtar Respublikasında yenidən ucaldılıb. Bu Ümummilli liderimizin öz xalqı və dövləti qarşısındakı əvəzsiz, ən böyük xidmətlərindən biri kimi müasir tariximizə qızıl hərflərlə düşüb. Ulu öndər Heydər Əliyev Dövlət Bayrağımızı səciyyələndirərək deyirdi: “Azərbaycan Bayrağı, sadəcə, bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Bu, bizim müstəqil dövlətimizin rəmzidir. Ona görə də gərək hər bir Azərbaycan vətəndaşı, xüsusən gənc nəsil bunu dərk etsin, qiymətləndirsin. Biz öz himnimizi, bayrağımızı özümüz qədər sevməliyik. Çünki bu bizim vətənimizə, millətimizə, dövlətimizə olan sədaqət, sevgi və məhəbbətin rəmzidir. Kim Azərbaycanı sevirsə, kim Azərbaycanın müstəqil dövlət olmasını istəyirsə, kim Azərbaycanın işğal olunmuş torpaqlarını azad olunmasını istəyirsə, kim Azərbaycanın ərazi bütövlüyünü istəyirsə, o bu bayraq altında birləşməlidir”.

Azərbaycan xalqının ümummilli lideri, müasir Azərbaycan Dövlətinin banisi Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasəti dövrün tələblərinə uyğun olaraq uğurla davam etdirən möhtərəm prezidentimiz cənab İlham Əliyev hər zaman dövlət rəmzlərinə yüksək dəyər verir, bayrağımızın müstəqil Azərbaycanın simvolu, xalqımızın qürur mənbəyi olduğunu vurğulayır. Prezident cənab İlham Əliyev 2009-cu il noyabrın 17-də “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” Sərəncam imzalamış, elə həmin il dekabrın 4-də isə Milli Məclis noyabrın 9-nu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirilmişdir. Bu bayram ölkəmizdə qeyri-iş günü olan bayramların siyahısına daxil edilib. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Ordumuz 2020-ci il sentyabrın 27-dən başlanmış Vətən müharibəsində 30 il ərzində işgal altında olan torpaqlarımızı düşmən tapdağından azad etdi. Cari il sentyabrın 19-da Azərbaycan konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Qarabağda lokal xarakterli antiterror tədbirlərinə başladı. Həyata keçirilən tədbirlər nəticəsində, düşmənin qanunsuz silahlı dəstələri zərərsizləşdirilərək məhv edildi. Bununla da ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa olundu.Bu gün möhtəşəm üçrəngli bayrağımız ölkəmizin bütün yerlərində Xankəndidə, Xocalalıda, Ağdərədə, Xocavənddə, Qarabağımızda qürüla dalğalanır. Artıq xalqımız Bayraq Gününü böyük qürurla, sevinclə qeyd edir. Dövlətçiliyimizin rəmzi, qürur mənbəymiz olan üçrəngli bayrağımız heç zaman enməyəcək və bütöv Azərbaycanımızın hər bir güşəsində daim dalğalanacaq.

Pünhan İsbəndiyarlı-Zərdab rayon Dəli Quşçu kənd sakini, fəal gənc

 

 

Ali siyasi iradənin təcəssümü olan tarixi təşəbbüs

Bayraq  hər bir dövlətin və xalqın kimliyinin, düşüncə tərzinin və mənəvi dünyasının görünən ən şəffaf, ən işıqlı meyarı, şərəf və ləyaqətimiz, qürurumuz və güvənc yerimizdir.  Dövlət bayrağımız suverenliyimizin rəmzidir. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan üçrəngli bayrağımız xalqımızın azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideyalara sadiqliyini nümayiş etdirir. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, hökumətin iclasında qəbul edilib. Həmin bayraq iclasın keçirildiyi Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının binası üzərində qaldırılıb və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olub.  Bayrağımız Azərbaycanın ərazi bütövlüyünün və toxunulmazlığının, dünya azərbaycanlılarının mənəvi-siyasi və mədəni birliyinin,  bölünməzliyinin rəmzidir. Ulu öndər Heydər Əliyevin müdrikliyi, qətiyyəti, cəsarəti  hesabına ay-ulduzlu, üçrəngli bayrağımız dövlətimizin rəmzi elan edilib və onun hakimiyyətə qayıdışından sonra bu bayraq müstəqil Azərbaycanın dövlət bayrağı statusunu alıb. Ulu öndər deyib ki, gərək hər bir evdə Azərbaycan Dövlətinin Bayrağı olsun, hər bir ailə Azərbaycan bayrağına itaət etsin: “Bu bayraq tək rəsmi yerlərdə yox, idarələrdə, küçələrdə, saraylarda, məktəblərdə yox, gərək hər bir ailənin həyatının əziz bir hissəsi olsun.”

