Huquqaz.com

Doğma Vətənə qayıdış

01.09.2023
1.712
Doğma Vətənə qayıdış

Doğma Vətənə qayıdış.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev bütün ömrünü müstəqil Azərbaycan dövlətini qurmağa və gücləndirməyə, hər bir Azərbaycan vətəndaşının firavan, xoşbəxt həyat sürməsinə həsr etmişdir. Bütün çətinliklərə, hətta dəfələrlə həyatı təhlükədə olmasına baxmayaraq Heydər Əliyev bu müqəddəs amaldan geri çəkilmədi.

1990-cı il iyulun 20-də Bakıya, iki gün sonra isə doğma yurdu olan Naxçıvana dönən Ulu Öndər Heydər Əliyevi Naxçıvan əhalisi böyük sevinc və çoşqu ilə qarşıladı. O vaxtlar çətin vəziyyətdə olan Naxçıvan əhalisi başa düşürdü ki, onları bu ağır vəziyyətdən dahi şəxsiyyət Heydər Əliyev xilas edə bilər.

30 sentyabr 1990-cı ildə ulu öndər Azərbaycan SSR və NMSSR Ali Sovetinə deputat seçildi. Bu ulu öndər Heydər Əliyevin yenidən Azərbaycanda siyasi fəaliyyətinin başlanğıcı oldu. Məhz ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1990- cı il noyabrın 17-də Naxçıvan Ali Soveti üçrəngli bayrağımızın Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olması barədə qərar qəbul etdi.  Qərarda Azərbaycanın qanunvericilik orqanına 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin qəbul etdiyi dövlət rəmzlərinin – bayrağın, gerbinin, himnin Azərbaycanın milli atributları kimi qəbul edilməsi təklif edildi. Həmçinin sessiyada NMSSR-nın adından “Sovet, Sosialist” sözlərinin çıxarılması barədə qərarın qəbul edilməsi təklifi ulu öndər Heydər Əliyev tərəfindən irəli sürülmüşdür. Bu cür cəsarətli, qətiyyətli addımlar məhz Heydər Əliyev tərəfindən irəli sürülə bilərdi. Ulu öndər Heydər Əliyevin irəli sürdüyü bütün təkliflər müstəqil Azərbaycan dövlətinin yaranmasına xidmət edirdi. Naxçıvan Muxtar Respublikası Ali Soveti 1990-cı il 20 yanvar hadisələrinə də siyasi qiymət verdi və bu hadisədə SSRİ rəhbərliyi ilə yanaşı respublika rəhbərləri  Vəzirov və Mütəllimovun da günahkar olduqlarını qeyd etdi.

Heydər Əliyevin Azərbaycan SSR Ali Sovetinin 1991-ci il fevralın 5-də açılış sessiyasındakı çıxışı xalq tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılandı. Ulu öndər respublikadakı mövcud siyasi vəziyyəti ətraflı təhlil etdi, Dağlıq Qarabağ münaqişəsində SSRİ rəhbərliyi ilə yanaşı Azərbaycan rəhbərliyinin də ciddi nöqsanlara yol verdiyini , eləcə də təcavüzkar Ermənistanla birlikdə mübarizə aparmağın vacib olduğunu qeyd etdi. Həmin sessiyada dövlətin adının dəyişdirilərək “Azərbaycan Respublikası” adlandırılması və Azərbaycan Xalq Cümhuriyyətinin bayrağının  dövlət bayrağı təsdiq olunmasında ulu öndər Heydər Əliyevin böyük rolu olmuşdur.  Ulu Öndər Heydər Əliyevin 1991-ci il iyulun 19-da SSRİ Nazirlər Soveti partiya təşkilatına Azərbaycanın ərazi bütövlüyünün,  suverenliyinin Konstitusiyaya zidd olaraq pozulması, Ermənistanın Azərbaycana qarşı elan edilməmiş  müharibə aparması səbəbindən partiya sıralarından çıxması barədə yazdığı ərizə xalq tərəfindən böyük rəğbətlə qarşılandı.

