Huquqaz.com

Gənc nəsil dövlətçilik irsini qoruyacaq və ideyalarına sadiq qalacaqdır

25.08.2023
1.732
Gənc nəsil dövlətçilik irsini qoruyacaq və ideyalarına sadiq qalacaqdır

Gənc nəsil dövlətçilik irsini qoruyacaq və ideyalarına sadiq qalacaqdır

Heydər Əliyev gənclərin idrak və təfəkkürünə yeni rövnəq verir. Bu rövnəq isə onları müdrik rəhbərin, nüfuzlu siyasət liderinin davamçısı kimi xoşbəxt, işıqlı gələcəyə səsləyir. Heydər Əliyev öz mənalı həyat yolu ilə gənclərə mübariz keyfiyyətlər aşılayır, onları müstəqil Azərbaycanın vətənpərvər övladları kimi tərbiyə edirdi.

Onun “mənən zəngin olun, tariximizi, ədəbiyyatımızı, dinimizi, incəsənətimizi sevin, dərindən öyrənin və qoruyun” – ifadələri gənclərin həyat örnəyi olacaq, əql və zəkalarını işıqlandıracaq, yollarında məşəl kimi yanacaqdır.

Tükənməz iradə, yüksək intellektual potensiala və güclü hafizəyə malik görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycan gəncliyinə örnək olmaqla, ölkənin gələcək inkişaf yollarını göstərməklə böyük bir məktəb yaratmışdır. Ulu Öndərin layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev onun yolunu uğurla davam etdirir, Azərbaycan gəncliyinə böyük etimad göstərir, onların hərtərəfli inkişafına dəstək olur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gənclər Siyasəti üzrə Birinci Qlobal Forumundakı (28-30.10.2014-cü il) çıxışında qeyd etmişdir: “Azərbaycan öz prioritetlərini və məqsədlərini aydın şəkildə müəyyən etmiş gənc, müstəqil, dinamik və müasir ölkədir. Biz Azərbaycan gəncləri kimi böyük potensial, uğurumuzun aparıcı qüvvəsi ilə gələcəkdə daha böyük nailiyyətlərə imza atacağıq”.

Bu il dahi şəxsiyyət və qüdrətli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə 2023-cü il “Heydər Əliyev İli” elan edilmişdir. Ölkədə və onun sərhədlərindən kənarda Heydər Əliyevin siyasi irsinə, zəngin həyat yolu və fəaliyyətinə həsr edilən konfrans, simpozium, sərgi, müsabiqələrin, respublikanın görkəmli elm və mədəniyyət xadimlərinin, tanınmış ziyalıların iştirakı ilə tədbirlərin təşkili xalqımızın Ulu Öndərə minnətdarlıq duyğusunun təzahürü, əziz xatirəsinin əbədiləşdirilməsidir. Xalqımız Ümummilli Lider Heydər Əliyevi daim qürur və məhəbbət hissi ilə yad edəcəkdir. Gənc nəsil onun yaratdığı dövlətçilik irsini qoruyacaq və ideyalarına sadiq qalacaqdır. Azərbaycanlı olmağı ilə ömür boyu fəxr edən Heydər Əliyevin adı gənclərin qəlbində milli iftixar mənbəyi, müdriklik və mübarizlik simvolu kimi həmişə yaşayacaqdır.

Cavid Məlikov – Zərdab şəhər sakini, fəal gənc

 

 

Məktəb həyatı təkcə təhsil vermir, eyni zamanda bu, yüksək tərbiyə ocağıdır

Bizim uşaqlarımız, gənclərimiz hər bir fənni bilməlidirlər və xüsusən, o fənlərdə ki, ixtisaslaşmaq istəyir, – onu daha da yaxşı bilməlidirlər. Biri istəyir riyaziyyatçı olsun, biri istəyir fizik olsun, biri istəyir geoloq olsun, biri istəyir hüquqşünas olsun. Qoy olsun. Ancaq orta məktəblər üçün bizim bir neçə şərtlərimiz vardır, onları həyata keçirməlidirlər. Ana dilini bilməlidirlər, ədəbiyyatımızı bilməlidirlər, bizim tariximizi bilməlidirlər, bizim mədəniyyətimizi bilməlidirlər. İndi biz Azərbaycanda məhdudiyyət qoymuruq. Rusdilli məktəblər var və qarışıq – rus-Azərbaycan dilli məktəblər vardır. Gürcülər yaşayan yerdə gürcü dilli məktəblər vardır. Başqa dillərdə olan bütün bu məktəblərdə, yaxud ola bilər, başqa dillərdə də məktəblər yaransın – bunların hamısında Azərbaycanın tarixi, Azərbaycanın ədəbiyyatı, Azərbaycanın mədəniyyəti tədris olunmalıdır. Bu, mütləq lazımdır.