Milli dövlətçilik ənənələrinin inkişafına xidmət etmiş Ulu Öndərin mühüm əhəmiyyət kəsb edən təşəbbüsü – “Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında” vəsatəti 1991-ci il fevral ayının 5-də Azərbaycan Respublikasının Ali Sovetində baxılmış və  “Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında” Qanun qəbul edərək onu yenidən Dövlət Bayrağı elan etmişdir. Müstəqil Azərbaycanın Dövlət Bayrağının rəsmiləşdirilməsi 1991-ci il oktyabrın 18-də baş tutmuşdur. Həmin gün  “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət Bayrağını bərpa etmişdir. Prezident cənab İlham Əliyev bayrağımızı eşidilən səsimiz, duyulan nəfəsimiz adlandırıb: “Bizim bayrağımız qürur mənbəyimizdir. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir”.

Əlihüseyn Rəsullu-Zərdab rayon Hüseynxanlı kənd sakini, fəal gənc

 

 

Milli dövlətçilik ənənələrinin inkişafına xidmət etmiş Ulu Öndər Heydər Əliyevin önəmli təşəbbüsü

Dövlət rəmzləri hər millətin qürur mənbəyidir. Azərbaycan Respublikasının dövlət rəmzləri Dövlət bayrağı, Dövlət gerbi və Dövlət himnidir. Azərbaycan vətəndaşları Vətənini sevir, dövlət rəmzlərinə hörmətlə yanaşır. Gələcəyimiz olan, yeni formalaşan nəslə Dövlət bayrağına, Dövlət gerbinə və Dövlət himninə dərin ehtiram hisslərinin aşılanması cəmiyyətdə vətənpərvərlik ruhunun möhkəmləndirilməsi üçün mühümdür.Azərbaycan xalqı özünün əsrlərdən gələn milli-mənəvi dəyərlərini qoruyur, doğma vətənə, ölkənin maraqlarına münasibətdə vətənpərvər mövqedə dayanır. Sadalanan prinsiplər isə Azərbaycançılıq ideologiyasının tərkibində yer alır. Azərbaycançılıq ideologiyası xalqın özünəməxsusluğunun qorunub saxlanması, son nəticədə isə yeni dünya nizamının formalaşdığı bir dövrdə milli dövlətin mövcudluğunu sürdürməsi üçün həyati əhəmiyyət daşıyır.

Milli dövlətçilik ənənələrinin inkişafına xidmət etmiş Ulu Öndərin mühüm əhəmiyyət kəsb edən təşəbbüsü – “Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında” vəsatəti 1991-ci il fevral ayının 5-də Azərbaycan Respublikasının Ali Sovetində baxılmış vəüçrəngli bayrağın Azərbaycanın Dövlət Bayrağı kimi qəbul edilməsi haqqında qərar qəbul etmişdir. “Azərbaycan bayrağı sadəcə bayraq deyil. O bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Bu bizim müstəqil dövlətimizin rəmzidir. Ona görə də gərək hər bir Azərbaycan vətəndaşı, xüsusən də gənc nəsil bunu dərk etsin, qiymətləndirsin…”,- deyən ümummilli liderimiz Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra Dövlət Bayrağı milli suverenliyin simvolu kimi təsdiq olunmuş, Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında normativ aktlar qəbul edilmişdir. Bu gün hər birimiz çox sevincli və qürurluyuq ona görə ki, Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuz tərəfindən 27 sentyabr 2020-ci ildə erməni işğalçılarına qarşı başlanılan əks hücum əməliyyatları Möhtəşəm Zəfərlə nəticələnmişdir. Haqq-ədalət, Şanlı Azərbaycan Ordusu zəfər çaldı. Azərbaycan bayrağı işğaldan azad edilmiş torpaqlarda qaldırıldı və əbədi dalğalanacaq.