1991-ci il avqustun 30-da Azərbaycan Respublikası Ali Sovetinin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyasında ulu öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyinin elan olunması ilə bağlı tarixi çıxış etdi.  Bunun nəticəsində sessiyada “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsi haqqında ” Bəyannamə qəbul edildi. 1991-ci il oktyabr ayının 18- də isə Ali Sovet “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul edildi. Ulu Öndər Heydər Əliyev AXC-nin yarandığı günü müstəqillik günü kimi dəyərləndirib və AXC-nin cəmi 23 ay yaşamasına baxmayaraq dövlətçiliyin,  müstəqilliyin əsaslarının qoyulmasında əhəmiyyətini qeyd edirdi. 1991-ci il sentyabrın 3-də Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçildi və qanunvericiliyə əsasən həm də Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini oldu. Bundan sonra dahi şəxsiyyətin Azərbaycanın siyasi həyatında böyük işlər görməsinə şərait yarandı. Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı milli dövlətçiliyimizin bərpası istiqamətində qəti addımlar atılmasına səbəb oldu. Ulu Öndər hakimiyyətə gəldikdən sonra dövlətçilik konsepsiyası hazırlandı, iqtisadiyyatımız yeni mərhələyə qədəm qoyaraq sürətlə dirçəlməyə başladı. Azərbaycanda  demokratiya, mətbuat və söz azadlığı bərqərar oldu. Tolerantlıq, multikulturalizmin əsası qoyuldu. Dahi siyasətçi, müdrik dövlət başçısı Heydər Əliyev Azərbaycanda dövlətçiliyin prinsiplərinin əsasını qoydu, sosial, siyasi sabitliyin təməlini formalaşdırdı. Bu gün də Azərbaycan Ulu Öndər Heydər Əliyevin qoyduğu siyasi kursla irəliləyir və dünyada böyük nüfuz sahibinə çevrilərək yeni uğurlara imza atır.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı – İmanova Xanım

 

 

Naxçıvanda həyata keçirilən demokratik tədbirlər bütün Azərbaycana nümunə olmuşdu.

Azərbaycanda milli hərəkat vüsət almışdı. Azərbaycanın dövlət müstəqilliyinin bərpa edil­mə­si ümumxalq mübarizəsinə çevrilmişdi. Bu mübarizə tarixi mübarizə idi və xalqın zaman anlamında dünənlərindən qaynaqlanırdı.

Hələ Haxçıvan Muxtar Respubliksı Ali Sovetinin Sədri olanda Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı ilin noyabrın 17-də Naxçıvan Ali Soveti müstəqilliyimizin əsas atributlarından olan üçrəngli bayrağımızın Naxçıvan MR-in dövlət bayrağı olması barədə qərar qəbul etdi. Qərarda, həmçinin Azərbaycan Respublikasının ali qanunverici orqanına Azərbay­ca­nın dövlət rəmzləri haqqında məsələyə baxması, respublikamızın milli tarixi ənənələrə uyğun olaraq yeni dövlət rəmzlərinin – bayrağın, gerbin, himnin qəbul olunması təklif edil­miş­di. Sessiyada qəbul edilən cəsarətli qərarlardan biri də Naxçıvan Muxtar Respublikasının adından “sovet” və “sosialist” sözlərinin götürülməsi idi. Eyni zamanda həmin sessiyada Hey­dər Əliyevin təklifi ilə Naxçıvan MSSR Ali Sovetinin Naxçıvan Muxtar Respublikası Ali Məc­li­si adlandırılması da sadəcə redaktə xarakterli düzəliş deyildi. Bu, dünyada Sovet İttifaqı kimi tanınan, siyasi sistemini sovetlər üstündə quran bir ölkənin siyasi strukturunda dəyişiklik edilməsi demək idi. Naxçıvan MR Ali Məclisi 1990-cı il noyabrın 21-də 20 yanvar hadisəsinə düzgün siyasi qiymət verdi, bu qanlı hadisədə SSRİ rəhbərliyi ilə yanaşı respublika rəhbərləri Ə.Vəzirovun, A.Mütəllibovun və b. günahkar olduqlarını qeyd etdi, xalqa kimlərin ona rəhbərlik etmək istədiyini göstərdi.

