Huquqaz.com

Müstəqil dövlətçilik məktəbi

02.09.2023
1.840
Müstəqil dövlətçilik məktəbi

Müstəqil dövlətçilik məktəbi

Azərbaycan xalqının Ümummilli lideri, dünya səviyyəli siyasi xadim Heydər Əliyev çox əsrlik dövlətçilik tariximizdə yeni parlaq səhifə açan nadir, bənzərsiz şəxsiyyətdir. Tarixin yaddaşında əbədi iz qoymaq hər insana nəsib olmayan böyük xoşbəxtlikdir. Bu yalnız Heydər Əliyev kimi dahi şəxsiyyətlərin qismətinə düşən müstəsna taledir. Bütün həyatını xalqının xoşbəxt gələcəyinə, qüdrətli Azərbaycan dövlətinin yaradılmasına və inkişafına həsr etmiş bu dahi şəxsiyyətin Vətən və xalq qarşısındakı xidmətləri misilsizdir. Azərbaycanda müstəqil dövlət təsisatlarının qurulması, beynəlxalq normalara söykənən demokratik, hüquqi dövlətin yaranması, milli, mənəvi və əxlaqi dəyərlərimizin qorunub saxlanması, bu dəyərlərin ümumbəşəri ideyalarla daha da zənginləşdirilməsi, ilk Milli Konstitusiyamızın qəbul edilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması və yeni iqtisadi kursun müəyyənləşdirilməsi prosesinin müvəffəqiyyətli həlli məhz ümummilli liderimiz Heydər Əliyevin xidmətləridir. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ötən əsrin 70-80-ci illəri yaddaşlarda təkcə iqtisadi yüksəliş, təsərrüfatın bütün sahələrinin inkişafı dövrü kimi deyil, həm də elmin, təhsilin, mədəniyyətin misilsiz tərəqqisi illəri kimi qalıb. Məhz həmin dövrdə gələcək müstəqilliyimizin təməl daşları hörülüb, iqtisadi, sosial və mədəni potensialı formalaşıb. 1969-1982-ci illərdə həyatımızın bütün sahələrində köklü islahatlar aparılmış, əsaslı dəyişikliklər baş vermişdir. Bu nəhəng işlər öz miqyasına görə Azərbaycanın quruculuq salnaməsində ən dolğun səhifələri təşkil edir.

Azərbaycan müstəqillik qazandıqdan sonra görkəmli dövlət xadimi Heydər Əliyevin çoxcəhətli siyasi fəaliyyəti daha geniş miqyas almış, sistemli, ardıcıl və açıq xarakter daşımışdır. 1990-cı ilin sərt qış günlərində Moskvadakı Azərbaycan Daimi Nümayəndəliyinə gələrək respublikada 20 Yanvar faciəsi törətmiş Sovet İttifaqı rəhbərliyini kəskin şəkildə ittiham edən qətiyyətli bəyanatla çıxış etməsi Heydər Əliyevin yeni tarixi epoxanın başlanğıcında müstəqillik uğrundakı mübarizəsinin parolu kimi böyük əhəmiyyət kəsb edir.

Milli neft strategiyasının əsasını qoymuş Heydər Əliyev müstəqil dövlətimizin taleyində neft faktorunun xüsusi rolunu və əhəmiyyətini lazımi səviyyədə dəyərləndirmişdir. Neft strategiyasının beynəlxalq layihələrin, iqtisadi proqramların həllinə doğru istiqamətləndirilməsi ölkəmizdə bu tükənməz sərvətdən əldə olunan gəlirin qat-qat artırılmasına rəvac vermişdir. “Bakı-Tbilisi-Ceyhan” neft ixrac boru kəməri Heydər Əliyevin iqtisadi siyasətinin Bakı-Tbilisi-Qars dəmir yolu layihələri də mahiyyət etibarilə Ceyhana uzanan nəhəng magistralı tamamlayır. Beləliklə, neft siyasəti Azərbaycanın hərtərəfli inkişafının və beynəlxalq aləmdəki siyasətinin əsas generatoru statusunu qazanmışdır. Respublikamızda qeyri-neft sektorunun inkişafı da hərtərəfli şəkildə düşünülmüş uğurlu neft strategiyasının bəhrəsidir.

Dövlətimizin ali məqsədinə nail olunmasında, müvafiq hüquqi mexanizmlərin yaradılmasında, o cümlədən mükəmməl qanunvericilik bazasının formalaşdırılmasında Azərbaycan Respublikası Prezidentinin 1998-ci il fevralın 22-də imzaladığı “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” Fərmanı xüsusi əhəmiyyətə malikdir. Həmin dövrdə ulu öndərimiz tərəfindən təsdiq edilmiş “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” bu sahədə ilk fundamental sənəd olmaqla inkişafa təkan vermişdir.

 

Babazadə Mahmud

Saatlı rayon Nəsimikənd kənd tam orta məktəbinin müəllimi

Şərhlər

Şərh yazılmayıb.