Ümumi təhsilimizdə, yəni məktəblərimizdə bütün dərslər, bütün fənlər bizim bu günümüzə və gələcəyimizə həsr olunmalıdır. İnsan təhsilinin əsasını orta məktəbdə alır. Ona görə də bütün təhsil sistemində orta məktəb, orta ixtisas məktəbi, yaxud da ki, orta təhsil məktəbi – bunlar xüsusi yer tutmalıdır. Əgər bu 11 il müddətində uşaq birinci sinifdən başlayaraq sona qədər köklü təhsil almasa, yaxşı hazırlaşmasa, o, nəinki gedib universitetə imtahan verə bilməz – heç lazım deyil ki, hər bir orta təhsil alan getsin universitetə imtahan versin. Bu, mümkün də deyildir. Bu, keçmişdə də mümkün olmayıbdır, bu gün də mümkün deyildir, – ancaq ola bilər, ondan sonra gedib universitetdə ali təhsil almasa da, amma həyatda yaşayacaqdır, həyatda fəaliyyət göstərəcəkdir, cəmiyyətdə olacaqdır. Əgər onun fundamental, köklü orta təhsili varsa, o, cəmiyyətdə özünə yer tapacaq, çalışacaq, özünü, ailəsini yaşadacaqdır. Amma ən vacibi də odur ki, cəmiyyətimizin şüurlu üzvü olacaqdır.

Məktəb həyatı təkcə təhsil vermir, eyni zamanda bu, yüksək tərbiyə ocağıdır. Bu, eyni zamanda uşağı, gənci müstəqil həyata hazırlayan bir səviyyədir. Məktəb elə bir prosesdir, orqanizmdir ki, burada hamı – şagird də, tələbə də, müəllim də, bütün kollektiv də inkişafdadır. Məktəbdə insanın dünyagörüşünün bünövrəsi qoyulur, onun xarakteri formalaşır, ideya dayaqlarının, mənəvi və əxlaqi dayaqların təməli yaradılır. Məktəbin təsiri altında əqidəliliyi, əməyə məhəbbət, yüksək mənəviyyat və humanizm, vətənpərvərlik və beynəlmiləlçilik kimi zəruri keyfiyyətləri tərbiyə edilir. Məktəbdə insanın baxışları, arzu və istəkləri formalaşır, onun rəhbər tutduğu mənəvi meyarlar bir çox cəhətdən müəyyənləşir. Məktəb gənc şəxsiyyətin bir vətəndaş kimi təşəkkülündə, gənclərin vətənpərvərlik tərbiyəsində böyük rol oynayır. Məktəbdə vətənpərvərlik tərbiyəsi işini daim təkmilləşdirmək, onun forma və metodlarının rəngarəngliyinə çalışmaq, yüksək səmərəliliyinə nail olmaq lazımdır. Hər bir gənc vətəndaş öz ölkəsinin alovlu vətənpərvəri olmalıdır.

Çox uzun bir müddət ərzində məktəbin işinə yalnız bir göstəriciyə, əsas hesab edilən göstəriciyə görə qiymət verilirdi: məktəbin nə qədər məzunu tələbə olmuş, ali məktəb diplomu almışdır. Bu nöqteyi-nəzəri dəyişdirmək vaxtı gəlib çatmışdır. Bilikli, bacarıqlı, əməksevər adamlar yetişdirmək məktəbin ən birinci borcudur. Məzun əməyə hazırdırmı – bu gün məktəbin işinin, bütün xalq maarifi sisteminin səmərəliliyi bax bu meyarla müəyyən edilir.

Abdulbağı Fazilli – Zərdab şəhər sakini, fəal gənc

 

 

Xalqımızın təbii xüsusiyyəti ondan ibarətdir ki, xalqımız vətənpərvərdir.