Ulu Öndər Heydər Əliyev 1991-ci il iyulun 19-da Kommunist Partiyasından çıxmışdı,  SSRİ Nazirlər Kabineti partiya təşkilatına ərizəsində qeyd edirdi: “Azərbaycanın dövlət su­ve­ren­liyi, ərazi bütövlüyü konstitusiyaya zidd olaraq kobud şəkildə pozulub. Ermənistanla Azər­baycan arasında elan edilməmiş müharibə gedir… bütün bunlar “humanist ideologiyalı” Sovet dövləti üçün adi haldır”.

1991-ci il avqustun 30-da Azərbaycan Respublikası Ali Sovetinin xalqın tələbi ilə ça­ğı­rılmış növbədənkənar sessiyasında Ulu Öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyi­nin elan olunması təklifi ilə çıxış etdi. Sessiyada “Azərbaycan Respublikasının dövlət müstə­qil­liyini bərpa etmək haqqında” Bəyannamə, oktyabr ayının 18-də isə “Azərbaycan Respub­li­ka­sının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”ı qəbul olundu.

“Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Azərbay­can Respublikası Ali Sovetinin Bəyannaməsi qəbul olundu.

Bu Bəyannamə yüz illərin niyyəti idi, xalqın iradəsinin, azadlıq,müstəqillik ruhunun təntənəsi idi. Bu Bəyannaməni hər birimiz müstəqli Azərbaycanın Dövlət Himni kimi əzizləyir, sevirik. Dövlət Himnimizi əzbər bildiymiz kimi, bu dünyəvi, bəşəri dəyərə malik olan Bəyan­na­məni də eləəcə öyrənməliyik. Azərbaycan naminə!..

Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı -Tavad Qurbanova

 

 

Milli dövlətçiliyin bərpası.

Prezident cənab İlham Əliyevin Sərəncamı ilə 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev İli” elan olunması Ümummilli Liderə xalqın ehtiramı, sədaqətidir. Sərəncamda da qeyd olunduğu kimi, Ulu Öndər Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi – siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Onun  zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Ümummilli Lider  Heydər Əliyevin həyat amalının təntənəsidir.

Ulu Öndər Heydər Əliyev hələ sovetlər dönəmində respublikaya rəhbərlik etdiyi dövrdə və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olarkən böyük uzaqgörənliklə Azərbaycanın gələcəkdə müstəqil dövlət kimi yaşamasını təmin edəcək sosial – iqtisadi və milli – mənəvi bünövrə yaratdı. “Bu zamanın, bu dəqiqələrin, bu saatın hökmünü nəzərə almaya bilməzdim. Xalqın bu əhvali-ruhiyyəsini, tələblərini nəzərə alaraq bütün məsələləri götür – qoy etdim. Mən öz taleyimi xalqa tapşırmışam və xalqın iradəsini, yəqin ki, indi bu müddətdə, bu çətin dövrdə yerinə yetirməliyəm” – deyən Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycanın dövlət müstəqilliyinin bərpası istiqamətində tarixi – siyasi qərarlar qəbul etdi, Ermənistan hərbi birləşmələrinin Naxçıvana hücumunun qarşısı qətiyyətlə alındı, blokada şəraitində yaşayan Naxçıvanın sosial – iqtisadi inkişafı məqsədilə mühüm tədbirlər görüldü. Dövlət müstəqilliyimizin yaradılmasının, onun dönməz və sarsılmaz olmasının təmin edilməsi, dövlət çevrilişi cəhdlərinin və separatizmin qarşısının alınması,vətəndaş həmrəyliyinin bərqərar olması, ictimai – siyasi və iqtisadi sabitliyin yaradılması üçün əsaslı işlər görüldü.

