Huquqaz.com

Siyasətdə Ulu Öndər Heydər Əliyev fenomeni

03.10.2023
1.772
Siyasətdə Ulu Öndər Heydər Əliyev fenomeni

Ümummilli Liderimiz  öz  xalqına  sədaqətlə, şərəflə xidmət  etmiş və Azərbaycan xalqının xilaskarı kimi milyonlarla insanların qəlbində əbədi yaşayır. Azərbaycanlı  olmağı  ilə  həmişə  fəxr  edən  böyük  öndərimiz  bütün  ömrünü  xalqının  rifahına, ölkəsinin  tanınmasına, onun  güclü  dövlət  olmasına  sərf  etdi. Bundan  heç  vaxt  yorulub-usanmadı, bədxahların  əməllərinə, böhtanlarına layiqli cavab verdi, xalqa  xidməti  hər şeydən  uca  tutdu. Güclü  və  yenilməz  bir  dövlət  qurdu.

Azərbaycan xalqının Ümummilli lideri, dünya səviyyəli siyasi xadim Heydər Əliyev çoxəsrlik dövlətçilik tariximizdə yeni parlaq səhifə açan nadir, bənzərsiz şəxsiyyətdir. Tarixin yaddaşında əbədi iz qoymaq hər insana nəsib olmayan böyük xoşbəxtlikdir. Bu yalnız Heydər Əliyev kimi dahi şəxsiyyətlərin qismətinə düşən müstəsna taledir. Bütün həyatını xalqının xoşbəxt gələcəyinə, qüdrətli Azərbaycan dövlətinin yaradılmasına və inkişafına həsr etmiş bu dahi şəxsiyyətin Vətən və xalq qarşısındakı xidmətləri misilsizdir.
Müstəsna xidmətləri ilə əbədilik qazanan Ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir. Ötən illərə nəzər salarkən Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlərin bir daha şahidi oluruq. İntibah və milli şüurun oyanışı Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlamış, müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter almışdır.

Ümummilli lider Heydər Əliyevin xarakterində və fəaliyyətində doğma xalqına bağlılıq və təəssübkeşlik hələ gənc yaşlarından özünü göstərirdi. Naxçıvanda sadə, zəhmətkeş bir azərbaycanlı ailəsində dünyaya göz açan bu böyük insan hələ gəncliyindən yüksək vəzifələr tutmuş, çiyinlərində böyük bir ölkənin yükünü daşımışdır.
Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biri müstəqil dövlətin yeni, müasir Konstitusiyasının hazırlanmasıdır. Müstəqil Azərbaycanın ilk Konstitusiyasının müəllifi olan Heydər Əliyev demokratik, hüquqi dövlət quruculuğu istiqamətində davamlı siyasət yeridərək, ölkədə insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin bərqərar olması üçün əsaslı zəmin yaratmışdır.
Bütün həyatını xalqa sədaqətlə xidmətə həsr etmiş Ulu Öndər fəaliyyətində həmişə xalqa arxalanmış, ən çətin anlarda ona müraciət etmişdir. Xalq da heç vaxt ondan öz dəstəyini əsirgəməmişdir.
Keçən hər bir il bir daha təsdiq edir ki, sözün hər mənasında, böyük və ibrətamiz həyat yaşamış Ümummillilider Heydər Əliyevin ideya dünyasının, təməlini qoyduğu siyasi kursun, strateji inkişaf xəttinin ömrü çox uzaq gələcəyə hesablanıb. Yaxın tarixə nəzər salanda bir daha şahid oluruq ki, Heydər Əliyev dühasının xalqı, vətəni yolunda etdiyi fədakarlıqlar, göstərdiyi xidmətlər, atdığı addımlar unudula bilməz.