Azərbaycanın suverenliyi, bütövlüyü və bölünməzliyi, ölkəmizin bütün vətəndaşlarının mənsub olduğu Azərbaycan xalqı, azərbaycançılıq, ölkəmizin dövlət dili olan Azərbaycan dili, xalqımızın tarix boyu yaratdığı milli-mənəvi dəyərlərimiz, xalqımızın milli əxlaqi mentaliteti, ümumbəşəri dəyərlər və bütün bu dəyərlərin sintezi, respublikamızın ilk demokratik konstitusiyası, bu konstitusiyada hər bir vətəndaş üçün vəzifələr, vətəndaşlarımızın hüquqları, təminatları, Azərbaycanın milli bayrağı, gerbi, himni – bütün bunlar, mənim fikrimcə, müstəqil Azərbaycanın milli ideologiyasının əsasını təşkil edən prinsiplərdir. Gənclərimizi təhsil, tərbiyə sahəsində, ailə həyatında bu prinsiplər əsasında formalaşdırmaq, inkişaf etdirmək və fəaliyyətə cəlb etmək lazımdır. Konstitusiyanı öyrənmək lazımdır, Konstitusiyanı dərk etmək lazımdır. Konstitusiyanın maddələrini, xüsusən vətəndaşların vəzifələrinə aid olan, vətəndaşların hüquqlarına aid olan maddələrini vətəndaş bilməlidir, bizim gənc vətəndaş bilməlidir və ona riayət etməlidir. Azərbaycanın dövlət müstəqilliyini təmsil edən Azərbaycan bayrağına münasibət, onun müqəddəsliyi hər bir cocuqda, yeniyetmədə daxildən olmalıdır. Azərbaycan bayrağı sadəcə bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Məktəblərimizdə Azərbaycanın dövlət müstəqilliyinin, azadlığının mənası, məzmunu çox geniş tədris olunmalıdır. Bu, çox əhəmiyyətlidir, çünki vətənpərvərlik hissləri insanlara uşaq vaxtından aşılanmalıdır. Xalqımızın təbii xüsusiyyəti ondan ibarətdir ki, xalqımız vətənpərvərdir. O, ananın bətnində vətənpərvərlik hisslərini özündə toplayır.

Respublikamızın çox güclü müəllim ordusu var. Azərbaycanın müəllimləri ən yüksək mənəviyyata, vətəndaşlıq hisslərinə malik olan insanlardır. Müəllimlik sənəti şərəfli bir sənətdir. Mən bunu öz həyatımda da, işlədiyim dövrlərdə müəllimlərlə görüşlərdə, danışıqlarda da hiss etmişəm ki, Azərbaycan müəllimləri bu şərəfli adı ləyaqətlə daşıyıblar və bu gün də daşıyırlar. Müəllim, həqiqi müəllim adını daşıyan insan həmişə, tarixin ən çətin dövrlərində dəyanətli, dözümlü olubdur və öz mənəviyyatını hər şeydən yüksək tutubdur. Bizim hamımız – mən də, siz də Azərbaycan məktəbinə, Azərbaycan müəlliminə borcluyuq. Cəmiyyətimizin ümidi, gələcəyi olan uşaqların təlim-tərbiyəsi kimi ən mühüm, ən vacib iş ona etibar edilmişdir. Müəllim öz biliyini, təcrübəsini, qüvvəsini, qiymətli nəyi varsa, hamısını şagirdlərinə, xalqa bəxş edir. Məktəbimizin bütün yetişdirmələrinə həyat vəsiqəsini müəllim vermişdir. Rəşadətə bərabər bu nəcib, fədakar əməyinə görə müəllimin yetişdirmələri, valideynlər ona hədsiz dərəcədə minnətdarıq.

Müəllim adı dünyada ən yüksək addır. Məsələn, şəxsən mən Yer üzündə müəllimdən yüksək ad tanımıram. Çünki hər birimizə təhsil, bilik verən, bu səviyyəyə qaldıran məktəbdir və məktəbdə təhsil verən də müəllimdir. Bizim müstəqil respublikamızda, Azərbaycan cəmiyyətində müəllim bu gün də, gələcəkdə də ən hörmətli insan kimi qəbul edilməlidir və müəllimlik peşəsi ən yüksək qiymətə layiq olan peşədir. Biz əsl vətənpərvərlərin, mübarizlərin, əməkçilərin, möhkəm əqidəli insanların neçə-neçə nəslini yetişdirmiş müəllimlərimizlə haqlı olaraq fəxr edirik.

Cavid Nuriyev – Zərdab şəhər sakini, fəal gənc

Şərhlər

Şərh yazılmayıb.