Huquqaz.com

Ulu Öndər Heydər Əliyev Naxçıvanı işğaldan qorudu

15.05.2023
1.685
Ulu Öndər Heydər Əliyev Naxçıvanı işğaldan qorudu

Ulu Öndər Heydər Əliyev Naxçıvanı işğaldan qorudu

Azərbaycanın dilbər güşələrindən olan Naxçıvan tarix boyu böyük şəxsiyyətlər, siyasətçilər, sərkərdələr, elm xadimləri yetişdirib.

Müasir, müstəqil Azərbaycan Respublikasının memarı və qurucusu, ulu öndər Heydər Əliyev isə qədim və zəngin tarixə malik olan bu diyarın yetişdirdiyi böyük şəxsiyyətlərin fövqündə dayanan əvəzolunmaz lider, qeyri-adi bacarığa sahib təcrübəli dövlət xadimi idi. O, çox təlatümlü bir dövrdə yenidən hakimiyyətə qayıtmaqla Azərbaycanı parçalanmaqdan, yox olmaqdan xilas etdi və adını tarixə qızıl hərflərlə yazdırdı.

Ümummilli lider Heydər Əliyev siyasi hakimiyyətdə olduğu 1969-1982-ci və 1993-2003-cü illər Azərbaycanın tənəzzüldən yüksəlişə doğru sıçrayış dövrü kimi xarakterizə edilir. Ulu Öndər bir-birindən fərqli bu iki dövrdə ölkəmiz üçün strateji əhəmiyyət daşıyan bütün məsələlərin həllinə nail oldu, o cümlədən Naxçıvan Muxtar Respublikasının təhlükəsizliyini və inkişafını təmin edə bildi.1970-ci illərə qədər Naxçıvan Azərbaycanın digər bölgələrinə, xüsusən Dağlıq Qarabağ Muxtar Vilayətinə nisbətən xeyli geridə idi və sənaye məhsulunun artım sürətinə görə keçmiş SSRİ-nin muxtar respublikaları arasında axırıncı yerlərdə qərar tuturdu. Bu geriliyin aradan qaldırılmasında və Naxçıvanın inkişaf yoluna çıxmasında Ulu Öndərin birbaşa göstərişi və rəhbərliyi ilə hazırlanmış Azərbaycan KP MK və Azərbaycan SSR Nazirlər Sovetinin “Naxçıvan MSSR-in xalq təsərrüfatının daha da inkişaf etdirilməsi tədbirləri haqqında” 1974-cü il 8 yanvar tarixli birgə qərarının mühüm rolu oldu. Sənəddə muxtar respublikanın sosial-iqtisadi, mədəni inkişafının təmin edilməsi üçün müvafiq orqanlar qarşısında konkret vəzifələr qoyuldu, onların icra müddəti müəyyənləşdirildi. Qərarda nəzərdə tutulmuş bütün vəzifələr vaxtında yerinə yetirildi.Aparılan kompleks tədbirlər sayəsində 1970-1982-ci illərdə muxtar respublikanın sənaye potensialı təxminən üç dəfə yüksəldi. Həmin illərdə Araz çayı üzərində iri su anbarı və elektrik stansiyası, habelə 16 iri sənaye müəssisəsi tikilib istifadəyə verildi. Bütün bu genişmiqyaslı quruculuq fəaliyyəti nəticəsində Naxçıvan Muxtar Respublikasında sənaye məhsulunun ümumi həcmi 1985-ci ildə 1970-ci ilə nisbətən 4,6 dəfə artdı.Onu da deyək ki, Ulu Öndərin o vaxt Naxçıvanın elektrik enerjisinə tələbatının tam təmin edilməsi üçün atdığı addımlar muxtar respublikanın gələcək taleyində mühüm rol oynayan amilə çevrildi. 1990-cı illərin əvvəllərində Naxçıvan Ermənistan tərəfindən enerji blokadasına alınarkən muxtar respublika əhalisi məhz həmin enerji mənbələri hesabına həyat ritmini qoruyub saxlaya bildi.1990-1993-cü illərdə Azərbaycanla yanaşı, Naxçıvanın da başı üzərini qara buludlar almışdı. Muxtar respublika sözün əsl mənasında “olum ya ölüm” sualı qarşısında qalmışdı. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecədən başlayaraq sovet hökuməti tərəfindən Bakıya qoşun yeridilməsindən əlverişli fürsət kimi yararlanan ermənilər Azərbaycanın bu qədim torpağını ələ keçirməyə çalışırdılar. Üç tərəfdən düşmən əhatəsində qalan, ümumiyyətlə, dünyadan tamamilə təcrid edilən muxtar respublika işğalın bir addımlığında idi.Məhz belə bir taleyüklü məqamda ulu öndər Heydər Əliyev doğma Naxçıvana qayıtdı. 1990-cı il iyulun 22-də şəhərin mərkəzi meydana toplaşan 80 min insan öz xilaskarını böyük coşqu ilə qarşıladı. Naxçıvan bütün tarixi ərzində belə böyük izdihama şahidlik etməmişdi. Ağır müharibə, iqtisadi böhran şəraitində yaşayan naxçıvanlılar bu böyük şəxsiyyətə özlərinin nicatı və son ümidi kimi baxırdılar. Ulu öndər Heydər Əliyev Naxçıvana gəldikdən sonra qədim diyarın xilası üçün lazım olan bütün addımları atmağa başladı. Eyni zamanda yalnız muxtar respublika üçün deyil, bütün Azərbaycan üçün həyati əhəmiyyət kəsb edən, dövlət quruculuğu prosesində mayak rolunu oynayan qərarların qəbul edilməsinə nail oldu.Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Sovetinin 1990-cı il noyabrın 17-də keçirilən 12-ci çağırış birinci sessiyasında “Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adının dəyişdirilməsi haqqında”, “Naxçıvan Muxtar Respublikasının Dövlət rəmzləri haqqında” tarixi qərarlar qəbul edildi. Ulu Öndərimizin sədrliyi ilə keçirilən həmin tarixi sessiyada Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul olundu. Həmçinin Naxçıvan Muxtar Respublikasının ali qanunvericilik orqanı olan Ali Sovetin adının dəyişdirilərək Ali Məclis adlandırılması muxtar respublikanın ictimai-siyasi həyatına yeni ab-hava gətirdi. “Ulu öndər Heydər Əliyev Naxçıvanda siyasi fəaliyyət göstərdiyi qısa zaman kəsiyində müstəqil, demokratik və dünyəvi dövlət yaradılması üçün mühüm siyasi və ideoloji amilə çevrilən tarixi qərarlar qəbul etdi. Azərbaycanın müstəqil dövlət kimi sonrakı fəaliyyətinin bir sıra konseptual istiqamətləri məhz bu dövrdə işlənib hazırlandı. İlk dəfə olaraq Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Dövlət Bayrağı kimi qəbul olundu”.1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin fövqəladə sessiyası çox böyük uzaqgörənliklə yekdillik nümunəsi göstərərək Heydər Əliyevi Ali Məclisin Sədri seçdi. Naxçıvanlıların bu müdrik seçimi dahilər yurdunu real işğaldan və digər təhlükələrdən xilas etdi. Heydər Əliyevin siyasi fəaliyyəti nəticəsində qonşu ölkələrlə iqtisadi-siyasi əlaqələr quruldu, muxtar respublikaya yardımlar gəldi, əhalinin ərzaqla təminatı məsələsi həll olundu. Bütün bunları öz şəxsi nüfuzu hesabına həyata keçirən Heydər Əliyev Naxçıvanı sözün həqiqi mənasında fəlakətdən xilas etdi.1993-cü ilin yayında ölkədə qardaş qanı töküldü, milli dövlətçiliyimiz ikinci dəfə məhv olmaq təhlükəsi ilə üzləşdiHəmin il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri, oktyabrın 3-də isə Prezident seçilən Heydər Əliyev Azərbaycanın xilası naminə böyük fədakarlıqlar göstərdi, misilsiz işlər gördü. Ölkəmizə ikinci dəfə rəhbərlik etdiyi illərdə Naxçıvan Muxtar Respublikasından da diqqət və qayğısını əsirgəmədi.Muxtar Respublikanın yeni inkişaf mərhələsi öz başlanğıcını Ali Məclisin 1995-ci il dekabrın 16-da keçirilmiş sessiyasından götürdü.. Həmin dövrdə 15 inzibati bina, 60 elm və təhsil müəssisəsi, o cümlədən 16 min 38 şagird yerlik 55 ümumtəhsil məktəbi, 43 mədəniyyət obyekti, 28 səhiyyə müəssisəsi, 5 idman obyekti, 24 nasos stansiyası, 135 subartezian quyusu, 34 körpü, 6 ticarət mərkəzi, əlil, məcburi köçkün, qaçqın, şəhid ailələri, təbii fəlakətdən zərər çəkənlər və digər bu kimi kateqoriyalardan olan şəxslər üçün 47 fərdi ev, 123 istehsal və xidmət obyekti tikilərək istifadəyə verildi. Ümumi daxili məhsulunun həcmi 6,8 dəfə, əhalinin gəlirləri isə 10,5 dəfə artdı.Bəli, bugünkü Naxçıvan məhz Ümummilli Liderimizin arzuladığı Naxçıvandır. Qətiyyətlə demək olar ki, muxtar respublikada Heydər Əliyev siyasi xəttinin uğurla, sədaqətlə davam etdirilməsi, Azərbaycan Prezidenti İlham Əliyevin tövsiyə və tapşırıqlarının təxirə salınmadan yerinə yetirilməsi, sosial-iqtisadi inkişafla bağlı qəbul edilmiş dövlət proqramlarının dəqiq icrası, islahatların günün tələbləri səviyyəsində aparılması Naxçıvanın sürətli inkişafını və yüksəlişini şərtləndirib.Ümummilli lider Heydər Əliyev sanki bütün bunları qabaqcadan görürdü. 1996-cı il oktyabrın 30-da muxtar respublika ictimaiyyətinin nümayəndələri ilə görüşündə qədim diyarın böyük uğurlar qazanacağına inamını belə ifadə etmişdi: “Naxçıvan Muxtar Respublikasının rəhbərliyi tərəfindən son vaxtlar həyata keçirilən tədbirlər şəxsən məni sevindirir. Onların müsbət nəticəsi sizin gözünüz qarşısındadır. Mən bu barədə mütəmadi olaraq məlumatlar alıram və bu işlərə nəzarət edirəm. Amma eyni zamanda dünən də, bu gün də Naxçıvan şəhərində artıq baş vermiş böyük müsbət dəyişiklikləri və burada yaranmış mühiti, əhval-ruhiyyəni görərkən daha da çox sevinirəm.

Zaman dahi şəxsiyyətin bu inamında da yanılmadığını təsdiqləməkdədir.

Fərhad Səfərov

Saatlı rayon Hicran Əliyev adına cəfərxan kənd tam orta məktəbinin direktoru                 

 

Şərhlər

Şərh yazılmayıb.