Huquqaz.com

Azərbaycan müstəqil siyasət aparmaq iqtidarındadır

26.06.2023
1.671
Azərbaycan müstəqil siyasət aparmaq iqtidarındadır

Azərbaycan müstəqil siyasət aparmaq iqtidarındadır.

Dövlət müstəqilliyi uğrunda mübarizə bütün dövrlərdə Azərbaycan xalqının ən ali məqsədi və şərəf işi olub. Bu, öz varlığını, vətənini, milli kimliyini göz bəbəyi kimi qorumağın tarixi timsalıdır. Müstəqil bir dövlətə sahiblik eyni bayraq altında birləşən, Vətənin azadlığı, bütövlüyü uğrunda vuruşub qurbanlar verən bütün insanlar üçün ən böyük dəyərdir. Xalq bu dəyər sayəsində öz haqlarını təmin edir, milli mövcudluğunu qoruyur, yaradıcılıq əzmi, nəsillərdən-nəsillərə ötürülən dövlətçilik irsi ilə tarixdə yeni səhifələr yaradır. Dövlət müstəqilliyi xalqların istiqlal mübarizəsinin, əsrlər boyu formalaşdırdığı mənəvi potensialın, maarifçilik ənənələrinin, milli-mənəvi dəyərlərə bağlılığının, eyni zamanda milli vəhdətinin bariz təcəssümüdür. Ötən 30 ildə müstəqilliyimiz möhtəşəm sınaqlardan çıxdı və Ümummilli Lider Heydər Əliyevin sözləri tariximizə qızıl hərflərlə yazıldı: “Müstəqilliyimiz daimidir, əbədidir, dönməzdir!” Bu sözlərin əbədiyyətinə təminat verən odur ki, hər bir ifadədə əzmkarlıq, milli ruh, vətənin müstəqilliyinə və xalqın qüdrətinə inam əks olunub. Xalqımız bir millət kimi mövcudluğunu təsdiq edə bilib.

Müstəqil Azərbaycan dövləti xalqımızın tarixdəki ən böyük nailiyyətidir. Düz otuz ildir ki, bu xoşbəxtlik hər birimizin həyatındadır. Otuz ildir ki, Azərbaycan ailələrində körpələr müstəqil dövlətin vətəndaşları kimi doğulub böyüyür. Dünyanın harasında oluruqsa-olaq gözlərimiz üçrəngli bayrağımızı axtarır. Görəndə bütün ruhumuz sevinir. Dünya bizi öz adımızla tanıyır. Dövlətimiz öz taleyinin sahibi kimi yeni inkişaf mərhələlərinə qədəm qoyur.Müstəqillik dövründə dünyaya gəlmiş gənc vətəndaşlarımıza bu dəyərin xalqımızın, ölkəmizin həyatında nə qədər böyük dəyişikliklərə səbəb olduğunu tam təsvir etmək bəlkə də indi bir qədər çətindir. Çünki onlar göz açandan Azərbaycanı müstəqil, heç kimdən asılı olmayan, tərəqqi yolunda irəliləyən, abad, nizamlı, güclü bir dövlət kimi görüblər. Müstəqil olmadığımız vaxtlar haqqında ancaq tarix kitablarından oxuyublar. Amma yaşlı nəslin hər bir nümayəndəsi bu iki dövrün fərqini çox aydın görür. Azərbaycanın son 30 il ərzində əldə etdiyi bütün tarixi uğurlar məhz müstəqilliklə bağlıdır və bu dövrdən başlanır. Sovetlər İttifaqı hər nə qədər özünü bu təsisatda bir araya gəlmiş milli respublikaların bərabərhüquqlu birliyi kimi təqdim etməyə çalışsa da, aparılan siyasət əslində imperiya maraqlarına xidmət edir, sovet totalitar rejiminə uyğun hesablanırdı. Hər hansı bir işin həyata keçirilməsindən ötrü mərkəzdən saysız-hesabsız icazə prosedurları tələb olunurdu. Hətta sənədləşmə işləri, rəsmi protokollar, əmr və qərarlar, fərmanlar rus dilində aparılır, ana dilinin əhatə dairəsi getdikcə kiçilirdi. Belə bir mühitdə milli inkişafdan necə danışmaq olardı?..

“Tarix təkrar olunur” deyimində böyük həqiqət var. 1918-ci ildə Şərqdə ilk demokratik respublika – Azərbaycan Xalq Cümhuriyyəti yarandı. Milli Şura İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etdi. Qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradıldı, dövlət atributları təsis olundu, sərhədləri müəyyən edildi, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirildi. Cümhuriyyətin beynəlxalq münasibətlər sisteminin subyekti kimi tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atıldı.

30 il əvvəlki məğlubiyyətlərimizin, üzləşdiyimiz faciələrin, verdiyimiz itkilərin əsas səbəbi isə o idi ki, həmin vaxtlarda güclü bir liderə malik deyildik. Azərbaycan 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini əldə etsə də, defakto bu niyyətini reallaşdıra bilməmiş, hakimiyyəti ələ keçirən naşı və səriştəsiz qüvvələr ölkənin keyfiyyətcə yeni mərhələdə üzləşdiyi problemlərin öhdəsindən gəlmək iqtidarında olmamışlar. Nəticədə ölkədə iqtisadi tənəzzül prosesi dərinləşmiş, xalqın yaşayış səviyyəsi pisləşmiş, qanunçuluğun, hüquq qaydalarının təminatında ciddi problemlər yaranmışdı. Həmin illərdə Azərbaycanda hakimiyyətdə xalqın etimad göstərdiyi siyasi qüvvənin olmaması dövlət idarəçiliyi mexanizmlərinin formalaşmasında ciddi maneəyə çevrilməklə yanaşı, daxili böhranın, vətəndaş itaətsizliyinin, xaos və anarxiyanın yaranmasına rəvac vermiş, qanunçuluğun və hüquq qaydalarının təminatı, vətəndaşların azad, təhlükəsiz yaşamaq hüququnun, ən nəhayət, ictimai asayişin qorunması sahəsində əsaslı problemlər meydana çıxarmışdı. Digər tərəfdən hakimiyyət hərisləri milli dövlətçiliyimizin sükanı arxasında güclü, qətiyyətli Liderin olmasını istəmirdilər.