Ümummilli Liderin Naxçıvanda həyata keçirdiyi demokratik tədbirlər bütün Azərbaycana nümunə olmuşdu. Heydər Əliyev Azərbaycan SSR Ali Sovetinin 1991-ci il fevralın 5-də açılmış sessiyasındakı çıxışında mövcud siyasi vəziyyəti əhatəli təhlil etdi. Dağlıq Qarabağ münaqişəsinin səbəblərini, SSRİ və respublika rəhbərlərinin yol verdiyi ciddi qüsurları və onları aradan qaldırmağın, təcavüzkar Ermənistana qarşı müdafiə mövqeyindən çıxıb birlikdə mübarizə aparmağın vacibliyini qeyd etdi. Onun çağırışını xalq ruh yüksəkliyi ilə qarşıladı. Həmin sessiyada dövlətin adı dəyişdirilərək “Azərbaycan Respublikası” adlandırıldı, Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı dövlət bayrağı kimi təsdiq olundu. 1991-ci il avqustun 30-da Azərbaycan Respublikası Ali Sovetinin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyasında Ulu Öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyinin elan olunması təklifi ilə çıxış etdi. Bunun nəticəsində həmin sessiyada “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Bəyannamə qəbul edildi. Həmin ilin oktyabr ayının 18-də isə Ali Sovet “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”nı qəbul etdi.

Ulu Öndər Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı günü məhz müstəqillik günü kimi dəyərləndirirdi və bunu obyektiv yanaşmalarla əsaslandırirdı: “1918-ci ildə Azərbaycan xalqı müdrik oğullarının fəaliyyəti nəticəsində öz müstəqilliyinə nail ola bildi və Xalq Cümhuriyyəti yarandı. Bununla da Azərbaycanda Şərq aləmində ilk dəfə demokratik, hüquqi dövlət yarandı. Xalq Cümhuriyyəti qısa, yəni 23 aylıq fəaliyyəti dövründə çox işlər gördü. Bu işlərin ən mühümü isə Azərbaycanın müstəqilliyinin, dövlətçiliyinin əsaslarının qurulması oldu. İlk Azərbaycan dövlətinin, hökumətinin təsisatları məhz həmin dövrdə yarandı.”

Ulu Öndər Heydər Əliyevin uzaqgörən və müdrik siyasəti sayəsində müstəqil dövlətçilik ənənələrinin inkişafı prosesi başlandı, ölkəni gözləyən bütün təhlükələr dəf edilərək Azərbaycanın müstəqilliyinin möhkəm təməli qoyuldu, köklü  islahatlar nəticəsində dövlət idarəçiliyinin bütün sahələri dünya standartlarına uyğunlaşdırıldı. Ulu Öndərin uzaqgörənliyi ilə mütərəqqi dövlət quruculuğuna start verildi, dövlətçiliyin başlıca prinsipləri formalaşdırıldı, sosial sabitliyin təməli qoyuldu və dövlət cəmiyyətin bütövlüyünün tam təminatçısına çevrildi.

Bu gün Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti olan müstəqil Azərbaycan Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız İlham Əliyev cənablarının uğurlu siyasəti nəticəsində beynəlxalq aləmdə güclü iqtisadiyyata, müstəqil siyasətə, qüdrətli orduya malik olan sülhsevər  bir ölkə kimi tanınır  və bu uğurlu siyasət nəticəsində Ulu Öndərin ilahi arzuları zaman – zaman həyat keçir, reallaşır və müdrik xalqımız özünün şanlı tarixinin  yeni – yeni səhifələrini yazır.

Dəkkəoba kənd tam orta məktəbinin müəllimi – Mayisa Xəlilova 

Şərhlər

Şərh yazılmayıb.