Huquqaz.com

Təhsilimiz indidən “qan ağlayır” – Təcili tədbir görülməzsə…

05.09.2023
1.359
Təhsilimiz indidən “qan ağlayır” – Təcili tədbir görülməzsə…

Deyirlər, “bir Xalqı məhv etmək üçün ilk növbədə onun təhsilini və səhiyyəsini məhv etmək lazımdır”.

Azərbaycan səhiyyəsinin vəziyyəti hələ indi yavaş-yavaş dirçəlməyə başlayır, təbii ki, bu da Səhiyyə Nazirliyi və TƏBİB-in birgə səyləri sayəsində baş verir.

Azərbaycan təhsilinə gəldikdə isə…

Nə yazıq ki, hələ mövzunun adını yazanda özümdən biixtiyar dərindən köks ötürdüm.

Doğrudan da təhsilimiz inkişaf bir yana, günü-gündən daha da geri gedir.
Baxmayaraq ki, ölkə başçısı sözügedən sahəyə xüsusi diqqət yetirir, hər il milyonlarla pul ayırır. Bütün bunlara rəğmən, hələ də Cəlilabad rayonunun Darılıq kəndi kimi orta məktəbi belə olmayan bir neçə kəndlərimiz var.

DogruXeber.az” qeyd edir ki, məktəblərdə təhsil səviyyəsi 0-a yaxın. Aidiyyatı fənlər üzrə repititor yanında hazırlıqlara getməyən şagirdlərin ali məktəblərə qəbul olması mümkünsüz hala gəlib. Halbuki, repititor elə orta məktəblərdə dərs deyən həmin müəllimlərdir. Onların əksəriyyəti dərsdən sonra (hətta əldə etdiyimiz məlumatlara görə elə dərs saatlarında belə) ödənişli olaraq, əlavə şagirdlər hazırlaşdırırlar.

Təbii ki, bütün bunlara Emin Əmrullayevin təyin (müsabiqə, imtahan… hamısı gözdən pərdə asmaq üçündür) etdiyi direktorlar özləri müəyyən məbləğ qarşılığında şərait yaradırlar.

Biz bütün bunları özümüzdən demirik. Sosial mediada və sosial şəbəkələrdə bunları təsdiq edən çoxlu sayda valideyin müraciətləri mövcuddur.

Bundan əlavə, demək olar ki, hər il bu vaxtı, bir çox məktəblərdə məktəbli geyimlərinin formaları dəyişdirilir. Həmin geyimləri əldə etmək üçün isə məktəb direktorları tərəfindən xüsusi tələblər irəli sürülür – “Bakı Tikiş Fabrikinin geyimi olmalıdır, “AMAY” ticarət mərkəzində alınmalıdır”.
Bu günlərdə isə yəqin ki, sıxlıq səbəbilə satış nöqtəsi olaraq, bu il daha bir ünvanın – LC Waikiki mağazalarının da əlavə edildiyi barəsində məlumatlar yayımlandı.

Bu barədə bütün valideynlər hər il narazılıq edir, hər il mətbuat yazır…

Nə dəyişir?

Yalnız məktəbli formaları və qiymətlər.

Demək ki, xalqın problemləri Emin Əmrullayevi zərrə qədər maraqlandırmır.
“Ağasını” maraqlandırmayan problem isə “rəiyyət”inə heç lazım deyil…

Elə buna görədir ki, sözügedən sahə “tennis topu” kimi “çuxura tələsir”. Təhsil sahəsində çalışan səlahiyyət sahibləri də öz “keyfinə qulluq edir”.
Məsələn, elə Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov kimi.

Bu adamın işi ictimaiyyətlə əlaqələr olsa da, nə mətbuat nümayəndələrini, nə digər müraciət edənləri dinləməyə vaxtı yoxdur.
Nazirliyin elektron ünvanına ümumiyyətlə baxmır (hər halda görsə ən azından reaksiya verərdi), nə məktublara vaxtında cavab vermir, nə də ümumiyyətlə telefonlara cavab vermir.
Mobil telefonuna belə zəng edəndə, 2-3 ayda bir dəfə “alo” deyir, dinləyir, vəd verir və…. bir neçə ay yenə zənglərə cavab vermir.

Hələ arada bir barəsində tənqid yazanlardan küsməyi də var.

İstirahət rayonlarındakı əmlakları ilə az qala nazirin özünü geridə qoyan bu qoçaq oğlanın başı deyəsən Emin Əmrullayevdən daha çox qarışıqdır. 2-3 ayda bir dəfə telefonu açır, onda da “iclasdayam”, yaxud “tədbirdəyəm sonra danışarıq”, deyib bitirir.

Yeri gəlmişkən, ötən gün yayımlanan məlumata görə nə az, nə çox… düz 743 müəllimin əmək müqaviləsinə xitam verilib. Səbəb olaraq da göstərilib ki, onlardan 606 nəfəri sertifikatlaşdırma prosesində minimum keçid balını toplaya bilməyib, qalan 137 nəfəri isə ümumiyyətlə imtahanda iştirak etməyib.

Yəqin, həmin 137 nəfər imtahanda iştirak etmədən işləyən, hətta direktor olanlara baxıb, özlərini onların yerində hiss ediblər. Amma, bilmək gərək idi ki, buna görə Əmrullayevin bu işlər üçün ayrılmış xüsusi adamlarının “bığının altından keçmək lazımdır”.

Belə mövzuda “məsələ vnimatelni olmaqda deyil, konkret sosikadadır”

Mövzuya yenidən qayıdacağıq.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az

Şərhlər

Şərh yazılmayıb.