Zərdab rayon Gəlmə kənd tam orta məktəbin direktoru-Rasif Qaçayev

 

 

Siyasətdə Ulu Öndər Heydər Əliyev fenomeni

Tarix yazmış və adını tarixə əbədi yazdırmış xalqların inkişaf yolu müxtəlif, rəngarəng və özünəməxsus olması ilə fərqlənir. Daha dəqiq desək, tarix səhnəsində yüksəlişi ilə nümunə yaratmış – bəşəriyyətin mənəvi-siyasi xəzinəsinin zənginləşməsinə mühüm töhfələr vermiş hər bir xalqın öz inkişaf yolu, mütərəqqi, unikal və nümunəvi təcrübəsi var. Onların hər biri fərqli örnək və model kimi dəyərləndirilsə də, ümumi cəhət liderlik amili və ya lider fenomeni ilə birbaşa əlaqədardır. Elə çoxəsrlik dövlətçilik tarixinə malik olan Azərbaycan xalqının təcrübəsi də bu nəzəri tezisi və praktik reallığı birmənalı şəkildə təsdiqləyir. İnkaredilməz həqiqətdir ki, xalqımız istər XX əsrin sonlarında, istərsə də XXI əsrin əvvəllərində öz müdrik liderləri Heydər Əliyevin və İlham Əliyevin dövlətçilik ənənələrinə, milli maraqlara və ümumbəşəri dəyərlərə əsaslanan siyasəti nəticəsində Azərbaycanın tərəqqisinin, müstəqilliyimizin rəmzi olan üçrəngli bayrağımızın ən yüksək zirvələrdə qürurla dalğalanmasının, ölkəmizin strateji zirvələr fəth edərək dünya miqyasında söz və nüfuz sahibinə çevrilməsinin sonsuz iftixarını yaşamışdır.

Bu gün Ulu Öndərin xalqımız qarşısındakı əvəzolunmaz xidmətlərindən bəhs edərkən Onun xilaskarlıq missiyasının tarixi əhəmiyyətinə və siyasi-fəlsəfi məzmununa xüsusi diqqət yetirilir. Daha dəqiq desək, bir çox tədqiqat əsərlərində, fundamental elmi-konseptual mənbələrdə Heydər Əliyevin liderlik fenomenindən bəhs edərkən Onun xilaskarlıq missiyası xüsusi araşdırma predmetinə çevrilir. Çünki Heydər Əliyev respublikamızın ziddiyyətlər və qarşıdurma məkanına çevrildiyi, mürəkkəb regional və beynəlxalq proseslərin cərəyan etdiyi bir şəraitdə Azərbaycan xalqını böyük kataklizmlərdən xilas etmiş, faciə və fəlakətlərin qarşısını almış, ölkəmizin formal deyil, gerçək müstəqilliyini təmin etmişdir. Xalqın Ulu Öndərə olan inam və etimadı Onun respublikamızın qurtuluşu naminə siyasi məsuliyyəti öz üzərinə götürməsinə zərurət yaranmışdı. Eyni zamanda, 1993-cü ildə hakimiyyətdə olan qüvvələr Heydər Əliyevi Bakıya dəvət etməyə məcbur olmuşdular. Ümummilli Lider Heydər Əliyev bunu nəzərə alaraq Bakıya qayıtmış, Azərbaycan xalqının və dövlətçiliyimizin xilası, dövlətçilik ənənələrimizin, milli qürur və ləyaqətin bərpası naminə tarixi missiyasını yerinə yetirməyə başlamışdı. Proseslərin məntiqi nəticəsi kimi, 1993-cü il oktyabr ayının 3-də keçirilən prezident seçkiləri nəticəsində xalqın böyük etimadı ilə Azərbaycan Prezidenti seçilən Ümummilli Lider Heydər Əliyev ölkəmizin inkişaf paradiqmalarını dövrün xüsusiyyətlərinə və zamanın tələblərinə müvafiq olaraq dəqiq müəyyənləşdirmiş və Azərbaycanın sabitlik adasına, təhlükəsizlik məkanına, inkişaf diyarına çevrilməsini təmin etmişdir.

Ulu Öndərin respublikamıza rəhbərliyi dövründə canından artıq sevdiyi xalqı üçün göstərdiyi qətiyyətin məntiqi nəticəsini bu sözlərlə ifadə etmək olar: Mübarizlik, mətinlik, düşüncədə və işdə ardıcıllıq, zəhmətkeşlik, həssaslıq, gələcəyə inam, ideoloji- siyasi təxribatlara qarşı cəsarətlilik, çətinliklərdən və ağır sınaqlardan uğurla çıxmaq məharəti, milli şərəf və ləyaqəti qorumaq, dərin düşüncə tərzi ilə ziddiyyətləri həll etmək yolunda uğur qazanmaq, düzgün yol seçmək, ədalət və demokratiya prinsiplərinə əməl etmək ulu öndər Heydər Əliyevə məxsus mənəvi, insani keyfiyyətlərdəndir. Xalqa göstərdiyi xidmətlərinə görə sağlığında tarix yazan, milyonların sevimlisi olduğunu insanların ona layiq gördükləri el məhəbbətini Ümummilli Lider adını qazanmaqla doğruldan Heydər Əliyev bütün zamanların, illərin fenomen dahisidir.