Rasim Hüseynov-Zərdab rayonu Hüseynxanlı kəndi, Zərdab RİH yanında fəaliyyət göstərən ictimai nəzarət şurasının sədri

 

 

Dövlət bayrağının istifadəsi

Azərbaycan Respublikasının 2004-cü il 8 iyun tarixli Qanunu ilə Azərbaycan Respublikası Dövlət Bayrağının istifadəsi qaydaları müəyyənləşdirilmişdir. Dövlət bayrağı respublikamızın dövlət qurumlarının və diplomatik nümayəndəliklərinin binaları üzərində ucalır, mühüm beynəlxalq tədbirlər, mötəbər mərasimlər və məclislərlə yanaşı, irimiqyaslı ictimai-siyasi toplantılarda, mədəni tədbirlərdə və idman yarışlarında qaldırılaraq milli birliyi təcəssüm etdirir. 2004-cü il iyunun 8-də “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə bu sahədə qanunvericilik bazası təkmilləşdirilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2009-cu il 17 noyabr tarixli Sərəncamı ilə hər il 9 noyabr tarixi Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edir. Dövlət rəmzləri və bayraqlar bizə Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin tarixini öyrənməyə, araşdırmağa geniş imkanlar açır. Məhz bu baxımdan xalqımızın azadlığını, suverenliyini, öz istiqlalı uğrunda apardığı mübarizəni, milli kimliyini tərənnüm edən üçrəngli bayrağımız həm də milli qürurumuzdur. Bu gün Azərbaycançılıq respublikamızda tarixi ənənələrdən gələn müxtəlif xalqların, konfessiyaların nümayəndələrinin birgə qarşılıqlı anlaşma və harmoniya şəraitində yaşamasına və ölkənin gələcəyi naminə birgə çalışmasına zəmin yaradır. Vahid milli ideologiyanın mövcudluğu insanları özlərini cəmiyyətin tamhüquqlü üzvü kimi hiss etməyə, müəyyən məsuliyyət daşımağa və vətəndaşlıq borcunu yerinə yetirməyə ruhlandırır. Hazırkı dövrdə cəmiyyətimizdə mənəvi-psixoloji sabitliyin möhkəmlənməsinin əsas səbəbi dövlətin istər daxili, istərsə də xarici siyasətində Azərbaycançılıq prinsiplərinə sadiq qalması gerçəkliyidir. Bu isə Azərbaycanda müasir cəmiyyət quruculuğu prosesinin uğurla həyata keçməsində əsas faktorlardan biri kimi çıxış edir.

Bu gün hər birimiz çox sevincli və qürurluyuq ona görə ki, Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuz tərəfindən 27 sentyabr 2020-ci ildə erməni işğalçılarına qarşı başlanılan əks hücum əməliyyatları Möhtəşəm Zəfərlə nəticələnmişdir. Cəmi 44 gün davam etmiş 2-ci Qarabağ, Vətən müharibəsi zamanı işğal altındakı bütün ərazilərimiz azad edilərək suverenliyimizin rəmzi, qürur və güvənc yerimiz üçrəngli bayrağımız bu gün qürurla illərdən bəri düşmən tapdağı altında qalan torpaqlarımızda dalğalanır, xalqımızın azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideyalara sadiqliyini nümayiş etdirir. 30 ilə yaxındır, üçrəngli bayrağımızın təcavüzkar qonşularımızın işğal etdiyi torpaqlarda dalğalanacağı günü gözləyirdik. İllərlə arzuladığımız, həsrətlə gözlədiyimiz bu gün artıq reallığa çevrilib. Rəşadətli Azərbaycan Ordusu zəfər çaldı. Azərbaycan bayrağı işğaldan azad edilmiş torpaqlarda qaldırıldı və əbədi dalğalanacaq. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

Nağıyev Abbas – Dəli Quşçu kənd Ağsaqqallar şurasının sədri

Şərhlər

Şərh yazılmayıb.