Azərbaycan xalqı 1980-ci illərin sonlarından başlayaraq müstəqillik mübarizəsinə Heydər Əliyevin hələ sovet Azərbaycanına rəhbərliyi dövründə yaratdığı möhkəm təməllərdən güc alaraq başlamışdı. O illərdə azadlıq uğrunda mübarizlərin çoxu Heydər Əliyevin cəmiyyətdə görünməkdə olan milli oyanış ruhunun yetişdirdiyi gənclik idi. Həmin tarixi günlərdə xalqın önündə dayanan insanların çoxu Ulu Öndərin sovet dövründə təzyiqlərdən qoruduğu, yaradıcılığına istiqamət verdiyi ziyalılar idi. Ona görə də ötən əsrin sonlarında dünyada böyük dəyişikliklər başlananda, SSRİ boyda nəhəng imperiya süqutuna doğru yaxınlaşanda milli azadlıq mübarizəsinə qalxan və imperiyanın çöküşünü sürətləndirən ilk respublikalardan biri məhz Azərbaycan oldu. Milli ruhda yetişən gənclik meydanlara atılaraq xalqın istiqlal haqqı uğrunda mübarizəyə qalxdı. Bununla da geniş vüsət alan azadlıq hərəkatı Azərbaycanın ötən əsrdə ikinci dəfə dövlət müstəqilliyinə qovuşması ilə nəticələndi.

Bu gün Azərbaycan qlobal siyasətdə qətiyyətli mövqe sahibidir. Ölkəmizi, Prezident İlham Əliyevi Azərbaycanın milli maraqlarından bir addım da olsun geri çəkilməyə məcbur etməyin mümkünsüzlüyünü indi bütün dünyada hər kəs anlayır. Bu mövqeyi güclü edən Azərbaycanın 30 ildə müstəqil yaşamağı bacarmasıdır. Bunun üçün bütün sosial-iqtisadi, mənəvi-siyasi şərtləri təmin edə bilməsidir. Azərbaycan heç kimdən asılı olmadan uğurla müstəqil həyat yaşaya biləcəyini, bunun üçün bütün imkanlara sahib olduğunu hər kəsə sübut edib. Dövlətimizin müəllifi olduğu, ölkələrin üzünə yeni imkanlar açdığı qlobal layihələrlə indi dünyanın Azərbaycana daha çox ehtiyacı var. Ölkəmiz xalqın milli vəhdətinə, fərqli mədəniyyətlərə hörmət ruhuna, tolerantlıq ənənələrinə görə hazırda bütün dünyaya örnəkdir. Genişmiqyaslı infrastruktur layihələri ilə gözəlləşən şəhərlərimiz, abadlaşan regionlarımız, inkişaf axarına qovuşan ən ucqar kəndlərimizlə Azərbaycan bu gün nəhəng bir quruculuq meydanını xatırladır. Vətən övladlarının sorağı dünyanın ən mötəbər yerlərindən gəlir. Ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın həyata keçirdiyi humanitar təşəbbüslərlə dünya bizi daha yaxından tanıyır, milli mədəniyyətimizə heyran olur, ölkəmiz mənəvi incilərimizlə, tolerantlıq, multikulturalizm ənənələrimizlə bəşəriyyətə fayda verir. Bütün bunlar müstəqilliyimizin uğurlu nailiyyətləri, misilsiz töhfələridir. 1918-ci ildə elan edilən, 1991-ci ildə isə bərpa olunan müstəqilliyimizin tarixi nəticələridir. Azərbaycan xalqın iradəsi ilə gələcəkdə də bu alternativsiz yolla irəli gedəcək, yeni tarixi qələbələrə, uğurlara imza atacaq.

Xalqımız 30 ildən sonra ilk dəfə bu bayramı tam fərqli olaraq, öz ərazi bütövlüyünü bərpa etmiş qalib ölkə kimi qeyd edir. Bu baxımdan dövlətçilik tariximizdə müstəsna əhəmiyyətli mərhələlərin, xüsusən müstəqilliyin əldə edilməsi və bərpası kimi tarixi günlərin onların mahiyyəti və məzmununa uyğun daha dəqiq ifadə olunması böyük önəm daşıyir.Azərbaycan xalqı ötən əsrin əvvəlində müstəqil respublika qurmuş, 1991-ci ildə isə Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin varisi kimi öz müstəqilliyini bərpa etmişdir. Milli Məclisdə bu məsələ ilə bağlı “Müstəqillik günü haqqında” qanun layihəsi müzakirə olunaraq qəbul edilib. Azərbaycanın Zəfəri və dövlətçilik tarixi baxımından həmin əlamətdar günlərin əhəmiyyəti, daşıdığı məna yükü xüsusi qeyd edilib. Beləliklə, 1918-ci ildə İstiqlal Bəyannaməsinin qəbul olunduğu 28 may Azərbaycan Respublikasında Müstəqillik günü, 1991-ci ildə “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul olunduğu 18 oktyabr isə Müstəqilliyin bərpası günü kimi bəyan olunub.

Rauf Salmanov

Saatlı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı  

Şərhlər

Şərh yazılmayıb.