Huquqaz.com

“Laçın” sərhəd-buraxılış məntəqəsinin açılması 30 il əvvəl azərbaycanlılara qarşı XX əsrin faciəsini törətmiş şəxsin saxlanılmasına səbəb oldu

29.08.2023
1.607
“Laçın” sərhəd-buraxılış məntəqəsinin açılması 30 il əvvəl azərbaycanlılara qarşı XX əsrin faciəsini törətmiş şəxsin saxlanılmasına səbəb oldu

“Laçın” sərhəd-buraxılış məntəqəsinin açılması 30 il əvvəl azərbaycanlılara qarşı XX əsrin faciəsini törətmiş şəxsin saxlanılmasına səbəb oldu.

II Qarabağ müharibəsi zamanı düşmən üzərində qazanılan hərbi-siyasi qələbə 30 illik Vətən həsrətinə son qoydu. Ölkəmizin beynəlxalq səviyyədə tanınan əraziləri işğaldan azad edilərək, suveren ərazi bütövlüyümüz bərpa edildi. Bu mənada Azərbaycan-Ermənistan sərhədində Laçın rayonu ərazisində Həkəri çayının üzərində 23 aprel 2023-cü il tarixində “Laçın” sərhəd-buraxılış məntəqəsinin qurulması tarixi hadisə idi. Fəxarət rəmzimiz üçrəngli, ay-ulduzlu dövlət bayrağımız sərhəddə dalğalandırıldı. Bununla da Azərbaycan sərhədlərinin bütövlüyü təmin olundu.

Azərbaycan-Ermənistan sərhədində “Laçın” sərhəd-buraxılış məntəqəsinin yaradılmasını həzm edə bilməyən Ermənistan tərəfi və onu himayə edən qüvvələr Azərbaycana qarşı ittihamlara çıxış edir: “Onlar ölkəmizi guya Ermənistanla sərhəddə vəziyyəti gərginləşdirməkdə, Qarabağ bölgəsində humanitar böhran yaratmaqda təqsirləndirir. Əslində rəsmi İrəvan bu cür cəhdlərlə Azərbaycanın daxili işlərinə müdaxilə etməklə yanaşı, uzun illərdən bəri ölkəmizə qarşı həyata keçirilən təcavüzkar siyasətinə fərqli don geyindirməyə çalışır. Amma Ermənistan və ona havadarlıq edənlər unudurlar ki, “Laçın” sərhəd-buraxılış məntəqəsinin yaradılması ölkəmizin suveren hüquqları çərçivəsində atılmış legitim addımdır. Laçın ölkəmizin ərazisində olduğundan burada həyata keçiriləcək tədbirlər, o cümlədən sərhəd-buraxılış məntəqəsinin yaradılması da müstəsna olaraq ölkəmizin daxili işidir. Sərhədimizin toxunulmazlığının təmin olunması məsələsi ölkəmizin milli təhlükəsizliyi ilə yanaşı, qanunun aliliyinin tələbidir. Dövlət təhlükəsizliyinin pozulmasına yönəlik təhdidlərə qarşı suveren ərazimizdə sərhəd-buraxılış məntəqəsinin yaradılması beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq qanuni addımdır”.

“Laçın” sərhəd-buraxılış məntəqəsinin strateji əhəmiyyəti olduqca böyükdür: “Bu məntəqənin yaradılması yaxın gələcəkdə Qarabağda qanunsuz yerləşdirilmiş erməni silahlı birləşmələrinin çıxarılması, həmçinin separatçıların tərksilah olunması baxımından böyük önəm daşıyır. Bu sözsüz ki, milli maraqların qorunması naminə siyasi iradənin nümayişidir. Prezident İlham Əliyev 1 may 2023-cü il tarixində ABŞ dövlət katibi Antoni Blinkenlə telefon danışığı zamanı qeyd etmişdir ki, “Azərbaycan-Ermənistan sərhədində “Laçın” sərhəd-buraxılış məntəqəsinin qurulması Azərbaycanın suveren hüquqları çərçivəsində və bütün beynəlxalq qaydalara uyğun olaraq təmin edilib. Məqsəd hərəkətin məhdudlaşdırılması deyil, əksinə nəzarətin təmin edilməsidir və artıq bu məntəqə vasitəsilə gediş-gəliş həyata keçirilir. Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əhalisinin hüquqları isə Azərbaycanın Konstitusiyası və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq sənədlər çərçivəsində təmin olunacaqdır”. Sözsüz ki, “Laçın” sərhəd-buraxılış məntəqəsinin qurulması böyük Şuşa Zəfərindən sonra əldə edilmiş ən böyük və əhəmiyyətli hərbi-siyasi qələbə kimi Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb”.

“Laçın” sərhəd-buraxılış məntəqəsinin açılması 30 il əvvəl azərbaycanlılara qarşı XX əsrin faciəsini törətmiş şəxsin saxlanılmasına səbəb oldu: “Xaçaturyan Vaqif Çerkezoviç kimi hərbi caninin həbsini bu xüsusda qeyd etmək olar. Bu baxımdan “Laçın” sərhəd-buraxılış məntəqəsi Azərbaycanın suverenliyini və təhlükəsizliyini təmin edir. Hələdə Azərbaycan ərazisində olan qeyri-qanuni erməni hərbçilərinin rotasiyasının, habelə silah, sursat, mina və xarici terrorçuların daşınmasının qarşısının alınmasında Laçın keçid məntəqəsinin önəmi olduqca böyükdür. Eyni zamanda “Laçın” sərhəd-buraxılış məntəqəsinin beynəlxalq legitimliyi mövcuddur. Beynəlxalq Ədalət Məhkəməsinin 2023-cü il 6 iyul tarixli yekdil qərarı Ermənistanın nəzarət-buraxılış məntəqəsinin aradan qaldırılması ilə bağlı müvəqqəti tədbir görmək tələbini rədd edərək, Ermənistanın “Laçın” keçid məntəqəsinin qanunsuz olması ilə bağlı iddialarını qəti şəkildə təkzib edib”.

Bütün bunlar rəsmi İrəvanın riyakarlığından və məkrli xislətindən qaynaqlanır: “Ermənistan həqiqətən də bölgənin sadə sakinlərini düşünsəydi, heç vaxt Ağdam-Xankəndi yolundan Qarabağ bölgəsinə yüklərin çatdırılmasına etiraz etməzdi. Ona görə də, erməni tərəfinin manipulyasiyalarının strateji hədəfi “humanitar” bəhanələrdir. “Humanitar böhran” amili üzərində qurulmuş erməni təbliğatı burada özünü açıq şəkildə göstərmiş olur. Tarix boyunca “miskin millət” obrazını təbliğ edən rəsmi İrəvanın manipulyasiyaları həqiqətin təhrif olunması və süni qalmaqallar üzərindən qurulub. Ona görə də, “Laçın” sərhəd-buraxılış məntəqəsi ətrafında aparılan oyunlar bilavasitə Azərbaycana qarşı yönəlmiş informasiya müharibəsinin təzahürü kimi qəbul olunmalıdır”.

 

Fərəcov Nazim Muğdət oğlu   Saatlı Dövlət Rəsm Qalereyasının əməkdaşı

Şərhlər

Şərh yazılmayıb.