Zərdab rayon Əlibəyli kənd tam orta məktəbin direktoru-Kəmalə Əliyeva

 

 

Öz andına daim sadiq qalmış Ulu Öndər

1993-cü ilin 10 oktyabr günü zəngin siyasi və dövlətçilik təcrübəsi sayəsində Azərbaycanı parçalanmaq və məhv olmaq təhlükəsindən xilas etmiş Heydər Əliyev əlini Konstitusiyaya və Qurana basaraq Prezident kim and içmişdir. O, vəd edirdi ki, Azərbaycan xalqına sədaqətlə xidmət edəcək, müstəqil dövlətimizin dünya birliyində layiqli yer tutmasına çalışacaq, Azərbaycan xalqının milli mənəvi ənənələrinə daim sadiq olacaq, bu ənənələrin müstəqil dövlətimizdə bərqərar olmasını, yaşamasını və inkişafını təmin edəcəkdi.

Heydər Əliyev hakimiyyətə qayıdışından sonra qarşısında hansı problemlərin dayandığını və nədən başlayacağını gözəl bilirdi. Həmin dövr üçün siyasi istiqamətlər bəlli idi: Ermənistanın hərbi təcavüzünün qarşısını almaq, müharibəni dayandırmaq, vətəndaş müharibəsi təhlükəsini aradan qaldırıb, ölkə daxilində siyasi sabitliyi bərpa etmək, separatçılığa, milli qarşıdurmaya son qoymaq və Azərbaycanın parçalanmasına yol verməmək, ölkənin müdafiə qabiliyyətini möhkəmləndirmək, Milli Ordu quruculuğunu həyata keçirmək, gənc müstəqil dövlətin beynəlxalq aləmdə nüfuzunu möhkəmləndirmək üçün məqsədyönlü xarici siyasət formalaşdırmaq, ölkənin dövlət idarəçiliyi prinsiplərinin vacib şərtlərindən olan aşağıdan yuxarı tabeçiliyi bərpa etmək və ən başlıcası, dövlət çevrilişləri meyillərinə son qoymaq üçün dövlətin toxunulmazlığını təmin etmək.

Ulu öndər irqindən, dilindən, dinindən, siyasi mənsubiyyətindən asılı olmayaraq hər bir kəsə hörmətlə yanaşır, insani keyfiyyətləri – səmimiliyi, düzgünlüyü, xeyirxahlığı, alicənablığı, dostluğu, qətiyyətliyi, kamilliyi, qoçaqlığı yüksək qiymətləndirir, ağıllı və savadlıları seçib ayırır, sənət adamlarına həssaslıqla yanaşır, xalqla bir yerdə olmaqdan, insanların rəğbətini qazanmaqdan qürur duyurdu.

Heydər Əliyev dünyada sülhün və əminamanlığın tərəfdarı idi. Ölkəmizdə baş verən hadisələr, 20 Yanvar, Xocalı faciəsi, Dağlıq Qarabağ problemi, əsir torpaqlarımızın ağrı-acısı, bir milyondan artıq qaçqın və məcburi köçkün taleyi Heydər Əliyevin ömrünə müsibətli günlər, illər bəxş etsə də, dincliyini, rahatlığını əlindən alsa da o müharibənin, qan axıdılmasının tərəfdarı deyildi. Ev yıxmağı, qan tökməyi, torpaqlar işğal etməyi, zülmü, əzazilliyi vəhşi xislət, vəhşilərə xas olan əməl kimi dəyərləndirən bu dahi şəxsiyyət nəinki Azərbaycan torpağında, dünyanın heç bir guşəsində müharibənin, münaqişənin alovlanmasını, insanların bəlalara, fəlakətlərə düçar olmasını istəmirdi. O, torpaqlarımızın azğın düşməndən azad olunacağına əmin idi və bu yolda öz səylərini bir an da olsun əsirgəmirdi.

Zərdab rayon Salahlı kənd ümumi orta məktəbin direktoru-Rəşad İsmayılov

 

 

Azərbaycan Heydər Əliyev siyasəti ilə irəliləyir və yaşayır

Azərbaycan xalqının tarixində və taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan tarixi şəxsiyyətlər, görkəmli siyasət və dövlət adamları çox olmuşdur. Bunlar zaman-zaman gördükləri böyük işləri və əməlləri ilə yadda qalmış və unudulmamışlar. Belə tarixi şəxsiyyətlər içərisində Azərbaycan xalqının Ümummilli lideri adını qazanmış görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi Heydər Əliyevin xüsusi rolu vardır. Çünki dövlət xadimlərindən ancaq bu dahi şəxsiyyət milli lider səviyyəsinə yüksəlmişdir. Milli liderliklə siyasi liderlik keyfiyyətlərinin bir dövlət adamında birləşməsi bəşər tarixində nadir rast gəlinən unikal haldır. Ulu öndər bu iki keyfiyyəti ehtiva etməklə bərabər, fəaliyyət göstərdiyi bütün digər sahələrdə də özünü məhz birinci şəxs kimi, lider kimi təsdiq etmişdir.

Bu dahi insan tarixi yazan və yaradan, onu yönəltməyi və fövqündə durmağı bacaran, dövlət idarəçiliyi və siyasi təlimlər elminin müntəxəbatını öz fəaliyyəti ilə diktə edən nadir şəxsiyyətlərdən biri idi. O, təkcə güclü təsərrüfatçı deyil, həm də sözlərinin çəkisi və sanbalı olan, kütləni arxasınca aparmağı, auditoriyanı inandırmağı bacaran bir siyasi xadim idi. Heydər Əliyev mahir psixoloq, insan qəlbinin dərin bilicisi idi. Buna görə də onun gələcəyi görmək qabiliyyəti başqalarına, həmkarlarına nisbətən daha güclü idi.

Ulu öndər böyük siyasət üçün yaranan, təkcə bir ölkə miqyasında yox, dünya əhəmiyyətli məsələlərin həllində qətiyyətli sözünü deyə bilən nadir siyasətçi idi. Onun bu sahədəki fitri istedadı və fövqəladə qabiliyyəti, hadisələrin və tarixin gedişatını öncə görmək məharəti siyasət aləminə qədəm qoyduğu ilk günlərdən özünü büruzə vermişdi. Hətta dünyanın ən görkəmli siyasət və dövlət xadimləri Heydər Əliyevlə məsləhətləşdiklərini, ondan öyrəndiklərini dönə-dönə etiraf etmişlər. Siyasətçilər bu dahi insanı “liderlərin lideri” adlandırırdılar. Görkəmli siyasətçi üçün uzaqgörənlik, düzgün qərar çıxartmaq nə qədər əhəmiyyətlidirsə, rəvan nitqə, yüksək intellektə, təhlil etmək bacarığına yiyələnmək də bir o qədər vacibdir. Bu cəhətdən Heydər Əliyevə uyğun gələn siyasətçi çox azdır.

Ümummilli lider Heydər Əliyevin ictimai-siyasi fəaliyyətinin obyektiv təhlili göstərir ki, o, başqalarından fərqli olaraq qeyri-adi zəkaya, böyük enerjiyə, islahatçı təfəkkürə, yüksək analitik təfəkkürə və yenilməz iradəyə malik siyasətçi idi. Dahi liderin siyasəti Azərbaycanın uğurlarının əsasıdır, gələcəyə istiqamətlənmişdir. Onun siyasi kursu dövlət müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi, Azərbaycanın beynəlxalq imicinin yüksəldilməsi, sosial-iqtisadi tərəqqiyə nail olması kimi ağır və taleyüklü məsələlərdə sınaqdan çıxmışdır.

Zərdab rayon Gəlmə kənd tam orta məktəbin müəllimi-Səidə Tağıyeva

Şərhlər

Şərh yazılmayıb.